• cümə, 19 Aprel, 02:31
  • Baku Bakı 18°C

Cavanşir Təlai: Kövşənliyi yandırmaq torpağı məhv etmək deməkdir

06.08.18 14:30 1773
Cavanşir Təlai: Kövşənliyi yandırmaq torpağı məhv etmək deməkdir
Məlum olduğu kimi, son günlər taxıl sahələrində məhsul yığıldıqdan sonra kövşənliyin yandırılması halları artıb. Bu isə bir sıra ciddi fəsadlar törədir. Əslində taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir. Bu addım həm ekoloji, həm də aqrotexniki qaydalar baxımından zərərlidir və torpağın münbitliyinin azalmasına, üzvi maddələrin, mikroflorasının məhv olmasına gətirib çıxarır.Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlainin mövzu ilə əlaqədarAZƏRTAC-a müsahibəsini təqdim edirik.
- Cavanşir müəllim, taxıl biçini yekunlaşmaq üzrədir. Təəssüflər olsun ki, taxıl sahələri biçildikdən sonra fermerlər kövşənliyə od vurub yandırırlar. Əksər mütəxəssislər bu addımın səhv olduğunu deyir. Siz fermerlərə bununla bağlı hansı tövsiyələri verərdiniz?
- Artıq ölkə ərazisində, dağlıq və dağətəyi bölgələr istisna olmaqla, taxıl biçini yekunlaşmaq üzrədir. Ötən illərdə müşahidə olunan taxıl sahələrinin yandırılması hallarına qarşı maarifləndirici tədbirlər görülsə də, bir çox torpaq mülkiyyətçisi və fermer sahələrin yandırılmasının torpağa nə dərəcədə ziyan vurmasından xəbərsizdirlər. Bu gün əksər fermerlər taxıl biçinini başa vurduqdan sonra yerdə qalan samanı yandırmaqla torpağın münbitliyinin artacağını, alaqlara və zərərvericilərə qarşı mübarizənin səmərəli olacağını güman edirlər. Halbuki, kökündən yanılırlar. Əksər kənd təsərrüfatı məhsul istehsalçıları yaşadığımız XXI əsrdə belə, əlavə xərclərin və vaxt itkisinin qarşısını almaq düşüncəsi ilə köhnə üsullarla, "dədə-baba” qaydasında sahələrə od vururlar. Yanğın nəinki əkinəyararlı torpaqları, eləcə də meşə və meşə mühafizə zolaqlarını, əhalinin yaşadığı əraziləri əhatə edir. Bu isə öz növbəsində ekoloji problemlərə gətirib çıxarır.

- Yəqin razılaşarsınız ki, problem təkcə yanğınların böyük əraziləri əhatə etməsi ilə bağlı deyil. Belə addımlar torpağın üst qatındakı mineral maddələri də yararsız hala salır, münbitliyi azaldır...
- Əlbəttə. Bitki qalıqları müxtəlif üzvi maddələrin və qida elementlərinin ən vacib resurslarından biri hesab olunur. Halbuki, onlarla düzgün və səmərəli davranmaq torpağın münbitliyini artırmaq, strukturunu, rütubət tutumunu yaxşılaşdırmaqla olduqca yüksək iqtisadi səmərə əldə etmək mümkündür. Azərbaycanda kənd təsərrüfatı məhsul istehsalçıları bitki qalıqları haqqında "gərəksizdir”, "səmərəsizdir” və hətta "ziyanlıdır” kimi yanlış təsəvvürlərə malikdir. Samanın və eləcə də digər bitki qalıqlarının yandırılması nəinki ciddi qanun pozuntusudur, eləcə də pulların havayı sovrulması deməkdir. Sözün hərfi mənasında, bitkinin qidalanması və inkişafı üçün lazım olan faydalı maddələrin məhv edilməsi deməkdir. Torpağın flora və faunası bitki qalıqlarını parçalayaraq torpağın münbitliyinin artmasına, qida maddələrinin mübadiləsinə səbəb olur, torpağın strukturunu yaxşılaşdırır və suyun torpaqda daha asan hərəkət etməsinə, nəmliyin toplanmasına imkan verir. Taxıl sahələrinin biçindən sonra yandırılması isə torpaqdakı üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpaq münbitliyinin kəskin surətdə azalmasına gətirib çıxarır. Belə ki, samanı yandırdıqda bütün üzvi birləşmələr yanır və gələcəkdə bitkilərin böyümə və inkişafı üçün lazım olan və toxumanın quru maddəsinin təxminən 95 faizini təşkil edən orqanogen elementlər (C, O, H, N) qaz halında itir. Bu isə öz növbəsində torpağın münbitliyinə mənfi təsir edir. 1 qram torpaqda 2000-20000 azotobakter hüceyrələri ola bilər. Hər il orta hesabla hər hektarda 20-40 kiloqram azot sərbəst yaşayan, 200 kiloqram azot isə simbiotik bakteriyalar tərəfindən mənimsənilir. Samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçün əlavə resurslar və uzun müddət lazımdır.

- Yanğın, həmçinin torpağın humus ehtiyatını da məhv edir...
- Bəli, yanğın zamanı yüksək temperatur torpağın üst qatına sistematik təsir edir, nəticədə humus ehtiyatını, torpaq biotasını məhv edir və torpağın fiziki-kimyəvi xassələri və mexaniki strukturu dəyişir. Vahid sahədə saman 30-40 saniyədə yanır, amma bu qısa müddət belə torpağın üst qatının 360 dərəcəyə qədər yanmasına kifayət edir. Torpağın 0-5 santimetr qatında humus yanır, 10 santimetr qatında isə suyun buxarlanması baş verir. Samanın yandırılması zamanı humus itkisi hektara 1,3 ton təşkil edir. Bir hektar sahədə 1 ton samanın yandırılması nəticəsində 4,0-4,5 kiloqram azot, 2,0-2,5 kiloqram fosfor, 8-10 kiloqrama qədər kalium elementi itirilir ki, bu itkini kompensasiya etmək üçün torpağın hər hektarına 10-15 ton üzvi gübrə verilməsi tələb olunur. Eyni zamanda, biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığını 20-30 faiz azaldır, fermer həmin sahədən əvvəlki ilə nisbətən daha az məhsul götürür.

- Fermerlər samanı yandırmaq əvəzinə, onda daha səmərəli istifadə edə bilməzmi?
- Aparılmış təhlillər nəticəsində müəyyən edilib ki, 1 ton buğda samanında dəyəri 12 manatdan 35 manata qədər olan qida maddələri vardır. Deməli, samanı yandırmayıb, torpaqda saxlamaq iqtisadi baxımdan fermer üçün daha sərfəlidir. Samanın yandırılması qida maddəsi ilə yanaşı, qiymətli torpaq biosenozunu da məhv edir. Təbii torpaq biotası, bildiyimiz kimi, çox faydalılıq xüsusiyyətinə malikdir. Məsələn, 1 parabüzən özünün inkişaf prosesində 400-2000 mənənə fərdini məhv edir. Bitki qalıqlarının yandırılmasını dənli bitkilərin zərərvericilərinə qarşı mübarizə vasitəsi kimi baxmaq olmaz. Belə ki, dənli bitkilər əksər zərərverici növləri yanğın zamanı torpaqda gizlənməklə özlərini mühafizə etmək xüsusiyyətinə malikdirlər.

- Sahənin yandırılmasına alternativ olaraq nə təklif edirsiniz?
- Arpa və buğda biçini zamanı müasir kombaynlardan istifadə etməklə saman doğranaraq mulça şəklində sahəyə səpilməli və ya biçindən dərhal sonra saman yandırılmadan sahədən daşınaraq çıxarılmalıdır. Becəriləcək hər bitkiyə uyğun fosfor və ya kompleks gübrələr verilərək şum və ya 10-12 santimetr diskləmə, eləcə də torpağın sıfır becərməsi aparılmalı, torpaq səpin üçün hazırlanmalı və aralıq bitkilərin toxumlarının səpinləri həyata keçirilməlidir. Kövşənlikdə birbaşa səpinin aparılması zamanı torpaq strukturunun minimum pozulması və onun səthinin bitki qalıqları ilə örtülməsi nəticəsində torpaqqoruyucu qat yaranır ki, bu da su və külək eroziyasının qarşısını alır, torpaqda nəmliyin toplanmasına və saxlanmasına imkan verir, alaq otlarının inkişafına mane olur, torpaq mikroflorası aktivləşir və bütün bunlar torpaq münbitliyinin artmasına və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsinə imkan verir.

- Fermerlərə daha hansı tövsiyələriniz var?
- Fermerlərə müraciət edərək bildirirəm ki, taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir. Bu addım həm ekoloji baxımdan, həm aqrotexniki qaydalar baxımından zərərlidir. Kövşənliyin yandırılması torpağın münbitliyinin azalmasına, üzvi maddələrin, mikroflorasının məhv olmasına gətirib çıxarır. Samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur. Eyni zamanda, biçindən sonra əkin sahələrini yandıran fermerlərin nəzərinə çatdırırıq ki, onlar bu əməli törətməklə qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar. Ötən il dekabrın 15-də "Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə edilmiş dəyişikliyə əsasən, əkin yerlərinin yandırılması qadağan edilib. Bu qadağanın tətbiqində məqsəd əkinəyararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə vurulan zərərin qarşısını almaq, kənd təsərrüfatında məhsuldarlığı yüksəltməkdir. İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilmiş 244-1-ci maddəyə əsasən əkin yerini yandıran fiziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslərin isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə ediləcəklər. Biz fermerlərə tövsiyə edirik ki, taxıl sahələrindən samanı yandırmadan çıxarın, yaxud xırdalayaraq mulça halında əkin sahələrinə verib, şum və digər torpaq becərmə əməliyyatları aparın.
banner

Oxşar Xəbərlər