• çərşənbə axşamı, 23 aprel, 12:00
  • Baku Bakı 24°C

“CAR-a səfərimizin məqsədi, həmişəki kimi, təbliğat xarakteri daşıyırdı”

13.06.18 14:15 589
“CAR-a səfərimizin məqsədi, həmişəki kimi, təbliğat xarakteri daşıyırdı”
Azərbaycanlıların dünya səviyyəsində qəbul olunacaq işlər görməsi və nəticə ortaya qoyması ölkəmizin xaricdə təbliği üçün vacib amildir. Soydaşlarımızın atdığı hər bir müsbət addım, eyni zamanda ölkəmizin inkişafının göstəricisidir. Bu baxımdan dünya şöhrətli peşəkar ovçu Faiq Babanlı reytinqli nəticələri ilə özünü təsdiq edib. Safari Ov Klubu Azərbaycanın rəhbəri olan Faiq Babanlı həmkarı Asif İlyasovla bu yaxınlarda Cənubi Afrika Respublikasında (CAR) rekord ov ediblər. O, CAR-la bağlı ov təəssüratlarını eksklüziv olaraq "Palitra”ya danışıb.
-CAR-da ilk dəfə idimi ov edirdiniz?
-7 il bundan qabaq mən ayda iki dəfə CAR-a ova gedirdim. Sonra mən Cənubi Amerika qitəsində ova başlayanda Afrikada ov etməyi bir müddət saxladım. Afrikaya çox öyrəşmişdim. Ora heç də mənə uzaq bir region kimi görünmürdü. Amma 7 il sonra Afrikaya yeni bir ruhla qayıtmışdım.
-Budəfəki gedişinizin məqsədi nə idi?
- CAR-a budəfəki gedişim əvvəlkilərdən fərqli idi. Bu illər ərzində mən xeyli təcrübə əldə etmişəm. Ayrıca reytinqim daha çox yüksəlib. Biz gedəndən birinci zonaya getdik. Orada ov edəndən sonra bizi Afrikanın ən məşhur yerinə göndərdilər. Yəni orada hər adam ov etmir. O zona bağlıdır və onlar heç vebsaytları da yoxdur. Bu yerlərdə ancaq reytinqli ovçuları qəbul edirlər. Orada Afrika ilk yaranışında olduğu kimi saxlanılıb. Biz oranı gələcəkdə Azərbaycanın ovçuları üçün ayırdıq. Məqsədimiz azərbaycanlıların bu inkişafı görmələri, reytinq insanların sırasında olmalarıdır. Xaricdə azərbaycanlı həm də Azərbaycan deməkdir. Nə qədər çox axın olsa, o ölkənin nüfuzunu göstərir. Gələcəkdə azərbaycanlıların CAR-da ov etməsi üçün şərait yaratdıq. Bütün razılıq əldə olunub. Sentyabrda CAR-a növbəti ovum var. Ola bilər iyulda da gedəm. Mən 7 ildən sonra CAR-a növbəti addımı atmışamsa, indi oranı fəth etmək mənim üçün çox asandır.
-Əsas hansı şəhərlərdə oldunuz?
- Mən vaxtilə CAR-ın bütün şəhərlərində olmuşam və ov etmişəm. Bu dəfə isə, əsasən, Yohannesburqda olduq. Çünki vaxtımız ancaq buna çatdı. Həqiqətən, Yohannesburq dünyanın ən inkişaf etmiş şəhərlərindən birdir.
-CAR-da təxminən neçə heyvan ovladınız?
- CAR-da 8 gün olduq. Amma 5 gün ov günümüz idi. Bu müddətdə biz 4 heyvan ovladıq. Amma rekord ovlar etdik. Biz bununla yanaşı, Azərbaycanın təbliğatını apardıq.
- Maraqlıdır ki, orada Azərbaycanı tanıyırlarmı?
-CAR-da Azərbaycanı tanımırlar. Hətta Qafqazı tanımırlar. Onların Azərbaycanı tanımamasının səbəbi CAR-da təbliğatın zəif olması deyil. Çünki orada bir çoxları üçün dünya elə Afrika qitəsindən ibarətdir. Həmçinin Afrikada ovçuluq sahəsi çox inkişaf edib. Afrikalılara görə ovçuluq yüksək səviyyəli insanların peşəsidir. Hansı ölkədən ora ov üçün gedirlər, o ölkəni daha çox tanıyırlar və qiymətləndirirlər. Bəlkə də Azərbaycandan ora dünyada tanınmış ovçu getmədiyinə görə, bizim ölkəni kifayət qədər tanımırlar. Amma birdən-birə azərbaycanlı ovçunun gəlib belə yüksək nəticə göstərməsi onları təəccübləndirdi.
- Hər hansı ovçu harasa ova gedəndə bir istəklə gedir. Siz də CAR turunda öz istəyinizə çatdınızmı?
-CAR-da istəyimə tam olaraq çatdıq. Mənim əsas məqsədim odur ki,xaricdə, sahəsindən asılı olmayaraq, üzdə olan hər bir azərbaycanlının dünya miqyasında səviyyəsini görüb, onu mübahisəsiz qəbul etsinlər. Xaricdə mən həm də Azərbaycanam. Bir ovçu olaraq mən xaricdə həm də ölkəmin təmsilçisiyəm. Bu səfərimizin də məqsədi, həmişəki kimi, konkret olaraq təbliğat xarakteri daşıyırdı.
- Sizi orada hansı keyfiyyətlərinizə görə belə hörmətlə qəbul etdilər?
- İnsanın gücü və keyfiyyəti ancaq onun gördüyü işlərə görə ölçülür. Bütün dünyada ancaq buna görə insana qiymət verirlər. Bizi də məhz bu vaxta qədər etdiklərimizə görə yüksək səviyyədə qəbul etdilər. Bizim etdiklərimiz yaşımıza sığmır. Başqaları bizim gördüyümüz işləri etmək üçün yüz il vaxt istəyir. Bu bir həqiqətdir. Çünki az bir vaxtda heç kim bu qədər ölkəni fəth edə bilməz. Biz harasa turist kimi getmirik. Söhbət ov etməkdən, Azərbaycanı tanıtmaqdan gedir. Bizə vacib olan odur ki, getdiyimiz ölkənin ən reytinqli bir-iki adamına ölkəmizi tanıdım. Çünki elə insanların sözü keçərlidir. Ümumiyyətlə, insanın sözünün qəbul olunması üçün onun hörməti vacibdir.
- Turizm mövsümü açılır. Bu mövsümdə gələn turistlərin ovçuluğa marağı necədir?
- Bu il ov həddindən artıq çox olacaq. Ovçuluq deyəndə orada heyvanı vurmaq nəzərdə tutulmur. Biz onları turist kimi qəbul edib Azərbaycan təbiətini göstəririk. Bunlar gəlib Azərbaycanda şəhəri görürlər. Bizim də məqsədimiz odur ki, tanınmış insanlar gələndə Azərbaycanın insan ayağı dəyməyən yerlərini görsünlər. Biz proqram qururuq. Azərbaycanı göstəririk, beşulduzlu hotellərdə qalırlar, sonra gedib dağı da görürlər. Bununla da Azərbaycandakı inkişaf və şəraitlə ilə tanış olurlar. Necə mən gedib CAR da gördüm, elə də mən onları Azərbaycanla tanış edirəm. Belə olanda, necə deyərlər, onların Azərbaycana qayıtması üçün ürəklərinin bir parçası burada qalır. Azərbaycana sevgi yaranandan sonra, onlar növbəti il hökmən yenə bura gələcəklər.
- Tanınmışlardan Azərbaycana kimin gəlməyi gözlənilir?
- Bizim qonaqlar mənim dəvətimlə Azərbaycana gəlirlər. Biz vaxtı gözləyirik. O vaxt da artıq çatıb. Biz bunları deyəcəyik. Çünki planda çox iş və çox adam var. Biz onların gəlməyinə qədər bir söz deyə bilmirik. Bu istiqamətdə iş gedir. Biz bunun nəticəsini sentyabr ayında elan edəcəyik. O zaman kimlərin gəlib-getdiyini, onlara necə qulluq etdiyimizi, həmçinin onların Azərbaycan haqqında təəssüratlarını qeyd edəcəyik.
- Bu gün dünyanın reytinqli ovçularının əsas hansı regionda ov etmək marağı var?
- Burada müəyyən reytinqlər var. Baxır kim və o hansı heyvana ov edir. Məsələn, bizdə olan dağkeçisi turu Rusiyada da var. Ona görə Rusiyaya gedirlər.
- Ümumiyyətlə, bu gün Azərbaycan dünya ovçuları üçün nə dərəcədə maraqlı ölkədir?
- Azərbaycan dünyanın reytinqli ovçuları üçün həddindən artıq maraqlı ölkədir. Məsələn, dünya ovçularının reytinqlərini yüksəltmək üçün ovlamaq istədikləri keçinin biri Azərbaycandadır. Bir də dünya quşlarının miqrasiyası Azərbaycandan keçir. Məsələn, ördəyin 25-30 növü Azərbaycandan keçir. Buna görə də Avropa və Asiya ölkələrinin ovçuları Azərbaycanda ov etməyə maraq göstərirlər. Rusiyanın özündə quş çox olmasına baxmayaraq, onlar da Azərbaycanda ov etməyə maraq göstərirlər. Azərbaycan təbiəti, həqiqətən, ovçuluq üçün ağlagəlməz dərəcədə əlverişlidir.Hansı ölkə nəyə maraq göstərir. Biz hökmən ona uyğun qulluq etməliyik. Bu da turist sayının artması üçün vacib amildir. Dünyada Azərbaycanın ov baxımından üstünlüyü çoxdur. Çünki Azərbaycanda ov sahəsində biz varıq. Biz Safari Ov Klubu Azərbaycan olaraq dünyaya səs salırıq.
banner

Oxşar Xəbərlər