Cəbhəyə qayıtmaq mümkün olmayanda, muğama gəldim

Cəbhəyə qayıtmaq mümkün olmayanda, muğama gəldim

Mədəniyyət
16 İyul 2015, 12:33 2066
Qoçaq Əsgərov: “Kiçik qızım tar səsi olmasa, yuxuya getmir, bu, onun laylasıdır”

Dünyaşöhrətli xanəndə Qoçaq Əsgərov Azərbaycanda az-az çıxış edir. Səsi gah Çindən gəlir, gah Yerusəlimdən, gah da... Festivallardan, səfərlərdən yalnız xoş sorağını eşidən Azərbaycan dinləyicisi onun ifası üçün həmişə darıxır. Qoçağın oxumasını dinləyib, onun səsinə dalmamaq, adamı kövrəldən, ruhuna işləyən, qəlbini təmizliklə dolduran bu səsin möhtəşəmliyindən qürur duymamaq, sadəcə mümkün deyil. Özü ilə bu təəssüratı bölüşəndə...

- Təşəkkür edirəm. Bunu eşitmək çox xoşdur. Mən qarabağlıyam; anam Şuşadan, atam Füzuli rayonundandır. Gözümü açandan muğama bələnmişəm. Atamın gözəl səsi var, ancaq səsinin dalınca getməyib, əvəzində muğam sevgisini mənə verib... İlk dəfə səhnəyə çıxanda 16 yaşım vardı.

- Qoçaq, hər bir halda müəllimsiz, məktəbsiz ötüşmək olmur. Sizin müəlliminiz kim olub?

- Əlbəttə. Ustadım görkəmli xanəndəmiz Arif Babayevdir. Mən onun sinfinə Qarabağ döyüşlərindən sonra gəldim. Ciddi yaralanandan sonra cəbhəyə qayıtmaq mümkün olmayanda, muğama gəldim. Bəlkə də müharibə mənim səsimin, ifamın dərinliyinə hopub, ona görə belə alınır, bilmirəm, hər halda, bu məktəb heç kəsin həyatında izsiz ötüşmür.

- Düzdür, sərt həyat məktəbi ətrafımızda nə varsa, nə baş verirsə, hər şeyə daha fərqli düşüncələrlə baxmağa vadar edir, fərqli qiymətləndirməyə rəvac verir... Gəlin işinzdən danışaq; necə hazırlaşırsız, necə planlaşdırırsız proqramınızı?

- Hər bir səfərə hazırlaşanda həmişə gedəcəyimiz ölkəni nəzərə alırıq, necə deyərlər, öyrənirik. Proqramımızı da həmin ölkənin, xalqın mentaliteti, mədəni özünəməxsusluğuna uyğun tərtib edirik. Ənənəvi Azərbaycan muğamını elə aranjirovka edirik ki, gələcək dinləyicimizə az da olsa yaxın olsun. Muğam elə bir tükənməz xəzinədir ki, gələcək konsertlərimizin mümkün repertuar variasiyalarına hər cür imkan verir.

- Bir az dünənə qayıdaq – 2005-ci ilə. “Space” televiziyası gənc xanəndələrin müsabiqəsini keçirir və Qoçaq Əsgərov da müsabiqənin iştirakçısıdır...

- “Muğam-2005” müsabiqəsi Üzeyir Hacıbəyovun 120 illik yubileyinə həsr olunmuşdu və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsi himayəsi altında Heydər Əliyev Fondu tərəfindən keçirilirdi. Bu müsabiqə mənim üçün yaxşı start müydançası oldu. Geniş tamaşaçı auditoriyası məni ilk dəfə burada dinlədi. Filarmoniyadakı final konsertində “Gəl ey mehri-məhəbbətim” mahnısını oxudum, çox gözəl qarşılandım və həyatımın ilk diplomunu verdilər mənə. Qalib olmadım, ancaq istedadımı göstərməyə real imkan qazandım. Əsas o idi ki, məni gördülər. Tezliklə ingilis şirkəti mənim “Sarı gəlin” adlı ilk diskimi buraxdı.

- Qoçaq, səhv etmirəmsə, sizin prodüseriniz Azərbaycan muğamının mahir bilicisi, UNESCO-nun eksperti, musiqişünas Sənubər xanım Bağırovadır.

- Sənubər xanım muğam sənəti üzrə yüksək peşəkar mütəxəssisdir. İndi, bizim sizinlə söhbət etdiyimiz bu gündə Sənubər xanım Tehranda beynəlxalq simpoziumdadır və tezliklə Bakıya dönəcək. Çox arzu edərdim ki, siz onunla görüşəsiniz...

- Əlbəttə, Sənubər xanımı ömründə bircə dəfə muğam dinləyən hər bir kəs tanıyır. 2009-cu ildə Səmərqənddə siz Azərbaycan bayrağını ucaltdınız - “Şərq təranələri” festivalında.

- Biz burada bir neçə muğam kompozisiyası təqdim etdik, finalda isə “Qarabağ şikəstəsi” ni. Bütün çıxışlar 15 dəqiqə çəkirdi və zalın gurultulu alqışlarıyla bitirdi. Təsəvvür edin, dünyanın 48 ölkəsindən gəlmiş ifaçılar arasında Azərbaycan qalib oldu. Yadımdadır, ermənilər orada da iyrənc provokasiyalarından əl çəkmədilər, ancaq onların iyrənc planları baş tutmadı və biz mütləq qalib olduq. Bu festivalda bizi tarda Əlağa Sədiyev, kamançada Elşən Mansurov müşayiət edirdi.

- Çox xoşdir. Siz bir səhnədə hind nusiqiçiləri ilə çıxış etmisiniz...

- Hə, bu, 2010-cu ildə, Avstraliyada keçirilən “Womad Delaibe” festivalında olmuşdu. Biz dünya şöhrətli Ravi Şankar, Ross Deli ilə bir səhnədə oxuyurduq. Dünya ulduzu Madonnanın instrumental qrupundan ifaçılar da vardı. Ross Dell – kamança ifaçısı, dünyanın ən məşhur ifaçılarından biri, 35 diski çıxıb. Avstraliyanın Adelayb şəhərində keçirilən bu tədbirdə dünyanın 500-dən çox musiqiçisi iştirak edirdi. Turnenin sonunda Avstraliya şirkəti “Şərq təranələri” adlı disk buraxdı. Sonra biz Yeni Zelandiyada konset proqramı ilə çıxış etdik.

- 2011-ci ildə Qoçaq Əsgərov adı dünyanın məşhurları siyahısına yazıldı...

- 2010-cu il fevralın 3-də Böyük Britaniyanın paytaxtında məşhur kraliça Yelizaveta salonunda muğam qrupumuzla çıxış etdik. Konsert BBC Radio-3–ün təşkilatçılığı, TEAS - Avropa Azərbaycan Cəmiyyətinin sponsorluğu ilə “Dünyanın yolları” layihəsi çərçivəsində keçirilirdi. Muğam kompozisiyalarımız sonradan BBC-nin buraxdığı diskə salındı, Fransada ən yaxşı elan olundu, ABŞ-da ən yaxşıların top-onluğuna daxil edildi, alman şirkətinin köməyi ilə bir çox Avropa ölkələrinin musiqi dalğalarında ənənəvi Şərq musiqisi və folkloru həvəskarlarına təqdim olundu. İtaliyanın “Filmey” musiqi kompaniyası “Muzik from Azerbaycan” adlı CD buraxdı. Bu, bizim uğurumuz deyildi, bu, dünyanın hit-paradlarında milli Azərbaycan muğamının etirafı idi. İkinci CD “Gochag Askarov. Mugham” (İtaly) dünyanın müxtəlif ölkələrində parlaq uğur qazandı. Polşada disklərim əsasında yığma CD çıxdı.

- Elə həmin ildə də siz “Debütlərin birliyi” müsabiqəsinin laureatı oldunuz.

- Təltifetmə mərasimi Kiyevdə keçirilirdi, deyəsən, oktyabrda. Ukraynanın mədəniyyət naziri mənə diplom, fəxri fərman, MDB-nin humanitar əməkdaşlıq fondu və şurasının suvenirlərini təqdim etdi. Bunlar mənə öz ölkəmin musiqi irsinin dünyada təbliğinə görə verilmişdi. MDB-nin 20 telekanalının nümayəndəsinin iştirak etdiyi mətbuat konfransında mənim erməni jurnalistlə maraqlı dialoqum oldu. Mən ona Qarabağ münaqişəsindən, Şuşanın musiqi ənənələrindən, böyük Üzeyir bəydən, Bülbüldən, muğam məktəbi ənənələrindən danışdım. Bizim dialoqumuz jurnalistlər arasında rezonans doğurdu. Mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, BDU-nun rektoru Abel Məhərrəmov, kinodramaturq Rüstəm İbrahimbəyov iştirak edirdilər.

- Qoçaq, bu günəcən neçə ölkədə çıxış etmisiz, daha hansı ölkələrdə çıxışlarınız gözlənilir?

- Ölkələrin sayını dəqiq deyə bilməyəcəyəm, bayaq qeyd etdiklərimdən əlavə, ABŞ, Hollandiya, İtaliya, Yunanıstan, təkrar olaraq, Böyük Britaniya, İspaniya... Sonrasına baxarıq...

- Çox güçlü müşayiətiniz var. Əvvəllər bu, “Turan” muğam qrupu idi. Musiqiçilərinizdən danışaq...

- Çox sağ olun ki, onların istedadını qeyd etdiniz. Həqiqətən çox güclü və istedadlı bu uşaqlar əvvəl “Turan”daydılar. Sonra qərara aldıq ki, qrupun adını dəyişək, burası da vardı ki, dünya musiqi dairələrində onun artıq şöhrəti vardı. Odur ki, elə o vaxtdan bizim uşaqlar, sadəcə, Qoçaq Əsgərovun musiqiçiləri kimi çıxış edirlər. Böyük məmnuniyyətlə onların adlarını qeyd edirəm: Əməkdar artist Malik Mansurov (tar), Elnur Mikayılov (kamança), Şükür Əliyev (nağara) və Şirzad Fətəliyev (balaban).

- Tələbələriniz necə, varmı?

- Yalnız 2-3 tələbə öyrədə, onlara təcrübəmi verə bilərdim. Çünki qasrtol fəaliyyətim çox aktivdir. Ona görə də BBC-3 radiosunun proqramı üzrə mənim ancaq bir tələbəm var - Fidan Hacıyeva. O, İngiltərədə yaşayır, 17 yaşı var, artıq Musiq Akademiyasının dinləyicisidir. Fidanla London səhnəsində birgə konsertimiz olub. O öz təhsilini davam etdirir, mən ona Skype-da virtual dərs keçirəm.

- Bəs evdə necə? Övladlarınız sizin yolunuzla gedəcəklərmi?

- Mən tez ailə qurmuşam, 3 övladım var - iki qız, bir oğlan. Böyüklərin meyli yoxdur musiqiyə, maraqları başqa sahəyədir. Kiçik qızımsa tar səsi olmasa, yuxuya getmir, bu, onun laylasıdır. İstəyirsiz, siz də baxın, telefonda var (gülümsəyərək videoyazını göstərir).

- Allah qorusun! Doğrudan da çox maraqlıdır, əmzik və muğam... Ümid eləyək ki, gələcəyin xanəndəsi böyüyür evinizdə. Deməli, yenə yol üstəsiz, yenə festival... Uğurlar, Qoçaq!

- Çox sağ olun. Bir qarabağlı kimi mən də Vətənimə belə xidmət edirəm. Bu, mənim borcumdur!

Südabə Ağabalayeva