• cümə, 26 Aprel, 01:10
  • Baku Bakı 16°C

Cəbhəçilər İsa Qəmbərə niyə həmişə nifrət edirlər?

21.08.13 11:15 1640
Cəbhəçilər İsa Qəmbərə niyə həmişə nifrət edirlər?
Milli Şuranın avqustun 19-da Müsavat Partiyasının qərargahında keçirilən son sessiyası da nəticəsizliyi ilə yadda qaldı. Belə ki, adıçəkilən qurumda təmsil olunan siyasi partiyalar, ictimai qurumlar bir daha vahid namizəd məsələsində ortaq məxrəcə gələ bilmədiklərini (bundan sonra da gələ bilməyəcəklərini – R.) özündə kifayət qədər ehtiva etdi. Xüsusilə qeyd etmək mümkündür ki, qarşıdurma yaşayan tərəflər digər məsələlərdə də razılıq əldə edə bilməyiblər. Xatırladaq ki, hələ 12 avqust sessiyasında qurum beş məsələni müzakirəyə çıxarsa da onlardan heç biri qəbul olunmamış qalmışdı. Məhz bu səbəbdən də Milli Şura qəbul etdiyi mitinq qərarı ilə bu uğursuzluq tandemini pərdələməyə cəhd etdi. Hansı ki, Milli Şura daxilindəki ziddiyyətlər rüsvayçı mitinqdə də özünü aşkara çıxardı.
Lakin bu arada xüsusilə vurğulamaq olar ki, Milli Şurada cərəyan edən narazılıqlar arxasında AXCP və Müsavat partiyaları arasında mövcud olan əbədi düşmənçilik stereotipləri dayanıb. Belə ki, Müsavat Partiyası ilə AXCP-nin tərəfdarları arasında əlbəyaxa dava olub və həmin dava kontekstində mətbuatda yazılmayacaq səviyyədə küçə təhqirləri başlıca amil kimi nəzərə çarpıb. Belə ki, qurum üzvləri sənədləri qaydasında olmayan “vahid namizəd” Rüstəm İbrahimbəyovun namizədliyi saxlanılmaqla digər şəxslərin namizədlik üçün MSK-ya müraciət etmələrinə icazə verilməsini təklif etsələr də sözügedən təklif müxtəlif siyasi təşkilatlar tərəfindən etirazlarla qarşılanıb. Xüsusilə, Müsavat funksionerləri iddia ediblər ki, vaxt az qaldığından R.İbrahimbəyovu gözləməklə zaman itirmək olmaz. Bu baxımdan, alternativ namizədlərin olması ilə bağlı qərar qəbul edilməlidir.
Xatırladaq ki, alternativ namizədlər arasında bir neçə nəfərin adı hallansa da, Müsavat tərəfi başqan İsa Qəmbərin bu ada iddiası qüvvədə qalmaqdadır. Məhz həmin iddialardan sonra AXCP sədri Əli Kərimli və onun adamları qurumun sessiyasında qarşıdurmaya gediblər. “Cəbhə”nin Abşeron rayon təşkilatının məclis üzvü Səxavət Məmmədov Müsavat başqanına qarşı nalayiq ifadələr işlətməklə situasiyanın daha da gərginləşməsinə səbəb olub. Hətta söz deyişməsi o həddə çatıb ki, müxalifət “liderləri” bir-birini təhqir etməkdən çəkinməyiblər. Sessiyaya Moskvadan skaypla qoşulan Rüstəm İbrahimbəyovun yalvarışları da gərginliyi azaltmayıb.
Replika ilə çıxış edən Müsavat partiyasının başqanı İsa Qəmbər qeyd edib ki, pessimist notlar üzərində çıxış etmək düzgün deyil: "Siz də gedin Naxçıvanda ictimai aktivliyi artırın". Beləliklə də, Milli Şuranın növbəti dəfə nəticəsiz yekunlaşan sessiyası vahid namizəd ideyasının və ənənəvi müxalifətin iddialarının iflasa uğradığı nümayiş etdirib.
Ümumiyyətlə, çoxsaylı Müsavat-AXCP qarşıdurmalarının arxasında antipatiya hisslərinin mövcudluğu sanki bir ənənə şəklinə çevrilib. Hər iki partiya sədri zaman-zaman siyasi manevrləri vasitəsilə bir-birlərinə quyu qazıblar. İstər prezident, istər parlament seçkilərində cəmiyyət kifayət qədər bu kimi halların şahidinə çevrilib. Məhz bu gün baş verənlər də həmin situasiyaların təkrarıdır.
Eyni zamanda vurğulamaq mümkündür ki, əslində Milli Şuranın sessiyasının nəticəsiz başa çatacağı əvvəlcədən bəlli idi. Milli Şura daxilində qarşılıqlı inamsızlığın, siyasi partiyaların korporativ maraqlarının olması qurumun vahid namizəd və digər prinsipial məsələlərdə ortaq məxrəcə gəlməsinə mane olur. Eyni zamanda Milli Şuranın konkret ideologiyası, xarizmatik lideri və seçki strategiyası olmadığından qurum daxilində narazılıq, fikir ayrılıqları var və gərginlik yaşanır. Bütün bunlar onu göstərir ki, Milli Şura faktiki olaraq iflasa uğrayıb, mövcudluğu yalnız kağız üzərindədir.
Əksər siyasətçilər və ekspertlər düşünürlər ki, Milli Şura elə "ölü doğulmuş" qurum olub. Çünki, bir neçə şəxsin maraqlarına xidmət edən bu qurum radikal müxalifət düşərgəsində ciddi fikir ayrılıqlarına gətirib çıxardı. Vahid namizəd məsələsində isə Rüstəm İbrahimbəyovun tərəfdarları ilə İsa Qəmbər və Əli Kərimli qruplaşmaları arasında barışmaz mübarizə getdi. Sonda nəticə ondan ibarət oldu ki, nə Rüstəm İbrahimbəyov vahid namizəd ola bilər, nə də Milli Şurada hansısa namizəd irəli sürüləcək. Məhz, bu səbəb qarşılıqlı ittihamları və təhqirləri artırmış olur. Bunun isə səbəbləri var.
Birincisi, namizədlik məsələsində güzəştə getmək istəməyən Rüstəm İbrahimbəyov və tərəfdarları, ikincisi ssenaristin radikal müxalifət düşərgəsində liderlik etməsilə razılaşmayan İsa Qəmbər və Əli Kərimli var. Elə bu qruplaşmalara görədir ki, Milli Şurada destabillik hökm sürür və vahid siyasi xətt mövcud deyil. Müsavat da, AXCP-də çalışır ki, İbarihimbəyov Milli Şurası seçkilərdə iştirak edə bilməsin, yalnız ya İsa Qəmbər, ya da Əli Kərimli tək şəkildə seçkiyə getsin. Burada isə məqsəd tamamilə aydındır - xarici anti-Azərbaycan dairələrinin maliyyə dəstəyini əldə etmək. Ancaq onların bu arzuları baş tutacaqmı? Bax, məsələ də bundadır ki, bütövlükdə müxalifəti yerindən tərpənməyə qoymayan qarşılıqlı AXCP-Müsavat antipatik hissləri düşərgənin son ümidlərini də puça çıxardı.
Rövşən
banner

Oxşar Xəbərlər