• cümə axşamı, 18 aprel, 22:42
  • Baku Bakı 21°C

Cəhənnəmdən çıxıb cənnətə düşənlər - Reportaj

08.07.15 11:45 2364
Cəhənnəmdən çıxıb cənnətə düşənlər - Reportaj
“Qızım, əvvəlki evimizlə müqayisədə bura cənnətdir. Ət kombinatında şəraitimiz çox çətin idi. Göydən yağan yağış evdə başımıza tökülürdü. Evdə nə qab var idisə, döşəməyə düzürdük ki, mənzilimiz su içində qalmasın. Hər dəfə yağış yağanda bilirdik ki, həmin gecə su içində qalacıq. Amma burada bizim üçün hər bir şərait yaradılıb. Uçuq-sökük daxmanın əvəzində 3 otaqlı geniş, əşyalı, təmirli evimiz var. Belə dövlətdən kim inciyər?!”
Bu sözləri bizimlə söhbətində Cəbrayıl rayonundan olan 52 yaşlı Cəmilə Səfərova dedi. Cəmilə xala köçkünlük dövründən Xırdalan şəhərindəki Ət kombinatının ərazisində məskunlaşıb. Bu ilin may ayında isə o, müəssisənin digər sakinləri kimi Abşeron rayonunun Xırdalan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə məcburi köçkün ailələri üçün inşa edilən binada məskunlaşıb. Ailəsi 5 nəfərdən ibarət olduğu üçün Cəmilə xala 3 otaqlı mənzillə təmin edilib.
Qeyd edək ki, Bu binada Xırdalan Ət kombinatının ərazisində məskunlaşmış Kəlbəcər, Zəngilan və Füzuli rayonlarından plan məcburi köçkün ailələri yerləşdirilib. “Kristal Abşeron” MMC tərəfindən inşa olunan bina 9 mərtəbə və avtodayanacaqdan ibarətdir. Üçbloklu binanın inşasına 2014-cü ilin iyununda başlanılıb. İnşaat işləri yüksək keyfiyyətlə, zəruri tələblər nəzərə alınmaqla aparılıb. Binada ümumilikdə, 126 mənzil var. Onlardan 42-si bir, 60-ı iki, 24-ü isə üçotaqlıdır. Mənzillər mebellə təmin edilib. Binada mərkəzləşdirilmiş istilik sistemi, həmçinin yüksək keyfiyyətli liftlər quraşdırılıb. Binanın ətrafında geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb.
Eyni taleli insanlar
Qaçqın və məcburi köçkünlərin son vəziyyəti ilə maraqlanmaq və söhbətləşmək üçün metronun “20 Yanvar” stansiyasından 119 saylı avtobusla sözügedən ünvana yollandıq. Təxminən 20 dəqiqəyə Xırdalanda onlar üçün tikilən binaya çatdıq. Orada keçmiş rayon məhəllələrini xatırladan mənzərə ilə rastlaşdıq. Demək olar ki, sakinlərin əksəriyyəti həyətdə istirahət edirdi. Qadınlar bir-birləri ilə gündəlik problemlərindən danışır, kişilər idman yarışlarını müzakirə edirdi. Məhəllənin uşaqları isə kimi yoldaşları ilə voleybol oynayır, kimi velosiped sürür, kimisi də gizlənqaç oynayırdı. Həyətdə insanların bir-biriləri ilə olan doğma münasibəti diqqətimizi cəlb etdi. Bəlkə də eyni həyatı yaşamaları, eyni taleləri onları bir-birinə bağlamışdı. Kənardan izlədikdən sonra, söhbətləşmək üçün onlara yaxınlaşdıq.
Kəlbəcərdən olan məcburi köçkün Mehman Gülməmmədov yeni binanın sakinlərindəndir. O deyir ki, 5 nəfərlik ailə üzvü ilə birlikdə kombinatda şəraitsiz 1 otaqlı “ev”də qalırdılar: “Özüm, oğlum, yoldaşım, gəlinim və nəvəmlə birlikdə 23 ildir ki, şəraitsiz otaqda zülmlə yaşayırdıq. Bir otaqda həm yeyirdik, həm yatırdıq, həm də gəzirdik. Çox darısqal idi. Yayda isti, qışda isə evə yağan yağış suları bizi narahat edirdi. Amma indi şükürlər olsun ki, 3 otaqlı ev veriblər. Çox rahatdır. Qazımız, işığımız, suyumuz daimidir. İnsan kimi yaşayırıq. Artıq biz də rahatlıqla qonaq qəbul edə biləcəyik”. Müsahibimiz deyir ki, ilk dəfə binaya köçürüləcəklərini eşidəndə çox sevinib: “İlk dəfə bizə ev tikiləcəyini, bizi bura köçürəcəklərini eşidəndə çox sevindim. Evdə bayram abı-havası var idi. Dövlətimiz bizə çox böyük qayğı göstərir. Təmirli evlərlə yanaşı, əşyalarla da təmin olunmuşuq. Biz bura köçəndə demək olar ki, əşya gətirmədik. Bizə nə lazımdırsa, evin üzərində hədiyyə etdilər”.
“Son nəfəsimi el-obamda vermək istəyirəm”
Füzuli rayonun sakini Tehran da şəraitdən razılığını dilə gətirdi: “Bala, bizi cəhənnəmdən çıxarıb cənnətə gətiriblər. Evimizin şəraiti çox yaxşıdır. Düzdür, öz rayonumuzdakı həyətimin yerini verə bilməz. Mənim oradakı ərazim bax gördüyünüz bu həyət boyda idi. Amma yataqxanada illərdir 7-8 nəfər bir otaqda qalırdıq. İndi belə gözəl şəraitimiz var”.
Füzuli rayonunu sakini Əli Muradov da şəraitindən, mənzilindən razıdır. Lakin onun bir tək arzusu var, son nəfəsini öz elində-obasında vermək: “Hər bir şəxsin arzusudur ki, öz rayonuna getsin. Hamı istəyər ki, öz elində-obasında olsun. Torpaqların qaytarılmağını səbirsizliklə gözləyirik. Biz məcburi köçkünlər 15 ildən çox idi ki, Ət kombinatında yaşayırdıq. Dövlət səviyyəsində bizə hər cür yardım edilir, ehtiyacımız ödənirdi. Ancaq şəraitimiz o qədər yaxşı deyildi. Mehriban Əliyevanın təşəbbüsü ilə Kristall Abşeron MTK binanı tikdi və bizi mənzillərlə təmin etdilər. Bu evlər bizə tam təmirli verilib. May ayının 30-dan bütün ailələr köçürülüb və burada yaşayır. Ailəmiz 6 nəfərdən ibarətdir. 3 otaqlı mənzildə yaşayırıq. Otaqlar qaçqın və məcburi köçkünlərin qaydalarına uyğun olaraq bölünüb”.
Villam olsa da...
Kəlbəcər rayonundan olan məcburi köçkün Əntiqə Əliyeva onlar üçün yaradılan şəraitdən razı qaldığını bildirsə də, narazı olduğu məqam da var. Əntiqə xala deyir ki, evdən bayırda onlar üçün yaxşı şərait yaradılmayıb: “Qızım, gördüyünüz kimi ev şəraitimiz çox yaxşıdır. Təmirli evdə qazımız, suyumuz, işığımız daimidir. Rahat şəraitdə yaşayırıq. Amma binanın arxasından günün hər saatında qatar keçir. Bu bizi çox narahat edir. Səsdən yata bilmirəm. Həyətdə ərazi kiçik olduğu üçün çətinlik çəkirik. Həyətimizi genişləndirsələr çox yaxşı olar. Tək problemimiz budur”. Əntiqə xala deyir ki, onların burada villası olsa belə, heç yer dədə-baba torpaqlarının yerini verə bilməz: “Sağ olsunlar ki, bizi zibillikdən, iyin-qoxunun içərisindən çıxarıb buraya gətirdilər. Amma bura cənnət də olsa, heç vaxt dədə-baba torpaqlarımızın yerini verə bilməz. İnşallah Allah bizə öz el-obamıza köçdüyümüz günü göstərər”. Həmsöhbətimizin bu sözləri başımıza toplaşan xanımları kövrəltdi. Məhlənin xanımları hamısı bir ağızdan öz torpaqlarını istədiklərini bildirdilər.
“Əsir düşməmək üçün ölməyə hazır idik”
Müsahiblərimiz hər an gözlərinin önündə canlanan qaçqın düşdükləri günləri də xatırladılar. Cəmilə xala deyir ki, maddi-mənəvi hər şeylərini, xatirələrini orada qoyub gəliblər: “Rayondan axırıncı biz çıxmışdıq. Bir yaşında uşağım var idi. Ermənilər atırdılar. Uşağımla bərabər divarın küncünə çökürdük ki, silah bizə dəyməsin. Özümü övladıma sipər etmişdim”.
Əntiqə xala deyir ki, onlar 3 gün gecə-gündüz Murovda qalıblar: “Qaçdıq Arazın qırağına. Əsir düşməmək üçün özümüzü suya atmağa qərar vermişdik. Ermənilər həmin vaxt gəlsəydi, hamı hazır idi intihar etməyə... Anamın dayısı qızı Gülzarı ermənilər girov götürdü. O, özünü Tərtərçaya atdı. Biz o hadisələri hər an, hər saniyə xatırlayırıq. Təsəvvür edin, insanın bacısı, övladı gözünün qabağında ölür, onu götürə bilmirik. Bundan ağır dərd ola bilməz. Çox çətin günlərimiz olub. Allah Heydər Əliyevə rəhmət eləsin. Qaçqınlara çox dəyər verirdi. Qaçqınların əzilməməsi üçün əlindən gələni etdi. Bu gün biz belə rahat mənzildə yaşayırıqsa, səbəbkarı Heydər Əliyevdir. Harada qaçqın var idisə, mərhum prezidentimiz deyirdi ki, qaçqına hörmət edin. Bu söz artıq şüara çevrilmişdi. Bu gün də hara gediriksə, qaçqınıq deyəndə bizə hörmət edirlər. Yenə çox şükür ki, biz dövlətimizin qayğısını görürük, narazılıq edə bilmərik”.
“Təki torpaqlarımız alınsın, özümüz tikib yaradarıq”
Kəlbəcər rayonundan olan Niyaz Ələkbərov da evindən, şəraitindən çox razıdır: “Bu evdən çox razıyıq. Burada bizə hər cür şərait yaradılıb. İndi gözəl şəraitimiz var. Biz o zaman tam razı olarıq ki, prezidentimizə biz də dəstək olaq, torpaqlarımız alınsın. Ən böyük arzumuz budur. Torpaqdan əziz insana nəsə ola bilməz. Torpaqlarımız alınsa, bu ev, bu şərait gözümüzdə olmaz, özümüz gedərik. Heç orada bizə ev tikilməsini də istəmərik. Təki torpaqlarımız alınsın, özümüz tikib yaradarıq”.
Sonda “uşaqdan al xəbəri” prinsipi ilə məhlənin uşaqları ilə söhbətləşdik. Günel deyir ki, buradaki evi çox yaxşıdır: “Evimiz kinolardakı kimi qəşəngdir. Əvvəlki ev yaxşı deyildi, sinif yoldaşlarım qonaq gələndə utanırdım... İndi hər şey çox gözəldir. Burada uşaqlarla həyətdə rahat oynayırıq. Bizim üçün karusellər də tikəcəklər”.
Digər balaca müsahibimiz Yağmurun 9 yaşı var. O da rəfiqəsi kimi bu evi çox istəyir: “Əvvəlki evimizdə uçuqlar var idi. Hər yer uçub tökülürdü. Ailələr pis yaşayırdı. Qışda çox üşüyürdük. Amma indi vəziyyətimiz yaxşıdır. Evimiz də qəşəngdir”.
Statistika
Qaçqın və məcburi köçkünlər üçün ümumilikdə indiyədək 2,8 milyon kvadratmetr yaşayış sahəsi olan 89 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət müasir yaşayış kompleksi salınıb, 46 min ailə və ya 230 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Bundan da 42 min ailə, yaxud 210 min nəfər (91 faiz) son 11 ilin payına düşür. Son 11 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə, Dövlətqaçqınkomun illik büdcəsi isə 5,5 dəfə artıb. Dünya Bankı və Azərbaycan hökuməti arasında bağlanılmış kredit sazişi üzrə 325 min nəfərin faydalandığı və dəyəri 30 milyon manat təşkil edən 520 mikrolayihə icra edilib. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə son 11 ildə 2000 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 40 milyon manat güzəştli kredit verilib. Həyata keçirilən tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 11 ildə 75 faizdən 10 faizədək azalıb. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 20 ildə 5,1 milyard manat vəsait sərf olunub. Bunun 2,3 milyard manatı dövlət büdcəsinin, 1,8 milyard manatı Dövlət Neft Fondunun, 1 milyard manatı isə beynəlxalq maliyyə qurumlarının və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir. Bu vəsaitin də 86 faizi, yaxud 4,4 milyard manatı son 11 ildə istifadə olunub.
Qeyd edək ki, reportaj üçün getdiyimiz binanın açılışı mayın 10-da olub. Açılışda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Aygün ƏZİZ
Yazı “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün verilir.

banner

Oxşar Xəbərlər