• cümə, 29 Mart, 16:11
  • Baku Bakı 14°C

Üç dəfə dirilmək

11.11.16 15:10 2541
Üç dəfə dirilmək
Bəzən oturub düşünürəm ki, görəsən, numerologiya nə qədər doğru elmi yanaşma təqdim edir bizə? Elmin insanın mifik təsəvvürləri ilə həmahəng olduğu 16-cı əsrdən sonrakı dövr dünyadakı klassik və qəlibləşmiş təsəvvürləri də bərkitdi. Məsələn, insana kosmik yanaşmanı önəmli sayan Qərb filosofları "insan kainatın bir hissəsidir” deyəndə tibbə təkan verdi. Elm və təsəvvürlər bundan həm qalib, həm də məğlub obrazla çıxdı. Meteohəssaslıq araşdırıldı, revmatizm və uzun illər insanın göy səthindəki maqnit qasırğalarına bioloji reaksiyası müəyyən olundu. Digər tərəfdən, astronomiya inkişaf etdi. İndi bəşər insanı Marsda süni yaşam koloniyaları salmaq üçün beynin sərhədlərini keçir. Amma həm də kosmiklik insanın təbiətdən uzaqlaşması ilə nəticələnir, ulduz falı və astroloji "proqnozlar” günlük həyatında fərdin diqqətini yayındırır. Eləcə də numerologiya... Baxıb görürsən ki, rəqəmlərin antoqonizmini izah edən qədim yunan idealizmi, Misir və Çin fəlsəfəsi, təkmil sufizm və hüruflik, tarixin böyük bir kandarında illərlə nə qədər anlamsız məsələlərlə məşğul olub. Qərbdə vəziyyət heç də pis olmadı, çünki onlar ulduzlar sisteminin mahiyyətini həll etməyə çalışdığı kimi, rəqəmləri də hesablama sistemlərində öyrənməyə daha çox vərdiş etdilər. Necə ki, bu gün Qərbin ən nüfuzlu media qurumlarında demək olar, ulduz falı adlı nəsnəyə yer verilmədiyi halda, Şərqdə nüfuzlu media qurumlarının astroloji proqnoza həsr edilən böyük bir səhifəsinə rast gələ bilərik. Eləcə də rəqəmlərin rasionalizmlə əlaqəsini təhlil edən alimlərdən fərqli olaraq müsəlman Şərqində hələ də "altı şeytan rəqəmidir”, "yeddi rəqəmində ilahi bir anlam var” inancı möhkəmdir.
Elə bu barədə düşünərkən anladım ki, bizdə də atalar həmişə üçdən deyir. Hə, bir də həmişə nağıllarımızın sonunda göydən üç alma düşür. Nağıl danışan yəhudi əsilli nənəmə dəfələrlə uşaq olanda sual verirdim ki, niyə məsələn, göydən dörd alma düşmür? Bəlkə almanın biri də ikinci dinləyici üçün olmalı idi. Axı adətən bacım da o nağılları dinləyirdi. Bu suala heç vaxt cavab verilmədi.
İnsanlıq tarixinin inkişaf mənzərəsini də elə bu baxımdan qruplaşdıra bilərik. Tarixə sistemli yanaşmaq elmi təfəkkürün imkanlarını genişləndirir. Biz hansısa uzun və keşməkeşli hadisələri öz əqlimizdə bu prizmadan dəyərləndirə bilmərik bəlkə də... Sadəcə, fikir sayının nə qədər və neçə, təsəvvür, yoxsa təxəyyüldə tətbiq olunmağından asılı olmayaraq, ya öldürür, ya yaşadır.
Bir də lap üç dəfə demişkən, birinci Rene Dekart "düşünürəmsə, deməli, mövcudam” dedi. Düşünmək həyatın elementi oldu. Texniki bilgilərin nəfəs və sağlam orqanizmi katalizator saydığı həyat göstəricisində düşüncə də bir yaşayış elementi kimi insan təfəkkürünə yeridildi. Jan Pol Sartrın ekzistensialist fəlsəfədən bütün dünya şüuruna hakim kəsilən "insan azadlığa məhkumdur” möhürü ikinci addım oldu.
Necə adlandırdığımızdan asılı olmayaraq, nömrələmədən rasionallıq bütün dünyanın çıxış yoludur, Qərb və Şərq əl-ələ verməsə, yaxın yüz ildə daha göydən almaların düşdüyü nağılların danışılacağı bir dünya da qalmayacaq.
Tural İsmayılov
banner

Oxşar Xəbərlər