“Cəhənnəm iqlimi”ndən necə xilas olmalı?
Dünya Meteorologiya Təşkilatının (WMO) məruzəsində 2017-ci ildə
"cəhənnəm iqlimi” olacağı ilə bağlı yer alan məlumat iqlim dəyişikliklərinin
dönməz xarakter ala biləcəyi, o cümlədən fəlakətli fəsadlar törədəcəyindən
xəbər verir. WMO-nun iqlim üzrə məruzəsinin ilk dəfə olaraq BMT ilə birgə
hazırlanması isə narahatlığa ciddi zəmin yaradır. Məruzədə 2016-cı ilin
meteoroloji müşahidələr tarixində ən isti il olduğu qeyd edilib. Orta
temperatur 2015-ci ildə qeydə alınmış maksimum göstəricidən 1,1°C yüksək olub.
Meteoroloqlar güman edirlər ki, atmosferdə karbon qazının daim çoxalması,
buzların əriməsinin sürətlənməsi nəticəsində iqlim dəyişikliyi Kaliforniyada
leysanlara, Braziliyada quraqlığa, mərkəzi İtaliyada zəlzələyə gətirib çıxarıb.
WMO-nun proqramlar direktoru Devid Karlson bu ilin daha isti olacağını
bildirib: "Dünya okeanı temperaturunun yüksəlməsi nəticəsində planetdə digər
dəyişikliklər də gözlənilir”.
Artıq dünya ölkələri iqlim dəyişmələrinin baş verməsi faktını birmənalı
qəbul edir. Bəzi iqlimşünaslar bunu qlobal istiləşmə, bəziləri isə qlobal
soyuma kimi qələmə verirlər. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər
Qrupunun sonuncu hesabatı son 100 ildə Yerdə orta illik temperaturun artdığını
və artıq enerjinin qaldığını göstərir. Belə ki, bu təsir yalnız 0,05 vattı
günəş aktivliyinin nəticəsidir. Ekoloqların fikrincə, yerdə artıq enerjinin
qalması havanın hədsiz istiləşməsinə səbəb olur.
WMO iqlim dəyişikliyi ilə bağlı proqnozlarında həyəcan təbili çalsa
da, mütəxəssislər ciddi narahatlığa əsas görmürlər. Bəs ekoloji problemlərin
kifayət qədər mövcud olduğu bizim ölkəmiz üçün iqlim dəyişikliyi hansı
fəsadları yarada bilər?
O qədər inandırıcı deyil
Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin İqlim Dəyişikliyi və Ozon Mərkəzinin direktoru Gülmalı
Süleymanov yazılan məlumatları o qədər də əsaslı hesab etmir: "Məsələn, Yaxın
Şərq ölkələri üçün yüksək istilik temperaturunun olması həmişəki kimi
xarakterikdir. Həmin ərazilərin çox hissəsini səhralar təşkil edir və o
ərazilərdə quraqlıqlar baş verir. Xüsusən müharibə gedən yerlərdə dağıntılar yaranır,
yaşıllıq örtüyü məhv edilir. Ona görə düşən günəş şüaları torpağı daha çox
qızdırır. Eləcə, bizdə də yayda asfaltın üzərində 50-60 dərəcə isti olur”.
İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun 5-ci hesabatından
danışan G.Süleymanovun sözlərinə görə, Yaxın Şərqin ərazilərində ümumiyyətlə,
böyük dəyişikliklər baş vermir: "Böyük dəyişikliklər - temperaturların kəskin
artması Şimala doğru irəlilədikcə, qütb dairəsi ətrafında müşahidə olunur.
Ekvator, subekvatorial ərazilərdə, tropiklərdə iqlim dəyişikliyi o dərəcədə
hiss olunmur. Ona görə də istiliyin daha kəskin xarakter alacağı barədə fikir
yürütmək o qədər də inandırıcı deyil”. Nazirlik rəsmisi ümumiyyətlə, «Qlobal
istiləşmə» və «Qlobal soyuma» terminlərini qəbul etməyərək yalnız "iqlimdə
dəyişilmə”ni ekoloji baxımdan doğru sayır: "Ancaq dəyişikliklər o qədər kəskin
xarakterdə deyil. Məsələn, 20-ci əsrin ortalarına qədər hər 10 ildən bir
normaya görə 0,1 və ya 0,2 dərəcə dəyişik artırdısa, son 20-30 ildə hər 10 ildə
0,3 dərəcədə artım var». Alimlərin iqlim dəyişiklikləri ilə bağlı
araşdırmalarına gəlincə, G.Süleymanov bu barədə tədqiqatların olduğunu inkar
etmir: «Hesabatda dəyişikliklərin mexanizmi tam açılıb, fiziki və elmi əsasları
göstərilib. Dəyişikliyin antropogen və təbii səbəbləri qeyd olunub. Təbii
səbəblər isə baş verən dəyişiklik səbəblərinin 1/5-i təşkil edir. Əsas təsir edən
karbon qazı, metan və azot oksidi - istixana effekti yaradan qazlardır. Son 100
ildə bu qazlar 1,5 dəfə artıb. Yerin
səthində baş verən quraqlıqlara, yerin
qızmasına görə temperatur yuxarı qalxır və orada qazlar çox olduğundan həmin
istiliyi yerə qaytarır. Bir növ istixana effekti yaranır. Həmin qazların
yaratdığı effektdir ki, yerdə artıq enerji qalır. Bu da istiləşmə yaradır. Yerdə
qalan artıq enerji həm okeanların, həm də Yer səthinin qızmasına sarf olunur.
Bu enerji yerin relyefinə uyğun olaraq qeyri-bərabər paylanır. Nəticədə həm
okeandakı axınlar, həm də hava axınları istiqamətini və sürətini dəyişir. Bu,
yer səthində təhlükəli hidrometeoroloji hadisələrin daha tez-tez və daha güclü
şəkildə baş verməsinə səbəb olur”.
Nazirlik rəsmisi İngiltərə İqlim Mərkəzinin araşdırmaları
haqqında məlumat verərək bildirir ki, ən
çox təhlükə kiçik ada ölkələri, Şimal yarımkürəsi, ABŞ, Kanada, Şimali
Avropanın şimal hissləri və Çin yarımadasında yarana bilər. Digər ölkələr üçünsə
təhlükə böyük deyil: "İqlim dəyişmələrinin nəticələri isə sellər, daşqınlar,
tufanlar, qasırğalar, vulkanlar ola bilər”. G.Süleymanov istilik dalğalarının
da iqlim dəyişikliklərinin nəticəsi olduğunu bildirir: "Məsələn, qış günündə
hansısa istilik dalğası gəlir və temperatur birdən-birə artır. İnsanlar üçün ən
təhlükəli amil temperaturun kəskin dəyişməsidir. Havanın bir-iki gün soyuq,
sonra kəskin isti, yenidən soyuq olması – bu tip kəskin dəyişmələr insanlara
daha çox təsir göstərir». G.Süleymanovun fikrincə, ölkəmizin ərazisində
tufanlar və qasırğalar o qədər baş vermədiyindən iqlim dəyişikliyi də tez-tez
yaranmır: "Bizdə bir aylıq yağıntı norması 2-3 günə düşə bilər. Küləklər
sürətini, istiqamətini dəyişib daha da güclənə bilər. Sel, daşqın hadisələrində
son illərdə artım var». Şəhərin bir qismində günəşli havanın, digər bir
hissəsində isə yağışın olmasını atmosfer çirklənməsi ilə əlaqələndirən
G.Süleymanov bildirir ki, çirklənmə çox olduqca yağıntı daha çox düşür:
«Yağıntılar həmişə vulkan xarakteri daşıyır. Əvvəllər də belə olub: bir tərəfdə gün çıxıb, digər tərəfdə yağış
yağıb. Bunu isə iqlim dəyişikliyi ilə əlaqələndirmək düzgün olmaz».
G.Süleymanov iqlim dəyişikliyi ilə bağlı yayılan son məlumatın Azərbaycan üçün
hansısa təhlükə yarada biləcəyinə inanmır: «Bu tip informasiyaların arxasında
həm siyasi, həm iqtisadi məqsədlər dayanır. Ona görə bu cür məlumatlara o qədər
də inanmaq lazım deyil. Əlimizdə olan rəsmi hesabatlarda o qədər qorxulu
məlumatlar yazılmayıb».
Qlobal şəkildə həll
olunmalıdır
İnsanların iqlim dəyişmələrindən çəkdiyi ziyanlar sırasında faciəvi
hadisələrlə bərabər, səhhətlərində yaranan problemlər də yer tutur. Həkim-cərrah Adil Qeybulla iqlim
dəyişikliyinə münasibət bildirərək ozon qatının məhv olması, kosmik raketlərin
tez-tez orbitdən çıxması və s. kimi hadisələrin atmosferdə xeyli problemlər yaratdığını
bildirir: "Bütün bunlar da qlobal istiləşmə ilə müşahidə olunur. Qlobal
istiləşmə çoxsəbəbli hadisədir. Əsas faktor isə Yerdə baş verən hadisələrdir.
Qlobal istiləşmə Yer kürəsində həyat üçün çoxlu problemlər yaradır. Müəyyən
növlərin sıradan çıxması, onların dəyişməsi, yeni şəraitə uyğunlaşması və s. kimi
çətinliklər ortaya çıxır. İnsan orqanizmi üçün də bu, təhlükəlidir. Yəni insan
orqanizmi məsələn, 60 dərəcə istiliyə dözə bilməz. Belə istidə qanın hərəkəti
mümkün olmur. Bioloji proses ləngiyir və dayanır. Ona görə də bu cür
problemlərə doğru gedən hadisələrin qarşısının alınması haqda düşünmək lazımdır”.
Professorun sözlərinə görə, elə məsələlər var ki, onlar hansısa bir ölkənin
problemi deyil. Belə ki, əgər bir məsələnin ümumbəşəri ziyanı varsa, onlar
qlobal şəkildə həll olunmalıdır. Yəni müəyyən beynəlxalq qadağalar, məhdudiyyətlər
olmalıdır: "Təəssüf olsun ki, bu cür qadağalar olmadığından onların fəsadlarını
yaşamaqdayıq».
Temperaturun tez-tez dəyişməsinə gəlincə, cərrah bildirir ki,
anormal havalar, temperatur dəyişiklikləri – temperaturun kəskin qalxıb-enməsi
Yer kürəsində maqnit sahəsində olan burulğanlar, təlatümlər, elektromaqnit dəyişiklikləri
canlılar üçün təsirsiz ötüşmür: "Ayrı-ayrı növlər sıradan çıxır. Özünüz
bilirsiniz ki, müəyyən heyvan növləri sıradan çıxmaqdadır. Bunun da səbəbləri
ekoloji problemlərdir. O cümlədən, ekoloji problemlər insanlar üçün də ciddi
dəyişikliklər yaradır. İnsan orqanizminin daha çox müdafiə imkanları var. Şüurlu
varlıq olduğu üçün o, özünə daha çox müdafiə imkanları qura bilir. Bununla belə,
insanlar özləri də bir növ kimi dəyişilir. Məsələn, 19-cu əsrdə yaşamış insanın
analizi ilə indikiləri müqayisə etsək, xeyli dəyişiklik görərik. İnsan dəyişir.
Həm də bu dəyişikliklər müxtəlif xəstəliklərlə müşahidə olunur. İnsan da bir
növ kimi bu duruma adaptasiya olmalı, ya da bir növ kimi məhv olub getməlidir”.
Ekspertlər bildirirlər ki, iqlim dəyişikliklərindən fəsadların
yaranmamağı və faciələrin olmamağı üçün yeganə yol - dəyişikliklərə uyğunlaşmaqdır. Mövcud
meşələrin inkişafı və yenilərinin salınması vasitəsilə istilik effekti yaradan
qazların azaldılması, kənd təsərrüfatının inkişafı, əhalinin içməli su ilə
təminatı, sel və daşqınlarla mübarizə və s. tədbirlər "cəhənnəm iqlimi”ndən
xilas yolu ola bilər.
Təranə Məhərrəmova