Canəli Əkbərov gəncliyində həkim olub

Canəli Əkbərov gəncliyində həkim olub

Müsahibə
19 Noyabr 2012, 18:19 7040
Canəli Əkbərovla çoxdandır razılaşdırılan görüşümüz neçə illərdir muğam kafedrası müdiri qismində gənc muğamatçılar yetişdirdiyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində oldu. Xalq artisti, professor, Şərəf və Şöhrət ordenləri sahibi... Bu qədər yüksək mükafaftlar adətən uzun və çətin yaradıcılıq püxtələşməsinin nəticəsində əldə edilir. Əldə edilməsində də məsələn, bəxt ulduzuna, tamaşaçı rəğbətinə inam, yaxud da bir gün qədəm basılan yoldan bir daha ayrılmağa qoymayan başqa, bəlkə daha mühüm amil yardım olur... Bunlar haqqında professor Canəli Əkbərovla söhbətləşdik.

- Yaradıcılıq yolunuz haradan başladı?

- 1940-cı ildə Lənkəranda anadan olmuşam. Atam Xanəli Əkbərov tanınmış xanəndə olub, çox nüfuzlu muğamatçı Kərbəlayi Ağaməhəmmədin oğludur. Bizim nəsildə oxumaq istedadı atadan oğula keçir. Mənim üç qardaşım estrada müğənnisi oldu. Mən də gözüm açılandan evdə muğam dinləmişəm və getdikcə tamamilə muğamın sehrinə düşdüm. Birinci müəllimim olan atam toylarda oxuyar və məni də tez-tez oraya aparardı. Beləcə, muğam qəlbimə hopurdu, amma gələcək həyatımın seçimi olacağını hələ dərk etmirdim.

- Musiqi məktəbində təhsil almısınız?

- Musiqi məktəbində muğamı öyrətmirlər, orada xüsusi musiqi təhsili verirlər. Mən birinci ixtisasımı tibb məktəbində almışam, məzun olub bir müddət çox savadlı həkimlərlə çalışdım. Atamın qəti sözlərilə yanaşı, məni muğama yönəltmiş bu hər cür hörmətə layiq insanları rastıma çıxardığına görə bəxtimdən çox razıyam.

- Yəni?

- Həmin həkimlərdən biri Bakıdakı müşavirədə eşitmişdi ki, Azərbaycan komsomol MK-sı xəttilə III Respublika Gənc İfaçılar Müsabiqəsi keçiriləcək, bu barədə atama xəbər verdi. Uşaqlıqdan gözəl, avazlı səsim olduğuna görə mənim yaxşı gələcəyim olduğu güman edilə bilərdi. Məhz buna görə də məni həmişə oxumağa həvəsləndirən atam müsabiqə xəbərini alan kimi məni Bakıya apardı.
Müsabiqənin münsifləri heyətində Mütəllim Mütəllimov, Seyid Şuşinski, Qurban Primov, Xan Şuşinski, Bəhram Mansurov kimi respublikanın görkəmli incəsənət ustaları əyləşmişdilər. Münsiflərin sədri də Səid Rüstəmovdu. Mən muğam ifaçılığı nominasiyasında iştirak etdim. Finalda sıradankənar bir “Zərb muğam” oxuyub səs çoxluğu ilə qızıl medala və qalib diplomuna layiq görüldüm. Belə ki, evə kefi kök qayıtdım.

- Deməli, muğam sənətini sonradan öyrənməyə başladınız?

- Bəli, 23 yaşımda. Sənədlərimi aparıb Asəf Zeynallı adına Musiqi Məktəbinə (indiki Bakı Musiqi Koleji) verdim. Qəbul imtahanı zamanı Seyid Şuşinski, Mütəllim Mütəllimov və Əhməd Bakıxanov tərəfindən dinləndim. Seyid Şuşinski respublikanın ilk peşəkar muğam müəllimi olub, tələbələr ona öz aralarında ehtiramla “ağa” deyirdilər. Bütün imtahanlardan “əla” alıb muğam ifaçılığı bölməsinə qəbul olundum. Bir gün tələbə ikən Əhməd Bakıxanov məni dinləmək üçün evlərinə çağırmışdı. Yadımdadır, bir neçə muğam oxuyandan sonra kədərlə “Təəsüf, min təəssüf ki, Cabbar Qaryağdıoğlu səni eşitmir. Razı qalardı. Səsini qorumalısan” dedi. Onun tapşırığı ilə ertəsi gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının musiqi redaktoru, respublikanın əməkdar artisti Əliağa Quliyevin yanına getdim. Əliağa müəllim məni çox mehriban qarşıladı, məni kimin göndərdiyini öyrənən kimi də bədii şuranı topladı. Şura məni dinləyib filarmoniyanın solisti vəzifəsinə işə qəbul etdi.
Bununla yanaşı, 1969-cu ildən Xan Şuşinskinin rəhbərlik etdiyi Bakı Muğam Studiyasına gedirdim. Elə həmin dövrdə “Melodiya” ümumittifaq qramofon yazısı şirkətində maestro Niyazi ilə dərviş və aşıq Səlim partiyalarını ifa etdiyim Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasını yazdırdıq. Filarmoniyada isə 1975-ci ilədək işlədim.

- O vaxt opera səhnəsində hələ çıxış etmirdiniz?

- O zaman eyni vaxtda iki yerdə işləməyə qoymurdular. Amma 1975-ci ildə məni köçürmə ilə Azərbaycan Dövlət Opera və Balet Teatrına göndərdilər. Bu qədim sənət ocağımızın xalq musiqisinin böyük bilicisi, sənətşünaslıq doktoru, SSRİ xalq artisti, professor Mehdi Məmmədovun rəhbərlik etdiyi bədii şurası məni Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasında İbn Salam roluna təsdiq etdi. Sonralar Müslüm Maqomayevin “Şah İsmayıl” operasında şah İsmayıl, Üzeyir bəyin “Əsli və Kərəm” operasında Kərəm, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasında Qərib, Şəfiqə Axundovanın “Gəlin qayası” operasında Camal, bir də “Leyli və Məcnun”da Məcnun partiyalarını ifa etmişəm. Bu partiyada 30 dəfə səhnəyə çıxmışam. Eyni zamanda solo konsertlərdə də çıxış etmişəm...

- Xarici səfərlərə də getmisiniz...

- Əlbəttə. 1978-ci ildə Səmərqənddə Beynəlxalq Muğam Simpoziumu keçirildi. Azərbaycan nümayəndə heyətinə əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Konservatoriyasının rektoru professor Elmira Abbasova rəhbərlik edirdi. Simpozium çərçivəsində muğamatçılar müsabiqəsi də keçirildi. Orada “Bayatı Şiraz” muğamını oxuyub birinci yerə layiq görüldüm. Təşkilat komitəsinin sədri mənə mükafatı təqdim edərkən “budur Bülbül məktəbi!” dedi. Yadımdadır, sarısaçlı, mötəbər görkəmli bir nəfər daim nümayəndə heyətimizin ətrafında var-gəl edirdi. Sonradan öyrəndik ki, bu, məşhur sovet bəstəkarı Vladimir Zakdır. Məni görcək dedi: “Muğama gözümü siz açdınız!” Yanında dayanmış Daşkənd Dövlət Konservatoriyasının rektoru Məmmədcan Məmmədcanov da əlavə etdi: “Bəli, bu, Səmərqənddə Bülbülə şah deyib!” Sovet dövründə Polşa, Fransa, Almaniya, Avstriya, İran, İraq, Liviya kimi bir çox ölkələrdə olmuşam. ADR-dəki (Şərqi Almaniya) Azərbaycan Günlərində o dövrün böyük sənətkarları Müslüm Maqomayev və Lüdmila Zıkina ilə bir səhnədə oxumuşam. 1983-cü ildə Polad Bülbüloğlu ilə birlikdə İsveçin Falun şəhərində Beynəlxalq Etnik Musiqi Festivalında 48 ölkə nümayəndələrilə yanaşı iştirak etdik. Həmin ilin noyabr ayında “Muzıkalnaya jizn” jurnalı bizim çıxışımız barədə yazırdı: “Azərbaycanlı xanəndə tamaşaçıları ağladıb”.

- İndiyədək xatırladığınız, xüsusilə yaddaqalan görüşləriniz olubmu?

- Qastrol səfərlərində bir çox maraqlı, bəzən məşhur, böyük insanlarla qarşılaşırsan... 1987-ci ildə SSRİ Bəstəkarlar İttifaqının sədri Tixon Xrennikovun təşəbbüsü ilə Moskvada Mirzə Şeyxin iştirak etdiyi etnoqrafik konsert keçirildi. Orada mən mikrofonsuz-filansız “Mirzə Hüseyn segahı”nı və “Qarabağ şikəstəsi”ni oxudum. Məni Azərbaycan xalq artistləri tarda Sərvər İbrahimov, kamançada Tələt Bakıxanov müşaiyət edirdilər. O çıxışdan sonra mənə SSRİ Bəstəkarlar İttifaqının fəxri fərmanı təqdim edildi. 1989-cu ildə isə Yaltada SSRİ xalq artisti, bəstəkar Aleksandra Paxmutova xüsusi minnətdarlıq əlaməti kimi mənə üstünü yazdığı avtobioqrafik kitabını bağışlamışdı. Ümumiyyətlə, qastrol səfərlərim zamanı taleyi mənimkinə oxşayan bir çox maraqlı yaradıcı insanla rastlaşmışam. Biz Yer kürəsinin hər yerinə öz xalq musiqimizin sədalarını daşıyır, müxtəlif xalqları öz milli mədəniyyətimizlə tanış edir, sülh və əmin-amanlıq elçiləri olmuşduq.

- Uzun illərin təcrübəsini ötürdüyünüz tələbələriniz varmı?

- 1992-ci ildən Bakı Musiqi Kollejində muğam ifaçılığından dərs deməyə başladım. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, elmi şurasının üzvü, Muğam ifaçılığı kafedrasının müdiriyəm. 20 il ərzində neçə nəsil muğamatçı yetişdirmişəm. Bunlardan Gülyaz və Gülyanaq Məmmədovaların, Gülhar Həsənovanın, Mələkxanım Əyyubovanın, Bəsti Sevdiyevanın, Zabit Nəbizadənin, Mənsum İbrahimovun, Babək Niftəliyevin, Sahib İbrahimovun, Ehtiram Hüseynovun adlarını çəkə bilərəm. Bu gün onlar xalq və əməkdar artistdirlər, özləri muğam ifaçılığından dərs deyirlər. Mən də layiqli tələbələr yetişdirib xanəndələrimizin nəsil ardıcıllığını qoruyub saxladığımla fəxr edirəm.

- Şəxsi mənada muğamın hansı cəhətləri Sizə əzizdir?

- Muğam mənəvi kamillik yoludur. Onunla bircə təmasla Allahın hər şeydə var olduğunu dərk edirsən. Muğam həm də əsrlərin içindən bizə gəlib çıxan milli sərvətimizdir. İnsan duyğularının mübhəm çalarlarını aşkar edən muğam gündəlik məişətdən tutmuş, kainatın qanunlarınadək hər şeyi özündə əks etdirir. Yalnız muğam bu fani dünyanın mahiyyətini üzə çıxara, insana kamillik, həqiqi xoşbəxtlik yolunu göstərə bilər.

Nelli Atəşgah