• çərşənbə, 24 Aprel, 02:06
  • Baku Bakı 14°C

Cəbhələrdə keçən ömür - Portret

09.05.14 08:43 2603
Cəbhələrdə keçən ömür - Portret
“416-cı Taqanroq diviziyası 1945-ci il aprel ayının 24-də od-alov içərisində döyüşə-döyüşə alman faşizminin cinayət yuvasına daxil oldu. Diviziya Mozdokdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdi. Berlində hər küçə, hər döngə, hər ev, hətta hər mərtəbə uğrunda qanlı vuruşmalar başlandı. Şərəfsiz ömrünün sonunda daha da quduzlaşan düşmən təslim olmaq istəmir, qüdrətli axının qarşısını almaq üçün bütün qüvvələrini toplayıb müqavimət göstərir, evlərin damlarından, pəncərələrindən, zirzəmilərdən atəş açırdı. Bəhyəddin Mirzəyevin batareyası da Berlin uğrunda qızğın vuruşur, düşmənin dayaq nöqtələrini darmadağın edir, ev-ev, küçə-küçə şəhərin içərilərinə doğru irəliləyən piyadalara yol açırdı. Dörd gündən bəri susmaq bilməyən qızğın döyüşlər nəticəsində batareya şəhərin üç məhəlləsini təmizləməyə nail olmuşdu”. Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin Mirzəyevin döyüş yolu haqqında yazılan kitabdan oxuduğum bu sətirlər igid komandirin Böyük Vətən müharibəsində göstərdiyi şücaət haqqında unudulmaz təəssüratlar yaradır.
Qəhrəmanın Mozdokdan Berlinə qədər keçdiyi şərəfli, eyni zamanda hər addımı qanlı-qadalı döyüş yolu sonradan gənclər, böyüyən nəsil üçün əsl örnəyə çevrilib.
1914-cü ildə İsmayıllı rayonunun Sulut kəndində dünyaya gələn Bəhyəddin Mirzəyev hələ uşaqlıqdan həyatın sərt üzünü görüb. 7 yaşı olanda valideynlərini itirib. Kimsəsiz qalan uşaq bir müddət sonra Göyçayda yaşamalı olub. Bu şəhərdə boya-başa çatıb. Sürücülük məktəbini, daha sonra hərbi məktəbi bitirib. Göyçayda hərbi müəllim kimi çalışıb. Ziya Bünyadov atasının xidməti işi ilə əlaqədar Göyçayda oxuduğu illərdə onun tələbəsi olub. Sonradan bu münasibət yaxın dostluğa çevrilib və ömürlərinin sonuna qədər davam edib.
“Çapayev” ləqəbli döyüşçü
B.Mirzəyev leytenant kimi 1941-ci ildə Göyçay rayonundan müharibəyə yola düşüb. O, 416-cı Taqanroq atıcı diviziyasının 1054-cü nişançı alayının taqım komandiri kimi döyüşlərə qatılıb. Mozdok, Kostroma şəhərləri uğurunda gedən döyüşlərdə rəşadət göstərib. Melitopol, Nikolayev, Odessa, Kişinyov şəhərlərinin faşistlərdən azad edilməsində iştirak edib. B.Mirzəyevin batareyası Visla, Oder, Şpreedəki döyüşlərdə xüsusilə fərqlənib. Təkcə Küstrin uğrundakı döyüşlərdə onun artilleriyaçıları 7 tankı və bir bölük düşmən əsgərini məhv ediblər. Polşanın Byalobeki şəhərindəki küçə döyüşlərində Mirzəyevin batareyası piyadalara dəstək verərək, 6 tankı zərərsizləşdirib. Döyüş dostları komandirlərini göstərdiyi qəhrəmanlıqlara görə «Çapayev» adlandırırdılar. “Batareya komandiri Bəhyəddin Mirzəyev Çapayev manerası ilə əmr verir, döyüşçüləri ruhlandırırdı. O, zahirən də xalq qəhrəmanına bənzəyirdi. Əynindəki qara yapıncı, başındakı şiş papaq, danışığındakı qətilik və kəskinlik, hərəkətlərindəki cəldlik Çapayevi xatırladırdı”- deyə onlar sonralar xatırlayırdılar. Özü isə qardaşı Bədrəddinə ünvanladığı məktubunda “Qızıl ordunun döyüşçüsü kimi, doğma qardaşın kimi and içirəm ki, nə qədər sinəmdə ürəyim döyünür, amansız düşməndən intiqam alacağam” - deyə yazırdı.
1945-ci il fevral ayının əvvəlində batareya yeddi günlük qanlı vuruşma nəticəsində Oder çayının qərb sahilindəki meydanı ələ keçirir. Bununla da sovet qoşunlarının irəliləmək üçün yolu açılır. Kapitan Mirzəyev ağır yaralanmasına baxmayaraq, döyüşün sonunadək batareyasına başçılıq edir. Komandirin mətinliyi əsgərləri qələbə uğrunda döyüşlərə daha da ruhlandırır. Qanlı döyüşlərdən sonra 416-cı milli diviziyamız Reyxstaqın 150 metrliyindəki Brandenburq darvazasının üzərində qələbə bayrağını ucaltmağa nail olub. Bu diviziyanın 8 nəfər döyüşçüsü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb ki, onlardan da biri Bəhyəddin Mirzəyev olub. B.Mirzəyev qanlı-qadalı döyüş yollarında neçə-neçə yoldaşını itirib. Özü də bir neçə dəfə yaralanıb, amma sağaldıqdan sonra yenidən cəbhəyə qayıdıb. Hərbi xəstəxanada olduğu günlərdə həkimlər, tibb bacıları bir an belə onun yanından uzaqlaşmır, üstündə yarpaq kimi əsirdilər. Şirin söhbətləri ilə onun könlünü açır, darıxmağa qoymurdular. Bütün bunlarla belə, Bəhyəddin Mirzəyev döyüş yoldaşlarını unuda bilmirdi. Tez-tez Viktoru xatırlayır, Əsədin, Orucun faciəli ölümü gözlərinin önündən getmirdi...
B.Mirzəyev Berlin uğrunda gedən döyüşlərdə növbəti dəfə yaralandıqdan sonra yenə müalicə olunaraq cəbhəyə qayıdır. O, rəşadətinə görə mükafata layiq görülüb. SSRİ Ali Sovetinin 1945-ci il 24 mart tarixli əmrinə əsasən batareya komandirinə Sovet İttifaqı Qəhrəmanı adı verilib. 1-ci dərəcəli Vətən Müharibəsi ordeni, “Qırmızı ulduz” ordeni ilə təltif edilib.
Müharibə qələbə ilə başa çatanda B.Mirzəyev yaraları sağalmamış halda Bakıya qayıdıb. Bir müddət hərbi xəstəxanada müalicə olunduqdan sonra onun üçün döyüş cəbhəsini əmək cəbhəsi əvəz edib.
Ləyaqətli, işgüzar, zəhmətkeş
Müharibədən sonra B.Mirzəyev uzun illər Azərbaycan Həmkarlar İttifaqına rəhbərlik edib. Daha sonra – 74 yaşınadək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində olan Hərbiləşdirilmiş Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb. 1945-ci ildən başlayaraq rabitə obyektlərinin qorunması, mühafizəsi o vaxtlar yaradılmış 53-cü Hərbiləşdirilmiş Mühafizə Dəstəsi tərəfindən təmin edilirdi. B.Mirzəyev belə bir məsuliyyətli işin öhdəsindən layiqincə gəlib.
Qızı Sevinc xanım danışır ki, atası vətənpərvər, sədaqətli insan olub. Hamıya əl uzadıb, kömək edib. Böyüklə böyük, uşaqla uşaq kimi davranıb. Kimsənin qəlbinə toxunmayıb: “Atam dünyasını dəyişəndə mənim 25 yaşım vardı. O, mənim yaddaşımda ləyaqətli, işgüzar, zəhmətkeş insan kimi qalıb. O, həyatı boyu çox çətinliklər görmüşdü. Bu, onun üçün həyat dərsi olmuşdu. Üstəlik də müharibənin dəhşətləri...” Müharibə B.Mirzəyev üçün izsiz ötüşməyib. Çoxlu dostlarını itirib. Həmçinin cəbhədə olarkən tutulduğu astma xəstəliyindən ömrünün sonuna qədər əziyyət çəkib.
Veteran döyüşçü müharibənin acılarını heç vaxt unuda bilməyib. Keçdiyi döyüş yolu həmişə kinolent kimi gözləri önündə canlanıb. Qafqazdan Berlinə qədər uzanan döyüş yolu, şaxtalı səhərlər, dumanlı günlər – müharibə ilə əlaqədar olan hər şey yaddaşından bir an da olsa çəkilməyib. Müharibədən çox sonralar döyüşdüyü yerlərə bir də qayıdıb. Taqanroqda, Moldovada, Berlində olub. Müharibənin 40 illiyi münasibəti ilə Moskvada keçirilən hərbi parada Azərbaycandan dəvət olunan yeganə veteran kimi qatılıb. “Mən döyüşçü dostlarımla birlikdə Qafqazın ətəklərindən Berlinə qədər şərəfli döyüş yolu keçdim. Beş il səngərlərdə gecələdik. Yorğanımız – şinel, yastığımız - qulaqlı papaq. Bir tikə çörəyə möhtac olan günlərimiz, papiros kötüyünü udum-udum bölən dəqiqələrimiz, qar suyu içən vaxtlarımız oldu. Amma dostluğa zərrəcə ləkə gətirən hərəkətimiz olmadı. Biz qanlı döyüş səngərlərində od-alov içində əriyib bitişdik, sanki bir adam olduq...” - deyə həmişə xatırlayırdı.
O zaman Sovet İttifaqı Qəhrəmanlarına və ümumən veteranlara şamil edilən imtiyazlar B.Mirzəyev kimi döyüşçülərin maddi təminatlarında böyük rol oynayıb. Onlar bu imtiyazı həmçinin vətən qarşısındakı xidmətlərinə verilən qiymət kimi dəyərləndiriblər. Ulu öndər Heydər Əliyev Sovet İttifaqı Qəhrəmanları üçün tikdirdiyi binada ona da mənzil hədiyyə edib: “O vaxt veteranlara edilən güzəştlər çox yüksək idi. Heydər Əliyev atama iki dəfə avtomobil hədiyyə etdi. Onlara ərzaq verilirdi. İstirahətləri üçün hər cür şərait yaradılırdı. Yadımdadır, 23 fevral, 9 may bayramlarını təmtəraqla qeyd edirdilər. Sovet İttifaqı Qəhrəmanlarının hamısı “Qəhrəmanlar binası”nın qarşısında yığılıb parada gedirdilər. Hamısı hərbi formada olur, sinələrini orden və medallar bəzəyərdi. Mən balaca idim. Atam həmişə məni də özü ilə parada aparırdı. Paradın təmtarağı hələ də yadımdadır. Veteranlar paraddan sonra dəniz sahilindəki «Mirvari» restoranında oturur, xatirələrini bölüşürdülər”.
Bəhyəddin Mirzəyevi tez-tez məktəblərdə, institutlarda, hərbi xidmətə yola salınan cavanlar arasında görmək olurdu. Müharibə veteranı kimi gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi üçün əlindən gələni əsirgəmir, daim onlarla görüşlərdə iştirak edirdi: “Demək olar ki, veteranların boş günləri olmurdu. Onların tez-tez məktəblilərlə, məhbəsdəki dustaqlarla görüşləri keçirilirdi. O zaman vətənpərvərliklə bağlı təbliğat çox güclü aparılırdı. Atam belə görüşlərə həvəslə gedirdi”.
Şərəfli ömür, nümunə həyat yolu
B.Mirzəyev 1987-ci ildə dünyasını dəyişib. Hazırda qəhrəmanın adına İsmayıllı rayonunda küçə var, Şamaxı rayonunda isə məktəb fəaliyyət göstərir. O həm İsmayıllının, həm də Şamaxının fəxri vətəndaşı seçilib. Qəhrəmanın 100 illik yubileyi həmin rayonlarda da qeyd olunacaq. Həmçinin ailə üzvlərinin vaxtilə veteran döyüşçünün yaşadığı binaya barelyefinin vurulması ilə bağlı Prezident Administrasiyasına ünvanladıqları məktuba müsbət cavab gəlib. Sovet İttifaqı Qəhrəmanının baralyefi Veteranlar Şurası tərəfindən vaxtilə yaşadığı binaya vurulacaq.
B.Mirzəyev özündən sonra işıqlı, qəhrəmanlıqla dolu, cild-cild əsərlərə və ya filmlərə mövzu ola biləcək bir ömür yolunun xatirələrini yadigar qoyub. Övladlarının, nəvələrinin qürur duyduğu, qəhrəmanlığı ilə öyündüyü, gənclərə örnək olan ömür yolu... Qəhrəmanın nəvəsi, tanınmış telejurnalist Ayaz Mirzəyev deyir ki, babasının həyat yolu onlar üçün əsl nümunədir: yaşamaq üçün, çalışmaq üçün, Vətənə gərəkli olmaq üçün...
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər