AZE | RUS | ENG |

Cehiz “Karvan” xalçası

Cehiz “Karvan” xalçası

...Qardaşı yenə həmişəki kimi darvazanın qıfılını çətinliklə açdı. Qışdan yazadək açar salınmayan qıfıl sanki hər dəfəsində bir müqavimət göstərir, son anadək dizini yerə qoymurdu. Sanki bu paslı qıfıl ortadakı dəmir dilini dişi ilə sıxır, bununla da, öz etirazını büruzə verirdi. Amma onun bu müqavimətinə qardaşı elə də əhəmiyyət vermirdi. Əslində isə, o, Zərifə qədər buna fəlsəfi don geydirmirdi. Nəhayət, darvazanın qıfılı qardaşının gücü qarşısında yenə ram olur. Artıq 2 ildir ki, bu qıfıla açar yazdan yaya salınır, darvaza açılır, yayın müəyyən vaxtlarında həyətdəki səs-küy burdakı məhzun sakitliyi pozur. Zərifə üçün bu həyətə daxil olmaq, burada valideynlərinin izlərini, onların xatirələrini, onlarla bağlı olan və Zərifənin bütün körpəliyinin, uşaqlığının xatirələrini, yaşadığı o xoşbəxt, qayğısız, gözəl illəri yada salmaq ağır və çətindir. Artıq iki ildir ki, Zərifə hər gün, hər saat, hər an ürəyinə basdığı daşın yerini bir az da möhkəmləndirir, sanki üzdə sakit, soyuqqanlı, bəzən acı və ruhsuz görünməklə bu əzaba, bu ağrıya yenilməməyə çalışır. Amma bu, keçici ağrı, ötəri əzab-əziyyət deyil. Bu, ruhun, qəlbin əzabıdır, həm də kövrək, hüzn dolu bir ağrıdır bu...

- Zərifə, qızım, harda qaldın?

-Zərifə, tez ol.

-Zərifə, gör kimdir gələn?

-Zərifə, qaç qapını aç, atan gəldi

-Zərifə, gör qardaşın nə deyir?

-Zərifə, bacına zəng elə gör çatdılarmı?

-Zərifə, sən mənim ən qoçaq qızımsan.

-Zərifə, sən mənim ağıllı qızımsan.

-Ay qız, Zərifə!

- Zərifə!

...Qardaşının səsinə diksindi. Əlindəki çantanı ona uzatmışdı:

- Al, çantan maşında qalıb, içindən bir şey itər, zəhləmizi apararsan – deyərək yavaşça gülümsədi. Gözlərini düz bacısının gözünün içinə zillədi. Bacısının yenə başqa aləmdə, öz dünyasında olduğunu bilirdi. Əslində, bəlkə də bu dünyasında onun qədər bacısını anlayan, özü qədər yaxın olan başqa kimsə yoxdu.

- Yuxarı evlərin açarı hanı?

- Buyur – deyib, qardaşı açarların hamısını ona uzatdı. Zərifə açarların içərisindəki bir açarı sanki sığallayırmış kimi ayırdı və barmaqlarının arasında sıxdı. Toz basmış pilləkənləri qalxmağa başladı.

...Əlindəki döşəmə silən taxtanın ucuna doladığı əski parçasını pilləkənə sürtüb həyətdə ipə sərilmiş xalçaları və kilimləri seyr edən anasına tərəf döndü:

- Axı bu pilləkəni kim bu hündürlükdə edib. Belim qırıldı. Bu qədər də pilləkən olar?

Anası fəxrlə gülümsədi:

- Bax, o pilləkənlərin kənarındakı dəmir barmaqlıqları sənin dayın düzəldib. Mən gələndə bu pilləkənlərin hər iki tərəfi açıq idi. Qorxurdum çıxıb-düşməyə...

- Eh, çox lazım imiş. Sən bu evi sökdürüb, bu pilləkəni tamamilə ləğv etməliydin. Hələ bir qırağına da məhəccər düzəltdirmisən. 22 dənə də pilləkən olar?

Hər ikisi ürəkdən gülüşdülər. Əllərini böyük ölçülü xalçanın qırmızı, yaşıl, sarı naxışlarının, ilmələrinin üzərində gəzdirən anası dedi:

- Bilirsənmi, qızım, bu da bir dəb, adətdir. Xalqımız çox istedadlı və yaradıcıdır. Məsələn, sən bizdəki məhəccərin təsvirlərinə eynilə nənəngildə, əmingildə, ya qonşuda rast gəlməzsən. Bir az oxşaya bilər, amma eyni deyillər. Hər dəfə bir başqa təsvirlər olur. Fikir versən, 70-80-ci illərdə eyni qayda ilə, eyni formaya malik, qarşısı geniş şüşəbənd olan, aynabəndli daş evlər, eyvanlı, məhəccərli evlər tikilib. Bu, bizim xalqımızın həm qurub-yaratmaq eşqini göstərir, həm də xalqımızın bir növ həmin dövr tikinti və arxitektura sənətinin tarixidir.

- Eh, deyirəm, bu arxitekturanızı az mərtəbəli etsəydiniz nolardı ki? Mən, məsələn, on pilləkən silsəm pis olardı?

Anası guya ciddiymiş kimi, amma gülərək:

- Heç yaxşı olmazdı – dedi...

...Xatirələri içində gəzdirə-gəzdirə qapını açıb içəri keçdi, ayaqqabısını çıxarıb aynabəndin ortasındakı xalçanın üstdə dayandı. Divarda atası və anasının böyüdülmüş fotoları olan iki iri çərçivədəki baxışlarla üz-üzə gəldi. Fotolara yaxınlaşıb həmişəki kimi əli ilə hər iki şəklin üstündəki şüşəni sığalladı "Gəldim, baxın, mən yenə gəldim” – deyə pıçıldadı. Bu an özü öz səsini güclə eşitsə də, sanki ünvana çatdı. Şəkildən iki cüt mehriban simadan sevgi dolu baxışları yenə gözünə yığdı Zərifə. Elə bil ki, ayağının altından ilıq bir istilik keçdi. Elə bil ki, ayağının altındakı xalçanı indi hiss etdi. Bu xalçanı Zərifə universitetdə oxuyanda almışdı anası. Aynabənd üçün. Həmişə aynabəndin pərdələrini dəyişir, yeni bəzəkli, təsvirli, müxtəlif tül və parçalardan ibarət pərdə ilə başdan-başa şüşəbənd olan bu uzun və geniş sahəni anası xüsusi bəzəyirdi. Yerə başdan-başa xalça, kilim döşəyirdi. Kiçik ölçülü palazları qapının kandarına sərərdilər. Bu kilim və palazların, xalçaların üzərindəki təsvirlər Zərifə üçün sirli-sehrli, maraqlı bir dünyanın simvolları idi. Uşaqlıqdan sual verməyi xoşladığı üçün həmişə anasından bunların mənalarını, ifadə etdiyi gizli kodları soruşurdu. Nənəsinin toxuyub anasına hədiyyə etdiyi kilimlərin üstündə uzanıb o qədər kitab oxumuşdu ki. Xalçanın üstə qarnı üstə uzanıb oxuduğu kitabın səhifələrinə alnını dayayıb yatdığı vaxtlar da vardı. Xüsusən, qış tətili vaxtı bədii ədəbiyyat sarıdan əlinə nə keçsə, oxuyardı. Bəzən xalça üzərində oturub oxuduğu sehrli nağıllar onu həmin nağıllardakı ölkələrə, dövrlərə, qərinələrə aparardı, sanki uçan xalça ilə oraları dolaşıb gələrdi. Qayıdardı doğma, isti ata evinə. Lakin o isti, doğma ab-havanı indi hiss etmirdi. Soyumuşdu hər tərəfi aynabəndin. Bir də Zərifənin gözləri tamam başqa bir xalçanı axtarırdı. Zərifənin uşaqlığından anasının sevimli xalçası "Karvan”ı. İndi bu xalça ona daha çox şeylər danışa bilir, bu xalça daha çox şeylərdən söz açır ona hər dəfə...

- Ana, bu xalça çox ağırdır. O biri xalça bunun qədər ağır deyil. Bu, həm də qalındır.

-Onu sənin nənən toxuyub. Öz əlləri ilə. O birisi isə sonra alınıb.

-Doğurdan? Necə toxuyub?

-Hana qurub toxuyub. Mənə cehiz vermək üçün.

-Bəs bu üzərindəkilər nəyi ifadə edir?

- Karvanı... Adı da elə "Karvan” dır. Üzərindəki naxışları nənən öz əli ilə vurub.

...Aşağıdan qardaşının səsi gəlir:

- Düşürsən aşağı? Sonra yenə qalxarsan, soyuqdur, orda çox dayanma.

- Yaxşı, gəlirəm.

Amma ayaqları onu qapıya doğru deyil, içəridəki otağa aparır. "Karvan” içəridəki otaqda, yükə yaxın yerdə divara söykədilib.

- "Karvan”ı da düşürüm, ana? Bunu ver aparım öz evimə.

-Yox, olmaz

-Axı niyə? Mənim olsun da bu xalça.

-O birisi xalçanı apar. Təzə aldığımı.

-Yox, bunu istəyirəm

-Onu verə bilmərəm. Öləndə onun üstə gedəcəm. Öz "Karvan”ımda.

-Ana, belə danışma.

-Bilirsənmi, qızım. Bu bizim adət-ənənəmizdir. Xalça xalqımızın maddi-mənəvi irsi olmaqla yanaşı, həm də adət-ənənələrlə, qayda-qanunumuzla, yaşam tərzi ilə bağlıdır. Xalça Azərbaycan xalqının həyatında böyük məna daşıyır. Bizim üçün xalça təkcə istilik vermək, estetik gözəllik bəxş etmək üçün deyil. Qədim zamanlardan analar qızlarına xalça cehiz verməlidirlər mütləq. Xalça mütləq təzə gəlinin otağına sərilməli idi. Bax, o xurcunu görürsən? Onun qotazları, üzərində olan rənglər anamın öz seçimi ilə, öz zövqü ilə mənim üçün hazırladığı xurcundur. Heybə və xurcunlar da, xalçalarımız kimi bizim milli mənəvi irsimizdir.

-Mən başa düşmürəm, sən müəllimsən, yoxsa xalçaçı?

- Mən xalça toxuya bilmirəm, amma anamın xalça toxumasının şahidi olmuşam. Xalça toxumadan öncə xalamla anam, bibim buna xüsusi hazırlıq görürdülər. Mən onda uşaq idim. Bilirsənmi, hərdən görürdüm ki, anam xalça toxuya-toxuya kövrəlir, ağlayır. Mənim anam, yəni sənin nənən öz iki subay qardaşını və ərini, yəni sənin babanı, mənim üzünü görmədiyim atamı II Dünya müharibəsi zamanı müharibəyə yola salıb və onların heç biri geri qayıtmayıb. Hərdən elə yanıqlı zümzümə edirdi ki. Hərdən də, hananın qarşısında çox sevincli otururdu. Bunlar hamısı mənim gözümün qarşısında olub. Bu xalça mənə çox əzizdir, anamın əllərinin izi var, onun hədiyyəsidir. Mənim cehizim bu evə gələndə həmin xalça cehizimin içində olub. Bax, o kilimlər var ha, onları da anam mənə cehiz verib.

...Divara söykədilmiş xalçaya yaxınlaşdı, əlləri ilə ona toxundu, sığalladı, xalçanın bükülmüş yerlərindəki naxışların üzərində ehmalca barmaqlarını gəzdirdi. Hər dəfəsində sanki anasını hiss edirdi, ona toxunurdu. Sanki istilik barmaqlarının ucu ilə süzülərək əllərindən bütün bədəninə yayıldı. Hər tərəf isindi. Elə bil ki, hardansa bir işıq otağın içərisinə yayıldı, ətrafı aydınlatdı. Hər şey əvvəlki kimi idi, uşaqlıqdakı kimi. Naxışların sehri onu məhrəm, doğma, isti bir sığınacağa aparmışdı. Bir anlıq fərəhi saniyədəcə keçdi. Özünə gələndə hər iki əli ilə xalçanı qucaqladığını, sinəsinə sıxdığını hiss etdi. Gözündə gilələnən yaşlar yanağından aşağıya doğru süzüldü. Dodağının altda pıçıldadı: "Anamın "Karvan”ı”...

Əli ilə gözünün yaşını silib aynabəndə döndü. Anasının fotosuna yaxınlaşdı. Dodağını fotonun üstündəki şüşəyə yapışdırdı. Soyuq idi. İsti səhralarda lövbər salan karvanlardan qopan, nənəsinin əllərinin məhrəm, doğma nəfəsini özündə saxlayan, anasının cehiz "Karvan”ının istisi isə canına hopmuşdu.

 

Zeynab Kazımova


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0038
GEL 1 Gürcü larisi 0.6891
GBP 1 İngilis funt sterlinqi 2.3714
TRY 1 Türk lirəsi 0.4488
KWD 1 Küveyt dinarı 5.6678
SEK 1 İsveç kronu 0.2089
EUR 1 Avro 2.0914
CHF 1 İsveçrə frankı 1.8180
USD 1 ABŞ dolları 1.7001