“Caucasus İnternational” jurnal BSU-da

"Caucasus
İnternational” jurnalının baş redaktorunun müavini İlqar Qurbanov Bakı Slavyan Universitetinin (BSU) qonağı
olub. Universitetin rektoru, Nurlana Əliyeva jurnal rəhbərliyini qəbul edib, gələcək
əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
Sonra
İ.Qurbanovun tələbələrlə görüşü olub. Xatırladaq ki, jurnalın təsisçisi Azərbaycan Respublikası Prezident Aparatı nəzdində
Strateji Araşdırmalar Mərkəzidir. 2008-ci ildən nəşr olunan jurnal ildə iki dəfə
ingilis dilində dərc olunur.
Baş
redaktorun müavini İlqar Qurbanov "Caucasus İnternational”ın digər ölkələrin
elmi strukturları ilə sıx əlaqələrə malik olduğunu, xarici ölkələrdəki səfirliklərimiz
vasitəsilə dünyaya yayıldığını bildirib. O, jurnalın yaradıcı və texniki heyət
üzvlərinin bəzilərinin xarici ölkələrdə yaşadığını, beynəlxalq təcrübəni yaxşı
bildiklərini diqqətə çatdırıb. İ.Qurbanov jurnalın hər nömrəsinin bir problemə
həsr olunduğunu və bu günədək 15 mövzunu əhatə etdiyini bildirib.
İ.Qurbanov "Caucasus İnternational”ın artıq Tomson Röyters qrupuna düşmək
üçün sənədlərin hazırlandığını da vurğulayıb. O, bu məsələnin jurnalın yaradıcı heyəti üçün son dərəcə önəmli
olduğunu deyib.
Baş
redaktorun müavini Azərbaycan Respublikası Ali Attestasiya Komissiyanın
doktorantların qarşısında qoyduğu tələblərdən
birinin Tomson Röyers qrupuna düşən jurnalda məqalə çap etdirmək olduğunu və jurnal
rəhbərliyinin bu istiqamətdə də fəaliyyət göstərdiyini bildirib. O deyib: "Bu məsələ gənc müəlliflər üçün çox
böyük çətinlik yaradırdı. Jurnalımız həmin qrupa düşdüyü halda, bu çətinlik
aradan qalxacaq. Bir tərəfdən gənclərimiz beynəlxalq elmi müstəviyə çıxa biləcək,
digər tərəfdən issə, texniki problemlər aradan qalxacaq”.
Baş
redaktorun müavini jurnalın qonarar fondunun olduğunu və elmə həvəsi olan
insanların bundan yararlana biləcəyini nəzərə çatdırıb.
İ.Qurbanov Strateji Araşdırmalar Mərkəzində tələbələrin müxtəlif dillər
üzrə təcrübə keçməsinin mümkünlüyünü də qeyd edib. Qərara alınıb ki, yaxın
vaxtlara məsələnin detalları həll olunsun.
