• cümə, 29 Mart, 10:53
  • Baku Bakı 5°C

Camal Kaşıkçı hadisəsi dünya siyasətinə necə təsir göstərəcək?

18.10.18 19:22 576
Camal Kaşıkçı hadisəsi dünya siyasətinə necə təsir göstərəcək?
Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda "yoxa çıxan” jurnalist Camal Kaşıkçı ilə bağlı qalmaqal getdikcə böyüyür. Bir sıra media orqanları onun Səudiyyə Ərəbistanından gələn 15 nəfərlik heyət tərəfindən öldürüldüyünü iddia edir. Bu hadisə Səudiyyə Ərəbistanı ilə tərəfdaş olan ABŞ və digər qərb ölkələrini çətin vəziyyətə salıb. Hətta bir neçə gün öncə BMT rəhbərliyi tərəfindən Səudiyyə Ərəbistanının cəzalandırılması ilə bağlı bəyanatlar verildi. Lakin ABŞ prezidenti Donald Tramp ölkəsinin Şərq regionunda ən yaxın tərəfdaşlarından biri Səudiyyə Ərəbistanı ilə münasibətlərini pozmayacağını bəyan etdi. Bu da ABŞ daxilində Trampa qarşı qüvvələri hərəkətə gətirib. Əgər Səudiyyə Ərəbistanına qarşı sanksiyalar tətbiq edilərsə, bu, dünya siyasətində nizamın dəyişməsinə gətirib çıxara bilərmi? Onu da unutmayaq ki, Səudiyyə Ərəbistanının kralı hədə dolu bəyanatında bildirib ki, ölkəsinə qarşı tətbiq olunacaq sanksiya dünya iqtisadiyyatını iflic edəcək. Məsələ ilə bağlı politoloqların fikirlərini öyrəndik.


Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxovbildirdi ki, səudiyyəli jurnalistlə bağlı yayılan məlumatlar acınacaqlı bir faktdır: "Heç nədə günahı olmayan bir jurnalisti diplomatik nümayəndəlikdə qətlə yetiriblər. Əlbəttə, bu hadisə cəzasız qalmamalıdır. Sadəcə olaraq, bu faktı Səudiyyə Ərəbistanı öz boynuna götürmürsə, deməli, işçilərini özü cəzalandırmalıdır. Digər tərəfdən, Türkiyə bu məsələyə reaksiya verməlidir və əminəm ki, belə də olacaq. Çünki məhz Türkiyə ərazisində toxunulmazlıqdan istifadə edərək belə hərəkətə yol verilir. Bu, beynəlxalq hüquq normalarına zidd olduğu qədər, həm də qeyri-insani rəftardır. Eyni zamanda aparıcı dövlətlər də öz sözünü deyəcək. Əminəm ki, ABŞ hansısa bir addım atacaq. Amma onu da yaddan çıxarmayaq ki, ABŞ-Səudiyyə Ərəbistanı münasibətləri artıq dərəcədə yaxındır. İndiki halda Səudiyyə Ərəbistanı dünyanı neftlə təmin edən ölkələrin birincisidir və həmin regionda Amerikanın yaxın müttəfiqidir. Bu özü-özlüyündə digər dövlətlərdə də reaksiya yaratmalıdır. Ancaq burada bir şərt var ki, jurnalistin öldürülməsi faktı sübuta yetirilməlidir. Sübut olunsa, beynəlxalq ictimaiyyət, təşkilatlar buna reaksiya verməlidir. Belə olan halda, Səudiyyə Ərəbistanı, onun diplomatik rəhbərliyi və xüsusilə konsulluqda çalışan diplomatlar cəzalandırılmalıdır”.
F.Sadıxov Səudiyyə Ərəbistanının cəzalandırılmasının radikal xarakterli olacağını düşünmədiyini diqqətə çatdırdı: "Çünki Səudiyyə Ərəbistanı elə bir dövlətdir ki, bir çox aparıcı dövlətlər ondan faydalanır. BMT-yə də rəhbərlik edənlər məhz aparıcı dövlətlərdir. Bu baxımdan düşünmürəm ki, hansısa ciddi cəza veriləcək, sadəcə, görüntü xarakterli addımlar atılacaq. Onu da qeyd edim ki, bu hadisə, Yaxın Şərq regionuna heç bir təsir göstərməyəcək. Sadəcə olaraq, Səudiyyə Ərəbistanı ilə münasibətdə olan dövlətlər bundan sonra daha ehtiyatlı olacaqlar”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, bu hadisə həqiqətən də ABŞ-ı çətin vəziyyətə salıb: "Amerika rəhbərliyi bu olayı pislədiyini bəyan edir. Ancaq Səudiyyə Ərəbistanı ilə 100 milyarddan çox silah satışı ilə bağlı anlaşması var. ABŞ bildirir ki, əgər biz bu silahları satmasaq, Səudiyyə Ərəbistanı oxşar silahları Rusiya və Çindən ala bilər. Məhz bu səbəbdən də münasibətləri korlamaq istəmədiklərini bəyan edirlər. Bundan başqa ABŞ-da Trampa qarşı güclü müxalifət var. Trampı sıxışdırmaq üçün Demokratlar Partiyasının əlinə yaxşı bir fürsət düşüb və onlar hər zaman qeyd edirlər ki, ABŞ üçün insan haqları məsələsi birinci yerdə olub. Onu da qeyd edim ki, 6 noyabrda Amerikada aralıq seçkilər var və bu seçkilərdə Trampı sıxışdırmağa çalışacaqlar. Amma bütövlükdə, düşünmürəm ki, Tramp Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqdan imtina etsin. Amma konqresdə Rusiya və İrana qarşı sanksiyalar tətbiq edilirsə, eyni "fəaliyyəti” göstərən Səudiyyə Ərəbistanına qarşı da qadağalar həyata keçirilməlidir. Belə bir sanksiya qəbul olunsa, Səudiyyə Ərəbistanı yönünü Rusiya və Çinə çevirə bilər. Bu da Amerikanın maraqlarına xidmət etmir. Amma dünyanın gözü qarşısında cinayət hadisəsi baş verib və buna da hansısa bir şəkildə reaksiya verilməlidir. Səudiyyə kralının bu işdə əlinin olduğuna dair ciddi ehtimallar var. Ola bilər ki, kral bu işi öz üzərindən atmaq üçün hadisəni ölkə daxilində müəyyən qrupların etdiyini desin. Kral bu hadisə ilə ona da zərbə vurulduğunu qeyd edərək, bunu həyata keçirən 15 nəfəri həbsə məhkum edə bilər. Bununla da vəziyyətdən çıxar. Amma mən inanmıram ki, Amerika və ya Avropa ölkələri Səudiyyə Ərəbistanına qarşı hansısa sanksiyalar həyata keçirə bilərlər. Çünki bu ölkə varlıdır və digər dövlətlərin onunla iqtisadi-ticarət əməkdaşlığı var”.
E.Şahinoğlu BMT-nin Səudiyyə Ərəbistanının cəzalandırılması ilə bağlı çağırışlarına da toxunaraq vurğuladı ki, beynəlxalq qurum olaraq bunu deməli idilər: "Yəni hadisə baş verib və gözlərini yuma bilməzlər. Amma zamanla bu hadisəni unutmağa da çalışacaqlar. Çünki təkrarən deyim ki, Səudiyyə Ərəbistanı sıradan bir ölkə deyil və baş vermiş hadisəyə hər hansı şəkildə reaksiya verməlidirlər. Bu reaksiyalar ondan ibarətdir ki, Səudiyyə Ərəbistanı cəzalandırılmalıdır, ona qarşı sanksiyalar tətbiq edilməlidir. Amma hələ ki, hər hansı ölkə sanksiya tətbiq etməyib. Başqa bir dövlət olsaydı, o anda sanksiyalar tətbiq edilərdi. Lakin Səudiyyə Ərəbistanı Amerikanın bölgədəki əsas müttəfiqlərindən biridir, ona görə də əməkdaşlıqdan asanlıqla imtina edə bilməzlər. Onu da qeyd edim ki, bu hadisənin Yaxın Şərqdəki proseslərə elə də ciddi təsiri olacağına inanmıram. Çünki bu regionda hələ də müharibələr davam edir və həmin Səudiyyə Ərəbistanı Yəməni bombalayır, Qətərlə də münasibətləri gərgindir. Sadəcə, bu hadisə Türkiyə və Qərblə münasibətləri az da olsa, soyuda bilər”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər