• cümə, 29 Mart, 14:23
  • Baku Bakı 14°C

Böyüklər istirahət elədi, qaldı uşaqlar… Araşdırma

13.11.13 09:06 1882
Böyüklər istirahət elədi, qaldı uşaqlar… Araşdırma
Uşaqların yay istirahət düşərgələrindən, asudə vaxtlarının səmərəli keçirilməsindən söhbət düşəndə çoxları sovet dövrünün nisgili ilə köks ötürür. Necə ki, o dövrdə uşaqlar yay istirahətləri zamanı pioner düşərgələrinə göndərilir, müxtəlif ekskursiyalara gedirdilər. Heç şübhəsiz, asudə vaxtın səmərəli təşkili uşaqların inkişafında mühüm rol oynayırdı.
Millət vəkillərimiz ötən illərin nisgilini reallığa çevirmək üçün Milli Məclisdə uşaqların asudə vaxtlarını müzakirə etməyə hazırlaşırlar. Belə ki, MM-də gündəmə gələcək yeni qanun layihəsi məhz uşaqların istirahəti ilə bağlı olacaq. Qanun çərçivəsində ölkədə uşaq istirahəti üzrə dövlət standartları və onun təsnifatı müəyyənləşəcək. Sənəddə uşaq istirahəti üzrə dövlət standartlarında “Uşaq istirahəti yerlərinin tərbiyə prosesinin və uşaqların asudə vaxtının təşkili üçün zəruri olan inventar və avadanlıqla, uşaq əyləncə vasitələri ilə təminatı normativləri”, “Uşaq istirahət yerlərinin ərazisində uşaqların istirahət üçün yerləşdirilməsi normativləri”, “ Uşaqların fizioloji tələbatlarına uyğun qida ilə təmin edilməsi normaları” və s. nəzərdə tutulub. Belə ki, uşaqların istirahəti üzrə xidmətlər dövlət standartlarının tələblərinə uyğun olaraq göstərilməlidir. Bundan əlavə, uşaqların istirahəti üçün müəssisələrin maddi-texniki bazasına tələblər, müvafiq sanitar-gigiyenik normalar, texniki və yanğın təhlükəsizliyi tələbləri uşaqların istirahəti üzrə dövlət standartları nəzərə alınmaqla müəyyən edilir. Layihədə həmçinin uşaqların istirahəti üçün müəssisələrin yaradılması da tələb olunur. Sənəddə uşaqların istirahəti üçün müəssisələrin, istirahətin təsnifatı, yardıma ehtiyacı olan uşaqlar üçün isə xüsusi güzəştlərin tətbiqi, uşaqların ölkədən kənarda, xarici ölkələrdə dövlət hesabına istirahətinin təşkili məsələləri də yer alıb. Həmçinin sənəd uşaqların istirahəti prosesinin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edir.
Sosial sifarişin məhsulu
Reallıqda uşaqların yay istirahətinin təşkili və asudə vaxtlarının səmərəli keçirilməsi üçün lazımi şərait və imkanların olmamasını nəzərə alsaq, qanun layihəsinin müzakirəyə çıxarılmasının əhəmiyyətliliyini başa düşmək çətin olmaz. O mənada ki, sənədə yay aylarında gününü düşərgə əvəzinə küçələrdə, həyət-bacada dava-dalaşla oynayan, az yaşından internet klubların daimi üzvlərinə çevrilən, telekanalların bayağı verilişlərinin aludəçisinə çevrilən uşaqların xilas yolu kimi də baxmaq olar.
«Bu proses dünyanın bütün ölkələrində həyata qanunvericiliklə tənzimlənir» - deyən millət vəkili Musa Quliyev “Kaspi”yə açıqlamasında qanun layihəsini ciddi sosial sifarişin məhsul kimi dəyərləndirib. Belə ki, Azərbaycanda uşaqların yay istirahəti təhsil prosesinin böyük tərkib hissəsidir: «Uşaqlar yay dövründə dincəlir, həm də öz fiziki sağlamlıqlarını bərpa edirlər. Eyni zamanda, kollektiv şəkildə həm tədrisə, həm müəyyən idman oyunlarına, həm də ümumi vətənpərvərlik tərbiyəsinə cəlb olunurlar. Uşaqların kollektivçiliyə öyrənməsi, onların vətənpərvər ruhda böyüməsi, intellektual imkanlarının genişləndirilməsi üçün dünya ölkələri də bu işi həyata keçirir». Millət vəkilinin sözlərinə görə, belə bir qanun layihəsinin Azərbaycanda yaranmasına səbəb Sovet İttifaqı dağılandan sonra uşaq istirahətinin ölkəmizdə təkmil şəkildə qurulmaması olub: «Sovet dövründən qalan çoxlu sayda yay istirahət düşərgələri fəaliyyətsiz vəziyyətdədir. Onların əksəriyyəti Həmkarlar İttifaqının tərkibindədir. Həmin qurumun da imkanları geniş olmadığından onları bərpa edib uşaqları cəlb edə bilmir. Digər tərəfdən burada cəmiyyətin iştirakının da təmin olunması vacibdir. Bu işin təşkil olunması, işə məsul şəxslərin və icra orqanlarının müəyyən edilməsi, kadrların və ümumi standartların hazırlanması, bazar iqtisadiyyatının tələblərinə uyğun uşaqların istirahətinin qurulması üçün qanun layihəsinin olması zəruri idi».
Qanun layihəsini şərh edən millət vəkili qeyd edib ki, uşaqların istirahəti büdcə vəsaiti, Həmkarlar İttifaqı, sahibkarlar, bələdiyyələr, xeyriyyəçilər və ianələrin hesabına, ya da imkanlı valideynlərin öz hesabına həyata keçirilə bilər. Belə ki, bu yöndə işlərin təşkil olunması, bölüşdürülməsi uşaqların bu işə cəlb edilməsi, mövcud sanatoriyaların, istirahət evlərinin yayda müəyyən icarə müqaviləsi və ya başqa danışıq şərtləri əsasında uşaqların istirahəti üçün uyğunlaşdırılması, yay istirahəti dövründə onların təlim-tərbiyəsi, təhsili, qidalanması, oyun oynaması və s. məsələlərə məsul olan mütəxəssislərin hazırlanması və bu işə cəlb olunması nəzərdə tutulur. Millət vəkilinin sözlərinə görə, hazırda ölkəmizdə uşaqların təlim-tərbiyəsi və istirahəti üçün imkanı olan uşaq düşərgələri olsa da, hazırda onların sayının genişləndirilməsinə ehtiyac var. Üstəlik qanunda heç də bütün yükün dövlətin üzərinə qoyulması nəzərdə tutulmayıb. Bununla belə, müəyyən məsələlər var ki, onları dövlət həll etməlidir. Belə ki, imkansız ailələrin övladları, valideyn himayəsindən məhrum, əlil uşaqların qayğısına qalmaq lazımdır. O cümlədən, idman və ya digər sahələrdə fiziki hazırlığı və istedadı ilə fərqlənən uşaqlar var ki, onların mükafatlandırılmasına ehtiyac var. Yəni bu, onlar üçün stimul ola bilər. “Bütün bu işlərin tənzimlənməsi üçün qanunun qəbul olunması təbiidir». Millət vəkili hesab edir ki, ölkədə uşaqların istirahətinin təşkil olunması istiqamətində müəyyən təcrübə var. Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin, Həmkarlar Təşkilatının müəyyən obyektləri var ki, uşaq istirahət mərkəzləri kimi fəaliyyət göstərməsindən ötrü onların bir hissəsi bərpa edilə, bir hissəsi xüsusi qanunla özəlləşdirilməyə çıxarıla bilər: “O cümlədən, sanatoriyalar və restoranları ixtisaslaşdırıb uşaqların ixtiyarına vermək olar”.
Məktəb çərçivəsində təşkil olunsa...
Ekspertlərin isə məsələyə yanaşmasında fərlilik var. Belə ki, onlar problemin dövlət büdcəsi hesabına həll olunması tərəfdarıdırlar.
«Ümidli gələcək» Gənclər Təşkilatının sədri Kəmalə Aşumova hesab edir ki, standartları müəyyənləşdirmək üçün dövlət büdcəsindən maliyyə ayrılmalıdır. “Uşaqların asudə vaxtının və istirahətinin təşkili üçün düşərgələrin olması çox vacibdir. Çünki uşaqların asudə vaxtının təşkil olunmaması çox ağır nəticələr verir. Onların yay və qış tətilləri təmin olunmur. O cümlədən, valideyn də öz uşağının istirahətini təmin etmək qərarında olmur. Bu üzdən uşaqlar pis yola düşür, fiziki davranışa meyilli olur, oğurluq edir və s. müxtəlif hüquqi pozuntular törədirlər. Uşaqlar ağır nəticələrlə üzləşə bilirlər». K.Aşumovanın fikrincə, qanun qəbulundan sonra iş hansısa dövlət qurumunun nəzarətində həyata keçirilməlidir. Belə ki, orada xüsusi kadrlar çalışmalı, onların asudə vaxtlarının təşkili müxtəlif sahələr üzrə aparılmalıdır. Bununla bağlı xüsusi proqramlar qəbul olunmalıdır ki, məsələ tənzimlənsin. Təşkilat sədri hesab edir ki, uşaqların asudə vaxtının təşkili onların oxuduqları məktəb çərçivəsində təşkil olunsa, daha məqsədəuyğun olar. Belə ki, təşkilat bununla bağlı öz təkliflərini də Milli Məclisə ünvanlayıb: «Hər bir məktəb uşaqların istirahətini özü təşkil etsə daha yaxşı olar. Onlarla psixoloqlar, bu sahəni bilən müəllimlər çalışar ki, orada təkcə yeyib-yatmaq yox, həmçinin, onların dünyagörüşünün artırılması sahəsində və emosional durumunun yaxşılaşdırılması baxımından da işlər aparılsın Yəni onlar üçün maraqlı dərnəklər, viktorinalar olmalı, ora idman mütəxəssisləri, psixoloqlar cəlb edilməlidir. Qrup işləri, oyun terapiyaları təşkil edilməlidir». K.Aşumova təkcə ölkə və şəhər daxilində deyil, həmçinin beynəlxalq səviyyədə istirahət düşərgələrinin təşkil olunmasını dəstəkləyir. Hazırda ölkədə fəaliyyət göstərən uşaq düşərgələrinin şəraitinin o qədər də pis olmadığını söyləyən təşkilat rəhbəri hesab edir ki, həmin düşərgələr pullu olduğu üçün hər valideyn ora yaxın düşə bilmir: «Qidalanma və uşaqların istirahəti orada normal şəkildə təşkil olunmur. Ancaq bu o demək deyil ki, uşaqlar orada tam düşərgə tipli istirahət edə bilirlər. Əgər həmin düşərgələr üzrə monitorinq aparılsa, onlarla işləyən kadrların bacarıqları və yaxud lazımı kadrların olub-olmaması problemləri meydana çıxa bilər. Buna görə də təkcə qidalanmaya yox, digər sahələrə də diqqət yetirmək lazımdır».
Pullu düşərgə problemi
Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov hazırda ölkədə uşaq istirahətinin aşağı səviyyədə təşkil olunduğunu qeyd edib. Belə ki, hazırda Daxili İşlər Nazirliyi, Dəniz Donanması və s. qurumların öz işçilərinin uşaqları üçün yay düşərgələri fəaliyyət göstərir. O cümlədən, Həmkarlar İttifaqının tərkibində fəaliyyət göstərən əlil uşaqlar üçün az sayda yay düşərgələri var. “Digər uşaqlar isə istirahət etmək üçün konkret olaraq yer tapmırlar. Uşaqlarını pullu düşərgələrə göndərmək üçün valideynlərin sadəcə imkanları çatışmır. 15-20 günlük istirahət üçün 200 və ya 300 manat heç bir valideyn ödəyə bilmir». Sovet dövründə uşaqların istirahətinin daha mənalı və məzmunlu təşkil olunduğunu qeyd edən liqa rəhbəri bildirib ki, əvvəllər hər bir qurumun həmkarlar təşkilatı fəaliyyət göstərirdi və onlar istirahət düşərgələri təşkil edirdilər. “Bu cür yay düşərgələrində uşaqlar maraqlı istirahət edirdilər». Y.Bəkirovun fikrincə, ilk növbədə uşaqlar üçün istirahət düşərgələri təşkil olunmalı və daha sonra normativlər müəyyənləşməlidir: «Hazırda ölkədə çoxlu miqdarda həmkarlar təşkilatları yoxdur. Zavod və fabriklər çox olmadığı üçün onların da həmkarlar təşkilatları fəaliyyət göstərmir. İlk növbədə istirahət düşərgələrini təşkil etmək üçün dövlət büdcəsindən pul ayrılmalıdır. Belə ki, yayda tətildə olan məktəbləri yay düşərgəsinə çevirmək olar. Cüzi miqdarda dövlət büdcəsindən pul ayrılanda 3 ay müddətində həmin düşərgələr fəaliyyət göstərə bilər».
Qeyd edək ki, hələlik qanun layihəsi MM-in Sosial siyasət komitəsinin iclasında ilkin formada müzakirə olunaraq təkmilləşməsi üçün İşçi Qrupuna verilib. Layihənin bu sessiya Milli Məclisdə plenar müzakirəyə çıxarılması planlaşdırılır. Qanunun qəbulundan sonra isə işin təşkili məsələsi gündəmə gələcək. Yəni əsas iş hələ qarşıdadır...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər