• şənbə, 20 Aprel, 01:10
  • Baku Bakı 15°C

Cavanşir Məmmədovun müsahibəsi 10 qəpiyə də dəyməz...

17.12.13 10:52 2230
Cavanşir Məmmədovun müsahibəsi 10 qəpiyə də dəyməz...
Ötən gün mətbuatda “Əməkdar artist Cavanşir Məmmədov yeni qərar alıb” adlı xəbər hər birimizin böyük təəccübünə səbəb oldu. Deməli, əməkdar artist çox düşünüb, daşınıb belə qərara gəlib ki, ondan müsahibə almaq istəyən jurnalistlər bank hesabına pul ödəsinlər. Özü də nə az nə çox, 1 saat üçün 100 manat.
Bu fikrini yenilik hesab edən ifaçı, həmkarlarına da bu üsula əl atmağı məsləhət görüb: “Mənə sualı olan bankdakı hesabıma bir saat üçün yüz manat pul ödəməlidir. Həmin məbləğin 32 faizini isə müsahibəyə gələcək müxbirə ödəyəcəyəm. İnsanlar başa düşsünlər ki, mən dəyərli vaxtımı onlara sərf edirəm. Çünki müsahibə zamanı həm əsəblərim, həm də vaxtım gedir. Dünyanın ən məşhur ulduzları bu qayda ilə işləyir. 2005-ci ildə Əmrah Bakıya gələndə sualları cavablandırmırdı ki, mənim müsahibəm ödənişlidir. Bu yeniliyi Azərbaycanda ilk mən edəcəyəm. Bu, həm də qalmaqalların qarşısını almağa kömək olacaq. Digər həmkarlarıma da məsləhət görürəm. Özləri şahid olacaqlar ki, qalmaqallar yığışacaq”.
Maraqlıdır, hansısa ifaçıdan müsahibə almaq üçün hansı müxbir ona pul verəcək? Mədəniyyət müxbirləri bu xəbərlə bağlı ilk olaraq onu dedilər ki, əslində hansısa müğənni haqqında yazı hazırlanarkən və ya ondan müsahibə alınarkən bu, onun özünəməxsus reklamı və xalqa nümayiş etdirilməsidir. Onların sözlərinə görə, belə olan halda, mədəniyyət müxbirləri də Cavanşir Məmmədovdan müsahibə alarkən reklam olduğu üçün ondan pul istəyəcəklər. Çünki xarici mətbuat bu sistemdən daha çox istifadə edir, nəinki onun söylədiyi kimi, müsahibə əvəzində müsahibə pul ödəyir. Mədəniyyət yazarları arasında keçirdiyimiz sorğu zamanı onlar Cavanşir Məmmədovun özünü kifayət qədər məşhur hesab etdiyini, ancaq real vəziyyətin başqa cür olduğunu da dedilər.
“Özünü dünya şöhrətli ulduzlarla müqayisə edir”
Publika.az saytının müxbiri Günel Musa xəbəri eşidəndə xeyli güldüyünü söylədi. Onu sözlərinə görə, həqiqətən də dünyada şou-biznes aləmində belə qaydalar mövcuddur: “Amma Cavanşir müəllimin dediyi həmin qaydalar dünya şou aləmində o sənətçilər üçün keçərlidir ki, həmin adamlar təkcə öz ölkələri üçün deyil, həm də bütün dünya üçün maraqlıdır. Belə olan halda, jurnalist əmindir ki, müsahibə almaq üçün ödəyəcəyi məbləğin iki qatını çalışdığı mətbuat orqanının rəhbərliyindən ala biləcək. Yəni bu elə bir adam olmalıdır ki, istər sənət, istər şəxsiyyət baxımından toplumda xüsusi bir çəkisi olsun. Cavanşir Məmmədov heç Azərbaycan tamaşaçısı üçün maraqlı deyil. Ondan müsahibə almaq üçün nəinki 100 manat, heç 10 qəpik də xərc çəkməyə cəsarət etmərəm. Açığını desəm, Cavanşir Məmmədovu müsahibə üçün bezdirən jurnalistin kimliyi hələ də mənə maraqlıdır. Yəni o bu qədər maraqlı “oxuyan”dır ki? Oxuyan sözünü xüsusi qeyd edirəm, çünki mən ona sənətçi desəm, böyük sənətkarlara ayıb etmiş olaram”.
Şou-yazar, Anspress portalının redaktoru Zülfiyyə Qurbanova ifaçının bu ideyasını gülünc hesab edir: “Cavanşir Məmmədov hələ bir 100 manat dəyərində söz söyləsin, sonra jurnalistlərdən o məbləği istəsin. Şəxsən mənə görə Cavanşir Məmmədov o müğənni deyil ki, pullu müsahibə versin. Uzun illərdir şou-biznesdən yazıram. Bircə dəfə həmkarım Zümrüd Gül Əliqızı ilə mübahisəli bir məsələ ilə bağlı Cavanşirə zəng vurmuşam. Bu faktı ona görə qeyd edirəm ki, onun nə sənəti, nə də şəxsi həyatı jurnalistlərin marağında olmayıb. Cavanşir son dəfə biabırçı qalmaqalla jurnalistlərin maraq obyektinə çevrildi və bununla da özünü ulduz hesab elədi. Çox gülməlidir ki, hazırda özünü dünya şöhrətli ulduzlarla müqayisə edir”.
Mövqe.az saytının əməkdaşı Əfruzə Ağayeva bu xəbəri ilk oxuyan və sayta yerləşdirənlərdən olduğunu söylədi: “Xəbəri sayta yerləşdirdiyim gündən özümə söz vermişəm ki, Cavanşir Məmmədovdan heç zaman müsahibə almayacağam. Deyəsən, onun pulu çoxdur ki, bizi də elə hesab edir. Mənim ondan müsahibə almağım üçün o mənə pul versin, özü də 30, yox 100%” .
“Onu incidiblər”
Lent.az saytının əməkdaşı Yalçın Süleymanov da C.Məmmədovun söylədiyi fikirləri gülünc hesab edir. Yalçının sözlərinə görə, o, yalnız sağlığında Maykl Ceksona bu qədər pul verər bilərmiş ki, ondan müsahibə alsın.
Region televiziyasının əməkdaşı Nüşabə Novruzova Cavanşir Məmmədovun pis insan olmadığını və lazım olan zamanlarda jurnalistlərə müsahibə verdiyini dedi. O, qeyd etdi ki, ifaçı o sözü ola bilər ki, başqa məqsədlə deyib: “Mən demirəm ki, Cavanşir Məhərrəmov üçün jurnalistlərin ürəyi gedir. Xeyr. Amma yəqin ki, hansısa jurnalist onu bezdirib ki, ona görə bu şəkildə açıqlama verib. İndiyə kimi ifaçının hansısa jurnalistlə problemi olduğunu görməmişəm. Yəqin ki, onu incidiblər”.
Nüşabə bu gün mədəniyyət yazarları arasında gözəl jurnalistlərin olduğunu söyləsə də, təəssüf hissi ilə bildirdi ki, onların içərisində qeyri-peşəkarlıqlarına görə sənətçilər tərəfindən yaxşı qarşılanmayanlar da var: “Bu gün yerindən duran bir çox gənc bu sahədə çalışıb jurnalistlik sənətinə xələl gətirirlər. Bu, təkcə mənim fikrim deyil. Bu fikirləri əksər ifaçılar və jurnalistikada sözünü demiş həmkarlarım da söyləyir. Cavanşir Məhərrəmovun açılqmasına gəlincə isə, təbii ki, düzgün fikir deyil, çünki müğənni jurnalistdən asılıdır, jurnalist heç zaman müğənnidən asılı deyil”.
Şou müxbiri Tahirə Məmmədqızı ifaçıdan ötən həftə müsahibə aldığını, onun bu fikirləri başqa səbəblərə görə səsləndirdiyini bildirdi. Onun sözlərinə görə, Cavanşir Məmmədov kimlərəsə dərs olsun deyə, belə danışıb: “Mənə elə gəlir ki, ifaçının həmin açıqlamasını ciddiyə almaq lazım deyil. Haradasa başa düşürəm ki, bu suallar nəyə görə ünvanlanır. Hər halda, onlar inandıqları mətbuat orqanlarına yenə də müsahibə verəcəklər. Mən heç zaman müğənniyə pul verib ondan müsahibə almağa maraqlı deyiləm. Bundan əlavə, heç mənim o qədər pulum yoxdur. Əgər pulum çox olarsa onu özüm üçün xərcləyərəm. İşin digər tərəfini düşünəndə görürük ki, bu gün Azərbaycan mətbuatı maddi baxımdan o qədər inkişaf etməyib ki, müsahibə aldığı hər müğənniyə pul ödəsin. Qeyd edim ki, hazırda mediada ən imkanlı tərəf televiziyalar sayılır ki, hətta onların belə, hər hansı müğənnidən eksklüziv müsahibə almaq üçün pul köçürmək imkanları yoxdur. Belə olan halda, qəzet və saytlara müsahibə verərkən onlardan pul tələb etmək gülünc görsənir. Cavanşir Məmmədovun açıqlaması bu gün üçün real deyil. Heç mən yaxın 10 il ərzində də bunun real olacağına inanmıram”.
Belə nəticəyə gəlmək olar ki, əgər sözünün üstündə dursa, Cavanşır Məmmədovun tək-tük müsahibələri də tezliklə mətbuatdan yığışacaq, jurnalistdən pul almaq sevdası isə xəyal olaraq qalacaq...
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər