• çərşənbə axşamı, 19 mart, 15:55
  • Baku Bakı 8°C

Cek Horner nə etdi?

18.02.19 17:00 1605
Cek Horner nə etdi?
Balaca Cek Horner küncdə oturub
Milad piroqu yeyirdi.
O baş barmağını piroqa soxub bir gavalı çıxartdı
Və dedi: Mən nə yaxşı oğlanam!

Balaca Cek Horner böyük bir meşənin qırağında köhnə, uçuq-sökük bir daxmada yaşayırdı. Ondan qabaq bu daxmada Hornerlərin neçə nəsli yaşamış və ağac kəsib-satmaqla çörək pulu qazanmışdılar. Cekin ata-anası ölmüş, o qoca nənə-babası ilə yaşayırdı. Onlar onu böyütmək üçün çox çətinliklərlə üzləşmişdi.
Onlar kasıb olsalar da rahat və xoşbəxt bir ömür sürürdülər. Bir gün Horner babanın üstünə ağac aşdı və onun ayaqları sındı, bundan sonra onların pis günləri başladı. Çünki həmin gündən etibarən o işləyə bilmədi, onun ciddi qayğıya ehtiyacı vardı.
Baş vermiş hadisə Hornerlərə çox ağır təsir etdi. Horner nənə dar gün üçün bufetdəki sınıq çaynikdə cüzi pul yığmışdı. Amma çox yaxşı bilirdi ki, bu pul onlara yalnız bir ay kifayət edər. Bu isə o demək idi ki, o pul qurtarandan sonra çörək almağa pulları olmayacaqdı.
– Heç bilmirəm bizim axırımız necə olacaq, – Horner nənə bir gün Cekə dedi. – Mən çox qocayam, sən isə çox balacasan.
Horner baba yatağa düşən gündən nənə öz dərdini nəvəsi ilə bölüşürdü. Cek balaca olsa da nənə öz dərdini yalnız onunla bölüşməyə məcbur idi. Yoxsa qoca, ayaqları şil-küt olmuş Horner babaya çaynikdəki pulun sona çatmaq üzrə olduğunu desəydi bu ona lap pis təsir edərdi.
– Düzdür, – Cek nənəsinə cavab verdi. – Sən çox qocasan, işləyə bilmərsən. Həm də ayaqlarında revmatizm var, ev işlərinin öhdəsindən güclə gəlirsən. Mən də çox balacayam, işləyə bilmərəm, nənə! Amma mən balaca baltamı götürüb meşəyə gedəcəm. Mən böyük ağacları kəsməyi bacarmaram, amma hər halda, balaca ağacları kəsə bilərəm. Amma inanıram ki, kifayət qədər odun toplaya bilərəm ki, lazım olanda satıb ərzaq ala bilək.
– Sən çox yaxşı oğlansan, Cek! – Horner nənə onun başını tumarlayıb dedi. – Amma sən bu ağır işi bacarmarsan. Biz çörək pulu qazanmaq üçün başqa yol tapmalıyıq.
Nənə ilə mübahisə etməyin faydasız olduğunu bilsə də Cek fikrindən əl çəkmədi. O biri gün səhər erkən o balaca baltasını da götürüb meşəyə getdi. Yerdə çoxlu quru budaqlar vardı, o budaqları asanlıqla doğrayıb bir yerə topladı ki, odun arabası meşəyə gələndə yığıb evlərinə aparsın. Günorta o işinə ara verdi, evdən gətirdiyi pendir-çörəyi yeyib bir az dincəldi, sonra işinə davam etdi. Ancaq o baltasını yuxarı qaldırıb bir budağı kəsmək istəyəndə ağacların arasından zəif qışqırıq səsi eşitdi. Ona elə gəldi ki, kimsə onu köməyə çağırır. Cek bir neçə dəqiqə dayanıb ətrafı dinlədi, yenə də səs eşitdi. Dərhal tərəddüd etmədən baltasını da götürüb səs gələn tərəfə qaçdı. Qaçarkən paltarı kollara ilişdi, ancaq o balaca baltası ilə kol-kosu təmizləyib özünə yol açdı. Sonra dayanıb ətrafına göz gəzdirdi. Horner baba ona demişdi ki, meşənin bu hissəsində dərin bataqlıq var, üstü mamır və qıjılarla örtülü olduğu üçün adam elə bilir quru yerdir, amma qəflətən bataqlığa batır. Bu barədə xəbərsiz olan insan bu yerlərdən keçəndə gözlənilmədən bataqlığa düşə bilər. Cek bir anlıq elə təsəvvür etdi ki, bataqlığa batıb, dəhşətli ölümlə üzbəüz qalıb. Babası ona tapşırmışdı ki, heç vaxt həmin yerə yaxın getməsin. O da sözəbaxan uşaq olduğu üçün həmişə meşənin bu yerindən uzaq qaçırdı. Cek ətrafına göz gəzdirəndə yenə də qışqırıq səsi eşitdi. Bu dəfə səs daha yaxından gəlirdi:
– Kömək edin!
Cek bir an belə düşünmədən səs gələn tərəfə yüyürdü. Bir də gördü ki, böyük bataqlığın qırağındadır.
– Siz hardasınız? – o bərkdən qışqırdı.
– Burda! – zəif səs eşidildi.
Cek diqqətlə baxanda bir kişinin başını və çiyinlərini görə bildi. Çox güman ki, o, bu yerlərə nabələd adam olub, bataqlıq onu özünə çəkib. Demək olar ki, belinə qədər bataqlığın içindəydi. Kişi nə qədər əl-qol atsa da çıxa bilmir, əksinə, daha da dərinə batırdı.
Cek bir anlıq nə edəcəyini bilmədi, sakitcə durub kişiyə baxdı. Birdən kimdənsə eşitdiyi bir hekayəni xatırladı. Bu hekayə bataqlıqdan xilas olan bir kişidən bəhs edirdi.
– Sakit olun, cənab! – Cek o bədbəxt kişiyə dedi. – Bütün gücünüzü toplayın, bəlkə, mən sizi xilas edə bildim. O yaxınlıqdakı çox da böyük olmayan bir hündür ağaca tərəf getdi və iti baltası ilə onu kəsdi. Sonra o ağacı sürüyə-sürüyə bataqlığın qırağına gətirdi, var gücünü toplayıb ağacı bataqlıqdakı kişiyə tərəf itələdi. Nəhayət, kişinin əli ağaca çatdı.
– Cənab, o ağacdan yapışın! Bərk-bərk tutun! Belə etsəniz batmarsınız. Elə ki, bir az güc topladınız onda özünüz çıxa bilərsiniz!
– Sən qoçaq oğlansan! Sən deyən kimi edəcəm! – naməlum kişi cavab verdi.
Yazıq kişi bataqlıqla mübarizə aparırdı. Cek fikirləşirdi ki, kişi bataqlıqdan çıxa bilməyəcək, ancaq yavaş-yavaş o ağacın köməyilə canını xilas edə bildi, yorğun halda Cekin yanına yıxıldı.
Cek tez qaçıb meşədəki bulaqdan su gətirdi, kişinin üzünü yudu, onun dodaqlarına su damcılatdı. Bundan sonra evdən gətirdiyi pendir-çörəyin qalıqlarından ona verdi. Kişi azacıq güc toplayıb Cekin köməyi ilə onların meşə kənarındakı daxmasına tərəf addımladı.
Horner nənə daxmanın qapısı ağzında durub nəvəsinin meşədən qayıtmağını gözləyirdi. Nəvəsinin yanında bir kişi görəndə çox təəccübləndi. Cek baş verənləri nənəsinə söylədi. Horner nənə ərinin köhnə paltarını gətirib kişiyə verdi, kişinin palçıqlı paltarını götürüb yudu. Kişi bir az istirahət edəndən sonra nənə son quru çayını gətirib çay dəmlədi. Çay içəndən sonra yad kişi özünü yaxşı hiss etdiyini dedi.
– Madam, bu sizin uşağınızdır? – O Cekə işarə edib Horner nənədən soruşdu.
– Yox, o mənim nəvəmdir!
– O çox yaxşı oğlandır! – kişi fikrini bildirdi. – Eləcə də çox qoçaqdır. O mənim həyatımı xilas etdi. Mən burdan çox uzaqda böyük bir şəhərdə yaşayıram, çoxlu pulum var. Əgər siz Ceki mənə etibar etsəniz aparıb onu oxutduraram, böyüyəndə məşhur adam olar.
Horner nənə tərəddüd etdi, çünki Cek onun üçün çox əziz idi, həm də o nənə-babasının qürur yeri idi. Cek kişinin təklifinə özü cavab verdi.
–Yox, mən getmək istəmirəm! Sizinlə getməyəcəm! – o ciddi tərzdə dedi. Siz xeyirxah insansınız, ancaq nənə-babamın məndən başqa heç kimi yoxdur ki, onlara baxsın. Mən onlarla qalıb ağac kəsib pul qazanmalıyam.
Yad kişi heç nə demədi, Cekin başını tumarladı, onlarla sağollaşıb şəhərə yola düşdü.
Növbəti gün Cek yenə də meşəyə getdi, ağac kəsib bir yerə topladı. Arabaçı odunları aparıb satdı və pulunu ona verdi. Düzdür, çox pul deyildi, ancaq Cek sevinirdi ki, qoca nənə-babasına kömək etmək üçün az da olsa pul qazana bilir.
Beləcə, günlər bir-bir gəlib keçdi, Milad bayramı yaxınlaşırdı. Cekin çox işləməyinə baxmayaraq bufetdəki sınıq çaynikdə çox az pul vardı.
Milad bayramından bir gün əvvəl meşənin kənarındakı daxmanın qabağında bir fayton dayandı. Cekin bataqlıqdan xilas etdiyi kişi onlara gəlmişdi. Fayton müxtəlif növ ərzaq və paltarla dolu idi. Qoca ər-arvadın və Cekin rahatlığı üçün hər şey vardı. Eləcə də Horner babaya dava-dərman, Horner nənəyə quru çay, Cekə qəşəng kostyum gətirmişdi. Həmin vaxt Cek meşədə idi.
Kişi faytonla gətirdiyi hər şeyi daxmaya gətirdi, sonra qoca nənəyə dedi ki, sınıq çayniki ona versin. Bu qədər ərzağı, paltarı görüb sevindiyindən əlləri titrəyən Horner nənə sınıq çayniki bufetdən götürüb kişiyə uzatdı. Kişi pencəyinin altından bir torba çıxartdı və çayniki ağzınacan qızıl qəpiklərlə doldurdu.
– Başqa bir şeyə ehtiyac duysanız mənə yazın, arzuladığınız hər şeyi sizə alıb gətirərəm.
Bundan sonra kişi öz adını, yaşadığı ünvanı bir kağıza yazıb Horner nənəyə verdi. Qarı ona minnətdarlıq edib qurtarmamış o boş faytonu minib şəhərə sürdü.
Siz indi özünüz təsəvvür edin Cek meşədən qayıdıb xeyirxah kişinin onlara gətirdiyi şeyləri görəndə necə sevindi. Nənə elə sevinirdi ki, nəvəsini qolları arasına alıb öpdü, ona dedi ki, bataqlıqdan xilas etdiyi kişi onlara ev dolusu xoşbəxtlik gətirib.
– Sabah Milad bayramıdır! Bayramı keçirmək üçün hər şeyimiz var! Cek, əziz balam, mən milad piroqu hazırlayacam, içini gavalı ilə dolduracam.
Horner nənə sözünə əməl edib əziz nəvəsi üçün Milad piroqu hazırladı.
Balaca Cek Horner küncdə oturub
Milad piroqu yeyirdi.
O baş barmağını piroqa soxub bir gavalı çıxartdı
Və dedi: Mən nə yaxşı oğlanam!
Cek doğrudan da qəşəng oğlandır. Siz də belə düşünürsünüz?

Frank Baum
İngilis dilindən tərcümə edən: Sevil Gültən



banner

Oxşar Xəbərlər