• cümə, 29 Mart, 08:47
  • Baku Bakı 5°C

Cəbrayıl qəzasının ilk məktəbi

21.11.17 13:30 5613
Cəbrayıl qəzasının ilk məktəbi
Min illərin süzgəcindən keçərək yaddaşlarda yaşamaqda olan bir məlum həqiqət var ki, bu da insanları səadətə, xoşbəxtliyə aparan bütün yolların məktəbdən başlanmasıdır. O xalq xoşbəxtdir ki, onun yaxşı məktəbləri, müdrik müəllimləri var. Ümumiyyətlə, məktəb hər bir xalqın dirçəlişi, inkişafı və tərəqqisi, millətlər arasında tanınması, layiqli yer tutması üçün əvəzsiz ocaqdır. Hansı millətin tarixinə nəzər salsaq, öncə onun təhsil sisteminin, elminin, intellektual səviyyəsinin necə olması diqqəti cəlb edir. Elə bu yazımızda da Füzuli rayonunun ilk dünyəvi orta məktəbindən söhbət açacağıq.Rayonun ən qocaman təhsil ocağı olan Qarğabazar kənd orta məktəbinin 134 yaşı tamam olur. 17 oktyabr 1883-cü il Qarğabazar camaatının elm-maarif, mədəniyyət və tərəqqi yolunu işıqlandıran məktəbin yaradıldığı tarixdir. Cəmi 12 şagirdlə fəaliyyətə başlayan bu məktəb o zamankı Cəbrayıl qəzasında ilk dünyəvi təhsil ocağı idi.
İlk məktəblərin yaranması
Çar Rusiyası dövründə Cəbrayıl qəzasına aid edilən və sonradan inzibati-ərazi vahidi kimi formalaşan Füzuli rayonu XIX əsrin II yarısından başlayaraq özünün füsunkar təbiəti, zəngin təbii ehtiyatları və qabaqcıl ziyalıları ilə nəinki Dağlıq və Aran Qarabağda, eləcə də ondan uzaqlarda məşhurlaşmışdı. O zaman rayonun maarifpərvər insanları yaşadıqları dövrün tələblərinə uyğun olaraq, əsasən, ruhani təhsili alsalar da, dünyəvi elmlərə də önəm verərək, özlərindən sonra gələn nəsillərin savadlanması üçün önəmli xidmətlər göstərmişlər. Elə bunun nəticəsində də XIX əsrin əvvəllərində Azərbaycanda bir sıra elm sahələri, maarif ocaqları, dünyəvi təhsil verən məktəblər meydana gəlməyə başlamışdır.
Məlum olduğu kimi, XIX əsrə qədər Azərbaycanda təhsil sistemi əsrlərdən bəri davam edən ənənəvi mədrəsə təhsili ilə bağlı olmuşdur. XIX əsrin 30-cu illərində Azərbaycanın bir sıra şəhərlərində, ilk növbədə Şuşada, Nuxada, Bakıda və Gəncədə, sonralar isə Şamaxı və Naxçıvanda qəza məktəbləri adlanan dünyəvi təhsil müəssisələri təşkil edilmişdir.
XIX əsrin 50-ci illərində Azərbaycan ərazisində ibtidai məktəb adı ilə yeni məktəblər açıldı (Quba, Ordubad və Lənkəranda), 1860-cı ildə Zaqatalada ibtidai məktəbin əsası qoyuldu.
Bu məktəblərin təşkili və azərbaycanlı uşaqların ora cəlb edilməsi böyük mütərəqqi hadisə idi. Ən başlıcası isə bu məktəblərin təsis olunması ilə Azərbaycan dili tədris planına daxil edilmişdir. Azərbaycanın qabaqcıl ziyalılarının böyük bir dəstəsi orta əsr qalıqlarını, cəhaləti və nadanlığı qamçılayaraq, mütərəqqi ideyaları yayır, təkcə şəhərlərdə deyil, kəndlərdə də dünyəvi təhsil verən məktəblər açılmasını tələb edirdilər.
M.F.Axundov yazırdı: "Əgər desək ki, kənd camaatı qalsın, ancaq şəhər əhli elm öyrənsin, o zaman bir gül ilə bahar olmaz, çünki şəhər camaatı kənd camaatının yanında dəniz müqabilində bir qətrə kimidir. Elmin faydası o zaman məlum olur ki, bizim çobanlarımız da Rusiya xalqı kimi oxumaq və yazmaq bilsinlər. Qadınlarımız da oxumağı bacarsınlar”.
Bir və ya iki sinifli, təhsil müddəti üç və beş il olan ilk kənd məktəbləri ilə yanaşı, ənənəvi dini məktəblərdən fərqli olaraq bir sıra kənd yerlərində savad məktəbi adlı təhsil ocaqları da meydana gəlməyə başladı. Adından göründüyü kimi, bu məktəblərdə ancaq ilkin savad öyrədirdilər.
Savad məktəbləri elementar bilik verməsinə, ilk vaxtlar təhsilin məzmunundakı səthiliyə baxmayaraq, milli məktəblərin rüşeymi kimi əhəmiyyətli idi. Azərbaycan ərazisində ilk savad məktəbləri ən çox Yelizavetpol (Gəncə) quberniyasına daxil olan kəndlərdə açılmışdı. Cəbrayıl qəzasında belə məktəblər Cəbrayılda, Horadiz və Böyük Bəhmənli kəndlərində açılmışdı.
Horadiz savad məktəbinin əsası 1885-ci ildə, Böyük Bəhmənli kəndində isə 1891-ci ildə qoyulmuşdu. Savad məktəblərində təlim hərf-heca üsulu ilə aparılırdı. Təhsil pullu idi (ildə bir manat).
17 oktyabr 1883-cü il
1883-cü ildə təkcə Gəncə quberniyasında 9 kənd məktəbi açılmışdır. Bunlar Ağdam, Ləmbəran, Qarğabazar, Alpout, Bərdə, Kasapet, Xaçmaz, Vandam və Padar məktəbləri idi.
Qarğabazar kənd məktəbi kəndin varlı sakinlərindən olan Allahverdi Ağayevin 5 otaqdan ibarət xüsusi binasında yerləşmişdi. Bu binada dərs otağından əlavə, müəllimin yaşayış yeri, həmçinin ətraf kəndlərdən gələn şagirdlər üçün sığınacaq və kitabxana da vardı. Ümumiyyətlə, o zamanlar Azərbaycan kəndlərində məktəb üçün əlverişli bina olmadığına görə, xüsusi adamlar, kəndin qabaqcıl və uzaqgörən şəxsləri öz mülklərini təmənnasız olaraq məktəbə - şagirdlərin istifadəsinə verirdilər. Qarğabazar məktəbi də öz fəaliyyətinə Allahverdi Ağayevin binasında başlamışdır.
Cəbrayıl qəza həkimi Q.V.Urazovun "Yelizavetpol quberniyası Cəbrayıl qəzasının tibb topoqrafik oçerki” adlı məqaləsində oxuyuruq: "Qarğabazar birsinifli məktəbində 30 şagird oxuyur. Onların hamısı müsəlmandır. Məktəb ikimərtəbəli evdə yerləşir. Sinif otağının uzunluğu 13 arşın, eni 4,75 arşın, hündürlüyü 3,25 arşın, ümumi sahəsi 200,70 arşındır”.
Qarğabazar məktəbində şagirdlərin sayına, sinfi və silki tərkibinə gəlincə, qeyd etməliyik ki, ilk dəfə 12 şagirdlə dərsə başlayan məktəbdə, şagirdlərin sayı demək olar ki, ildən-ilə artmışdır. "Кавказски календар”da (Qafqaz Təhsil Dairəsinin aylıq "Sərəncamları”nda) çap olunmuş digər rəsmi sənədlərdə və arxiv mənbələrində bu məktəbə aid çoxlu və maraqlı məlumatlar olmuşdur. Həmin sənədlərdən öyrənirik ki, Qarğabazar kənd məktəbi şagirdlərinin sayı əsrin sonuna doğru 4 dəfə artaraq, 48 nəfərə çatmışdır.
Şagirdlərin sayının artımı həm də qonşu Qaradağlı, Qarakollu, Saracıq, Qoçəhmədli və s. kəndlərdən gələn şagirdlərin hesabına olmuşdur. XIX əsrin sonunda Qarğabazar məktəbi şagirdlərin sayına görə, Qarabağın Ağcabədi, Gülbalı, Ləmbəran, Bərdə, Xankəndi, Qarabulaq və s. kimi kənd məktəblərindən irəlidə idi. Milli tərkibinə görə şagirdlərin hamısını azərbaycanlılar təşkil edirdi. Sinif və silki tərkibinə görə, şagirdlərin yenə də böyük əksəriyyəti kəndli uşaqları idi (36 şagirddən 24 nəfəri yoxsul, 12 nəfəri isə varlı uşaqları olmuşdur).
Ümumiyyətlə çar Rusiyası milli ucqarlarda təhsili inkişaf etdirməklə idarəetmə sistemini möhkəmləndirməyə çalışırdı. Məhz ona görə də XIX əsrin ortalarından başlayaraq milli ucqarlarda ibtidai təhsil verən, rus dilində yazıb-oxumağı bacaran kiçik məmurlar hazırlamaq məqsədilə bir sıra məktəblər açılmasına şərait yaradılmışdı. Sözsüz ki, həmin dövrün görkəmli ziyalıları bundan bəhrələnib yeni məktəblər açmışdılar. Qarğabazar birsinifli məktəbi də belə bir şəraitdə fəaliyyətə başlayaraq Cəbrayıl qəzasında əhalinin maarifləndirilməsində müstəsna rol oynamışdı.
Bir sinifdən, hər şöbədə təhsil müddəti bir il olmaqla üç şöbədən ibarət olan Qarğabazar məktəbinin birinci şöbəsində 18, ikinci şöbəsində 8, üçüncü şöbəsində isə 11 nəfər var idi.
Tədris planı şəriət, ana dili, rus dili, hesab və hüsn-xətdən ibarət idi. Hesab və hüsn-xətt rus dilində tədris edilirdi. Məktəbin müəllim heyəti cəmi 2 nəfərdən ibarət olmuşdur. Bir nəfəri elm-fənn müəllimi olub, dünyəvi fənləri, digəri isə şəriəti tədris edirdi. Elm-fənn müəllimi vəzifəsinə əsasən müəllimlər seminariyasını bitirənlər, şəriət (bəzən həm də ana dili) müəllimi vəzifəsinə ruhani təhsili görmüş yerli ziyalılardan təyin edilirdi.
Məktəbin ilk müəllimi Əlişbəy Tahirov, digər müəllimi və müdiri H.Kostandov olmuşdur.
Qarğabazarda ilk qız məktəbi
Azərbaycanın şəhər və kəndlərində dünyəvi təhsil verən qız məktəblərinin meydana gəlmə tarixi XIX əsrin ortalarına təsadüf edir. Bu vaxta qədər qızların təhsili ayrı-ayrı qadın məktəbdarların evində və ya ailələrdə həyata keçirilirdi, təhsilin məzmunu əsasən dini xarakter daşıyırdı. Mütəşəkkil olmasa da, bu məktəblərdə qızlar ruhani təhsildən əlavə, həm də az-çox dünyəvi bilik əldə edir, əsasən oxu, yazı vərdişi qazanır, əl işləri öyrənirdilər.
Dövrünün məşhur pedaqoqu və maarifçisi H.Zərdabi yazırdı: "Kişilər üçün nə qədər məktəb açsaq da, arzu etdiyimiz məqsədə çata bilməyəcəyik. Qadınlar elmdən və təhsildən kənarda qalırlar, halbuki gənc nəslin tərbiyəsində qadın böyük rol oynayır”.
XIX əsrin sonlarına doğru qadın təhsilinin əhəmiyyətini dərk edən mütərəqqi müəllimlər dövrün tələbi üzündən imkanları daxilində mövcud oğlan məktəblərinə qızların da cəlb edilməsinə cəhd göstərmişlər. Belə məktəblərdən biri də Qarğabazar kənd məktəbi olmuşdur.
Arxiv sənədlərində qeyd edilir ki, 1893-1894-cü dərs ilində Cəbrayıl qəzasının kənd məktəbində oğlanlarla bərabər 5 nəfər qız da təhsilə cəlb edilmişdir. Qarğabazar məktəbində oğlanlarla bərabər 17 nəfər qız təhsil alırdı. Onların hamısı müsəlmanlar idi.
Qızların təhsil müvəffəqiyyəti və təhsil almaq istəyənlərin sayının get-gedə artması onunla nəticələndi ki, məktəbin mütərəqqi müəllimləri, ən qabaqcıl fikirli adamları, ilk növbədə Əsgər Eyvazov, Əşrəf Ağayev və başqalarının təşəbbüsü ilə 1911-ci ildə Qarğabazarda ilk dəfə olaraq müstəqil qız məktəbinin əsası qoyulmuşdur. Qız məktəbinin ilk müdiri Azərbaycanın görkəmli pedaqoqu Rəşid bəy Əfəndiyevin (1863-1942) qızı Maral xanım olmuşdur.
Qarğabazarlı məşhur adamlar
1918-ci ildə Azərbaycanda Demokratik Cümhuriyyət qurulduğu zaman əhalinin maarifləndirilməsi və savadsızlığın ləğvi istiqamətində aparılan tədbirlərdə Cəbrayıl qəzasının tərkibində olan füzulili ziyalılar da fəallıq göstərmiş, dövlət siyasətinin yerlərdə həyata keçirilməsində mühüm rol oynamışlar. Məhz belə insanların fəaliyyətinin nəticəsi idi ki, bir sıra kəndlərimizdə məktəblər açılmış, əhalinin maarifləndirilməsi üçün ilk addımlar atılmışdı. Bu zaman nəinki yerləşdiyi kəndin, eləcə də ətraf kəndlərdəki insanların dünyəvi təhsil almasında tarixi rolu olmuş belə məktəblərdən biri də Qarğabazar məktəbi olmuşdur.
1930-cu illərin ortalarında yeddiillik məktəbə çevrilən Qarğabazar məktəbinin maddi bazası möhkəmlənmiş və şagird kontingenti xeyli artmışdır. 1941-ci ildə İkinci Dünya müharibəsinin başlanması Qarğabazar məktəbinin inkişafına da mənfi təsir göstərmişdir.
1946/47-ci dərs ilində Qarğabazar məktəbi orta məktəbə çevrilmişdir.
Qarğabazar məktəbi yarandığı vaxtdan etibarən təhsilin inkişafına töhfələr vermiş, əhali arasında savadsızlığın ləğv edilməsində ciddi rol oynamışdır.
Qarğabazar məktəbinin məzunlarından olan görkəmli elm xadimləri içərisində professor Əlibəy Əlibəyov, Əsgər Eyvazov, akademik İbrahim İbrahimov, professor Bahadur Eyvazov, xalq artisti İslam Rzayev, professor Qalib Qarayev və başqalarının da adlarını qeyd etmək olar.
Qarğabazarsız 24 il
Qarabağ dağ silsiləsinin ətəyində yerləşən Qarğabazar kəndi 24 ildir erməni işğalı altındadır. İşğala qədər 110 yaşlı məktəbi, uşaq bağçası, kənd klubu, zəngin kitabxanası, tibb məntəqəsi və rabitə şöbəsi, avtomat telefon stansiyası, neçə-neçə xidmət obyektləri, XVII əsrin yadigarı olan Hacı Qiyasəddin məscidi (el arasında Şah Abbas məscidi), karvansarayı olan Qarğabazar kəndi bu gün sakinlərinin xatirələrində və arzularında yaşayır.
Dağlıq Qarabağ münaqişəsi zamanı Qarğabazar məktəbinin onlarca yetirməsi doğma torpaqlarının müdafiəsi uğrunda düşmənə qarşı qəhrəmanlıqla döyüşmüş, şəhid olmuşlar.
Bu gün ata-baba yurdları düşmən tapdağı altında olan digər füzulililər kimi, rayonun təhsil işçiləri də fəaliyyətlərini "Qələmini işlətməyən millətin qılıncı kəsərsiz olar, qələmsiz qılınc mənasız qurbanlar aparar” müdrik kəlamı əsasında quraraq, ölkəmizin sabahı üçün daha savadlı gənclər hazırlamağa çalışırlar.
Respublikamızın qocaman təhsil ocaqlarından biri kimi Qarğabazar məktəbi də, təəssüf ki, 24 ildir köçkünlük həyatı yaşayır. Buna baxmayaraq, məktəbin pedaqoji kollektivi özünün keçmiş ənənələrinə sadiq qalaraq, ildən-ilə fəaliyyətini gücləndirir.
Bu gün bütün füzulililər kimi Qarğabazar kəndinin sakinləri də inanırlar ki, Prezident cənab İlham Əliyevin ölkəmizin inkişafı və tərəqqisi istiqamətində yorulmadan apardığı siyasət, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu qətiyyətli mövqe ata-baba yurdlarımızın tezliklə düşmən tapdağından azad edilməsi ilə nəticələnəcəkdir. Qarğabazar məktəbinin ziyalıları isə doğma kəndlərində müstəqil Azərbaycanın gələcək qurucularının təlim-tərbiyəsini uğurla davam etdirəcəklər.
Bayram Niftəliyev,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının Rəhbər Dövlət
İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması
İnstitutunun magistrantı
banner

Oxşar Xəbərlər