• cümə, 19 Aprel, 07:15
  • Baku Bakı 13°C

Carçı ürək

12.10.15 10:33 2544
Carçı ürək
Düzdür! Mən çox əsəbi olmuşam, indi də çox əsəbiyəm. Amma sən niyə mənim dəli olduğumu deyirsən? Xəstəlik mənim hisslərimi daha da gücləndirib, itiləşdirib, onları tamam yox etməyib, dayazlaşdırmayıb, əksinə, hər şeyi daha yaxşı duyurdum. Yerdə və göydə nə varsa hər səsi eşidə bilirdim. Cəhənnəmdən gələn səsləri eşidirdim. Hə, de görüm, mən dəliyəm? Mənə qulaq as diqqətlə! Bir gör mən bütün bu hekayəni sənə necə cəsarətlə, necə sakit danışıram.
Bu ideyanın beynimə ilk dəfə nə vaxt girdiyini demək çətindir, ancaq bir də gördüm ki, gecə-gündüz elə bu barədə düşünürəm. Bu ideyanı həyata keçirməkdə heç bir məqsədim yox idi! Heç bir arzum yox idi! Mən o qoca kişini sevirdim. O mənə pislik etməmişdi, mənə yamanlığı dəyməmişdi. Heç vaxt məni təhqir etməmişdi. Onun qızılında, var-dövlətində gözüm yox idi. Fikirləşirəm ki, buna səbəb onun gözü idi! Hə, gözü idi! Onun gözünün biri leşyəyən qartal gözünə oxşayırdı - solğun, mavi göz. Üstündə qat. Onun gözü mənə baxanda damarımda qanım donurdu. Beləliklə, yavaş-yavaş, tədricən, qərara aldım ki, qoca kişinin həyatına son qoyum, onun gözündən canımı birdəfəlik qurtarım.
Elə məsələ də bundadır. Sən məni dəli kimi təsəvvür edirsən. Dəlilər heç nə bilmir. Ancaq kaş ki, sən o vaxt məni görəydin. Görərdin ki, mən bütün bu prosesi necə ehtiyatla həyata keçirdim, hər şeyi necə gizlin etdim.
Mən o qoca kişiyə qarşı onu öldürməzdən qabaqkı həftədə daha mərhəmətli olmuşdum. Hər gecə, gecəyarısı mən ehtiyatla dəstəyini burub qapını açırdım! Ah, kaş görəydin necə nəzakətlə, necə incəliklə edirdim bunu! Mən qapını başım girə biləcək qədər açandan sonra otağa işığını azaltdığım çırağı qoyurdum. Elə edirdim ki, işığı hiss olunmasın. Bundan sonra başımı qapıdan içəri soxurdum. Ah, sən görsəydin ki, mən başımı içəri necə hiyləgərlikə soxurdum, onda gülərdin mənə. Mən başımı içəri çox yavaş, çox yavaş soxurdum, istəmirdim ki, qoca kişinin yuxusuna haram qatam. Başımı qapının arasından içəri salmağım yarım saat çəkdi, bu vaxt onu çarpayıda yatan yerdə gördüm. Ha-ha! Necə bilirsən, dəli də belə ağıllı hərəkət edə bilərdi? Başımı içəri tamam soxandan sonra ehtiyatla çırağın vintini burdum. Ah, elə ehtiyatla, elə ehtiyatla etdim ki, kişinin leşyeyən qartal gözünə oxşar gözünə lap cüzi şüa düşdü. Bu hərəkəti düz yeddi gecə təkrar etdim - hər gecəyarısı. Ancaq istədiyimi edə bilmirdim. Hər dəfə kişinin gözünü yumulu görürdüm, buna görə də planımı həyata keçirmək qeyri-mümkün idi. Məni təngə gətirən o kişinin özü deyildi, onun PİS GÖZÜ idi. Hər gün səhər açılanda cəsarətlə onun otağına girər, çox səmimi şəkildə adını çağırar, ötən gecəni necə keçirməsi haqda onu sorğu-suala tuturdum. O kişi gərək o qədər ağıllı olaydı ki, hər gecə saat on ikidən sonra ona baxdığımı hiss edəydi.
Səkkizinci gecə mən qapını o biri gecələrdə olduğundan daha ehtiyatla açdım. Qol saatının əqrəbindən daha sürətli hərəkət etdim. O biri gecələrdə öz gücümün dərəcəsini, özümün fərasətimi heç belə hiss etməmişdim. Öz qələbəmin yaxında olduğunu güclə də olsa duyurdum. Qapını açıb içəri girmişdim, yavaş-yavaş, mənim gizli fikirlərim, gizli hərəkətlərim heç onun ağlına da gəlməzdi. Beynimə gələn bu fikrə istehza ilə güldüm, yəqin o səsimi eşitdi, çünki o çarpayısında elə tərpəndi ki, mən səksəndim. Yoxsa elə fikirləşirsən ki, onun tərpəndiyini görüb geri çəkildim, yox! Onun otağı zil qaranlıq idi, oğrulardan qorunmaq üçün pəncərələrin taxta qapaqları bağlanmışdı. Bilirdim ki, o qapının açıldığını heç vaxt görə bilməzdi.
Artıq başımı qapıdan içəri soxmuşdum. Çırağı yandırmaq istəyirdim, əlimi çırağa yaxınlaşdıranda qoca kişi dik atılıb qışqırdı:
- Kimdir orda?
Mən sakitcə durub heç nə demədim. Təxminən bir saat heç bir əzələmi də tərpətmədim, eyni zamanda hiss etdim ki, kişi hələ də yerinə uzanmayıb. O hələ də çarpayısında oturub qulaq asırdı. Neçə gecə mən də beləcə sakit dayanıb divarın içindəki ölüm böcəklərinə qulaq asmışdım.
Sonra yüngülcə inilti eşitdim. Bu, terrorun iniltisi idi. Bu, inilti ağrıdan yaxud kədərdən yaranmış inilti deyildi. Bu, ürəyin dibindən gələn səs idi - qorxunu hiss edən ürəkdi. Gecənin tən yarısında, bütün dünyanın dərin yuxuda olduğu vaxtda bu səs mənim özümün sinəmin altından sel kimi daşıb çıxmışdı, getdikcə dəhşətli əks-sədası ilə məni edəcəyim hərəkətdən yayındırmaq istəyirdi. Bunu çox yaxşı bilirdim. Ürəyimdə istehza ilə gülsəm də mən qoca kişinin nə fikirləşdiyini bilirdim, ona yazığım gəlirdi. Bilirdim ki, ilk səsi eşidəndən bəri o oyaqdır. Onun da içindəki qorxular artırdı. O çalışırdı ki, qorxuya düşməsinə heç bir səbəb olmadığını təsəvvür etsin, ancaq bunu bacarmırdı. Yəqin ki, o öz-özünə deyirmiş: “Bu səs bacadan gələn külək səsidir, ya da döşəmənin üstündən siçan keçir.” Ya da belə fikirləşirdi: “Ya da buxarıdakı kriketdir civilti səsi çıxaran”. Hə, o bunları güman etməklə özünü sakitləşdirməyə çalışırdı. Ancaq yenə də faydası olmurdu. Hamısı boş yerə idi, çünki ona yaxınlaşan ölüm qara kölgəsini onun üstünə sərmişdi, qurbanına möhür vurmuşdu. Bu kölgəni görməsə də, onun səsini eşitməsə də onun hiss etdiyi hələ dərk etmədiyi bu kölgənin təsiri idi. Mənim başımın otaqda olduğunu hiss etmirdi.
Mən səbirlə uzun müddət gözləyəndən sonra, onun yerinə uzanmadığını biləndən sonra çırağın işığını azca çoxaltdım. Təsəvvür edə bilməzsən necə oğrun-oğrun, necə ehtiyatla etdim bunu. Lap hörümçəyin nazik toru uzunluqda şölə kişinin leşyeyən qartal gözünə oxşar gözünə düşə bilsin.
İndi onun gözü açıq idi. - açıq idi, gözlərimi onun gözünə zilləyəndə daha da qəzəblənirdim. O gözü görəndə qorxu iliyimə qədər işləyirdi. Mən kişinin özünü görə bilmirdim. Çünki çırağın şöləsini yalnız o lənətə gəlmiş gözə yönəltmişdim.
Sənə deməmişəm ki, dəlilik hisslərin daha iti olmasından başqa bir şey deyil? Qulağıma çox zəif səs gəldi. Qol saatını pambığın üstümə atanda necə səs çıxararsa elə səs. Bu səsin də nə səs olduğunu çox yaxşı bilirdim. Bu, qoca kişinin ürəyinin döyüntüsü idi. Bu səs qəzəbimi daha da artırırdı. Təbil səsi əsgəri daha cəsarətli olmağa necə səsləyirsə bu səs də, məni ideyamı həyata keçirməyə elə cəsarətləndirirdi.
Sakit durduğuma görə güclə nəfəs alırdım. Sakitcə çırağı tutmuşdum. Çalışırdım ki, çırağın şöləsini kişinin gözündə saxlayım. Lənətə gəlmiş ürək döyüntüsü də getdikcə artırdı. Ürəyin döyüntüsü hər an daha sürətli, daha möhkəm olurdu. Deyirəm ki, hər an daha bərk döyünürdü. Mənim nə dediyim sənə çatır? Sənə demişdim ki, çox əsəbiyəm. Ürəyin döyüntüsü məni elə əsəbiləşdirdi ki, gecənin tən yarısında, o köhnə evin qəribə sükutunda bu döyüntü nəzarət edə bilmədiyim terroru həyata keçirməyə məcbur etdi məni. Hələ işə başlamırdım. Bir-bir neçə dəqiqə də sakit dayandım. Amma ürək döyüntüsü getdikcə daha sürətli olur, daha bərkdən gəlirdi. Elə möhkəm döyüntü idi ki, elə bil bu dəqiqə ürək partlayacaqdı. Bu vaxt məni başqa qorxu bürüdü. – qorxdum ki, qonşu ürək döyüntüsünü eşidə bilər! Kişinin əcəli çatmışdı! Möhkəm, qulaqbatıran səslə bağırıb çırağın işığını artırdım, otağa cumdum. O bircə dəfə dəhşətlə qışqırdı. Yalnız bircə dəfə. Bircə anın içində onu çarpayıdan sürüyüb yerə saldım, iri çarpayısını onun üstünə dartdım. Yalnız bundan sonra sevincək gülümsədim, işimi yaxşı yerinə yetirdiyimə görə sevindim. Bir müddət ürək döyüntüsü azaldı. Bu səs daha məni təngə gətirmirdi, səs elə yavaş idi ki, divardan keçə bilməzdi. Axır ki, döyüntü səsi kəsildi. Qoca kişi ölmüşdü. Çarpayını kənara çəkib meyiti bir də yoxladım. Hə, o daş kimiydi, daş kimi qupquru. Mən əlimi onun ürəyi üstünə qoyub bir müddət orda saxladım. Ürək döyünmürdü. O daş kimiydi. Onun gözü daha mənə əzab verməyəcəkdi.
Əgər sən hələ də məni dəli hesab edirsənsə. əminəm ki, cinayətimin izini itirmək üçün ehtiyat tədbirlərini necə etdiyimi desəm daha məni dəli hesab etməyəcəksən. Gecə keçirdi, mən tələsik işləyirdim. Amma çox sakit. İlk olaraq meyiti hissələrə ayırdım. Mən onun başını, qollarını və ayağını kəsdim.
Bundan sonra döşəmənin üç taxtasını qopartdım, bədənin hissələrini ora yerləşdirdim. Sonra taxtaları əvvəlki yerinə elə ehtiyatla, elə hiyləgərliklə qoydum ki, heç bir insan gözü – hətta onun öz gözü də - orda nəsə sezə bilməzdi. Orda qan ləkəsi yox idi. Vannadakı su kifayət etmişdi. Ha-ha!
Mən bu işləri görüb qurtaranda saat dörd idi, – hələ də gecə yarısında olduğu kimi zil qaranlıq idi. Saat dördü vuranda küçə qapısında taqqıltı eşitdim. Arxayıncasına qapını açmağa getdim. Nədən qorxmalıydım axı? İçəri üç kişi girdi, mərifətlə özlərini təqdim edib polis məmuru olduqlarını dedilər. Gecə o zəhrimara qalmış “oyunu” həyata keçirəndə qonşu qışqırıq səsindən şübhələnib, polisə bu barədə məlumat çatdırıb. İndi polis idarəsindən bu üç məmuru göndəriblər ki, evdə axtarış aparsınlar.
Onları görəndə gülümsədim. Nədən qorxmalıydım ki? Mən centlemenlərə təzim edib onlara “xoş gəldin” dedin. Onlara dedim ki, yuxuda olanda özüm qışqırmışam. Onlara xatırlatdım ki, qoca kişi ölkənin başqa yerindədir. Qonaqlarıma bütün evi göstərdim, onlara dedim ki, evi yaxşı-yaxşı axtarsınlar. Mən onları qoca kişinin otağına apardım. Onlara qocanın qızıl-gümüşünü, gizlin saxladığı başqa şeyləri göstərdim. İnamla onlara stul gətirdim ki, oturub bir az yorğunluqlarını alsınlar. Öz stulumu isə qələbəmdən tam arxayın olub qurbanımın cəsədinin “istirahət etdiyi” taxtanın üstünə qoydum.
Polis məmurları gördüklərindən qane oldular. Mənim hərəkətlərim, rəftarım onları inandırmışdı. Özünü çox rahat hiss edirdim. Stulda əyləşdilər, onların suallarına arxayınlıqla cavab verəndə onlar öz aralarında söhbətə başladılar. Ancaq az sonra mən özümü narahat hiss etdim, arzuladım ki, onlar çıxıb getsinlər. Başım ağırdı, mənə elə gəldi ki, qulaqlarıma səs gəlir. Onlar isə hələ də oturub söhbət edirdilər. İndi səs daha aydın eşidilirdi. Getdikcə daha aydın olurdu. Bu hissdən canımı qurtarmaq üçün indi daha sərbəst danışırdım, ancaq səsi yenə də eşidirdim. İndi səs yalnız qulaqlarımda deyildi.
Şübhə yoxdur ki, indi sifətim daha solğun görünürdü. Amma bununla belə mən daha rəvan danışırdım, daha yüksək səslə. Çünki səs daha bərkdən eşidilirdi. – Başqa nə edə bilərdim ki? Bu, küt bir səs idi. Sürətli. Qol saatını pambığın içinə qoyanda necə səs çıxararsa elə bir səs. Dərindən nəfəs aldım. Hələ heç bilmirdim ki, polis məmurları da bu səsi eşidiblər ya yox. Mən indi daha sürətlə danışırdım, ancaq səs zəif eşidilirdi. Niyə bu polis məmurları çıxıb getmir? Mən ağır addımlarla otaqda o baş bu başa getdim. Onların bu səsi eşidəcəyini fikirləşib həyəcanlanırdım. Amma səs daha da bərkdən gəlirdi. Ah, aman Allah, nə edə bilərdim? And içirəm ki, mən sayıqlayırdım! Mən üstündə oturduğum stulu döşəmənin sürüşdürdüm, amma səs dayanmaq bilmirdi. Səs getdikcə daha bərk, daha bərk, daha bərkdən gəlirdi. Kişilər isə hələ də məmnunluqla söhbət edir, gülümsəyirdilər.
Ola bilərdimi ki, onlar bu səsi eşitməsinlər? Hər şeyə qadir Allah! – yox, yox, bu, ola bilməzdi! Onlar da bu səsi eşitmişdilər! Onlar şübhələnmişdilər! Onlar hər şeyi bilirdi! Onlar mənim etdiyim dəhşəti lağa qoyurdular. Mən belə fikirləşirdim. İndi də belə fikirləşirəm. Bu əzab hər şeydən dəhşətli idi! Onların bu əla salması hər şeydən daha ağır idi. Mən daha onların üzündəki yalançı təbəssümə dözə bilmirdim. Hiss edirdim ki, ya bağırmalıyam, ya da ölməliyəm. İndi səs yenə də gəlirdi. Yenidən. Bərkdən. Bərkdən. Bərkdən gəlirdi.
“Yaramazlar! – bağırdım. “Daha heç nəyi gizlətmirəm. Mən etdiyim hərəkəti boynuma alıram”. – dedim və döşəmənin taxtalarını dartıb çıxardım.
“Budur, burdadır, o mənfur ürəyin döyüntüsü burdan gəlir”.
Tərcüməçi: Sevil Gültən
banner

Oxşar Xəbərlər