• cümə, 19 Aprel, 12:44
  • Baku Bakı 25°C

Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan tədbir keçirilib

29.05.19 12:15 753
Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan tədbir keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə universitetdə böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yubiley tədbirini giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il yanvar ayının 17-də Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncam ölkəmizdə ədəbiyyata dövlət səviyyəsində yüksək qiymət verilməsinin bariz nümunəsidir. Sərəncamda qeyd edilir ki, 2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur.
Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmışdır. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən "Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur.
Tədbirdə ADPU ilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu arasında elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, AMEA və universitet arasında elmi-tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi məqsədilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ADPU-nun Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının filialının yaradılması haqqında müqavilə imzalanıb. Müqaviləni ADPU-nun rektoru, professor Cəfər Cəfərov və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli imzalayıblar.
Sonra Cəlil Məmmədquluzadə haqqında videoçarx nümayiş etdirilib.
Tədbirdə akademik İsa Həbibbəyli "Cəlil Məmmədquluzadə: həyatı, mühiti və yaradıcılığı” mövzusunda, professor Təyyar Salamoğlu "Qaranlıq dünya problemi və Mirzə Cəlilin nəsr qəhrəmanları” mövzusunda məruzələrlə çıxış ediblər. Böyük ədibin yaradıcılığının, sənətkarlıq xüsusiyyətlərinin, dünyagörüşünün, milli varlığımız və doğma dilimizlə bağlı fikirlərinin, ictimai-siyasi baxışlarının geniş və dərin təhlili əsasında qurulan məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Professor Tahirə Məmməd çıxış edərək tədbirin keçirilməsini yüksək qiymətləndirib.
Tədbirdə bədii hissə təqdim edilib.
Yekun sözü ilə çıxış edən Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova tədbirin keçirilməsinə görə ADPU-nun və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun rəhbərliyinə təşəkkür edib və Cəlil Məmmədquluzadə yaradıcılığının həmişə aktual olduğunu xüsusi vurğulayıb.
banner

Oxşar Xəbərlər