• cümə, 29 Mart, 13:34
  • Baku Bakı 14°C

Caharşah Art House

05.11.18 14:15 1925
Caharşah Art House
Gülbəs xanımla Şirvanşahlar sarayının önündə görüşürük. Hava günəşlidir. Turistlər dodaqlarına "pendir” yığıb gülümsəyirlər. Budur, qələbəliyin arxasında qısaboylu, eynəkli bir qız: Gülbəs Ayvaz. Mənim qolum payız yarpağı kimi asta-asta havada yellənib işarə edir.
– Burdayam. Burdayam. Burdayam.
Gülbəs iri eynəklərinin arxasından havada yellənən qolumu qəfil tutur. Və ikimiz də ayaqlarımızı bu dar küçələrin "ixtiyarına verib” "Caharşah Art House”a doğru addımlayırıq.
– Bir xəstəlik növü var, adını unutdum. Qapalı yerlərdə insan özünü narahat hiss eləyir, məsələn, liftdə. Məncə, həmin xəstəliyi olan adamlar bu küçələrdə rahat yeriyə bilməzlər. Təsəvvür elə, gedirsən, gedirsən, yol bitmir. Həm də bu labirint kimi iç-içə küçələr... Yol bitmədikcə sənin içindən də özgə yollar ayrılmağa başlayır və bilmirsən, bilmirsən bu yollar səni hara aparacaq. Ancaq içində səni naməlumluğa aparan yol daha doğmadır, bilirsən niyə, çünki o yol genişdir, uzundur, bu küçələr kimi deyil. Amma "İncil”də deyilir ki...
Söhbətin bu yerində Caharşaha çatırıq. Əvvəl çantamı, yəni "bədənimin bir hissəsini” çəkib canımdan çıxarıram. İstidən gözlərim rəngini dəyişib. Amma hava içəridə sərindir. Bir stəkan soyuq su ilə əhvalım düzəlir. Bəli, üç otaqlı geniş bir mənzil. Sağdakı otaq emalatxanadır. Bunu içəridəki tör-töküntüdən hiss edirəm. Təxmin etdiyiniz kimi öncə bu otağa baş çəkirəm. Nədənsə yaradıcı insanların mətbəxi mənə yaradıcı nümunənin özündən daha maraqlı gəlir. Boyalı fırçalar, yarımçıq rəsmlər, döşəmədə darıxa-darıxa gözləyən şüşələr və s. Hamısı üzümə zillənib məni salamlayır. Ancaq daha bir hadisə: Masanın üzərində Orxan Pamuk romanı. Həm də, ən sevdiyim "Qara kitab”. Gülbəs xanım diqqətlə kitaba baxdığımı görüb verilməyən sualı cavablandırıb, məni qabaqlayır.
– Çox mürəkkəbdir. Oxumaqda çətinlik çəkirəm.
Və bir daha hələ dilimdə bişməkdə olan sual məndən əvvəl müsahibimə agah olur.
– Bəli, əksər yaxşı romanlar çətin oxunur.
Hiss edirəm ki, Gülbəs xanım mənim yerimə özünə cavabları hazır suallar ünvanlayır. Ancaq məsələ həmin romandan gedirsə o zaman danışmaq üçün içimdəki səsi qabaqlamalıyam.
– Müəllif kitabın içinə hər şeyi əlavə eləmək istəyir. Təbii ki, bu mümkün deyil. Bu təsnifatı müəllifin niyyəti təyin edir. Müəllifin nəzərdə tutduğu budursa və heç olmasa az-çox əks etdirə bilirsə, deməli, məsələ həll olub. Bu ənənə Borxesdən gəlir.
– Pamuk həm də rəssam idi.
– Məncə, o da belə bir məkan açmaq istəyərdi.
Sonuncu dialoqdan sonra ikimiz də gülümsəyirik. Pəncərəni açırıq və ağappaq işıq icazəsiz-filansız içəri dolur. Eksponatlara baxıram. Hədiyyəlik əşyalar lal baxışlarla üzümə zillənir. Elə bil bu baxışların arxasınca asta-asta sevdiklərinin adını pıçıldayırlar və bununla xatırladırlar ki, bizi al, yoxsa bu adların hamısı səndən inciyəcək. Biz? Elə biz də inciyəcəyik.
Buradakı ən maraqlı əşyalar çaxır şüşələrinin üzərindəki rəsmlər idi. Üzərinə müxtəlif sahələrdə adını tarixə yazdırmış şəxsiyyətlərin şəkli həkk olunub. Bu şüşələri uyğun qiymətə alıb evinizin intellektual atmosferini daha da yüksəldə bilərsiniz. Həmçinin, öz sevdiklərinizin də şəklini həmin şüşələrin üzərində görmək imkanınız var. Sadəcə az-çox qiymətdə fərq olacaq.
– Əcnəbilər məkanı ziyarət edir?
– Hə, daha çox əcnəbilər gəlir. Yerlilər internet üzərindən sifarişlərini verirlər, hazır olanda da gəlib əşyanı götürürlər. O vaxt həm də məkanı görürlər və çox zaman daha öncə bura gəlmədiklərinə görə peşman olurlar. Əcnəbilər isə küçəni keçərkən kənardan içərinin atmosferini hiss edən kimi yaxınlaşıb maraqlanırlar, şəkillər çəkirlər, bəzən də xatirəlik əşyalar alırlar.
Söhbətimiz zamanı Gülbəs mənə daha bir əhvalat danışdı. Belə hadisələr mənim üçün olduqca maraqlıdır. Hadisə yaxın zamanlarda baş verib. Bir rus qadını. Yaşı qırx olmazmış. Müsahibimin dediyinə görə tək gəlmişdi. Nədənsə çantasını möhkəm qucaqlamışdı.
– Çanta qadının qollarının arasında iri, yumşaq, sulu əzgilə bənzəyirmiş. (Hələ də bu detalın niyə müsahibimin yadında belə qəribə formada və dəqiqliklə qalmağı məndə təəccüb doğurur) .
Qadın sarışınmış. Xoş siması, gülümsər üzü ilə məkanı axtarır.
– "Yəqin, bir yaxını üçün hədiyyəlik əşyalar axtarır”. Müsahibim fikirləşir. O zaman heç yaxınlaşmağa dəyməz. Qoy rahat seçsin, sonra özü bizə yaxınlaşar. (Müsahibim bunları danışarkən hiss edirəm ki, əslində çox yorğun imiş və maraqlanmağa ərinirmiş).
Beləcə bir neçə dəqiqə sonra digər otaqda qadının hönkürtüləri eşidilməyə başlayır.
– "Elə bil, kənar otaqda kimsə yüksək səslə, şit formada qəhqəhə çəkməyə çalışır. Bu səs yalnız cəhd zamanı çıxa bilərdi. Birdə elə bil, kişi qəhqəhəsinə bənzəyirdi”. Müsahibim ilk olaraq bunları düşünür.
Tələsik kənar otağa keçir. Budur, qadın dizlərini yerə atıb hönkürtüylə ağlayır.
– Qəhqəhə ilə hönkürtünü səhv saldığıma görə özümə əsəbiləşdim, ancaq özümü itirmədim, qadının qoluna girdim və biz digər otağa keçdik. Masada əyləşdi. Ona soyuq su verdim. (Bu zaman Gülbəsin gözü əlimdəki stəkana sürüşür və hiss edirəm ki, su həmin qadına mənim əlimdəki stəkanda verilmişdi).
Qadın sakitləşir və daha sonra öz əhvalatını danışmağa başlayır. Əri vəfat etmişdi. Qadının barmağındakı üzüyün izi görünürdü. Gülbəs xanım, hadisənin yaxınlarda baş verdiyini burdan hiss etmişdi. Birdə gözləri dərin bir quyunu xatırladırdı. Lap Məlikməmmədin düşdüyü quyu kimi. O biri ucunda fövqəladə ağrılar hiss olunan bir cür durbin. Yalnız sevən birisi bu cür baxa bilərdi. Gülbəs xanım ovcunu çənəsinə çəkib mənə bunları dedi.
Nazim Hikmətin şüşə üzərindəki rəsmi onun həyat yoldaşına bənzəyirmiş. Mavi gözləri ərinin eynisi. Hətta saçlarını da rəsmdəki kimi pərişanmış.
– Onun rəsmini görəndə elə bildim ki, ölmüşəm. Qadın suyundan bir qurtum içir. Və davam edir.
– Şəkillərini ölümündən bir ay sonra yandırdım. Keçmiş amansızdır. Adamı qarabaqara izləyir. Sonra əşyalar. Əşyaların üzərində onun əl izlərini görürdüm. Elə bil hər şeydən onun qoxusu gəlirdi. Elə indicə qarşımda idi. Həmin an yalnız ölüm haqqında düşündüm. Onun mənə ölümü xatırladacağı yatsam yuxuma girməzdi.
Beləcə qadın səndirləyə-səndirləyə oradan çıxır və Gülbəs xanım onu bir daha görmür.
O baş verən bu hadisənin təsirindən uzun müddət çıxa bilməyib. Elə indi də mənə danışarkən hiss edirdim ki, eynəkləri "böyüməyə” başlayıb. Aranı sakitləşdirmək üçün tamam başqa bir mövzuya keçirəm. Görəsən, müsahibimizin rəsmə marağı haçandan yaranıb?
– Uşaqlıqdan. Atamın təşəbbüsü ilə. O, mənə güvəndi, rəsmə, sənətə həvəsləndirdi, mən də arxasınca getdim.
– Yəqin ki, əvvəl yaxınlarının rəsmini çəkməyə başlamısan?
– Hə, amma heç biri bu gün məndə yoxdur. Bilmirəm, nədənsə onların rəsmini yaxşı alındıra bilmirəm. Ya da mənə belə gəlir. Məncə, öz doğmalarımın rəsmini istədiyim kimi çəkmək üçün daha çox təcrübəli olmalıyam. O rəsmləri nə zaman istədiyim kimi çəksəm, deməli, içimdəki həqiqəti də tapmış olacağam. İnsan belədir, ən yaxınındakını çətin qavrayır...
Bu əsnada Gülbəs xanıma zəng gəlir və söhbətimiz yarımçıq kəsilir. Müştərilərdən biri məkanın yerini tapmaqda çətinlik çəkir. Buna görə rəssam dostumuz müştərini qarşılamaq üçün məkandan çıxır, buraları da mənə tapşırır. Mənsə rəfdəki kitablara cumuram. Burda kiçik, amma dəyərli kitablarla zəngin kitabxana da var. Başım həmin kitabxanaya qarışmışkən bir anda girişdəki səsdən diksinib həyata qayıdıram. Yapon turistlər? Hə, qıyıq gözlü dostlarımız bizi ziyarətə gəlib. Gülümsəyirlər və mən bu zaman öz-özümə deyirəm:
– Yer üzündə hamıya aid ortaq bir dil varsa, o yalnız və yalnız təbəssüm ola bilər.
Uzaq Şərqdən gələn qonaqlarımızın gülüşünü aldığım kimi geri qaytarıram. Ünsiyyətimiz isə mənim sınıq-salxaq ingiliscəmlə baş tutur.
Məkanı bəyəniblər. Bundan çox şad oluram. Əşyalar haqqında danışıram. Onlar razılıqla və bəzən heyrətlə məni dinləyirlər. Budur, yenə şüşələrin qarşısındayıq. Xanımlardan biri barmağını uzadıb Lev Tolstoyu göstərir və dilinin altında "Anna Karenina” deyir. Digəri Van Qoqa köklənir. Bir-biri ilə Van Qoq haqqında uzun-uzun söhbətləşirlər. Arada mən unuduluram və məsum-məsum heç nə anlamadan onları izləyirəm. Beləcə, söhbət daha da qızışır və mübahisə edə-edə astaca qarşımdan keçib burdan ayrılırlar.
Əllərimi ovuşdura-ovuşdura içəri otağa keçirəm. Həyat, doğrudan da, qəribədir. Bir azdan Gülbəs xanım qayıdır. Müştəri də burdadır. Hündür boy, saqqalı bir oğlan. Gülbəs xanım emalatxana olan otağa girib, başı əşyanı qablaşdırmağa qarışıb. Kənardan baxıram. Şüşənin üzərində qadın rəsmi. Məsələ məlum oldu. Budəfəki səhnəmizin də mərkəzində eşq. Ancaq, deyəsən, oğlanın əhvalı yaxşı deyildi. Nəsə özünü narahat hiss edirdi. Yaxınlaşıb kefini soruşdum:
– Klostrofobiya. Əclaf xəstəlikdir. Bir az sıx yerdə qalan kimi əhvalım pozulur. İçərişəhərin küçələri də, bilirsiniz də. Dar. Gedirsən, elə hey gedirsən, gedirsən yol bitmir. Yol bitmədikcə adamın içindən özgə yollar uzanmağa başlayır. Gözünü yummaq istəyirsən. İstəyirsən nəhəng bir səhra təsəvvür edəsən, bomboş ətraf, geniş səma, ancaq ayağının altında laxlayan daşlar səni yenidən İçərişəhərə, bu dar küçələrə qaytarır. Ən çətini bilirsiniz nədir?
Astaca əyilib qulağıma dedi.
– Bu cür xəstəliklə kimisə sevmək. Ən çətini bax budur.
Orxan Həsəni
banner

Oxşar Xəbərlər