• cümə axşamı, 25 aprel, 15:56
  • Baku Bakı 23°C

Üç mədəniyyətin şəhəri - Fotolar

10.04.19 12:45 1494
Üç mədəniyyətin şəhəri - Fotolar
Madridə səyahət edənlər İspaniyanın görülməsi tövsiyə edilən şəhərləri sırasında Toledo şəhərini təkcə yaxınlığına görə deyil, həm də tarixiliyinə görə seçirlər. Paytaxtdan təxminən 70 kilometrlik məsafədə yerləşən şəhərə hər yarım saatdan bir avtobuslar hərəkət edir. 10 avroya gediş-dönüş bileti aldıqdan sonra komfortlu avtobusla Toledaya nə zaman çatdığının fərqinə belə varmırsan. Ekskursiya avtobusları isə 25 avroyadır. Həmçinin 20 avro ödəməklə qatarla gedib qayıtmaq olur.
Toledo İspaniyanın qədim paytaxtıdır. İspaniyanın mərkəzi hissəsində, Tixo çayının üzərində yerləşir. Toledo və Kastiliya - La-Mança əyalətinin paytaxtı sayılır. İspaniyanın tarixini və mədəniyyətini özündə əks etdirən şəhər 1986-cı ildə YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilib. Bu şəhər İspaniyada dünya turistlərinin ən çox səfər etdiyi yerdir.

Toledonun tarixi elə İspaniyanın tarixidir. "Toletum” adlı şəhər eramızın ikinci əsrindən - Roma sərkərdəsi Mark Fluvi tərəfindən zəbt ediləndən sonra məlum olub. Şəhər sərkərdənin "Toledo- kiçik şəhər, amma müdafiə üçün ən uyğun yer” cümləsini xarakterizə edib.

Ərəblərin gəlişinə qədər Toledo kral şəhəri olub. Müsəlman şəhəri Tolaytola 1085-ci ildə xristian Toledoya çevrilib. Priney xristianları - əsasən ispanlar və portuqallar tərəfindən zəbt ediləndən sonra Toledo İspaniyanın paytaxtına çevrilib. Şəhəri haqlı olaraq "üç mədəniyyətin şəhəri” adlandırırlar. Yəhudilərə, xristianlara və müsəlmanlara ev sahibliyi edən şəhərin hər yerində üç mədəniyyətin izlərinə rast gəlinir.

İmperiya şəhəri tədricən öz mövqeyini itirərək yerini Valyadilidə, daha sonra Madridə verib. Buna görə şəhər İspaniya tarixi və mədəniyyəti üçün vacib məkan olaraq qalıb. Bu gün şəhərin 80 minə yaxın əhalisi var. Muzey-şəhər bizim günümüzə qədər İspaniya orta əsrlər şəhərinin cizgilərini qoruyub saxlayır. Taxo çayının sahilinə çıxan kimi tarixinin sirlərini və şəhərin ruhunu duymaq mümkündür.

Açıq səma altında muzey
"Puerto de Bisagra” tarixi darvazasından keçib şəhərə daxil olandan sonra sanki qarşında səhifələri vərəqlənən kitab açılır. Bu darvaza 1085-ci ildən Alfonso qapısı kimi tanınır. Qapı ərəbcə "Bab-əl-Saqra” adlanır. Üzərində islam dövrünə aid elementler yer alıb. Hesab edilir ki, kral qoşunları məhz bu darvazadan şəhərə daxil olaraq, Toledonu mavr imperiyasından azad ediblər. Qapıdan keçən kimi İspaniya kralı V Karlosun abidəsi gələnləri qarşılayır. Darvaza məhz bu kralın əmri ilə inşa edilib. Arxitekturası isə Verqarlara aiddir. Ata Nikolas de Verqar darvazanın tikintisinə başlayıb, oglu isə 1575-ci ildə işi başa çatdırıb. Bisaqra darvazası şəhərin əsas giriş qapısı olsa da, yeganə deyil. Müqəddəs Martin körpüsünün yanından şəhərin digər darvazası görünür. Bu körpü isə ərəblərin dövründə tikilib. Qala divarlarına oxşayan divarları diqqət çəkir. Körpü dəfələrlə dağıdılsa da, yenidən bərpa edilərək əvvəlki görkəminə qaytarılıb.

Şəhərin içərisinə irəlilədikcə, yaşı əsrlərlə ölçülən tarixi tikililər bir-birini əvəzləyir. Hündürlüyü 120 metr olan Kafedral da şəhərin simvollarındır. Kafedralın oxşarı Fransada yerləşən Burqs kafedralıdır. Qotika üslubunda inşa edilən Kafedralın əsası 1226-cı ildə Kastiliya və Leon kralı III Ferdinand tərəfindən qoyulub, inşası isə 1493-cü ildə tamamlanıb.


Qotik arxitekturası şəhərin əsas simvollarındandır. Dar küçələr, qənbər daşı döşənən qədim yollar isə yəhudi məhəlləsinə - şəhərin tarixi hissəsinə aparır. Tarixi şəhərin fərqli cazibəsi var. Gəzdikcə, "Toledonu hədər yerə "açıq səma altında muzey” adlandırmırlar”- deyə düşünürsən. Şəhərin mərkəzi qala divarları ilə əhatələnmiş, orta əsrlər dövrü abidələrinin ansamblından ibarətdir. Burada hər ev demək olar ki, aid olduğu dövrü xatırladır. Ərəblərin izləri isə daha qabarıqdır. Bunu dekorativ elementlər, binaların fraqmentləri, arkaların quruluşundan sezmək mümkündür. Unikal abidələr və şəhərin xüsusi ab-havası dünya turistlərini bura cəlb edir. Şəhərin dar küçələri paytaxt olduğu dövrləri xatırladır. Mağazalarda, suvenir dükanlarında "Don Kixotlar”la rastlaşmaq mümkündür.

Toledoda turizm infrastrukturu mükəmməl qurulub. Xidmət sektorunun fəaliyyəti xüsusilə diqqət çəkir.


Toledonun küçələrində turistlərin əlindən tərpənmək olmur. Hətta restoranların və kafelərin qarşısında uzun-uzadı növbələr var. "Bəlkə bu şəhərdə restoranlar azdır” - deyə düşünəndə, "yox, turistlər hədsiz dərəcədə çoxdur” cavabını eşidirsın. Hətta restoranlarda yerlər qabaqcadan sifariş olunur. Bölgənin dadlı yeməklərindən isə heç kəs imtina etmir.

Restoranlarda balıq məhsulları, ət yeməkləri ilə zəngin menyular təqdim olunur. İspan şərabından isə bütün turistlər dadır. Ənənəvi yeməklərdən biri qızardılmış ət və ağ paxladır. Məsələn, yağda bişirilən qızardılmış quzu əti pomidor, sarımsaq, paxla və kartofla birlikdə təqdim olunur. Kartof omletini də dadmağa dəyər. Dəniz məhsullarından ibarət, isti tavada verilən yeməklər də bölgənin mətbəxini xarakterizə edir.

Toledonun kilsələrindən birinin qarşısında yerli gənclərin nikah mərasimini izləyirik. Gənclər kilsədən çıxanda başlarına gül ləçəkləri atılır, bütün qohum-əqrəba qucaqlaşıb öpüşür, gənclərə xoşbəxtlik arzulayır. Ailə şəkilləri çəkilir, sonra isə toyu qeyd etmək üçün restorana yola düşürlər. Əslində, mərasimdə qeyri-adilik olmasa da, yerli adət-ənənəni görmək bizim üçün maraqlı bir xatirəyə çevrilir.

İspanlar istiqanlı millətdirlər. Qışqıra-qışqıra, əl-qolla danışaraq diqqəti daha çox özlərinə yönəldirlər. Ətrafda kimlərin olmasında o qədər maraqlı deyillər. Ancaq hansısa bir sualına laqeyd qalmır, mütləq cavablandırırlar. İspanlar ingilis dilini, demək olar ki bilmirlər. Gənclər arasında da ingilis dilində danışmaq kütləvi marağa çevrilməyib. Heç dil bilgilərinin olmamasından sıxılmırlar da, əksinə, özlərini rahat hiss edir, gülərək "bilmirəm” deyə çiyinlərini çəkirlər. Nə dükan-bazarda, nə nəqliyyatda, nə restoran-kafedə ingilis dilini bilən ispana rast gəlmək olur. Bu, onların qarşısına tələb kimi də qoyulmur. Bu tendensiyanı təkcə Madriddə deyil, Toledoda da müşahidə etdik.

Turizmin hesabına

Toledo sakinləri daha çox turizmin hesabına yaşayırlar. Bu şəhərdə hər şey turizmə hesablanıb. Səhər tezdən dükanlar, restoranlar, kafelər, muzeylər açılaraq turistlərin yolunu gözləyir. Turistlər isə avtobuslarla axın-axın gələrək bu tarixi şəhərin sükutunu pozur, özləri ilə maraqlı xatirələr aparırlar.

Toledoda alış-veriş etmək üçün böyük moll-ar, ticarət mərkəzləri gözə dəymir. Şəhərin küçələrində yalnız suvenir dükanları var. Satılan mallar o qədər də ucuz deyil. Hərçənd, "Toledodan yadigar qalsın” deyə turistlər kiçik də olsa bir suvenir almaqdan imtina etmirlər. Amma dükanların vitrinlərindən görünən pendir çeşidləri, kolbasa və qurudulmuş ət məhsullarının qiymətləri o qədər bahadır ki, çoxları onları yalnız muzey eksponatı kimi seyr etməklə kifayətlənirlər. Turistik şəhər olduğundan, qiymətlər də turistlərdən qazanılacaq gəlirə hesablanır.

Toledoya gələn turistlər əsasən bu şəhərdə gecələmirlər. Kiçik ərazisi olduğundan gəzib-görmək üçün bir gün kifayət edir. Baxmayaraq ki, bu şəhərdə hər cibə uyğun otellər fəaliyyət göstərir. Üzü axşama doğru turist axını şəhərə dinclik verərək geri dönür. Amma hər kəs "yaxşı ki, bu şəhəri gördüm” deyə özü ilə maraqlı təəssüratlar aparır.

Təranə Məhərrəmova
Madrid-Toledo





banner

Oxşar Xəbərlər