• cümə, 29 Mart, 10:50
  • Baku Bakı 5°C

Böyüklüyün qədrini bilənlərin qurduğu ev

17.10.18 10:35 1697
Böyüklüyün qədrini bilənlərin qurduğu ev
İnsanlar, bir qayda olaraq doğulduğu ölkələr, yaşadığı şəhərlərlə tanınırlar. Amma az da olsa, bəzən ölkələr, şəhərlər, kəndlər insanlarla tanınır, məşhurlaşırlar. Naxçıvan kimi. Şəhərin yaşı beş min ildən çox olsa da, onu daha çox yetişdirdiyi, böyütdüyü insanlarla tanıyırlar - Əcəmi Əbubəkir oğlu, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Bəhruz Kəngərli, Heydər Əliyev kimilərlə.
Adları çəkilən şəxsiyyətlərin hər biri qədim Naxçıvana şöhrət gətirmiş, onu şərəfləndirmişlər. Bunların hər biri haqqında cild-cild kitablar yazılıb, yazılır, yazılacaq. Amma biz onlardan biri - Hüseyn Cavid haqqında danışacağıq.
9 iyun 1984-cü il. Naxçıvanın ədəbi-mədəni həyatında yeni bir səhifə yazılır. Yarım əsrə yaxın bir müddətdə Azərbaycan tarixindən silib atmağa çalışdıqları bir şəxsiyyətin, XX əsr Azərbaycan ədəbiyyatının dahilərindən biri, Stalin repressiyasının qurbanlarından olan Hüseyn Cavid əfəndinin ev-muzeyi açılır.
Muzeyin açılışı təntənə ilə qeyd olunur. Azərbaycanın xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Mirzə İbrahimov, xalq yazıçısı Hüseyn Abbaszadə, görkəmli ədəbiyyatşünas tənqidçiQulu Xəlilov, akademik Bəkir Nəbiyev, xalq artisti Vera Şirye, əməkdar artistlər Hamlet Xanızadə, Ramiz Məlikov, Əminə Yusifqızı və Hicran Mehbalıyeva, həmçinin qonşu respublikalardan gəlmiş qonaqlar - Özbəkistan SSR-in xalq yazıçısı Səid Əhməd, Ukraynanın xalq aristi Anna Nikolaya, Litvdan gəlmiş yazıçı Pronas Raşşyus, Gürcüstandan Roman Miminoşvili və başqaları iştirak edirlər. Keçən əsrin 80-ci illərini Azərbaycanın XX əsr intibah dövrü adlandırsaq, səhv etmərik. Çünki bu onillik, sözün həqiqi mənasında XX əsrin qanlı-qadalı ilk onilliklərindən çırpınıb çıxmaq, özünü toplamaq və irəliyə doğru sıçrayış dövrü olmuşdu. "İnqilab” adlandırılan, əslində dünyanın alt-üst olduğu əsrin ilk iki onilliyi, kollektivləşmə və islahatlar adı ilə keçən sonrakı iki qanlı onillik, bundan sonra gələn, repressiya və müharibələrlə tarixin qan yaddaşına çevrilən 30-40-cı illər və nəhayət, bəşəriyyətin özünə gəlməsi üçün keçən üç onillik.
XX əsrin əvvəllərindən başlayaraq xalqımızın yaşadığı faciə, Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsindən sonra başa çatdı. Bundan sonrakı dövr bir çox islahatların aparılması ilə yanaşı, həm də hafizə bərpası mərhələsi kimi də yadda qaldı. Məhz həmin dövrdə Cəlil Məmmədquluzadə, Fürudin bəy Köçərli, Mirzə Ələkbər Sabir, Molla Pənah Vaqif,Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyov, Ruhulla Axundov, Ülvi Rəcəb, Tağı Şahbazi, Hüseyn Cavid və onlarla başqa ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri yeni sovet nəslinin pozulmuş, silinmiş hafizəsinə yazılmağa başladı. Əsərlər nəşr edildi, səhnəyə qoyuldu, ekranlaşdırıldı, heykəlləşdi...
Azərbaycan xalqı, XX əsr nəhənglərini, o cümlədən Hüseyn Cavidi özü üçün kəşf etməyə başladı. 1956-cı ildə, ölümündən sonra hüquqi bəraət alan Hüseyn Cavid həqiqi, mənəvi bəraətini Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə - 1980-ci ildə aldı. Onun birbaşa tapşırığı əsasında, 1980-ci ilin axırları və 1981-ci ilin əvvəllərində, H.Cavidin 1919-cu ilədək fasilələrlə yaşadığı Naxçıvan şəhərinin qədim Əlixan məhəlləsində, Bazar çayının kənarındakı evdə təmir işləri aparılaraq, ədibin ev-muzeyinin təşkili işinə başlanıldı. 1981-ci ilin iyul ayının 21-də isə Heydər Əliyevin Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında imzaladığı sərəncam, Hüseyn Cavidin ev-muzeyinin təşkil olunması üçün əsas oldu. Beləliklə, bu sərəncamla Azərbaycanın ədəbi-mədəni, fikir tarixində xüsusi yeri olan Muxtar Respublikanın mədəniyyət ocaqlarının sırasına daha bir müqəddəs ocaq - Hüseyn Cavidin ev-muzeyi əlavə olundu. Hüseyn Cavid ev-muzeyi xalqa, müasir və gələcək nəsillərə buşəxsiyyəti tanıdacaqdı, Azərbaycanın keçmişini, bu gününü və gələcəyini tanıdacaqdı.
Ev-muzey mədəniyyət abidələri arasında xüsusi yeri və rolu olan bir ocaqdır. Ev-muzey aid olduğu şəxsin həyat aynasıdır, bura gələnlər onun doğulub boya-başa çatdığı hər qarışda təkcə onun yox, ana-atasının, baba-nənəsinin, qohum-əqrəbalarının da nəfəsini duyur, səsini eşidirlər. "Bax, o, burada doğulmuşdur, burada ilk addımlarını atmış, bu qabda yemək yemiş, paltarlarını bu dolabda saxlamış, bu pəncərədən həyatın reallıqlarına baxmışdır. Bax, bu masa, bu qələm, bu mürəkkəbqabı gecələr sübhədək onun iztirablarını kağıza köçürmüş, bu lampa onun qələminin gəzdiyi kağızın üzərinə işıq salmışdır”.
Bu xəyalları daha da genişləndirmək, çoxaltmaq olar. Amma hər şeydən əvvəl, ev-muzey, adını daşıdığı şəxsin hansı xalqa, hansı mədəniyyətə, hansı ölkəyə məxsus olduğunu əks etdirir. Hər bir işin başlanğıcı ən çətin dövr sayılır. Bu baxımdan Cavid əfəndinin ev-muzeyinin təşkili işi də istisna deyildi, bəlkə də digər muzeylərin açılmasından da çətin idi. Bu çətinliyi Stalin repressiyası illərini yaşamayanların təsəvvür etməsi çox çətindir. Repressiya təkcə insanı məhv etməklə kifayətlənmir, bununla doymurdu, onun yaxınlarını, dostlarını, tanışlarını, evini, əşyalarını, adı ilə bağlı olan hər şeyi əjdaha kimi udur, yerüzündən silir, yox edirdi. Cavid əfəndi üçün də bu, istisna deyildi. Amma onun bu məsələdə "bəxti” gətirmişdi. Cavid əfəndi özü olmaqdan çıxmış, çox gizli və təhlükəli də olsa, başqalarının - sevənlərinin hafizələrində, həyatında yaşamağa başlamışdı. Bu baxımdan, ev-muzeyin təşkili çətin də olsa, mümkün görünürdü.
Muzey ekspozisiyasının mövzu-tematik planı Azərbaycan Elmlər Akademiyası İncəsənət İnstitutunun əməkdaşı, teatrşünas Tamilla Təhmasibə həvalə olunmuşdu, bədii tərtibatı isə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən «Muzeylərin və sərgilərin bədii tərtibatı və layihələşdirilməsi» emalatxanası tərəfindən icra olunurdu.
Muzeyin yaradılması ərəfəsində şairin qızı, Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Turan Cavidin çox böyük köməyi oldu. O, həm muzey otaqlarının qurulması
və tərtibatında dəyərli məsləhətlər vermiş, həm də Cavidin əsərlərinin ilk nəşrlərini, bunlardan əlavə də 100-ə yaxın foto-şəkillər, sənədlər və xatirə əşyalarını muzeyə hədiyyə etdi.
Cavidlə əlaqələr müxtəlif sənədlər, fotoşəkillər, qəzet və jurnal materialları, kitablar, xatirələrin əldə edilməsində, onun yaxın dostu olmuş görkəmli ədəbiyyatşünas alim Əziz Şərifin xüsusi rolunu qeyd etmək yerinə düşər. Onun, 1983-cü ildə ev-muzeyə təqdim etdiyi hədiyyə, özünün, 1977-ci ildə çapdançıxmış və üzərində avtoqrafı olan «Keçmiş günlərdən» kitabından və bir məktubdan ibarət idi. Məktubda deyilirdi: «... Məndə qalan bircə bu dəftərdir ki, vaxtilə mən Cavidin atama yazdığı məktubların surətini oraya köçürmüşəm. Bu dəftər mənim üçün nə qədər qiymətli olsa da, onu unudulmaz dostum və böyük qardaşımın ev-muzeyinə göndərməyi mümkün bildim».
Vaxtı ilə Cavidin qonşusu və tələbəsi olmuş professor Əli Sultanlının bacısı Bətulə xanımın muzeyə hədiyyə etdiyi, üzərində müəllifin avtoqrafı olan 1924-cü ildə nəşr olunmuş «İblis» əsəri ev-muzey üçün çox qiymətli idi.
Həmin ərəfədə akademik Məmmədcəfər Cəfərova, professorlar Abbas Zamanova, Yaşar Qarayevə, görkəmli jurnalist, tədqiqatçı Qulam Məmmədliyə, SSRİ xalq artisti, professor Mehdi Məmmədova, Cavidşünas Zahid Əkbərova, Azərbaycan Dövlət Dram Teatrının baş rejissoru Ələsgər Şərifova, Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinə, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə, Cəfər Cabbarlı adına "Azərbaycanfilm” Kinostudiyasına və hətta Gürcüstan, Türkmənistan və Özbəkistan dövlət arxivlərinə müraciət olundu və muzey ekspozisiyası qurulduğu vaxt, Cavidlə bağlı müəyyən qədər sənəd, fotoşəkil, qəzet və jurnal materialları, kitablar əldəolundu ki, bunlar hamısı muzey ekspozisiyasında öz layiqli yerini tutdu.
Ev-muzeylərin fərqli bir xüsusiyyəti vardır. Bu abidələr daim yeni eksponatlarla zənginləşirlər. Hüseyn Cavid əfəndinin muzeyinin həyatı da belə davam edir. Fəaliyyətə başladığı 1981-ci ildən bu günədək muzeyin fonduna 9300-dən artıq eksponat toplanmışdır. Bunların içərisində Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən foto-şəkillər, sənədlər, xatirə əşyaları, təsviri sənət və heykəltəraşlıq nümunələri, əsərlərinin ilk nəşrləri, üzərində qardaşı qızı Rəna Rasizadəyə avtoqrafla hədiyyə etdiyi 1934-cü ildə nəşr olunmuş «Səyavuş» əsəri, Turan Cavid tərəfindən hədiyyə olunmuş «Knyaz» əsərinin əlyazması, atasının pensnesi (gözlüyü), yazı dəsti, Ərtoğrul Cavidin hərbi xidmət illərində, 1942-ci ilin 28 fevralından başlayaraq 1943-cü ilin 7 oktyabr tarixinə kimi Abxaziyadan, Tbilisi hospitalından və Naxçıvandan Bakıya - anası Müşkinaz Cavidə və bacısı Turan Cavidə yazdığı 71 ədəd məktub və Turan Cavidə məxsus xatirə əşyaları da vardır. Cavid əfəndinin həmyerliləri, qohumları, dostları, yoldaşları, onun məruz qaldığı ədalətsizliyi aradan qaldırmağa cəhd göstərirmiş çalışır, ev-muzeyə əllərindən gələn köməyi göstərirdilər. 2000-ci ildə ev-muzeydə əsaslı təmir vəbərpa işləri aparılmış, muzeyin binası əvvəlki görkəminə qaytarılmış, maddi-texniki bazası gücləndirilmişdir.
Böyüklüyün qədrini böyük təfəkkür sahibləri anlayar. Cavid ev-muzeyinin bir hissəsi adlandırdığımız Cavid məqbərəsi Heydər Əliyevin əsəridir. Heydər Əliyev 1991-ci ildə Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsinə seçildikdən təxminən bir ay sonra Cavid əfəndinin anadan olmasının 110 illiyi münasibəti ilə onun məzarı üstündə xalqa söz verdi: "Mən sizə söz verirəm, Cavid əfəndini Sibir meşələrindən alıb buraya, vətəni Naxçıvana gətirdiyim kimi, onun məzarı üstündə ona layiq bir məqbərə tikdirəcəyəm. Cavid əfəndi buna layiqdir”.
Söz verdi və təqribən bir ildən sonra Hüseyn Cavid məqbərəsinin inşasına başlandı. Məqbərənin açılışını 1996-cı ilin 29 oktyabrında Heydər Əliyev özü həyata keçirdi.
Hüseyn Cavid irsinə diqqət və qayğı bu gün də davam edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2007-ci ildə ədibin 125, 2012-ci ildə 130, 2017-ci ildə isə 135 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Qeyd olunmuş yubileylərlə əlaqədar tədbirlər planlarında simpoziumların, elmi-nəzəri konfransların keçirilməsi, Naxçıvan Dövlət Musiqili Dram Teatrında "Səyavuş", "Şeyx Sənan" və "İblis" əsərlərinin tamaşaya hazırlanması, "Naxçıvan" jurnalınınbir nömrəsinin yubileyə həsr olunması, Cavid ensiklopediyasının nəşrə hazırlanması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuş və keçirilmişdir.
Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksində də bu yubileylərin keçirilməsi ilə əlaqədar tədbirlər planları tərtib edilmişdir ki, bura "Hüseyn Cavid-125", "Hüseyn Cavid-130" və "Hüseyn Cavid-135" adlı sərgilərin hazırlanıb mədəni-maarif müəssisələrində nümayiş etdirilməsi, muzey ekspozisiyasında açıq dərslərin keçirilməsi, Naxçıvan şəhər ümumtəhsil məktəblərinin iştirakı ilə "Hüseyn Cavid şeirlərinin ən yaxşı ifaçısı" mövzusunda şeir müsabiqəsinin, elmi-nəzəri konfransların və Cavid poeziya günlərinin keçirilməsi nəzərdə tutulmuş və yüksək səviyyədə icra olunmuşdur. Bu gün 9300-dən artıq eksponatla zənginləşən ev muzeyinin ekspozisiyasında dəyişiklər edilmiş, muzey ekspozisiyası xeyli zənginləşmişdir.
Bəhruz Axundov
Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksinin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi
banner

Oxşar Xəbərlər