• cümə, 29 Mart, 17:37
  • Baku Bakı 14°C

Cəbhə ilə Müsavat arasında növbəti gizlənqaç oyunu

07.02.14 09:53 1553
Cəbhə ilə Müsavat arasında növbəti gizlənqaç oyunu
Milli Şuranın pərən-pərən olan üzvləri barışmaz mövqe sərgiləməkdə davam edirlər. 2013-cü ilin sonlarında Müsavat Partiyasının adı çəkilən qurumu tərk etməsindən sonra növbəti dəfə başlayan narazılıq nəinki səngiyir, bir-birini təhqir etmə və alçaltmaqla müşayiət olunan mübahisələr kəskinliyini artırmaqda davam edir. Patoloji nifrətdən əziyyət çəkən tərəflər hazırda bir-birinə qarşı daha ciddi addımlar atmaqda maraqlıdırlar.
Hər iki partiya qarşı tərəfin tərəfdarını öz dostuna çevirməyə çalışır. Belə ki, nüfuzları gündən-günə azalan rəqiblərin hər biri qarşı tərəfin elektoratını öz damı altına yığmağa çalışır. Bu məsələdə AXCP xüsusi canfəşanlığı ilə seçilir. Onlar düşmən partiyanı müəyyən faktlarla gözdən salıb sıravi müsavatçıları öz cəbhələrinə toplamaq işində daha aktivdirlər. AXCP-yə keçən müsavatçı şəxs olduqda bunu fəxrlə elan edir, məsələni bütün ictimaiyyətin nəzərinə çatdırmağa çalışırlar. Onu da deyək ki, Müsavat Partiyasının cəncəlli şuranı tərk etməsindən sonra AXCP funksionerləri iddia edirdilər ki, bu qərar həmin partiyanın sonunu gətirəcək. Belə ki, üzvlər Milli Şuranın sıralarını tərk etməsini partiya rəhbərlərinə bağışlamayacaq, etiraz əlaməti olaraq kütləvi şəkildə AXCP-yə üzv tutacaqlar. Amma Müsavatın Milli Şuradan ayrılmaq bəyanatından bir aydan çox vaxt keçsə də, AXCP-nin iddiaları özünü doğruldana oxşamır. Bu günə qədər cəbhəçilərin arzu və ya proqnoz etdikləri kütləvi keçidin baş tutmasını müşahidə etməmişik. Müəyyən epizodlarda ayrı-ayrı fərdlərin bir partiyadan digərinə keçməsinə şahid olsaq da, burada böyük say məsələsindən söhbət gedə bilməz.
Qeyd edək ki, bu günlərdə Teymur Məmmədli adlı bir gənc bundan sonrakı siyasi fəaliyyətini AXCP sıralarında davam etdirəcəyini bəyan edərək Müsavat Partiyasını tərk edib. Cəbhəçilər isə bu məqamı da fürsət kimi dəyərləndirərək hadisədən təbliğat üçün istifadə etməyə başlayıblar. “Azadlıq” qəzeti bunu böyük hadisə kimi təqdim edib. Hansısa bir şəxs AXCP-dən istefa verib Müsavat Partiyasına üzv olduğunu açıqladığı zaman isə “Yeni Müsavat” qəzeti eyni mövqedən çıxış edir. Görünən odur ki, hazırkı durumda AXCP ilə Müsavat savaşında əsas ağırlıq partiyalararası transferlərə yönəlib. Partiya funksionerləri bunu etiraf etməsələr də, görünən kəndə nə bələdçi?!
Bizimlə söhbətində Müsavat Partiyası Divan üzvü Tural Abbaslı dedi ki, AXCP-nin Müsavatdan ayrılan şəxslərlə bağlı məsələni ictimailəşdirməsi onları narahat etmir: “Bizim partiyamızdan o quruma kütləvi şəkildə üz tutulması faktı yoxdur. Sadəcə, bir gənc-Teymur adlı şəxs son günlərdə fəaliyyətini orada davam etdirəcəyini açıqlayıb. Biz isə bu durumu böyük fəlakət kimi qəbul etmirik. Yeni Müsavat Partiyasının üzvlərinin sayı kifayət qədərdir. Əslinə qaldıqda, bir partiyadan kiminsə istefa verib digər partiyaya keçməsi və ya kiminsə başqa qurumdan çıxıb Müsavata gəlməsi gündəlik müşahidə etdiyimiz haldır”.
T.Abbaslı neqativ hallara görə keçmiş müttəfiqlərini qınayaraq bunun doğru olmadığını bildirdi: “Təəssüf və təəccüb doğuran odur ki, onlar bu hadisəni elə qələmə verirlər ki, sanki hakim partiyadan kimisə öz tərəflərinə cəlb etməyə müvəffəq olublar. Özlərini əzəli və ciddi rəqibdən daha çox uğur əldə etmiş kimi aparırlar. Dostlarımıza məsləhət görərdik ki, bizdən yox, iqtidar partiyasının nümayəndələrindən kimisə öz sıralarına cəlb edə bilsinlər və bu haqda ətraflı düşünsünlər. Biz müxalifətdə heç bir partiyanı özümüzə rəqib görmürük. Heç düşmən kimi də görmürük. Bizim partiyadan çıxıb ora üz tutanların isə müxtəlif səbəbləri ola bilər. Ailə-məişət mövzusundan tutmuş, siyasi qərarlara qədər hər bir məqam onların fikirlərinin dəyişməsinə səbəb ola bilər. Müsavat Partiyası demək olar gündəlik olaraq müəyyən qərarlar verir, mövqe bildirir. Bunları isə hansısa üzv bəyənməyə, dəstəkləməyə bilər. Bu qərarlara ifadə forması kimi partiyanın sıralarını tərk etmələrini normal qarşılayırıq”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə Müsavat Partiyasından AXCP-yə üz tutanların sayının yetərincə olduğunu söylədi: “Belə faktlar var və durum davamlı xarakter daşıyır. Hər bir şəxsin öz siyasi mənsubiyyətini seçmək imkanı var. Heç kimi nədəsə ittiham etmək, onun seçiminə təsir etmək olmaz. Vətəndaşlar müstəqil qərar vermək hüquqlarından istifadə edirlər. Hansı partiyanın fəaliyyətini bəyənirlərsə, ora da üz tuturlar. Müsavatın siyasi kursunu dəstəkləməyənlər AXCP-yə pənah gətirirlər. Bizim fəaliyyətimizi özlərinə daha yaxın hiss edirlər”.
Bu məqamda sual yaranır ki, hələ 1992-ci ildən parçalanan “həmfikir”lər guya nə zaman bir olublar ki? İlk dəfə AXC-nin tərkibində yaradılan "Yurd"a rəhbərlik edən Əli Kərimlinin başçılığı ilə bölünənlərin sonrakı mərhələlərdə də yoldaş ola bilmədiklərini zaman göstərib. 2000, 2003, 2005-ci il seçkiləri və s. onların heç zaman birləşə bilməyəcəklərini cəmiyyətə nümayiş etdirmişdi. Bir-birilərinə demədikləri söz qalmayan tərəflərin hansı ağılla və məntiqlə yenidən Milli Şurada birləşərək söyüş səhnələrini yenidən canlandırmasının əziyyəti yenə də elektoratın üzərinə düşdü. Yəqin, ortada fırlananlar yıxılıb başları daşa dəyəndə nəyin nə, kimin kim olduğunu anlayacaqlar.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər