• çərşənbə axşamı, 19 mart, 14:08
  • Baku Bakı 8°C

Cəfərqulu kişi ilə Gülzar nənənin sevimli qızı İzzət xanım

17.02.18 12:47 18016
Cəfərqulu kişi ilə Gülzar nənənin sevimli qızı İzzət xanım
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
Hörmətli redaksiya! Bu müsahibəni ötən əsrin sonlarında Bakı Dövlət Universitetinin professoru Rəfiqə Əliyevadan almışdım. O günlərdən 20 ilə yaxın vaxt keçir. Sevimli Rəfiqə xanım da anasına qovuşub. Bu yazını "Analar” adlı kitabıma salmışdım. İndi müəyyən ixtisarla "Kaspi” də yenidən dərc olunmasını istədim. Arzum budur ki, haqq dünyasında olanlar barəsində danışanda həqiqəti deyək, vicdanlı olaq. Yoxsa şər və böhtana görə Allahın verəcəyi cəzanın hədəfi sonda elə yalançının özü olur.

Rəfiqə Əliyeva ilə olan söhbətimizdə ana, ananın ailədəki rolu ilə bağlı elə ürəyə yatan məqamlara toxunduq ki... Adı böyük hərflərlə yazılacaq o ilahi nəfəsin – Ananın əfsun dolu həyatı ürəyimizdə şirin arzular doğurdu. Söhbətimizin, gənc analara, gəlin köçəcək qızlara gərəkliliyini nəzərə alaraq təkrar dərcinə lüzum duydum.

- Rəfiqə xanım, mən Lənkərandakı uşaq evində eyni ailədən olan altı bacı-qardaş gördüm (bu hadisə 1998-ci ildə olub-F.X.). Onlar öz valideynlərini heç də qəza nəticəsində itirməmişdilər. Ata ailəsini ataraq Rusiyaya gedib, ana da onları gətirib uşaq evinə. Əvvəllər həftədə, sonra ayda bir dəfə uşaqlara dəyərmiş. Mən onların yanında olanda söylədilər ki, altı aydan çoxdur ki, anaları daha gəlmir. Hardasa restoranda işləyir, vaxtı yoxdur. Həyatın iqtisadi çətinlikləri doğurdanmı analıq hisslərinə qalib gələ bilər?
- Mənə elə gəlir ki, yox! Bizim ailənin timsalında bəzi məsələləri danışmaq istərdim. Atamızı tez itirmişik. Ailədə 8 uşaq olmuşuq. Sonbeşik mən idim. İki qardaşım Bakıda oxuyurdu. Böyük bacım da ərə getmişdi. Yerdə qalan beş uşağın bütün dərdi-səri, qayğısı anamın üzərinə düşmüşdü. Bizim ilk müəllimimiz də elə anamız İzzət xanım olub. Təsəvvürə gətirin ki, bizim hamımızı oxudub. Bütün bunlar ağ günlərin qanadı altında olmayıb. Atasız ailənin dərd-səri çox böyükdür. Anamız bizim hər birimizin gündəlik dərsi ilə çox ciddi maraqlanardı.Müəllimdən qabaq hər şeyi ona danışar, ilk qiymətimizi anamızdan alardıq. Səhvimizi ustalıqla düzəldərdi, yaxşı-pisimizi dəqiq qiymətləndirən anamızın sinəsi xalq çeşməsinin inciləri ilə dolu idi. Hünərimiz nə idi ki, səliqəmiz, sahmanımız yerində olmasın. Deyim ki, danlayardı, döyərdi... Qətiyyən yox! Heç birimiz bunu görməmişik. Açığı, bilmirəm, nə sirr vardısa, ondan, onu incitməkdən çəkinərdik. Çox yumşaq, həddən artıq mehriban qadın idi, amma o mehribanlığın daxilində bizi öz həddimizdə saxlayan qəribə bir zabitə vardı. Elə ailəcanlı idi ki... Sözlə bu istəyin, bu münasibətin şəklini çəkmək indi mənim üçün çox çətindir. Ana da oldum, nənə də, amma... Amması odur ki, anama çata bilmədim. O, həm də çox qürurlu və məğrur qadın idi.

- Çörək qazanmaq, yəni evə ruzi gətirmək, əslində atanın vəzifəsi sayılıb. Uşaqları tərbiyə etmək, onları gələcək, millət üçün ləyaqətli övlad kimi böyütmək anaya bağlıdır.
- Bu mənada mənə elə gəlir ki, əsil məktəb elə bizim öz evimizdə olub. Bu məktəbin də əvvəldən-axıra qədər bir müəllimi var idi, o da öz anamız idi.

- Bu gün bir-iki uşaq tərbiyə etmək çətinliyi qarşısında qalıb bəzi analar. Mənə maraqlı gəlir ki, o dövrdə Naxçıvan kimi bir bölgədə - hər tərəfi düşmən və çətinliklə dolu bir yerdə bu qədər problemin öhdəsindən İzzət xanım necə gəlmişdir?
- İndi o günləri yada salanda fikirləşirəm ki, bizim çox qüdrətli dayağımız varmış . Ailəmizdə elə bir tərbiyə mövcud idi ki, hər kəs öz yerini, işini bilirdi. Böyüklər balacalara kömək edərdi. Dərsimizi oxuduqdan sonra evin bütün işlərində anamıza yardımçı olardıq. Anamız hər bir işi təkcə özünəməxsus səriştə ilə deyil, həm də adət-ənənənin qanun-qaydaları ilə həyata keçirərdi. Yazılmamış, deyilməmiş bir rejimi hamımız dərk etmişdik və onu da yerinə yetirirdik. Mən bir məsələni də fərəhlə qeyd etmək istəyirəm, cəmiyyətdə tutduğumuz mövqe bizim heç birimizi daxilən dəyişdirmədi. Bunların da hamısı anamdan gəlirdi. Onun sadəliyi, mərdliyi bizə nümunə idi. Yadımdadır, o vaxtlar bizim ətrafımızda çox firavan yaşayan qonşularımız var idi. Amma hamısı da bizim həyətimizə, həyatımıza həsəd aparırdı. Çünki anamın əli hara dəyirdisə, ora gül açırdı. Biz sadə yaşayırdıq, amma bu sadəliyin içində qəribə bir cazibədarlıq vardı. Bu gözəlliyin müəllifi anam idi. Biz maddi cəhətdən yox, mənəviyyat sarıdan varlı idik.

- Rəfiqə xanım, ananıza aid xəyallarınız, xatirələriniz yaşla bağlı dəyişmir ki?
- Əsla! Ananı yada salmaq, unutmaq yaşla bağlı deyil. Mənim xəyalımda anam eləcə olduğu kimi qalıb: ucaboylu, sarışın, mavigözlü, ağbəniz, düz qamətli... Bəlkə, elə övladlarının hamısının da xatirəsində belə qalıb. Əsil türk qızı! Bir məqam var, onu heç unuda bilmirəm. O vaxtlar Naxçıvanda bütün qadınlar çarşab örtərdi. Mənim anamın da vur-tut bir çarşabı var idi. Xeyrə-şərə elə onu örtərdi. İnanırsınız, hamıdan seçilərdi. Elə bil ki, hansısa bir dövlətlinin xanımı idi. Bilirsinizmi, bütün bunlar nədən irəli gəlirdi? Anamın daxilindəki toxluq, təmizlik, xanımlıq onun bütün hərəkətlərində özünü büruzə verirdi. İstər danışığında, istərsə yerişində-duruşunda, istərsə də adicə geyimində...

- Yəqin ki, bütün bunlar da ananızın öz ailə tərbiyəsindən irəli gəlirdi?
- Əlbəttə, mənim ana babam Cəfərqulu kişi çox varlı olub. Sizin dediyiniz o tərbiyə, mədəniyyət, ədəb-ərkan nəsillə, qanla keçib bizə. Kim nə deyir desin, həyat göstərir ki, göyərçinin balası göyərçin, ilanın balası ilandır.

- Ananız boş vaxtlarında nə ilə məşğul olardı?
- Onun boş vaxtını heç xatırlamıram. Görərdin qonum-qonşu doqqazda söhbət edir. Anamın onlara qoşulmağa vaxtı olmazdı. Bəlkə də, bunu özü sevməzmiş, bilmirəm. Fikri-zikri bizim əyin-başımızda, tərbiyəmizdə olardı. Çox qəribə paltar ütüləməyi var idi. İndi hər şey var, onda elektrik ütüsü nə gəzirdi. Kömürlə qızdırılan ütü ilə anam qardaşlarımın paltarlarını elə ütüləyərdi ki, yuyulanda belə, qatı açılmazdı. Məktəbdə, küçədə hiss edirdim ki, paltarına ütü çəkilən təkcə elə bizik. Nişastanı da özü hazırlayardı. O illəri xatırlayanda mənə qəribə gələn bilirsənmi nə olur? Anamın mərdliyi! Əslində, çətin yaşamışıq, amma anam həyatımızı elə qurub ki, biz bunu hiss etməmişik. Bu ağırlıq anamın yalnız öz çiynində, öz ürəyində olub. Bəlkə elə bu səbəbdən də az yaşadı. Əlimiz çörəyə çatsa da, bizim çoxumuzun taleyindən, şəxsi həyatından, cəmiyyətdəki mövqeyimizdən xəbəri olmadı. Bayramlarda, əlamətdar günlərdə həmişə qəbrini ziyarət edirik.

- Sizlərdən daha çox kim ananıza bənzəyir?
- Bütövlükdə heç birimiz ona tamamilə oxşamırıq. Zahiri cəhətcə mən bir qədər ona çəkmişəm. Xasiyyətindən isə hərəmizə bir şey keçib. Mənim anam olduğu üçün demirəm, həqiqətdir. Uşaq vaxtı bunları başa düşməzdim. İllərin bu başında - özüm yaşlanandan sonra heyrətləndim ki, bir qadın bir ömürdə bu qədər nəcib xarakterə necə malik ola bilərmiş?! Və bütün bu fədakarlığı bir ana tək necə bacararmış? Görünür iman sahibi olduğundan ulu Yaradan özü ona kömək dururmuş. Yox yerdən pay tutmağı, təmizliyi, səliqəsi, sahmanı, səriştəsi, nüfuzu ilə hamıya nümunə olmağı... Hər işini zərgər dəqiqliyi ilə düzüb-qoşardı. Hələ bişirdiyi xörəklərin ətri, dadı... Yadımdadır, yarpaq dolmasına noxud ləpəsi və mərzə vurardı. Küftənin ətini toxmaqla daşda döyərdi, plovu ancaq bayramdan-bayrama bişirərdi. Təndirə yapdığı lavaşların ətri indi də burnumdadır. Qadın var ki, bir qoyunun ətindən ortaya bir fərli xörək çıxara bilmir. Anam bir toyuğun ətindən bir məclisi yola salırdı...

Müəllifdən: Rəfiqə Əliyevaya qulaq asdıqca xəyalımda mən əsl azərbaycanlı ana görürdüm. Bu söhbətdən gəldiyim nəticə budur ki, Cəfərqulu kişi ilə Gülzar nənənin sevimli övladı İzzət xanım dastanlara, şeirlərə sığmayan ana obrazıdır. Dünyaya dahi bəxş edən bu ana adi qadın ola bilməzmiş. Bu mənada İzzət ana təkcə bir ailəyə, qohum-əqrəbaya yox, bütövlükdə Azərbaycana məxsusdur. İzzət xanım Azərbaycan xalqına Heydər Əliyev kimi bir dahi bəxş edib.

...Sonda bu kiçik qeydlərimə başqa ad verməkdən çəkindim. Çünki mən sözün əsl mənasında çox böyük bir insanın - Ananın xatirəsini ancaq onun əsl adı ilə adlandırmağı təbii sandım. Böyük nur sahibindən söz açmaq nura üz tutmaq, nura boylanmaq deməkdir. Qoy bu işıq bizim bütün gənc anaların, qadınların əməllərinə, arzularına ələnsin. Onlar da Vətən üçün, millət üçün qəhrəman övladlar böyütsünlər.
banner

Oxşar Xəbərlər