Üç dövlət üçün səmərəli təşəbbüs
Rusiyanın paytaxtı Moskvada "Parlamentskaya
qazeta”da Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunan "Rusiya-Azərbaycan
münasibətləri: 25 il dostluq və qarşılıqlı sərfəli əməkdaşlıq” adlı dəyirmi
masa keçirilib. Dəyirmi masada iştirak edən Dövlət Dumasının deputatı,
Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev
Rusiya-Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun yaradılmasının
gündəmdə olduğunu söyləyib. O, Azərbaycanın Rusiya ilə Türkiyə arasında əlaqələrin
möhkəmlənməsində vasitəçi rolunu qeyd edərək deyib ki, Liberal Demokrat
Partiyasının lideri Vladimir Jirinovskinin Türkiyəyə səfəri zamanı
Rusiya-Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr qrupunun yaradılması məsələsi
müzakirə olunub. D.Savelyev bildirib ki, Türkiyə və Azərbaycan tərəfi də buna
razılıq verib. Onun sözlərinə görə, qrupun ilk iclasının Bakıda keçirilməsi
planlaşdırılıb.
"Mehribanlaşma, yaxınlaşma hər üç dövlət üçün
faydalı ola bilər”
Milli Məclisin deputatı, Azərbaycan-Rusiya
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Çingiz Qənizadə mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib
ki, belə dostluq qruplarının yaradılması hər zaman müsbət nəticəsini verib.
Onun fikrincə, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyevin belə bir
fikir səsləndirməsi, eyni zamanda Rusiya-Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr
qrupunun yaradılması da, gələcəkdə hər üç ölkə arasında münasibətlərə müsbət təsir
göstərəcək, bu regionda hər üç dövlətin əlaqələrini daha da inkişaf etdirəcək:
"Ayrı-ayrı deputatların öz fikirlərini məhz bu dostluq qrupunda səsləndirməsi,
müzakirələrin aparılması, səsləndirilən fikirlərə qarşı cavabların verilməsi,
yaxşı ideyaların həyata keçirilməsi istiqamətində işçi qrupların yaradılması və
sair kimi hadisələri müşahidə edə bilərik. Təbii ki, bütün bunlar müsbət hadisələr
kimi yadda qalacaq. Dövlətlər arasında belə sıx münasibətlərin formalaşması
növbəti mərhələdə iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi, siyasi
müstəvidə hansısa addımların atılması, eləcə də bu ölkələrin ərazisindəki müəyyən
problemlərin həll olunması ilə müşayiət oluna bilər. Bu baxımdan üçtərəfli
parlamentlərarası dostluq qrupunun yaradılması hər üç dövlət üçün səmərəli ola
bilər. Bu yaxınlarda İran-Rusiya-Azərbaycan münasibətlərinin tənzimlənməsi və
bu çərçivədə Bakıda keçirilən üçtərəfli görüş bu dövlətlər, o cümlədən sadə vətəndaşlar
arasında böyük sevinc hissi ilə qarşılandı. Bundan irəli gələrək, bir sıra
addımlar atılmaqdadır ki, bu da hər üç dövlət arasında qarşılıqlı münasibətlərin
inkişafına ancaq töhfə verəcək. Ona görə də Rusiya-Türkiyə-Azərbaycan
parlamentlərarası əlaqələr qrupunun yaradılmasına da bu kontekstdən yanaşır,
müsbət qarşılayıram. Mehribanlaşma, yaxınlaşma hər üç dövlət üçün faydalı ola
bilər”.
"Bu münasibətlərdə Azərbaycanın da yer alması
strateji maraqlarımıza uyğundur”
Milli Məclisin
deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun
üzvü, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı da qəzetimizə açıqlamsında Rusiya Dövlət Dumasının
deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri
D.Savelyevin səsləndirdiyi fikirləri müsbət qarşılayıb. Deyib ki, hazırda
Türkiyə-Rusiya-Azərbaycan arasında üçtərəfli münasibətlərin daha da inkişaf
etdirilməsi üçün intensiv proseslər gedir: "Türkiyə-Rusiya münasibətlərinin bərpası
və inkişafında hər iki dövlət başçısının maraqları, səyləri ortadadır. Azərbaycan
isə həm Rusiya, həm də strateji tərəfdaşımız Türkiyə ilə yüksək səviyyədə əməkdaşlıq
əlaqələri qurub. Hər iki dövlətlə ölkəmiz arasında hər hansı problem yoxdur.
Belə olan halda, Rusiya-Türkiyə münasibətlərinin inkişafı avtomatik olaraq Azərbaycanın
da bu proseslərin içərisində yer alması ilə nəticələnir. Beləliklə,
Moskva-Ankara-Bakı üçlüyünün yaranması günün tələbinə çevrilir. Ona görə də
rusiyalı deputatın səsləndirdiyi fikirləri təsadüfi saymır, belə bir əməkdaşlığın,
parlamentlərarası əlaqələr qrupunun yaradılmasını zərurət kimi qəbul edirəm.
Çünki, dünyada baş verən proseslər də bunu diktə edir. Rusiya-Türkiyə arasında
münasibətlərin qurulması və bu münasibətlərdə Azərbaycanın da yer alması
strateji maraqlarımıza uyğundur. Fikrimcə, bu münasibətlər gələcəkdə Azərbaycanın
işğal altındakı ərazilərinin azad edilməsinə də ciddi təsirlər göstərə bilər”.
Rufik
İSMAYILOV