Cəbhədəki təxribatların müəllifi kimdir?
Ermənistan hərbi birləşmələrinin təxribatı nəticəsində həm Qarabağ
cəbhəsində, həm də dövlət sərhədi boyunca atəşkəs rejimi mütəmadi olaraq
pozulur. Halbuki, son olaraq ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə
Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə
cəbhədə atəşkəsin qorunması ilə bağlı razılığın qüvvədə saxlanması bir daha bəyan
edilmişdi. Lakin baş verən təxribatlar bir daha onu göstərir ki, ermənilər
verdikləri sözə əməl etmirlər.Hətta bu azmış kimi, Ermənistan XİN guya atəşkəsin pozulmasında
Azərbaycanın maraqlı olması ilə bağlı qeyri-ciddi bəyanat yayıb. Buna cavab
olaraq isə, Azərbaycan XİN bəyan edib ki, bu gün regionda yaşanan gərginliyin,
ümumiyyətlə Ermənistan və Azərbaycan arasında "cəbhə bölgəsi”nin mövcud
olmasının yeganə səbəbkarı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış
ərazilərini, yəni Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal edən Ermənistandır.
Onu da qeyd edək ki, Ermənistan faktiki olaraq siyasi kataklizmlər
məngənəsində boğulur. Mərkəzi hakimiyyətin Qarabağda mövcud olan qondarma
rejimə təsir imkanları aşağı səviyyədədir. Belə olan halda, sual yaranır ki,
baş verən hərbi təxribatlar Paşinyan hökumətinin öz istəyidirmi, yoxsa silahlı
qruplara nəzarətin tam həyata keçirilə bilməməsindən irəli gəlir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Natiq Miri bildirdi ki, Qarabağ cəbhəsində, eləcə də
Azərbaycan-Ermənistan sərhədboyu ərazilərdə ermənilərin təxribatları ilə bağlı
müxtəlif fikirlər səsləndirilir: "Hətta Paşinyan hökumətinin qısa müddətli
müharibədə maraqlı olduğu haqqında düşüncələr, fərziyyələr də mövcuddur. Ancaq
açığı, belə bir fərziyyəni qəbul edə bilmirəm. Çünki bu fikrin qəbul olunması,
düşünürəm ki, Paşinyan hökuməti üçün böyük risk daşıyır. Ona görə ki, ilk
növbədə Paşinyan hökumətinin Azərbaycanın işğal olunan torpaqlarında yaradılmış
qondarma rejimə beli bağlı deyil. Çünki Paşinyan hökumətinə müxalifətdə olan
Sarkisyan və Koçaryan klanı bu gün hər vəchlə mövcud iqtidarı devirməkdə
maraqlıdır. Eləcə də qondarma Qarabağ rejimində hakimiyyətdə olanlar da
bilavasitə həmin "Qarabağ klanı”na bağlı insanlardır”.
N.Miri əlavə etdi ki, bütövlükdə erməni cəmiyyətində Qarabağ problemi
ilə bağlı hər hansı bir fikir dəyişikliyi mövcud deyil: "Fikir verirsinizsə,
erməni toplumu hələ də Qarabağ problemi ilə bağlı Ermənistanın zərrə qədər
güzəştinə o qədər də tolerant yanaşmır. Yəni, güzəştli mövqedən çıxış edə
bilmir. Bu baxımdan, əgər Paşinyan hökuməti qısa müddətli müharibə etməyə cəhd
göstərsə, təbii ki, Azərbaycan ordusu tərəfindən çox sarsıdıcı zərbə alacaq.
Bununla da həm əsgəri cəhətdən, həm də ərazi baxımından ermənilər işğal etdikləri
torpaqlarda böyük itkilərə məruz qalacaqlar. Erməni cəmiyyətinin buna necə
reaksiya verəcəyi məsələsi, böyük sual olaraq qalmaqdadır. Ona görə də bu cür
risk faktorları olduqca, düşünmürəm ki, Paşinyan hökuməti cəbhə xəttində
vəziyyətin hərbi cəhətdən aktivləşməsində maraqlı olsun. Onu da qeyd edim ki,
həm də Rusiya amili var. Kimsə Rusiyanı tamamilə Ermənistandan silib atırsa,
düşünürəm ki, bu, tələskən bir addımdır. Hələlik Rusiyanın Ermənistana çox
ciddi təzyiq imkanları mövcuddur. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki,
Paşinyan hökuməti Qarabağ cəbhəsində hərbi əməliyyatların başlanmasında maraqlı
deyil. Onu da əlavə edək ki, Ermənistan hökuməti yeni təhlükəsizlik
konsepsiyası qəbul edib. Həmin sənədə diqqət etsək görərik ki, onlar
Azərbaycanla ciddi hərbi qarşıdurmanı istisna edirlər. Əksinə, Azərbaycanla
əməkdaşlıq formatında gələcəkdə öz iqtisadiyyatlarını inkişaf etdirmək hədəfini
müəyyən ediblər. Ona görə də qeyd etdiyim dörd amili nəzərə alanda, düşünürəm
ki, mövcud hərbi təxribatlar "Qarabağ klanı” tərəfindən süni şəkildə, bəlkə də
Rusiyanın xüsusi sifarişi ilə baş verən hadisələrdir. Hesab edirəm ki, baş
verən təxribatlar Paşinyan hökumətinə qarşı olan əməliyyatlardır. Ona görə də
Azərbaycan ordusu hər zaman həssas və hazırlıqlı olmalıdır. Çünki məhz Paşinyan
hökumətini pis vəziyyətdə qoymaq üçün cəbhədə hər an təxribatlar törədilə
bilər”.
Politoloq Nəzakət Məmmədovaisə bildirdi ki,
cəbhədə və sərhədyanı ərazilərdə atəşkəsin pozulması həm ermənilərin təxribatı,
həm də Paşinyanın ölkəyə nəzarət edə bilməməsinin nəticəsidir: "Paşinyan
Ermənistan silahlı qüvvələrinin ali baş komandanı olmasına baxmayaraq, ordu
üzərində nəzarətə və heç bir səlahiyyətə malik deyil”.
N.Məmmədova vurğuladı ki, ölkə siyasi, hərbi qarşıdurma içərisindədir:
"Təbii ki, "Qarabağ klanı” və Paşinyan arasında mübarizə Rusiya və ABŞ
arasındakı region uğrunda mübarizənin təzahürüdür. Ermənistanda normal təfəkkürlü
qüvvələr hakimiyyətə gəlməyincə, ölkə həqiqi suveren dövlətə çevrilməyincə,
diaspordan asılılıqdan qurtulmayınca, bu vəziyyət dəyişməyəcək. Əvvəllər ölkə
bir güc mərkəzindən - Rusiyadan asılı idisə, indi burada inqilabdan sonra ABŞ,
ondan əvvəl isə Tərəfdaşlıq sazişinin imzalanması ilə Avropa Birliyi öz
iddialarını ortaya qoymuş oldu. Burada üç böyük gücün, eləcə də İranın
maraqları var və bu maraqlar barədə onlar arasında razılaşma olmayınca,
Ermənistanda daxili sabitlik bərqərar olmayacaq və Azərbaycana qarşı
təxribatlar da davam edəcək”.
BƏXTİYAR