• çərşənbə axşamı, 16 aprel, 16:52
  • Baku Bakı 19°C

CASCFEN sonuncu seminarını Sabunçu rayonunda keçirib

18.06.19 15:53 689
CASCFEN sonuncu seminarını Sabunçu rayonunda  keçirib
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi" mövzusunda layihə çərçivəsində yerlərdə seminarların keçirilməsi başa çatıb. Bu silsilədən sonuncu seminar Bakı şəhəri Sabunçu rayonu 311 nömrəli orta məktəbdə keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovun, həmçinin KİV təmsilçilərinin, müəllimlərin və digər qonaqların iştirak etdiyi tədbiri giriş sözü ilə açan məktəbin direktoru Esmira Muradova bu cür seminarların keçirilməsinin əhəmiyyətli olduğunu bildirib.
Tədbirdə çıxış edən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin sədri Nadir İsmayılov öncə layihənin reallaşdırılmasına verilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkür edib. Təşkilat sədrinin layihə haqqında məlumatından sonra söz ekspertlərə verilib.
Filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Nüşabə Hüseynli "Media ilə iş bacarıqları", Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri, tanınmış jurnalist Seymur Verdizadə isə "İnformasiya açıqlığının təmin edilməsi" mövzusunda hazırladığı geniş təqdimatla çıxış edib. Təqdimatlarda müasir dünyamızda hər bir kəsin həyat və fəaliyyətinin media üçün mövzu və müzakirə obyektinə çevrildiyi bildirilib, faktların, hadisələrin təhrif edilməməsi, həqiqətin olduğu kimi təqdim olunması, şəffaflığın təminatı məqsədilə media ilə iş qurmağın, əməkdaşlıq etməyin artıq günün tələbi sayıldığı vurğulanıb.
Tədbirdə çıxış edən BŞTİ-nin sektor müdiri Bəşarət Məmmədov isə təhsil sektorunda həyata keçirilən islahatlar, ictimaiyyətlə əlaqə işinin daha səmərəli təşkili, vahid informasiya mübadiləsinin təmin olunması, məktəblərin fəaliyyətinin ictimaiyyətə təqdim olunmasındakı açıqlıq və media ilə iş sahəsində atılan addımlarla bağlı ətraflı məlumat verib. Sektor müdiri təmsil etdiyi qurumun məktəb rəhbərləri üçün seminar və treninqlər keçirdiyini, KİV nümayəndələrinin təhsil müəssisələrinə pressturlarının təşkil edildiyini də diqqətə çatdırıb.
Sonra hər iki mövzu üzrə səmərəli fikir mübadiləsi aparılıb. Müzakirələrdə fəal iştirak edən müəllimlər belə seminarların təşkilinin əhəmiyyətini vurğulamaqla yanaşı, bu cür tədbirlərin davamlı olaraq keçirilməsini təklif ediblər.
Maraqlı müzakirələrin aparıldığı tədbirin sonunda seminarın keçirilməsində yaxından dəstək olanlara diplomlar, iştirakçılara isə sertifikatlar təqdim edilib.
banner

Oxşar Xəbərlər