• cümə, 29 Mart, 10:12
  • Baku Bakı 5°C

Cəbhədə baş verənlər dünya mətbuatında

05.04.16 10:54 3169
Cəbhədə baş verənlər dünya mətbuatında
Son günlər Azərbaycan ordusunun qoşunların təmas xəttində ermənilərin təxribatçı əməllərinə verdiyi layiqli cavab dünya mətbuatının başlıca mövzusuna çevrilib. Həmin xəbərlərin əksəriyyətində Azərbaycanın ermənilərə qarşı cavab tədbirləri obyektiv şəkildə işıqlandırılır. Bu sırada qardaş Türkiyənin mətbu orqanları və televiziyaları hər dəfə olduğu kimi bu dəfə də xüsusi fərqlənir. Qardaş ölkənin nüfuzlu qəzeti “Hürriyet” “Azerbaycan Ermenistan sınır hattında çatışma: 12 Azeri askeri şehit” başlıqlı yazıda Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması uğrunda mübarizə apardığı xüsusi vurğulanır. Yazıda Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dəstək mesajları səsləndirdiyi xüsusi qeyd edilir. KİV-lər həmçinin Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasındakı çıxışı ilə bağlı geniş məlumatlar yayıb. “Sabah”, “Hüriyyet”, “Milliyet” və digər qəzetlər, o cümlədən aparıcı xəbər agentlikləri, televiziyalar prezidentin Təhlükəsizlik Şurasının iclasındakı çıxışından sitatlar veriblər. Türkiyə KİV-i Azərbaycanın dövlət başçısına istinadla diqqətə çatdırır ki, işğalçı Ermənistan tərəfi sülh istəmir, iyirmi ildən artıq zaman kəsiyində təcavüzkar tərəf hər dəfə münaqişənin həllinə ümidlər artdıqda cəbhə xəttində təxribatçı hücumlar həyata keçirir. Məlumatlarda həmçinin Azərbaycan tərəfinin birtərəfli qaydada cəbhə xəttində atəşkəs elan etdiyi, Ermənistan tərəfinin isə atəşkəs çağırışlarına məhəl qoymadığı bildirilir. Qardaş ölkənin mediasında Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində düşmənə sarsıdıcı cavab zərbələrinin endirilməsinə, bir neçə strateji yüksəkliyin geri alınmasına, bölgədə yaranmış gərginliklə əlaqədar beynəlxalq təşkilatların və böyük dövlətlərin mövqelərinə də yer ayrılıb. Ölkənin nüfuzlu televiziya kanalları da Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xəttinə nəzarət etməsi, şəxsi heyətin döyüş hazırlığı və ruh yüksəkliyi barədə informasiyalar yaymaqdadır. “CNN Türk” və “Anadolu” isə qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi, bir neçə strateji yüksəkliyin və yaşayış məntəqəsinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsi haqqında məlumatlar yayıblar. NTV telekanalının internet səhifəsində xəbər başlığı isə özünəməxsus olub - “Azerbaycan: Ermenistan`la çatışmalarda 12 askerimiz şehit oldu”. “Hürriyet”də dərc edilən başqa bir yazı “Azerbaycan Cumhurbaşkanı Aliyev: Büyük bir zafer kazandık” başlığı ilə verilib. “Yeni akıt” isə “Ermeni askeri fanilasını bayrak yapıp teslim oldu” başlığı ilə yazı verib. Burada cəbhə zonasında təslim olan erməni əsgərinin fotosu verilib.
Yeri gəlmişkən, qardaş ölkənin əksər mətbu orqanları cəbhə zonasında baş verənləri obyektiv işıqlandırsalar da, təəssüf ki, bu sözləri Rusiya nəşrləri və televiziyaları haqqında söyləmək olmur. Qonşu ölkənin əksər mətbu orqanları 90-cı illərdə olduğu kimi bu dəfə də hadisələri birtərəfli, ermənilərin mövqeyindən işıqlandırmağa çalışıblar. Rusiya mətbuatında, bu ölkənin bəzi xəbər portallarında və televiziyalarında cəbhə xəttində baş verən hadisələrlə bağlı yayımlanan materiallarda isə daha çox erməni tərəfinin mövqeyi dəstəklənib. Məsələn, “İnterfaks”, “lenta.ru”, “vzglyad.ru” və başqaları daha çox erməni tərəfinin mövqeyinə üstünlük verir. Çox təəssüf ki, bəzi məqamlarda bunu xristianlar və müsəlmanlar arasında ədavət kimi təqdim etməyə cəhdlər olunur. Əsasən də “regnum.ru” məsələyə bu cür yanaşır, son olayların arxasında Türkiyənin dayanmasına işarə vurur. Lakin obyektiv xəbərlər verməyə çalışanlar da olub. Məsələn, tanınmış rusiyalı jurnalist İlya Barabanov işğal altında olan Dağlıq Qarabağa gəlib. O, intensiv atəş altında olan ərazidən “Exo Moskvı” radiosuna vəziyyət barədə məlumatlar verib. İ.Barabanovun sözlərinə görə, erməni separatçıları cəbhə xəttində yerləşən rayonlardan mülki sakinlərin evakuasiyasına başlayıblar. “Sakinləri Dağlıq Qarabağın cəbhədən uzaqda yerləşən yerlərinə evakuasiya edirlər” - deyə İ.Barabanov bildirib. Jurnalist qeyd edib ki, hər iki tərəfdən atəş səsləri kəsilmir. İ.Barabanov deyib ki, atəş nəticəsində zərər çəkənlərin dəqiq sayı bəlli deyil.
Qərb mətbuatı da baş verənlərlə bağlı obyektiv xəbərlər dərc edib. Məsələn, ABŞ-ın nüfuzlu “The New York Times” qəzeti Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində ötən həftənin şənbə günündən etibarən yaranan gərginliyə geniş yer ayırıb. Qəzetin son sayında bölgədəki son vəziyyətlə bağlı geniş yazı dərc olunub. Yazıda ermənilərin Azərbaycan torpaqlarını işğal etməsindən və uzun illərdən bəri apardıqları etnik təmizləmə siyasətindən bəhs edilir. Məqalə müəllifi Endryu Kramer son günlər cəbhədə yaşananları atəşkəsin elan olunduğu 1994-cü ildən sonra ilk dəfə tanklar, artilleriya qurğuları, döyüş helikopterləri, eləcə də iri kalibrli silahlardan istifadə olunmaqla baş verən ən genişmiqyaslı toqquşma kimi qiymətləndirir, bununla da münaqişənin yeni və daha mürəkkəb bir mərhələyə qədəm qoyduğunu bildirir: “Keçmiş SSRİ respublikaları olan Azərbaycanla Ermənistan arasında milli zəmində münaqişə sovet dövrünün sonlarından etibarən alovlanıb. Nəticədə hər iki tərəfdən yüzlərlə insan ölüb və ya ömürlük əlil olub. Azərbaycan cəbhədə son günlər müşahidə olunan hərbi aktivliyini işğal altındakı ərazilərin qaytarılması hüququ ilə izah edir”. “Eurasia Group” analitik mərkəzinin rəhbəri Kliff Kupçen açıqlamasında bildirib ki, Rusiya dövləti, daha dəqiq, prezident Vladimir Putin münaqişənin həll edilməsində maraqlı deyil: “Cəbhə xəttində döyüşlər artıq bir neçə gündür davam edir və bu, artıq yeni müharibədir”. E.Kramer yazısında rəsmi Moskva və Ankaranın sərgilədikləri mövqeyi təhlil edərək bu məsələdə Rusiyanın Ermənistan, Türkiyənin isə Azərbaycanın tərəfində olduğunu qeyd edib. Buna misal olaraq o, Ermənistanın Rusiyanın çətiri altında fəaliyyət göstərən iqtisadi bloka qoşulduğu, Azərbaycanın isə daha çox qərbmeylli siyasət yürütdüyünü bildirib. ABŞ-ın nüfuzlu “Vaşinqton Post” qəzeti də “Azərbaycan: Dağlıq Qarabağa qarşı təktərəfli atəşkəs” başlığı ilə dərc etdiyi məqalədə Azərbaycan Müdafiə Nazirliyinin atəşkəslə bağlı bəyanatına geniş yer verib. Qəzet habelə bildirir ki, Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı gecə saatlarında Azərbaycan mövqelərinin hücuma məruz qaldığını və Azərbaycanın mülki yaşayış ərazilərinə qarşı hücumlar həyata keçirildiyini deyib. Azərbaycan tərəfinin 12, erməni tərəfinin isə 18 itki verdiyini yazan qəzet son iki gündə baş vermiş hadisələrdən yazıb: “Paytaxt Bakıdan 250 kilometr qərbdəki Qapanlı kəndindən videogörüntülər bu bölgənin bir neçə “Qrad” raketi hücumuna məruz qaldığını göstərir”. CNN də son iki gündə cəbhə xəttində baş verən hadisələrə geniş yer verib. Nəşr ABŞ Dövlət Departamentinin tərəfləri atəşkəsə çağıran bəyanatına da yer verib. “Dövlət Departamenti mülki vətəndaşlar da daxil olmaqla, bir çox itkilərə səbəb olan genişmiqyaslı atəşkəs pozuntusunu qınayıb. “Biz tərəfləri təmkin nümayiş etdirməyə və atəşkəsə əməl etməyə çağırırıq” – deyilən bəyanatda tərəflər danışıqlar prosesinə daxil olmağa çağırılır: “Biz təkrarən bildiririk ki, bu münaqişənin müharibə yolu ilə həlli yoxdur”. ABC News isə hadisə ilə bağlı xəbərdə əsas diqqəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyinə yönəldir. “Türkiyə prezidenti: Biz sonadək Azərbaycanın yanındayıq” başlıqlı xəbərdə R.T.Ərdoğanın ABŞ səfəri zamanı azərbaycanlı jurnalistə dediyi sözlərə yer verilib: “Biz Azərbaycanı sonadək dəstəkləyəcəyik”. İllərlə davam edən danışıqların hələ də nəticə vermədiyini yazan ABC News son iki gündə atəşkəsin pozulması nəticəsində 30-dan çox insanın həlak olduğu bildirib. Son iki gündə baş verən hadisələri yaxından izləyən beynəlxalq mətbuat orqanlarından biri də Reuters xəbər agentliyi olub. Agentlik yazır ki, son bir neçə həftə ərzində qeydə alınan kiçik atəşkəs pozuntuları sonda onlarla insanın ölümü ilə nəticələnən genişmiqyaslı silahlı qarşıdurmaya səbəb olub. Məqalədə hər iki tərəfin mülki vətəndaş itkiləri verdiyi də yazılır. Azərbaycan Prezidentinin Təhlükəsizlik Şurasındakı çıxışından sitat gətirilən məqalədə Prezident İlham Əliyevin əməliyyatları böyük qələbə adlandırdığı deyilir: “Ermənistan beynəlxalq qanunları pozub. Biz prinsipial mövqeyimizdən əl çəkməyəcəyik. Ancaq eyni zamanda biz atəşkəsə riayət edəcəyik və daha sonra münaqişəni sülh yolu ilə həll etməyə çalışacağıq” – deyə Reuters dövlət başçısından sitat gətirir. USA Today qəzeti olayları son 20 ildə ən böyük atəşkəs pozuntusu kimi dəyərləndirib. BBC isə hadisələrə dair xəbərini “Dağlıq Qarabağda döyüş: Azərbaycan atəşkəsə çağırır” başlığı ilə paylaşıb. Məqalədə Azərbaycanın bu addımı beynəlxalq çağırışlara əsasən atdığı yazılıb. Bundan əlavə, qoşunların təmas xəttində baş verən gərginlikləri Fransanın “Francais.rt.com”, “Rfi.fr”, “Lemonde.fr”, “Lexpress.fr”, “fr.news.yahoo.com” saytları, Rumıniyanın “PRO Tv”, “Realitatea Tv” televiziya kanalları, “Romania Libera”, Gandul, Adevarul qəzetləri, “Mediafax” və “Agerpres” xəbər agentlikləri, “Hotnews” xəbər portalı, Qırğızıstanın “Kabar” agentliyi və Ca-news portalı da işıqlandırıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər