• cümə, 19 Aprel, 15:43
  • Baku Bakı 25°C

Üç illik "atəşkəs"i "silah paytaxtı"nda pozan gənc - Portret

23.11.19 10:00 2371
Üç illik "atəşkəs"i "silah paytaxtı"nda pozan gənc - Portret
Onun Rusiya tatamisində göstərdiyi şücaət dərsliklərə düşəcək səviyyədə idi
Adəti üzrə, böyüklər və digər yaş qruplarının qitə və dünya çempionatları başa çatdıqdan sonra 23 yaşadək cüdoçular arasında da qitə sınağı baş tutdu. Rusiyanın İjevsk şəhərində keçirilən Avropa çempionatının yekunlarının millimiz üçün uğurlu olduğunu deyə bilərik. Sayca 17-ci belə yarışa yalnız oğlanlardan ibarət olmaqla, 9 nəfərlik heyətlə qatılan yığmamız, bir qızıl, bir gümüş medalla komanda hesabında ilk "beşliy"i qapadı. Belə ki, ilk gündə mübarizə aparan Nurlan Osmanov(66 kq) yalnız rusiyalı rəqibinə uduzaraq, fəxri kürsünün ikinci pilləsinə qalxdısa, növbəti gündə 73 kiloqramda çıxış edən Rəşid Məmmədəliyev çempionatın əsas favoriti sayılan şimal qonşularımızın təmsilçisini də üstələyib, üç illik aradan sonra Azərbaycana U-23 Avropa birinciliyinin baş mükafatını gətirdi. Artıq ölkə cüdosunun ən önəmli simalarından birinə çevrilən Hidayət Heydərovun 2016-cı ildə İsraildə qazandığı analoji uğuru təkrarlayan çempionumuzla yaxından tanış olmaq istəyirsinizsə, diqqətiniz bizdə olsun.

Futbol, basketbol... - nəhayət, cüdo

İjevsk qəhrəmanımız, 21 aprel 2000-ci ildə Bakıda anadan olub. Cüdo ilə 9 yaşından məşğul olan çempion, onadək qısa fasilələrlə bir müddət idman gimnastikası, futbol, basketbol və karateyə gedib. Belə ki, Elnur Məmmədlinin Pekin zəfərindən sonra övladlarını cüdoya yazdırmağa həvəslənən yüzlərlə valideyn kimi, Rəşidin də atası oğlunu Azərbaycanda çox populyar olan bu döyüş təliminin sıralarına qoşub. Beləcə, bunadək getdiyi bütün növlərdə heç cür duruş gətirməyən balaca Rəşid, özünü cüdoda tapır. Yeddi ilə yaxın "Lider" idman klubunun kiçik cüdo zalında məşq edirsə, 16 yaşından ölkənin ən prestijli cüdo klublarından hesab olunan, cüdomuza Rüstəm Orucov, Elmar Qasımov, Orxan Səfərov kimi parlaq simaları qazandırmış "Atilla"ya keçir. Lakin Məmmədəliyevin yeniyetməlik dövrü nəzərəçarpacaq nailiyyətlərlə yadda qalmayıb. Avropa çempionumuzun hesabında aşağı yaş kateqoriyası üzrə ölkə birinciliklərinin bircə medalının olmaması maraqlı faktdır, hər halda.


Silsilə uğursuzluqlar

"Bu günədək məni ən çox təəssüfləndirən hal öz səhvim ucbatından yeniyetmələr arasında son Avropa birinciliyini qaçırmağımdır" deyən Məmmədəliyev, cari ilə təsadüf edən gənclər arasında ilk qitə çempionatında da uğursuzluqla üzləşib. Finlandiyada keçirilən sözügedən yarışda o, ilk görüşdəcə ev sahibinə uduzaraq, medal şansını itirib. Bunadək isə Rəşid 2016-2017-ci illərdə Antalyada təşkil edilən yeniyetmələrin Avropa kuboku, habelə, cari ilin aprel və iyun aylarında, müvafiq olaraq, İtaliya və Avstriyada keçirilən gənclərin qitə kubokunda iştirak etsə də, sonda əliboş qalıb. Maraq üçün qeyd edək ki, o, bu yarışlarda adətən elə ilk mərhələlərdəcə uduzduğundan, bürünc medal uğrunda mübarizə aparmaq şansı belə, qazanmayıb. İjevskədək baş verən bütün bu uğursuzluqların arasında üz güldürən bir məqam var ki, o da elə bu ilin avqustunda keçirilən 23 yaşadək cüdoçular arasında Azərbaycan çempionatındakı birincilikdir.

Özü də inanmırmış...

Açıq danışsaq, Məmmədəliyevin AÇ-də "qızıl" medal qazanacağını heç kim proqnozlaşdırmırdı. Hər halda, reytinqdə ilk "200-lük"də də qərarlaşmayan bir cüdoçunun qələbəsi istənilən yarışın əsas sensasiyası kimi qəbul edilməlidir. Yeri gəlmişkən, bu, onun özü üçün də sürpriz olub: "Davamlı uğursuzluqlar özümə qarşı inamsızlıq hissi formalaşdırmışdı. Yarışa yola düşənədək ümidsiz əhval-ruhiyyədə idim. Açığı, heç məşqlərdə də özümü normal göstərə bilmirdim. Amma çempionatın ab-havası mənə yaxşı təsir elədi. Qarşıma məqsəd qoydum ki, nəhayət, özümü göstərəcəyəm. Görüşdən görüşə gücümə inamım artırdı. Hər qələbədən sonra özümə "bu rəqibi məğlub etdimsə, niyə də onu keçməyim" sualını verirdim.

Çempionluq üçün 33 dəqiqə 23 saniyə!

19 yaşlı Məmmədəliyevin Rusiyanın "silah paytaxtı"nda göstərdiyi şücaət dərsliklərə düşəcək səviyyədə idi. Keçirdiyi beş görüşün üçünü "ippon"la başa vuran Rəşid, qələbələrindən dördünü yorucu "qızıl xal"da qazandı. Yarımfinalda moldovalı rəqibinin müqavimətini 10 dəqiqənin tamamında qırdısa, rusiyalı Ayub Xajaliyevi 6 dəqiqə 48 saniyə davam edən mübarizənin yekununda "gümüş"lə barışmağa vadar etdi. Ümumilikdə, beş görüşə 33 dəqiqə 23 saniyə sərf edərək, qalibiyyət sevinci yaşamaq dünya cüdosunda nadir haldır. Görünür, Məmmədəliyev bu yarışa özünü psixoloji cəhətdən yetərincə güclü, uzun illərin təcrübəsini daşıyan idmançılara xas ustalıqla hazırlayıbmış.

Kifayət , Hidayət və Rəşid

Yuxarıda vurğuladığımız kimi, İjevskdə keçirilən AÇ sayca 17-ci idi. İlk dəfə 2003-cü ildə Ermənistanda təşkil olunan bu yarışda iştirak etməmişdiksə, növbəti il Sloveniyada ilk "qızıl"a sevinmişdik. Azərbaycan qadın cüdosunun gəlmiş-keçmiş ən uğurlu nümayəndəsi Kifayət Qasımova 57 kiloqram çəkidə medal hesabımızı açmışdı. Lakin sonrakı 12 il ərzində bir neçə dəfə əsas hədəfə yaxınlaşsaq da, yekun nəticədə digər əyyarlı mükafatlarla kifayətlənmişdik. Beləliklə, Hidayət Heydərovdan üç il sonra analoji uğuru təkrarlayan Rəşid Məmmədəliyev, 23 yaşadək cüdoçular arasında tarixdə sayca üçüncü Avropa çempionumuzdur.

"Çempionluğumu o seçimlərə borcluyam"

Rəşidi, hələ bir il də gənclər arasında yarışlarda izləyə bilərik. İjevskdəki zəfər sayəsində özünəinamını əhəmiyyətli dərəcədə bərpa edən cüdoçumuz, növbəti ildə, sadəcə gənclərin deyil, böyüklərin mübarizəsində də adından söz etdirmək gücündədir. Ehtiyatlı, bir az da təvazökar açıqlamaları ilə diqqət çəksə də, 23 yaşlılar arasında Avropa çempionluğu kifayət qədər ciddi nailiyyətdir. Ardını gətirmək, tezliklə uğurları sıralamaq üçün yetərincə potensialı var. Onu da nəzərə alaq ki, Məmmədəliyevin çıxış etdiyi və yaxın gələcəkdə dəyişmək niyyətində olmadığı 73 kiloqram Azərbaycan cüdosunda ən uğurlu çəki dərəcəsidir. İki olimpiada, üç DÇ finalı, bir o qədər də qitə çempionluğu. Bu da 19 yaşlı Rəşid üçün bir stimuldur. Əlbəttə, hazırda Rüstəm Orucov, Hidayət Heydərov, Telman Vəliyev kimi cüdoçuları bir araya gətirən, üstəlik, tez-tez yeni istedadların üzə çıxmasına adət etdiyimiz 73 kiloqramda "1 nömrə" olmaq üçün hələ çox tər tökmək lazımdır. "Həmişə özümdən xeyli güclülərlə sınaqçı-rəqib olmağa can atıram" deyən Rəşid, görünür, indidən özünü böyük rəqabətlərə hazırlayır: "Məşqlərdə özümü çox yükləyirdim. Adətən özümdən güclü, qat-qat təcrübəli cüdoçularla sınaqçı-rəqib olurdum. Aramızdakı fərqi nə qədər başa düşsəm də, istər-istəməz pessimizmə qapılırdım. Lakin indi istəyimə çatmışamsa, bunu o seçimlərə borcluyam. Çəkidəki böyük rəqabət məni qorxutmur, əksinə, güc verir. Bu gün başabaş güləşdiyim bəzi yerli uşaqlar var ki, vaxtilə düşünürdüm, görəsən, onlara az da olsa müqavimət göstərə bilərəmmi?!"


Orucov və Ononu kumir seçən gənc

Rusiya tatamisində 33 dəqiqə duruş gətirməsi, fiziki hazırlığının nə qədər yaxşı olduğuna dəlalət edir. Texniki bacarıqlarına görə də fərqləndirilən Məmmədəliyev, adətən yaxa-qol və iki qol tutuşunda güləşməyə üstünlük verir. Cüdoda ən baxımlılardan sayılan "ippon seoi-nage" (yaxa-qol tutuşundan çiyin üzərinə gətirilən rəqibin yüksək amplituda ilə tatamiyə vurulması) və "karyaqa" isə "kral" fəndləridir.

Əfsanəvi rusiyalı güləşçi, üçqat olimpiya çempionu Buvaysar Saytiyev uşaqlıq, müasir Azərbaycan cüdosunun ən parlaq siması Rüstəm Orucov və onun əzəli rəqibi, dünya cüdosunun olmazsa-olmazlarından sayılan Şohey Ono isə bugünkü kumirləridir. Hər iki cüdoçunun onun potensial rəqibi olduğunu və qarşıdakı bir neçə ildə çəkisini dəyişmək niyyətində olmadığını nəzərə alsaq, yaxın gələcəkdə Rəşidi onlarla üz-üzə görə bilərik.

Portret

"Tokio 2020" onun üçün sadəcə, əlçatmazdır. Rüstəm Orucov və Hidayət Heydərovun "ölüm-dirim" savaşına girdiyi olimpiya lisenziyasından nəinki Məmmədəliyev, digər - daha təcrübəli cüdoçular da çoxdan əlini üzüb. Hədəf, amal Paris olimpiadasıdır. Yeri gəlmişkən, Rəşidi, xarakter baxımından elə Rüstəm Orucova bənzədirlər. Eynilə onun kimi davamiyyətli, ambisiyalı olduğu vurğulanır. Odur ki, "yeni ulduzumuz yetişir" deməkdə çox tərəddüd etməyək.
Sahib


banner

Oxşar Xəbərlər