• şənbə, 20 Aprel, 09:01
  • Baku Bakı 14°C

Böyüklük mücəssəməsi

10.12.16 11:32 1859
Böyüklük mücəssəməsi
Azərbaycan dilinin izahlı lüğətində deyilir ki, kişilik sözü mənlik, mərdlik, hünər, heysiyyət anlamı verməklə yanaşı, bir mənası da "sözündə sabit adam, sözünə sahib adam” deməkdir. Kişilik yalnız qeyrət və namus hərəkətlərində deyil, həm də Vətən və xalq təəssübündə, adamlara olan münasibətlərdə, insanın amal və fəaliyyətində, bir sözlə, həyatda, işdə, praktikada da öz əksini tapmalıdır.
1993-cü ilin iyun ayı... Vəziyyət gərgin, son dərəcə çətin və mürəkkəb, böhran üçündə olanda, iqtisadi və sosial problemlər, müşkül və həlli çətin olan məsələlər aşıb-daşanda, intizam və əmək ahəngi pozulanda, özbaşınalıq, dərəbəylik, cinayət, milli ədavət qol-budaq atanda, bizə qarşı elan olunmamış müharibə nəticəsində torpaqların xeyli hissəsinin əldən getdiyi bir məqamda və ən nəhayət, ölkəmizin parçalanmaq təhlükəsi yarananda, xalq öz ümidini ancaq Azərbaycanın xilaskarı, ümummilli liderimiz və öndərimiz Heydər Əliyevdə tapdı. Xalq vahid nöqtəyə gəldi - "bizi bəlalardan yalnız bu kişi qurtara bilər” dedi.
Türk dünyasının tanınmış oğlu Oljas Süleymanov yazır: "Mən əminəm ki, 80-ci illərin axırları, 90-cı illərin əvvəllərində Heydər Əliyev Azərbaycana rəhbərliyi davam etdirsəydi, nə Ermənistan-Azərbaycan münaqişəsinə, nə də Sumqayıt hadisələrinə yol verilməzdi. 1990-cı ilin yanvarında general Varennikovun tankları Bakıya yeridilməzdi. 1992-93-cü illər müharibəsində Qarabağ itirilməzdi”.
Həmin fikirləri təsdiqləmək və Heydər Əliyevin xilaskarlıq missiyasını sübuta yetirmək üçün onun xalq, millət, dövlət qarşısında xidmətlərini göstərən kişilik salnaməsinə nəzər salsaq, fikirlərimiz daha kəsərli olar.
Mikoyanı Astaradan necə qovdular?
1964-cü ilin payızında SSRİ Ali Sovetinin sədri, "İliçdən-İliçə” (V.İ.Lenindən L.İ.Brejnevədək) yaltaqlıq yolu keçən Anastas Mikoyan Azərbaycana istirahətə gəlir. Onun üçün respublikanın cənub rayonu Astaranın Gijəbə qəsəbəsində gözəl bir istirahət yeri ayrılır. Dağların əhatəsində, təmiz havada gəzən Mikoyan hərdən qədim tarixi abidələrimiz olan yerlərə, qəbiristanlıqlara və kurqanlara səyahət edir. Oradakı qədim abidələrə öz heyranlığını gizlədə bilmir. Azərbaycanın o vaxtkı rəhbərindən soruşur ki, bu ərazidə əhali niyə seyrəkdir? Yaxşı olmazmı ki, buraya erməni ailələri də köçürülsün? Zavallı ermənilər əzab içində yaşayırlar, yerləri darısqaldır.
Mikoyan təklif edir ki, rayon mərkəzində fəallar yığıncağı keçirilsin və onun iştirakı ilə qərar qəbul edilsin ki, "beynəlmiləlçilik və humanizm prinsiplərinə sadiq qalan yerli əhali həqiqətən erməni ailələrinin bu yerə köçürülməsini hökumətdən xahiş edir”. Çox keçmir ki, əhali Gəzənçay deyilən yerə toplaşıb rayon mərkəzinə gedən avtomaşınların qabağını kəsir. Hətta uşaqlı qadınlar öz körpələrini belə yolun ortasına qoyub Mikoyanı rayon mərkəzinə buraxmırlar. İzdihamı görən Mikoyan respublika rəhbərindən bunun səbəbini soruşur. İzah edirlər ki, əhali erməni ailələrinin bu ərazidə yerləşdirilməsi barədə fikrinizə etiraz əlaməti olaraq, sizi rayon mərkəzinə buraxmaq istəmir. Mikoyan aksiya təşkilatçılarının həbs olunması barədə göstəriş verir. Təşkilatçılardan bir neçəsini gətirib rayon KQB-sinin təcridxanasına salırlar. Gecə yarısı rayon KQB-sinin sədri onların yanına gəlib bildirir ki, bizim yuxarı təşkilatdan - Heydər Əliyevdən tapşırıq gəlib ki, etiraz aksiyasını davam etdirəsiniz. Bu çirkin sövdanın baş tutmadığını görən Mikoyan bərk qəzəblənir və rayonu tərk edir...
Başqa bir misal...
1967-ci ilin isti bir yay günündə Azərbaycanın əyalət şəhəri Xankəndində baş vermiş dəhşətli qətl hadisəsi erməni vəhşətini bir daha nümayiş etdirmişdi. Həmin gün atıcı silahlarla yaraqlanmış ermənilər günün-günorta çağı şəhərin mərkəzində dustaq maşınına hücum edərək onu aşırmış, üç nəfər azərbaycanlı məhkumu qətlə yetirmişdilər. Vilayətin rəhbərliyi ermənilərin törətdiyi bu qanlı hadisəni ört-basdır etmək, azərbaycanlıların qanını batırmaq üçün dəridən-qabıqdan çıxırdı.
Heydər Əliyevin Azərbaycan DTK-sının sədri kimi həmin günlərdə özünü necə təmkinli aparması, erməni və rus zabitləri ilə apardığı ciddi və dərin müzakirələr o zaman hadisə ilə əlaqədar təhqiqat-işçi qrupunun tərkibində olan Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundovu, Nazirlər Sovetinin sədri Ənvər Əlixanovu, Ali Sovetin sədri Məmməd İskəndərovu və digər rəsmi şəxsləri əsla maraqlandırmamışdı. Sonralar ermənilər özləri etiraf etmişdilər ki, əgər Heydər Əliyev o zaman DTK sədri kimi Xankəndinə gəlməsəydi, o qanlı cinayətin üstü ört-basdır ediləcək və ermənipərəst rəhbərlər isə hələ çox at oynadacaqdılar.
Budur Vətənə, xalqa, hələ doğulmamış sabahlarımıza kişilik nümunəsi - böyük bir millətin əzab buzlarını əritmək üçün özünün bütün varlığını təkbaşına ocaq kimi yandırmaq kişiliyi...
1990-cı ilin əvvəli... Müstəqillik uğrunda mübarizəyə qalxmış xalqımız 20 Yanvar faciəsi ilə qarşılaşdı. Bu zaman qanlı faciəni törədən qırmızı imperiyaya qarşı Moskvada etiraz yürüşünə çıxan 10 minlərlə azərbaycanlının ön sırasında Heydər Əliyev durmuşdu. Kişilik lazım idi ki, bütün təqiblərə baxmayaraq, həyatını təhlükə qarşısına qoyasan, xalqın səsinə səs verərək yeni, müstəqil Azərbaycan uğrunda mübarizəyə qoşulasan. Tezliklə Vətənə, öz doğma diyarı Naxçıvana qayıdışı xalq hərəkatının daha da alovlanmasına səbəb oldu. Milli lider Naxçıvandan müstəqillik uğrunda hərəkata istiqamət verərək Azərbaycanın istiqlal mübarizəsində böyük rol oynadı. Xalqımız azadlığa qovuşdu. Onun sayəsində Naxçıvan o zaman bütün Azərbaycan üçün milli azadlıq və milli dövlət quruculuğu nümunəsi göstərdi. İçimizdən olan bəzi manqurdlar onu təqib etmiş, ona qarşı sui-qəsd əməlləri törətməyə çalışmış, tutduğu yoldan çəkindirmək istəmişdilər. Əvvəlkiləri saymasaq, ikinci dəfə ölkə rəhbərliyinə qayıtdıqdan sonra Heydər Əliyevə qarşı 3 dəfə hazırlanaraq planlaşdırılan sui-qəsd cəhdi puça çıxmışdır. Bütün bunlar təsadüfən yox, bəlkə də Tanrının bu böyük kişini xalq üçün qoruyub saxladığından baş tutmamışdır. Bütün hədə-qorxulara kişi kimi sinə gərərək hətta ölüm təhlükəsi gördükdə belə geri çəkilməmiş, heç zaman mövqeyini dəyişməmişdir.
Ən ağır məqamda da özünü yox, xalqı düşünmək
Yadınızdadırmı?.. 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Azərbaycan Respublikası Ali Sovetinin sessiyalarında müzakirə olunan məsələlərdə Heydər Əliyevin fəal, düzgün, hadisələrin gedişatına obyektiv münasibətinin o dövrün respublika rəhbərliyi və onların əlaltıları tərəfindən riyakarcasına qarşılanması... Lakin kişilik mücəssəməsi olan Heydər Əliyev bütün təqiblərə, bəzən iftiralara dözərək öz sözünü açıq-aydın söyləməyə nail olmuşdur. Həm də maraqlı cəhət burası idi ki, həmin nankorlar öz "karyerlərinə” Heydər Əliyevin çörəyi ilə nail olmuşdular.
A.S.Puşkinin "Kapitan qızı” əsərində təsirli bir səhnə var: Qarlı, boranlı, şaxtalı bir gündə dilənçi kökündə çılpaq olan bir adama zabit Qrinyov bir stəkan şərab verir, çiyinlərinə kürk atır ki, donub ölməsin. Sən demə, bu, hakimiyyətə qarşı çıxıb, üsyana rəhbərlik edən Puqaçov imiş. Sonralar isə o, əsir alınmış Qrinyovu tanıyır və azad edir. Bir də onlar Moskvada, Kreml qarşısındakı meydanda, Puqaçov edam edilərkən bir-birlərini görürlər. İzdiham içində olan Qrinyov ona baş əyir. Bax, budur əsil kişilik nümunəsi.
2003-cü il aprelin 21-də Respublika Sarayında baş vermiş hadisə də xalqının dahi oğlunun bir növ kişiliyini, böyük mərdanəliyini göstərdi. Bilirsinizmi bu, nə deməkdir? Bu, hər şeydən əvvəl ağrıların-acıların qarşısında mərdlik, kişilik nümunəsi göstərməkdir. Təbii ki, hər kəs buna tab gətirməz. Gərəkdir ki, Heydər Əliyev qətiyyətinə, düşüncəsinə, təfəkkürünə, iradəsinə, xarakterinə malik olasan ki, ən ağır məqamda belə özünü yox, millətini, xalqını, gözləri sənə dikilən minlərlə insanı düşünəsən, onların narahatlığını duya biləsən. Bax, bu mənada Böyük Öndərimiz də bir vaxtlar deyirdi: "Görünür, təbiətin özü mənə hansısa bir qüvvə verib. Xarakterim isə qüvvə və bacarığımı səfərbərliyə almağa vadar edir”.
Heydər Əliyev kişiliyi xalqımızın tarixi üçün o qədər böyük nümunədir ki, biz onu zaman-zaman yaşatmaqdan ötrü ideyalarını beynimizə, ruhumuza, əqidəmizə, mənəviyyatımıza həkk etməliyik. Çünki Heydər Əliyev Azərbaycan deyilən bu müstəqil məmləkətin qurucusu olmaqla, əbədiyaşarlığımızın simvoludur.
Ruhun şad olsun, Böyük Öndər!
FÜZULİ İbrahimzadə
Azərbaycan Respublikası Fövqəladə Hallar
Nazirliyinin Akademiyasının Humanitar fənlər
kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər