• şənbə, 20 Aprel, 07:59
  • Baku Bakı 14°C

Böyüyən fabrik və zavodlar, artan istehsal, yeni müəssisələr...

19.07.14 08:47 11625
Böyüyən fabrik və zavodlar, artan istehsal, yeni müəssisələr...
Azərbaycan Respublikası prezidentinin sərəncamına əsasən 2014-cü ilin sənaye ilə elan olunması ilə əlaqədar olaraq İqtisadiyyat və Sənaye Nazirliyi jurnalistlərin sənaye müəssisələrinə turlarını təşkil edir. Xatırladaq ki, ilk tur bir müddət əvvəl Sumqayıt Texnologiyalar Pakına olub. İkinci tur isə Suraxanı və Xəzər rayonları ərazisində yerləşən “Titan Grup” Sənaye Şirkətlər Birliyinə və “ATEF Şirkətlər Qrupu” MMC-yə baş tutub.
Turların təşkili, sənaye müəssisələrinin ictimaiyyətə təqdim olunması göstərir ki, dövlət başçısı tərəfindən 2014-cü ilin “Sənaye ili” elan olunması aparılan işləri daha da genişləndirib və sənayeləşməni sürətləndirib. Artıq Azərbaycanda müasir standartlara cavab verən, rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən, qabaqcıl texnologiyalara əsaslanan çoxsaylı sənaye müəssisələri fəaliyyət göstərir.
Bakının Xəzər və Suraxanı rayonlarının ərazisində yerləşən müəssisələrdə jurnalistlər üçün geniş məlumat verildi.
Media nümayəndələri əvvəlcə “Titan Grup” Sənaye Şirkətlər Birliyinin ticarət və sənaye soyuducu avadanlıqları istehsalı fabrikində oldular. Birliyin vitse-prezidenti Zemfira İsmayılova bildirdi ki, fabrik 1990-cı ildən ticarət və sənaye soyuducu avadanlıqlarının istehsalçısı kimi fəaliyyətə başlayıb. 1996-cı ildən “Titan Grup” Sənaye Şirkətlər Birliyi restoran və ictimai-iaşə müəssisələri üçün mətbəx avadanlığı, sənaye tipli isidici və soyuducu avadanlıqları, 2000-ci ildən isə iri həcmli soyuducu və dondurucu kameraların layihələndirilməsi, istehsalı və bütün mühəndis hesablamalarını həyata keçirir: “Bu il “Titan Grup”un Binə qəsəbəsində ümumi dəyəri 20 mln. manat olan qida sənayesi avadanlıqları istehsal edəcək yeni fabriki fəaliyyətə başlayacaq. Layihəyə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 mln. manat həcmində güzəştli kredit ayrılıb. Qalan məbləğ birliyin vəsaiti hesabına təmin edilir. Artıq fabrikdə tikinti-quraşdırma işləri başa çatdırılıb. Kiçik həcmdə də olsa istehsal həyata keçirilir. Layihəyə əsasən, fabrik istixana konstruksiyaları və qida sənayesi avadanlıqları istehsalı bölmələrindən ibarət olacaq. Hazırda İtaliya istehsalı olan ən müasir avadanlıqların quraşdırıldığı fabrikdə qida sənayesi avadanlıqları – istilik, qənnadı, camaşırxana avadanlıqları, paylama xətləri, mətbəx ləvazimatları, dolablar və s. istehsal olunacaq”.
Z.İsmayılova qeyd etdi ki, fabrik tam gücü ilə fəaliyyətə başladıqdan sonra ölkənin ticarət və sənaye soyuducu avadanlıqlarına olan ehtiyacının 60-70 faizini təmin etmək gücündə olacaq: “Həmçinin biz məhsullarımızı digər ölkələrə ixrac etmək haqda da düşünürük. İlk mərhələdə postsovet ölkələrini əhatə etmək planlaşdırılır”. Vitse-prezident onu da diqqətə çatdırdı ki, fabrikdə işlər tam başa çatdıqdan sonra 200 nəfərə qədər işçi çalışacaq. Müəssisədə kadrların hamısı yerlidir, onlara hazırlığı italyan mütəxəssislər keçiblər.
Məlumat turu çərçivəsində KİV nümayəndələri “ATEF Şirkətlər Qrupu” MMC-də də oldular. KİV nümayəndələrinə məlumat verildi ki, müəssisə 1961-ci ildə yaradılmış “Bakı Transformator Zavodu” ASC-nin bazasında qurulub. O dövrdə “Bakı Transformator Zavodu” ASC keçmiş SSRİ ərazisindəki quru transformatorları istehsalı üzrə ixtisaslaşmış yeganə müəssisə idi. Hazırda müəssisəyə elektrik avadanlıqları istehsalı ilə məşğul olan üç zavod (“ATEF Elektromaş”, “ATEF Transformator” və “İri Qabaritli Transformator”) və metallokonstruksiya zavodu daxildir. “ATEF Şirkətlər Qrupu” tərəfindən elektrik avadanlıqları, yağ transformatorları, komplekt transformator yarımstansiyaları, mayesiz transformatorlar, ən mürəkkəb metallokonstruksiyalar, modul tipli yarımstansiyalar, paylayıcı qurğular istehsal edilir. Müəssisə tərəfindən istehsal olunan avadanlıqlar Rusiya, Ukrayna, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Moldova, Gürcüstan, Bolqarıstan və Afrika ölkələrinə ixrac edilir. Müəssisə məhsulların istehsalında Almaniya, Türkiyə, İsveçrə və s. ölkələrin avadanlıqlarından istifadə edir. Hazırda müəssisədə 2200 nəfər işləyir.
“İri Qabaritli Transformator” və metallokonstruksiya zavodunun direktoru Eldar Abbasov jurnalistlərə müəssisənin fəaliyyəti ilə bağlı danışarkən bildirdi ki, hazırda zavod tikinti mərhələsindədir: “Məlumat verildiyi kimi, burada iri qabaritli transformatorlar istehsal olunacaq. Bu, “ATEF Şirkətlər Qrupu”nun 4-cü zavodudur. MDB məkanında yeganə və dünyada 5-ci belə zavod olaraq tikilir. İstifadə olunan texnologiya ən son standartlara uyğundur. Hazırda sonuncu iki istehsal sahəsində iş gedir. Almaniya, İtaliya və Türkiyədən gətirilən avadanlıqların quraşdırılmasına bu ayın sonunda başlanacaq. Tikinti və quraşdırma işləri başa çatandan sonra 200-ə yaxın adam işlə təmin olunacaq. Zavodun işə düşməsi bu ilin sonuna planlaşdırılır”.
E.Aslanovun sözlərinə görə, zavodun istehsal edəcəyi iriqabaritli transformatorlar həm daxili tələbatı ödəmək, həm də xaricə ixrac etmək üçün nəzərdə tutulub. Artıq bir neçə xarici ölkədən sifariş də qəbul edilib: “70-80 faiz ixrac nəzərdə tutulub. İnkişaf etməkdə olan Afrika ölkələri – Nigeriya, Mozambik, MDB dövlətlərindən Qazaxıstan, Özbəkistan, Türkmənistan, Rusiya və Ukrayna kimi böyük ölkələrə də məhsul ixrac edəcəyik. Bazar demək olar ki, təmin edilib”. Direktorun sözlərinə görə, bir iriqabaritli transformatorun 0-dan başlayıb yığılmasına 8-12, bəzən də 18 ayadək vaxt lazım olur. Bu baxımdan, zavodun illik istehsal gücü 9-10 transformator qiymətləndirilir. Zavodda istehsal ediləcək ən kiçik transformatorun ağırlığı 120, böyüyü isə 400-450 ton təşkil edəcək: “Bildiyiniz kimi, “ATEF” əvvəldən də transformator istehsalı ilə məşğul olub, hazırda isə bu işi daha da genişləndirərək ən böyük qabaritli transformatorların istehsalına başlamaq üzrədir. Mütəxəssislər Almaniya, Türkiyə, İtaliya, İngiltərədə hazırlanır. Hazırda “Demak” şirkətinin körpü-kranları alman mütəxəssislər tərəfindən işə salınmaq üzrədir, həftənin sonuna başa çatacaq”.
Yüksək gərginlik avadanlıqlarının istehsal edildiyi “ATEF Transformator”un direktoru Cavid Haqverdiyev istehsal prosesi haqda jurnalistlərə məlumat verərkən bildirdi ki, bütün detallar müəssisənin daxilində istehsal edilir: “Yerli və xarici bazarlar üçün yuvalar istehsal edilir. Bütün detalları özümüz istehsal edirik, xaricdən yalnız xammal daxil olur zavoda. İstehsal etdiyimiz məhsullar yüksək gərginlikli yarımstansiyalarda istifadə edilir. Zavod ildə 3-4 min ədəd yuva istehsal etmək gücünə malikdir”. C.Haqverdiyevin sözlərinə görə, məhsullar Ukrayna, Qazaxıstan, Gürcüstan, Cənubi Afrika kimi ölkələrə də ixrac edilir.
“Sənaye ili” çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən paytaxt Bakıda və ölkə regionlarında fəaliyyət göstərən digər sənaye müəssisələrinə də məlumat turlarının təşkili nəzərdə tutulur.
Həbibə ABDULLA

banner

Oxşar Xəbərlər