• cümə, 19 Aprel, 03:07
  • Baku Bakı 18°C

“Böyüklərlə dil tapmaq asandır” - Debüt

05.10.18 12:11 1341
“Böyüklərlə dil tapmaq asandır” - Debüt
"Debüt” rubrikamızın qonağı Bakı Uşaq Teatrının gənc aktrisası Turəxanım Qasımlıdır. Müsahibim 2008-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Musiqi Kollecinin fortepiano fakültəsinə daxil olub. Orada dörd il təhsil aldıqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sənətşünaslıq” fakültəsinin "Bədii yaradıcılıq və ekran dramaturgiyası” ixtisasına daxil olub.Hazırda musiqi sahəsi üzrə pedaqoji fəaliyyət göstərir və film ssenariləri yazır. Bakı Uşaq Teatrında biri-birindən maraqlı obrazları ilə azyaşlı tamaşaçılarının diqqətini çəkir.

- Bakı Uşaq Teatrına gələndə hansı arzularınız, istəyiniz var idi?

- İlyarımdır ki, Bakı Uşaq Teatrında fəaliyyət göstərirəm. Səhnədə aktrisa kimi özümü göstərmək mənim uşaqlıq arzum idi. Amma daha çox özümün rejissor və ssenarist tərəfimi göstərməyə can atıram. Teatra gələndə içimdə böyük bir səhnə sevgisi var idi. Hər zaman arzuladığım obrazların mahir ifaçısı olmaq istəmişəm. Səhnəyə isə uşaq tamaşaçıların qəhrəmanı kimi çıxıram. İlk olaraq özümü müxtəlif heyvanların cildinə girmiş obrazlarda sınadım.
Böyüklərlə dil tapmaq asandır. Ancaq uşaqlara nə isə demək, onlara canlandırdığın obrazlar vasitəsi ilə doğru yol göstərmək, nəyin pis, nəyin yaxşı olacağını onların beyninə həkk etmək o qədər də asan deyil. Səhnədə canlandırdığımız obrazların vasitəsi ilə hər hansı bir ifadəni işlədəndə ehtiyat edirik. Ona görə ki, dövr, zəmanə fərqlidir. Tamaşaçılarımızın elə bir yaş dövrüdür ki, onlar hər sözün, jestin mənfi tərəflərindən yararlana bilərlər. Təbii ki, özümü böyük tamaşalarda da sınamaq istəyərəm.

- Hazırda Bakı Uşaq Teatrının binası yoxdur. Pərakəndə şəkildə tamaşa hazırlamaq sizi yormurmu?

- Biz nəinki öz teatrımızın səhnəsində, məktəblərdə, bağçalarda, universitetlərdə, müxtəlif mədəniyyət və təhsil ocaqlarında da tamaşalar göstəririk. Teatrımızın adı Bakı Uşaq Teatrı olsa da, repertuarımızda böyüklər üçün də nəzərdə tutulmuş tamaşalar var. Kollektivimiz pessimistliyə qapılan, şəraitsizlikdən şikayətlənən bir komanda deyil. Əlbəttə ki, yaxşı şəraitimiz olsa, bu bizim üçün daha da əlverişli olar. Ancaq tamaşalarımızı göstərdiyimiz müxtəlif məkanlarda hər dəfə yeni-yeni insanlar tanıyırıq, onlarla ünsiyyətimiz yaranır, çevrəmiz genişlənir və bir aktyor kimi təkcə səhnədə deyil, kiçik bir məkanda tamaşa hazırlamağa artıq öyrəşmişik. Mənə görə obrazımı canlandırmaq üçün məkanın fərqi yoxdur. Harada olursa-olsun obrazımı canlandıraram.

- Aktrisalıqla yanaşı, eyni zamanda fortepiano müəllimi kimi də fəaliyyət göstərirsiniz. Pedaqoji fəaliyyət sizin səhnə fəaliyyətinizə hər hansı bir maneçilik törədirmi?

- Bizim ailədə musiqiyə böyük diqqət və maraq var. Atam gitarada, bacım skripkada ifa edir. Bu onların hobbisidir. Mənim pianinoya həvəsim elə-belə yaranmayıb. Asəf Zeynallını bitirdikdən sonra bu sahəni daha çox inkişaf etdirməyə çalışdım. Əvvəl bəstəkar olmaq istəyirdim. Çünki musiqi duyumum çox yaxşıdır. Sonra fikirlərimi dəyişdi və bir çox səbəblərdən istiqamətimi dəyişdim.

- Üz cizgiləriniz və bədən formanız model olaraq daha uyğundur. Və simanız kamera üçün uğurlu simalardandır.

- Əslində özümü model olaraq da sınamışam. Belə ki, 2015-ci ildə keçirilən "Miss Azərbaycan” model yarışında iştirak etmişəm. Bir çox reklamlarda çəkilmişəm və hələ də model olaraq bəzi reklamlara dəvət alıram. Təklif olunan rolların çoxu mənə uyğun olmadığı üçün qəbul etmirəm.

- Necə filmlərdə rol almaq istərdiniz?

- Hər zaman tarixi və qəhrəmanlıq filmlərində çəkilmək istəmişəm. Tarixi qəhrəmanlar mənim daha çox diqqətimi çəkir. Əslində belə bir ssenari də yazıram. Düşünürəm ki, Azərbaycan tarixindən bəhs edən yaxşı bir ssenari yazsam, özünü daha çox realizə edə bilərəm.

- Ssenari yazmağa nə vaxtdan başlamısınız?

- Bu həvəs məndə uşaq yaşlarımdan formalaşıb. İlk dəfə dördüncü sinifdə oxuyanda "Tumurcuq” qəzetində öz adıma "Gözəl qızım Turəxanım” şeirini yazmışam. Müəllimlərim məni çox təriflədilər və çox həvəsləndirdilər. İncəsənət Universitetində ssenaristlik fakültəsinə qəbul olanda bu istiqamətimi daha da inkişaf etdirdim. Uşaq vaxtı anam təhsil aldığım məktəbdə həm ibtidai sinif müəllimi idi, həm də təşkilati işlərlə məşğul olurdu. Belə ki, anam maraqlı tamaşalar hazırlayırdı. Mən də o tamaşalarda iştirak edirdim. Səhnəyə olan sevgim məhz uşaq yaşlarımdan yarandı. Teatra gəldikdən sonra direktorumuz İntiqam Soltandan, İlhamə Əhmədovadan bu sənətin sirlərini öyrəndim. Onlar mənə səhnədə aktyorluq sənətinin plastikasını öyrətdilər. Teatrda oynamaq çox çətindir. Mən özümü peşəkar aktrisa hesab etmirəm. Aktrisa olmaq üçün öz üzərimdə daha çox çalışmalıyam. Hazırda o istiqamətdə də özümü yetişdirməyə cəhd göstərirəm.

- Şeirdən ssenaristliyə gedən yol çətin olmadımı?

- Universitetdə təhsil aldığım illərdə ssenarilər yazmağa başladım və hətta İlqar Fəhmi mənim diplom işimi çox bəyənmişdi. Ondan sonra bir çox rejissorlar həmin ssenariyə görə mənə müraciət etdilər. Etiraz etdim, çünki istəmirdim ki, kimsə mənim təxəyyülümün məhsulunu məndən alsın və onu öz istədiyi kimi çəksin. Axı mən ssenarini yazarkən o obrazların necə olacağını, necə təqdim edəcəyimi düşünürəm. Əlimdə yaxşı ssenarilər var və onları ekrana gətirmək üçün sponsorlara ehtiyacımız var.

- Treylerini hazırladığınız "OMERTA” filminin son işləri nə yerdədir?

- O ssenarini serial kimi məndən almaq istədilər. Ancaq mən bu filmi serial olaraq görmürəm. Bu ssenarini bədii film kimi ərsəyə gətirmək istəyirəm. Belə ssenarilər serial üçün yaramır. "OMERTA” triller janrında olan bir filmdir.

- Bəs komediya janrında ssenari yazmağı necə, düşünmüsünüzmü?

- Əslində komediya janrında yazdığım "Fotoqraf” adlı bir komediyam var. Filmdə rol alacaq aktyorlarla danışmışam, bir çox yerə müraciət etmişəm. Onların cavablarını gözləyirəm. Ssenarinin mövzusu çox aktualdır. İndi sponsorlar məşhur aktyorlara görə dəstək olurlar. "Fotoqraf” – hal-hazırda sosial şəbəkələri, ümumiyyətlə gündəmimizi kütləvi surətdə zəbt edən bir qrup gəncin dırnaqarası karyerasını əks etdirən bir filmdir. Bu filmdə qeyd etdiyim kimi, dırnaq arası fotoqraf və modellərdən bəhs olunur və gülməli səhnəciklər ortaya çıxır. Hədəfimiz izləyicinin üzündə təbəssüm yaratmaqdır. Sosial şəbəkələrdə dırnaqarası fotoqraflarla model olmaq istəyən gənclərdən bəhs edir. Əslində bunun sinopsisini hazırlamışam və çox bəyənilib.

- Teatr üçün ssenari yazmaq fikriniz varmı?

- Hələ ki bu barədə düşünməmişəm. İstəyirəm ki, ekranda daha çox görünüm.

- Hədəfləriniz nələrdir?

- Gələcəkdə ixtisasım üzrə ssenarist və rejissor kimi çalışmaq istəyirəm.

- Hazırda hər hansı bir layihədə iştirak edirsinizmi?

- Rejissor Elşən Zeynallının "Soyuq günəş” filminə dəvət almışam. Film olmuş bir hadisə üzərində yazılıb. Orda ləzgi qız obrazını canlandıracam.

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər