• cümə, 29 Mart, 19:13
  • Baku Bakı 14°C

Üç Çingizdən biri

29.04.19 14:00 2139
Üç Çingizdən biri
Xalq yazıçısı, əsərləri bütün dünyada məşhur Çingiz Abdullayevin 60 yaşı tamam olur və mən buna qətiyyən inanmıram, çünki onu gördüyüm ilk gündən (səksəninci illərin axırlarından) bu adam zahirən heç dəyişməyib. Amma altmış yaş gerçəkdir.
Mən Çingiz Abdullayev haqqında düşünəndə ədəbiyyat dünyasının daha iki nəhəng Çingizi gözlərimin qarşısına gəlir – Düynyaca şöhrətli Çingiz Aytmatov və yazıçı-ədəbiyyatşünas Çingiz Hüseynov. Amma bu Çingiz də o Çingizlərdən geri qalmır. Dünya Çingiz Aytmatovu tanıdığı və sevdiyi kimi Çingiz Abdullayevi də tanıyır və sevir.
Çingiz Abdullayev istər Azərbaycanda, istərsə də onun hüdudlarından çox-çox kənarda məşhur olan yazıçıdır və ən adi kəmiyyət hesablaması imkan verir deyim ki, indiyə qədər heç bir Azərbaycan yazıçısı öz əsərlərinin çapına görə dünya oxucularını bu qədər fəth etməyib.
Çingiz Abdullayev Azərbaycan ədəbiyyatında detektiv janrın populyarlaşmasında böyük rol oynadı. Beləliklə, dünyada çox populyar olan, amma Azərbaycanda o qədər də maraq kəsb etməyən detektiv janrı bizim ədəbiyyatda öz yerini tutdu. Və bundan sonra Azərbaycan detektivi bir janr kimi boy göstərdi.
Detektiv janrının yaranması XIX əsrin sonundan başlayır. Onun yaradıcısı Amerika yazıçısı Edqar Alan Podur. Onun detektiv əsərlərindən sonra Avropa ədəbiyyatında bu janr inkişaf etməyə başladı. Artur Konan-Doyl, Gilbert Çesterton, Aqata Kristi, Jorj Simenon kimi detektiv ustaları meydana gəldi. Təbii ki, bu janrın da özünə görə fərqli xüsusiyyətləri var, çünki hər kriminal süjetli əsəri detektiv saymaq olmaz. Bu tipli əsərlərdə də kriminal faktlarla yanaşı, psixoloji təsvirlər, insanları cinayətə sürükləyən səbəblər diqqəti cəlb etməlidir. İlk detektivlərdə – onları tədqiqatçılar "hermetik detektivlər” adlandırmışlar – hadisələr kiçik bir məkanda baş verir, sonra getdikcə şaxələnir-müxtəlif faktlar, versiyalar meydana çıxır, bu müddətdə yazıçı öz qəhrəmanlarının psixoloji durumunu da nəzərə çarpdırır. "Əgər yazıçı qəhrəmanlarının xarakteristikasını, insanlar arasındakı münasibətlərin psixoloji təsvirini verməsə, insanı cinayətə sövq edən səbəblərin dərinliklərinə getməsə, yalnız kriminalist faktların təsviriylə kifayətlənsə, nə qədər maraqlı olsa da, bu cür əsər oxucunun mənəvi tələbatını ödəyə bilmədiyinə mütaliə bitəndən sonra tezliklə unudulacaq” (İlqar Fəhmi) Hər bir detektiv yazıçının əsərlərində konkret qəhrəmanlar təmsil olunur – Şerlok Holms komissar Meqre, Niro Vulf, Puaro kimi detektiv qəhrəmanları hamımıza məlumdur. Çingiz Ablullayevin də belə bir qəhrəmanı Dronqodur. Dronqo – quş adıdır, təbiətdə çox az rast gəlinin kiçik bir quşun adı. Çingiz Abdullayev hansı bir əsərindəsə yazır ki, Dronqo əslən bakılıdır. Yazıçı-publisit İlqar Fəhmi yazır: "Dronqo obrazının milyonlarla oxucu tərəfindən sevilməsinin bir səbəbi də öz sələfi olan detektiv qəhrəmanlarının bir çox müsbət keyfiyyətlərini özündə birləşdirməsidir. Şerlok Holmsın qüsursuz detektiv düşüncəsi, Komissar Meqrenin melanxolizmi, Erkül Puaronun zərif centlmentliyi, Peri Meysonun cazibədarlığı, Ceyms Bondun cəsarəti – Çingiz Abdullayev öz qəhrəmanını yaradanda ifrata varmamaq prinsipi ilə bu keyfiyyətlərdən çox gözəl şəkildə istifadə etməyi bacarıb. Lakin bu heç də o demək deyil ki, Dronqo obrazında özünəməxsus heç nə yoxdur, bəli, Dronqo bütün adıçəkilən qəhrəmanlara oxşayır, amma eyni zamanda, onların heç birinə oxşamır».
Çingiz Abdullayev elə ilk romanından – "Mavi mələklər”dən başlayaraq Dronqonu ağıllı, dünyada baş verən ictimai-siyasi hadisələrə obyektiv münasibətini gizlətməyən bir obraz kimi təsvir elədi, onu təkcə cinayətlərin izinə düşən bir qəhrəman kimi deyil, həmçinin düşünən, düşündürən obraz kimi təqdim elədi. Çingiz Abdullayev müasir dünya ədəbiyyatında siyasi detektivlərin yaradıcılarından biri kimi daha çox şöhrət qazanıb: özü də bu siyasi məzmunlu detektivlərin əksəriyyətinin mövzusu Azərbaycanla bağlıdır – "Qanın üç rəngi”, "Payız madriqalı”, "Ləğv edilmiş mərasim”, "Alçaqların qanunu”, "Kriminal komediya”, «Şəxsi həyatın etüdləri», «Şərəfsizliyin qiyməti», «İn6san ovu», «Nifrət okeanı»… Lakin Çingiz Abdullayevi dünya ədəbiyyatında siyasi detektivin banilərindən biri kimi təqdim etmək onun yaradıcılığı haqqında məhdud fikir yaratmış olarıq. Çingiz Abdullayev detektivin bütün növlərinə müraciət edir – məsələn, «Eramızın əvvəlindəki sui-qəsd» tarixi detektivdir, «Cəhənnəmdən keçid», «Öz dünyanı yarat» klassik detektivdir, «Məhkumların cənnəti» psixoloji detektivdir. Bu əsərlərin heç birində Çingiz Abdullayev oxucuları əyləndirmək məqsədi güdmür.
Çingiz Abdullayev ixtisasca hüquqşünasdır, 1981-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq elmləri doktorudur. 1989-cu ilə qədər öz ixtisas üzrə fəaliyyət göstərib. 1989-cu ildə isə Azərbaycan Yazıçılar Birliyinin katibi seçilib. Düz otuz ildir ki. Çingiz Abdullayev bu vəzifədə çalışır və Azərbaycan yazıçılarının hüsn-rəğbətini qazanıb Xalq yazıçısı Anar onun haqqında yazır ki: «Çingizin ədəbi istedadına hörmət etməklə yanaşı, onun insani keyfiyyətlərini də yüksək qiymətləndirirəm. Xeyirxahlıq, gülərüzlülük, dostluqda etibar, prinsipiallıq və sayıqlıq, köməyə ehtiyacı olanlara əl uzatmaq, böyüklərə hörmətlə yanaşmaq bu keyfiyyətlərdəndir». Mərhum şairimiz Vaqif Səmədoğlu isə yazırdı: «Mən onun qədər zəhmətkeş, deyərdim ki, zəhmət fədaisi görməmişəm. O, demək olar ki, yatanda da kiçik kompüteri noutbuk ilə yatır. Çingizin pərəstişkarları çoxdur, yalnız Azərbaycanda və keçmiş SSRİ məkanında yox, deyərdim ki, bütün dünya miqyasında Çingiz Abdullayev yaradıc=ılığını analitik dərəcədə sevən oxucu var».
Çingiz Abdullayev rusca yazır, amma onun bir çox romanları artıq doğma dilimizə də çevrilmişdir. Arzu edək ki, onun tərcüməçilərinin də sayı çoxalsın, bütün Azərbaycan oxucuları Çinciz Abdullayevin digər əsərlərini öz doğma dillərində oxusunlar. O, əlli yaşına çatmamış «Xalq yazıçısı» fəxri adına layiq görüldü. Ən cavan «Xalq yazıçısı» oldu. Biz ona yaradıcılığının altmışdan sonrakı mərhələsində yeni romanlar yazmağı, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmağı arzulayırıq!

VAQİF YUSİFLİ




banner

Oxşar Xəbərlər