AZE | RUS | ENG |


Casim Məhəmməd əl-Əli: Müstəqil ölkə kimi gənc olmasına baxmayaraq, Azərbaycanda çox böyük işlər görülüb

Casim Məhəmməd əl-Əli: Müstəqil ölkə kimi gənc olmasına baxmayaraq, Azərbaycanda çox böyük işlər görülüb
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçirilən "Novruz, multikultural dəyərlər dünya dinlərinin həmrəyliyi kontekstində” adlı beynəlxalq festivalda iştirak etmək üçün Bakıya gələn Küveyt Dövlət Universitetinin professoru Casim Məhəmməd əl-Əli AZƏRTAC-ın qonağı olub.

Bakıda qatıldığı festival, keçirdiyi görüşlər, ümumiyyətlə, ölkəmizlə bağlı fikirlərini bölüşən alim deyib: "Bir çox ölkələr, o cümlədən, İslam və ərəb ölkələri sənətkarlarının əsərlərinin nümayiş olunduğu sərgiyə Küveyt də qatılıb. Nümayəndə heyətinə mən başçılıq edirəm. Sərgi dünya xalqları arasında mədəniyyət və incəsənət əlaqələrinin genişlənməsinə töhfə verəcək. Küveyt nümayəndə heyəti sərgidə əsasən, hikmətli sözlər, müqəddəs "Qurani-Kərim” ayələri yazılmış xəttatlıq nümunələrindən ibarət əsərlərlə iştirak edib”.

Tədbir çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarovla görüşdüyünü deyən qonaq, Küveyt Dövlət Universiteti ilə akademiya arasında təcrübə, tələbə və müəllim mübadiləsinə dair müzakirələr aparıldığını, qarşılıqlı əməkdaşlığın qurulmasının vacibliyini bildirib.

Ölkəmizə ilk dəfə gəldiyini qeyd edən professor Casim Məhəmməd əl-Əli deyib: "Azərbaycan xalqı çıx qonaqpərvərdir. Burada özümüzü qürbətdə hiss etmirik, sadə adamlarla görüşlərimizdə də isti münasibətin şahidi olduq. Gəzdiyimiz muzeylərdə və digər məkanlarda Azərbaycanın qədim tarixini, mədəniyyətini gördük. Azərbaycan müstəqil dövlət kimi gənc olmasına baxmayaraq, burada çox böyük işlər görülüb, yüksək inkişafa nail olunub”.

Xatırladaq ki, "Novruz, multikultural dəyərlər dünya dinlərinin həmrəyliyi kontekstində” adlı beynəlxalq festival Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən gerçəkləşib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN