• cümə axşamı, 25 aprel, 19:30
  • Baku Bakı 21°C

Caz festivalında uğur qazanan marketinq meneceri

02.11.18 12:00 2042
Caz festivalında uğur qazanan marketinq meneceri
Deyir ki, çox istedadlı iş yoldaşları var. Kimi oxuyur, kimi gitarada ifa edir, kimi şer yazır, kimi də rəsm çəkir. Həm marketinq, həm musiqi sahəsində olmaq ona böyük zövq verir. Düşünür ki, musiqi və marketinqlə məşğul olmaq istedad tələb edir.
Həmsöhbətimiz Azərbaycan Beynəlxalq Bankın rəqəmsal marketinq meneceri Yusif Qasımovdur. O, 1989-cu il 22 iyulda Bakı şəhərində anadan olub. Ailəlidir, bir qızı var. Onunla öz deyimi ilə desək, "CAZİbədar Caz” haqqında danışdıq.

- Musiqiyə olan marağınız neçə yaşında və necə yarandı?

- Özümü tanıyandan bizim evimizdə müxtəlif vinil vallar olub, qonaq otağının küncündə gözəl royal öz yerini tutub. Anam musiqi müəlliməsidir, fortepianoda çox gözəl ifa edir. O, daim mənə Azərbaycan və dünya musiqisindən danışırdı. Yəni musiqi sahəsində həm maariflənmə, eyni zamanda dinləmə və izləmə imkanım var idi. Atam isə caz, blüz musiqisinin vurğunudur, ona görə məndə də caza sevgi yaratmışdı. Yəni ümumi götürsək, musiqini hərtərəfli mənimsəmək üçün hər cür şərait vardı. Təbii ki, söhbət keyfiyyətli və yüksək peşəkarlıqla dolu musiqidən gedir.

-Musiqi təhsilinizin varmı?

- Xeyr, yoxdur.

- Bəs, nə üçün bu sahədə təhsil almağı düşünmədiniz?

- Açığı, təhsil almağı düşünürdüm, anam da bunun üçün hər cür şəraiti yaradırdı. Sadəcə, seçimdə səhv elədik. İlk olaraq anam fortepianonu tövsiyə etdi və başladıq. Amma ilk günlərdən nə isə ürəyimcə olmadı. Məndə isə elə bir xasiyyət var ki, xoşlamadığım şeyi yaxşı edə bilmirəm. Alternativ olaraq saksofonu düşündüm. Amma təəssüf ki, bəzi səbəblərə görə saksofon da alınmadı. Nəticədə musiqi ilə vidalaşıb, idman sahəsinə yönəldim.

- Necə oldu yenidən musiqiyə qayıtdınız?

- Sizə bir sirr açım. Mən uşaqlıqda çox utancaq idim, səhnədən, auditoriya qarşısında çıxış etməkdən qorxurdum. Universitet vaxtlarında uşaqlarla tez-tez karaokelərə gedirdik və məndə pis alınmırdı. Müsabiqələrdə iştirak etməyi məsləhət görürdülər. Nəhayət, işlə əlaqədar tez-tez insanlar, böyük kütlə qarşısında çıxış etməyim bütün utancaqlığı və qorxunu aradan qaldırdı. İlk dəfə insanlar qarşısında mikrofonla öz toyumda oxumuşdum və hər şey bundan sonra başladı (gülür). Anladım ki, bu işlə məşğul olmaq lazımdır. Klassikadan tutmuş pop musiqisinə kimi müxtəlif janrda olan mahnıları studiyada yazmağa başladım. "Youtube” və "Facebook” kanalı açdım, canlı ifalarıma insanların müsbət reaksiyasını gördükcə, anladım ki, professional yardım almalıyam. Vokal üzrə müəllim səsimi tənzimləməlidir. Tanınmış vokal müəllimi Mziya Qambaşidzedən bir ay dərs alaraq, həm diapazonuma, həm də səsin idarə edilməsi texnikasına bələd oldum. Bunun üçün Mziya xanıma sonsuz minnətdaram.

- Hazırda bankda marketinq meneceri işləyirsiniz. Nə üçün tam olaraq musiqi sahəsinə yönəlmədiniz?

- Çünki musiqiyə gələndə artıq təcrübəli bank əməkdaşı idim və birdən birə hər şeyi atıb musiqi ilə məşğul olmaq planım yox idi. Marketinq isə biznes mühitində sanki bir musiqidir. Ən yaradıcı, spesifik dünya görüşünə malik olan insanlar adətən marketinqdə çalışırlar.

- İki fərqli işlə məşğul olmaq çətin deyil ki?

- Qətiyyən. Hər iki məşğuliyyətdən həzz alıram. İnsanlarla ünsiyyətdə olmaq, onların psixoloji portretinə əsasən strategiya qurmaq mənim üçün bir musiqidir.

- Musiqi ilə marketinq arasında hər iki sözün baş hərfinin "M” olmasından başqa, hansı oxşarlıqlar var?

-"M” hərfindən başqa "İ” hərfi də var (gülür). Zənnimcə, bu, istedaddır. Musiqi və marketinq ilə məşğul olmaq istedad tələb edir. Təəssüf ki, hazırda həm marketinqdə, həm də musiqimizdə savadsız, istedadsız və yalnız şəxsi xeyrini güdən insanlar çoxdur. Məncə, istənilən sahədə uğurlu olmağın sirri 30% istedad və 70% öz üzərində işləməkdir. Daim çalışmaq, yeni biliklərə açıq olmaq və onları rahatlıqla paylaşmaq lazımdır. Qalanı özü düzələcək.

- Nə üçün caz sahəsini seçdiniz, cazın digər musiqi janrlarından fərqi nədir?
- Cazın ən əsas fərqliliyi odur ki, sən istənilən improvizasiyanı mahnıya rahat aid edə bilərsən. Ürəyindən oxumaq keçdisə, çıxırsan səhnəyə və yeni komanda ilə improvizə edirsən. Bu üslub mənə çox yaxındır. Mən insanlarla çox rahat dil tapıram və cazda da musiqiçilərlə bir yerdə maraqlı işlər etməyin tərəfdarıyam. Genişliyi, limitsizliyi və daim inkişafa doğru getməsi də, cazı digər janrlardan fərqləndirir. Üstəlik, caz ifaçılarının geyim tərzi, səhnədə özünü aparması, səs tembrləri məni həddən artıq valeh edir.

- Caz, hər insanın maraq göstərib, dinlədiyi bir musiqi növü deyil. Bu musiqidən uzaq olan insanlara cazı necə izah edərdiniz?

- Vaxtı ilə Azərbaycanda cazı hamı dinləyirdi. Vaqif Mustafazadə, Rafiq Babayev və s. musiqiçilərimiz böyük ənənə yaratmışdırlar. İndi isə kommersiya dünyasıdır. İzləyici nəyə baxmaq istəyirsə, onu da göstərirlər. "Bozbaş”lı, "yerli Van Damm”lı verilişlər və toyxana musiqiləri hazırda daha çox izlənilir. Amma auditoriyanın hamısı elə deyil, ona görə, ümid işığı hələ də parlamaqdadır. İnsanlara demək istəyirəm ki, caz bir dünyadır və bu dünyada özünüzü rahat hiss edəcəksiniz. İmprovizasiya, özünə inam və gözəl musiqi. Bir sözlə CAZibədar Caz!

- Deyirlər musiqinin dili olmur. Əgər cazın dili olsaydı, o insanlara nə deyərdi?

- Deyərdi ki, bütün musiqisevərləri bir arada gördüyüm üçün çox xoşbəxtəm. Cazda qadağa yoxdur, əsas qayda da odur ki – ürəkdən oxumalısan. Mahnını yaşayaraq dinləyiciyə çatdırmalısan. İlk baxışdan sadə görünə biləcək bir qaydadır, lakin onun icrası çox çətindir. Musiqini yaşadın, Azərbaycan musiqisinin ənənələrini qoruyun, bayağı musiqilərdən uzaq olmağa çalışın.

- Keçək "Baku jazz” festivalına. Təbrik edirəm, 2-ci yeri layiq görülübsünüz. Festival haqda haradan məlumat əldə etdiniz, necə oldu qatılmaq fikrinə gəldiniz?

- Təşəkkür edirəm! Bu, mənim üçün həqiqətən qələbədir! Hər şey təsadüfən baş verdi. Bir dəfə iş yoldaşlarımla şəhərdən kənara çıxmışdıq. Adətən, belə yola çıxanda zümzümə edirik. Ümumiyyətlə, bizim marketinq departamenti çox istedadlı insanlardan ibarətdir. Kimi oxuyur, kimi gitarada ifa edir, kimi şer yazır, kimi də rəsm çəkir (gülür). Oxuyan zaman həmkarım Günay dedi ki, Bakıda ənənəvi caz festivalı keçiriləcək, iştirak et, bəlkə nə isə alındı. Düşündüm ki, niyə də yox? Bütün lazımı formaları doldurub, şəkil və mahnımla birlikdə təşkilatçılara göndərdim. Zamanı çatdıqda isə mənə xəbər verdilər ki, müsabiqədə iştirak haqqı qazanmışam. Bu xəbəri eşidəndə çox sevindim!

- Bu işdə sizə kömək edən kimlərsə oldumu?

- Əlbəttə, ilk olaraq mənim ailəm - anam, atam, yoldaşım, qızım və dostlarım bu işdə mənə kömək oldular. Sonra onlayn səsvermə mərhələsi olanda mənim bütün qohumlarım, həmkarlarım, tanışlarım sosial şəbəkə vasitəsilə maksimum kömək etdilər. Digər dəstəkçim, vokal müəlliməm Mziya Qambaşidzenin də bu məsələdə əməyi çox böyük idi. Mən müsabiqəyə öz gücümü bilən, hazırlıqlı və çıxışdan həzz almağa fokuslanmış biri kimi gedirdim. Bu, çox vacib amildir. Səhnədə sərbəst olmalısan, auditoriya ilə interaktiv şəkildə çıxış etməlisən. İzləyicilərin enerjisini görməli və hiss etməlisən.
- Festivala hazırlıq işi necə getdi? Mahnı seçimindən, həmin mahnı üzərində məşqlərdən danışaq.
- Hazırlıqlar artıq ilk günlərdən başlamışdı. Mən nə oxuyacağımı əvvəlcədən yaxşı bilirdim və 4 mahnı üzərində işləyirdim. Hamısı caz və ya soul üslubunda idilər, hansılar ki, mənə çox yaxındırlar. Demək olar ki, hər gün mahnıları təkrar edərək, özüm, ailə üzvlərim üçün və hətta həmkarlar arasında dəfələrlə ifa edirdim. Hamı da bəyənirdi. Xahiş etmişdim ki, hər hansı çatışmazlıqlar görəndə, mütləq desinlər, tənqid etsinlər. Mən sağlam tənqidi çox sevirəm. Beləliklə, oktyabr ayı gələndə mən artıq müsabiqənin başlanması üçün günləri sayırdım. Auditoriya qarşısında çıxış etmək istəyirdim, çünki çox iddialı idim.

- Festivalın təşkilatçıları kimlər idi?

- Təşkilatçılar ilk gündən mənə və digər iştirakçılara öz köməyini əsirgəmədilər. Təşkilatçılardan biri respublikamızın əməkdar artisti və caz festivalının yaradıcılarından olan Rain Sultanovdur. Festivalın kuratoru və digər təşkilatçısı Leyla xanım Əfəndiyevadır və təbii ki, müsabiqə boyu bütün iştirakçılara "ana” olan tanınmış caz ifaçısı Elnarə Həsənəliyevadır. Bütün "sound check”lərdə öz fikirlərini, iradlarını və dəstəklərini açıqcasına bildirirdilər. Musiqi seçimimi çox bəyənən Elnarə xanım belə dedi: "Yusif, sən dahi parçalar seçibsən və indi qalır ən çətini...Öz üslubunda bunu gözəl ifa etmək. Rahat ol, sərbəst ol, gücünü və məharətini göstər! Mən sənə inanıram!” Bu sözlərdən sonra artıq mənim üçün hər şey aydın idi. Səhnəyə çıxan kimi tamamilə başqa bir aləmə düşmüş oldum və bütün potensialımla çıxış etdim.

- Qiymətləndirmə necə oldu, yəni nəyin əsasında 2-ci oldunuz?

- Qiymətləndirmə münsiflər heyətinin rəyi əsasında baş tutdu. 4 nəfərdən ibarət heyət 10 ballıq sistem ilə bütün iştirakçıları qiymətləndirirdilər. Qeyd edim ki, iki gün ərzində cüzi dəyişikliklərə məruz qalan münsiflərin hamısı tanınmış, dünya səviyyəli musiqiçilər idi. Heyətin üzvləri Rain Sultanov, İsfar Sarabaski, Vadim Abramov, Leonid Ptaşka, Həsən Bağırov və sədri isə Rauf Əliyev idi. Təbii ki, hər bir münsifin öz subyektiv fikri var və onun əsasında cəmləşdirilmiş rəy formalaşır. Yekunda vokalçılar arasında 2-ci yer məhz mənə nəsib oldu və buna görə çox xoşbəxtəm. Mənə etibar etdiklərinə və etimad göstərdiklərinə görə, dərin təşəkkürümü bildirirəm.

- Festival haqqında son təəssüratlarınızı bölüşərdiniz.

- Zənnimcə, ölkəmizdə keçirilən ənənəvi musiqi tədbirlərinin ən yaxşılarındandır. Bütün dünyadan tanınmış musiqiçilər Bakıya toplaşır və öz təcrübələrini cazsevərlərlə paylaşırlar. Bundan yaxşı nə ola bilər ki? Oktyabrın 28-də festival təntənəli bağlanış mərasimi ilə bitdi və festivalda iştirak edən bütün insanlar müsbət enerjili, xoşbəxt, yeni tanışlıqlar qazanaraq oradan ayrıldılar. Caz musiqisi yaşadılmalıdır, Azərbaycan cazı dünyada tanınmalıdır, Azərbaycan cazmenləri dünya arenasında öz sözlərini deməlidirlər və əminəm ki, deyəcəklər də!

Günel Azadə



banner

Oxşar Xəbərlər