• cümə, 29 Mart, 18:14
  • Baku Bakı 14°C

Böyük ürəkli insanların diyarı - Fotolar

28.11.18 14:00 3705
Böyük ürəkli insanların diyarı - Fotolar
Təyyarədən enən kimi adamı doğma bir aura əhatəyə alır. Gülər üzlü, sanki əvvəlcədən tanıdığın insanlar. Noyabr ayında, Bakıda yaz aylarında rastlaşdığımız hava var Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşada. Ərcan hava limanından çıxıb qalacağımız Girnə şəhərinə yol aldıqda, ətrafda yaxşı bir infrastruktur müşahidə edirsən. Adanı 4 tərəfdən əhatə edən mavi dənizlə yanaşı, xudmani və səliqəli evlər, yollar göz oxşayır. Kipr türkləri osmanlı türkcəsində danışırlar, amma özlərinə məxsus şirin ləhcələri var. Hara gedirsən, doğmalaşan, optimist insanlar görürsən. Stressdən uzaq, istirahət üçün ideal məkandır Aralıq dənizində yerləşən bu mübahisəli ada.

Şimali Kiprin əsas gəlirləri turizm və təhsil sektorundan formalaşır. Aralıq dənizi boyunca salınan yeni otellər turistlərin cəlb edilməsi baxımdan imkanları genişləndirir. İldən-ilə də ölkəyə gələn turistlərin sayı artmaqdadır. 2018-ci ildə adanın türk kəsiminə gələn turistlərin sayı 1 milyon nəfəri keçib. Həm Lefkoşada, həm Qazimaqusada biz özümüz də çoxsaylı xarici turistlərin olduğunun şahidi olduq. Gələn turistlərin 60 faizi Türkiyədən, 34 faizi Avropadandır. Adaya İngiltərə, Almaniya, Polşadan çoxsaylı turistlər gəlməkdədirlər. Hazırda Şimali Kiprdəki otellərin tutumu 25 mindir, yaxın gələcəkdə bu göstərici 40 minə çatacaq. Yerli hökumət 2021-ci ildə ölkəyə gələn turistlərin sayını 2 milyon nəfərə çatdırmağı planlaşdırır. Turizmin inkişafı üçün əsas problem, ölkəyə Türkiyə istisna olmaqla, başqa ölkələrdən birbaşa təyyarə reysinin olmamasıdır. Yunan tərəfi ilə mübahisələrin hələ də həllini tapmaması, Şimali Kipr Türk Respublikasının dünya birliyi tərəfindən tanınmamasına gətirib çıxarır.
50 il davam edən nəticəsiz danışıqlar
Mübahisə demişkən, Kipr 1960-cı ildə ingilis müstəmləkəsindən azad olunandan mübahisəli və münaqişəli bölgə olaraq qalır. 1960-cı ildə adada yaşayana yunanların və türklərin qurduğu ortaq dövlət cəmi 3 il yaşayıb. Bu müddətdən sonra yunan tərəfi bütün ipləri öz əlinə alaraq türkləri sıxışdırmağa çalışıb. Nəticədə bütün haqları əllərindən alınan, sıxışdırılan türklər özlərini, adadakı varlıqlarını qorumaq, qurulmuş ortaq dövlətdəki haqlarını qaytarmaq üçün mübarizəyə qalxırlar. Bu zaman onlarla insanın ölümünə səbəb olan qanlı hadisələr yaşanır. Kipr türklərinin yardımına Türkiyə Cümhuriyyəti çatır. Adaya hərbi qüvvə yerindən Türkiyə, Kipr türklərinin qoruyucusu rolunda çıxış etməyə başlayır. Sonra münaqişənin tənzimlənməsinə BMT səviyyəsində müdaxilə edilir. Bölgəyə BMT sülhməramlıları cəlb olunur. 1968-ci ildə münaqişənin həlli üçün adanın yunan və türk icmaları arasında BMT-nin vasitəçiliyi ilə sülh danışıqlarına start verilir. Lakin üstündən 50 il keçməsinə baxmayaraq, bu danışıqlarda heç bir nəticə əldə etmək mümkün olmur.

Adanın türk kəsiminin rəsmiləri deyirlər ki, onilliklər ərzində aparılan danışıqlar prosesi yunan tərəfinin qeyri-konstruktivliyi, idarəetməni paylaşmaq istəməməsi səbəbindən uğursuzluğa düçar olur.

Kiprin türk kəsiminə gəlmiş xarici ölkə jurnalistləri ilə görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri, baş nazirin müavini Küdret Özersay uzun müddət yunan tərəfi ilə danışıqları aparan nümayəndə heyətində təmsil olunan bir şəxs kimi, danışıqların detalları haqqında məlumat verdi.
Qeyd etdi ki, ilk vaxtlardan danışıqlar yunan və türk tərəfinin bərabər şərtlər altında quracağı federativ dövlətin yaradılması modeli üzrə aparılıb. İlk gündən belə qəbul edilib ki, tapılacaq həll variantı həm adanın iki toplumu, həm də regional beynəlxalq güclər üçün münasib olmalıdır. Buna baxmayaraq, hələ də münasib həll variantı tapmaq mümkün olmur. 50 ildir ki, Kipr problemi dondurulmuş münaqişə kimi həllini gözləməkdədir. 1963-cü ildən dünya birliyi adanın təmsilçisi kimi Kiprin yunan hökumətini tanıyır. Adanın türk kəsiminin 1983-cü ildə təsis etdiyi Şimali Kipr Türk Cümhuriyyətini isə Türkiyədən başqa heç bir xarici dövlət tanımayıb. Türk tərəfi üçün ən böyük problem də məhz budur.
Nazir deyir ki, onlar ilk gündən iki xalqın bir federativ dövlətdə təmsil olunması modeli üzrə səmimi danışıqlar aparıblar. Hətta 2004-cü ildə BMT təmsilçisinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi çərçivəsində hazırlanmış həll planı hər iki tərəfdə referenduma çıxarılıb. Adanın türk toplumu bu plana "hə”, yunan toplumu isə "yox” deyib. BMT təmsilçisi bu səsvermədən sonra hazırladığı raportda yunan tərəfinin, adanın idarə edilməsi ilə bağlı səlahiyyətləri paylaşmağa hazır olmadığını qeyd edib.
Gərginliyə səbəb olan qaz yataqları
K.Özersay deyir ki, adada nə varsa, o cümlədən karbohidrogen ehtiyatları yunan və türk kəsimlərinin birgə ehtiyatı kimi baxılmalı və onlardan birlikdə istifadə edilməlidir. Amma təəssüf ki, yunan tərəfi bunu qəbul etmək istəmir. Məsələn, onlar hazırda adada aşkarlanan qaz ehtiyatlarının hasilatı ilə bağlı digər dövlətlərlə birgə iş aparmağa çalışır, türk tərəfini isə bu işdən uzaq tutmağa cəhd edirlər. Amma Şimali Kipr Türk Cümhuriyyəti hesab edir ki, bu, çox ədalətsiz, adada vəziyyəti gərginləşdirəcək xətdir.

Yuxarıda qeyd etdiyimiz kimi, hazırda Kiprlə bağlı gündəmdə olan və gərginliyə səbəb olan mövzu adada aşkarlanan qaz ehtiyatları ilə bağlıdır. Yunan tərəfi bu yataqları İsrail, Misir və digər dövlətlərin iştirakı ilə təkbaşına işləmək istəyir. Türk tərəfi və onun müdafiəçisi rolunda çıxış edən Türkiyə bunun reallaşmasına imkan verməyəcəklərini deyirlər. K.Özersay deyir ki, bu mövzu səlahiyyətlərin paylaşılması üçün yaxşı bir nümunədir və ondan istifadə etmək lazımdır. Amma yunan tərəfi buna hazır görünmür. "Yunanlar deyirlər ki, biz qazı axtarıb tapıb, hasil edib satarıq, sizlə isə ancaq problemin həlli ilə bağlı anlaşma əldə olunarsa danışa bilərik” – deyə nazir vurğulayır.

Onun fikrincə, yunan tərəfinin danışıqlarda arxayın və qeyri-konstruktiv mövqe nümayiş etdirməsi səbəbsiz deyil. Çünki indiki status-kvo onlara sərf edir. Onlar bütün dünyada adanı təkbaşına təmsil edirlər, Avropa Birliyinə üz olublar, bunun üstünlüklərindən yararlanırlar, hətta təbii ehtiyatlara da tək sahib çıxmaq istəyirlər. Dünya birliyi isə buna görə onlara heç bir etiraz etmir. Belə olan halda, gücü və hakimiyyəti bölüşmək onlar üçün o qədər də vacib bir məsələ deyil. Yunanlar türklərə ancaq özlərinə aid məsələlərlə bağlı qərarların qəbulunda iştirak hüququ vermək, adanı isə təkbaşına idarə etmək istəyirlər.

İndi adanın türk kəsimi problemin müzakirə olunan variant üzrə həllini tapacağından çox da optimist deyil. İnsanlar BMT vasitəçiliyi ilə aparılan danışıqlarda hansısa nəticələr əldə ediləcəyinə inanmırlar. Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı bizimlə söhbətində bildirdi ki, sonsuzluğa qədər uzanan nəticəsiz danışıqların tərəfdarı deyillər.Türk tərəfi isə yunanların, onları qaz danışıqlarından kənarda tutmasından ciddi şəkildə narahatdır: "BMT raportunda da yazılır ki, azlıq, çoxluq anlayışı olmamalıdır. Hər bir federal subyekt bərabər hüquqlara malik olmalıdır. Biz bərabər hüquqlar istəyirik” – deyə prezident vurğuladı. Onun fikrincə, adanın gələcəyi ilə bağlı razılaşmanın əldə olunması hər iki toplum, Avropa Birliyi, Türkiyə və ümumilikdə regionda təhlükəsizliyin təmin olunması üçün çox əhəmiyyətli olardı.

M.Akıncıya görə, problem həll olunmamış Kiprin yunan kəsiminin bütün adanı təmsil edən dövlət kimi Avropa Birliyinə üzv qəbul edilməsi böyük bir səhv olub. İndi də bunun davamı kimi adadakı qaz yataqlarını işləmək istəyirlər.
Xarici işlər naziri K.Özersay da hesab edir ki, ikitoplumlu federativ dövlətin yaradılması ilə bağlı 50 il davam edən danışıqlar nəticə verməyibsə, yeni model axtarılmalıdır. Türk tərəfi təklif edir ki, əgər əhatəli anlaşma əldə etmək mümkün olmursa, onda tərəflər ayrı-ayrı sahələr üzrə əməkdaşlığa başlamalıdırlar. Heç olmasa, cinayətkarlığa qarşı mübarizə, miqrantlar, narkotiklərə qarşı mübarizədə əməkdaşlıq edilməlidir. Amma yunan tərəfi buna da razı olmur.
Adanı bölən kövrək sərhədlər
Adanın yunan və türk bölümlərini kövrək bir sərhəd ayırır. Yunan tərəfinin vətəndaşları sərbəst şəkildə türk tərəfinə, türk tərəfinin vətəndaşları isə yunan tərəfinə keçə bilirlər. Amma bizim kimi başqa ölkələrdən türk tərəfinə gəlmiş xarici vətəndaşlar yunanlar tərəfindən "işğal olunmuş torpaqlara” gəlmiş hesab olunurlar və Cənubi Kiprə buraxılmırlar.

Kipr türkləri öz tarixlərini sevə-sevə öyrənir, 60-cı illərdə başlarına gələn müsibətləri unutmurlar. Məsələn, paytaxt Lefkoşanın mərkəzində Barbarlıq Muzeyi yaradılıb. Muzey kiçik bir evdə yaradılıb. Hansı ki, burada Kiprin azadlıq mübarizəsi çərçivəsində fəallıq göstərən bir ailənin bütün üzvləri yandırılıb. Muzeydəki otaqlarda o dövrdəki dəhşətləri əks etdirən fotolar yer alır. Azadlıq mübarizəsi zamanı böyük qəhrəmanlıqlara və vəhşiliklərə səhnə olmuş Qazimaqusadakı kütləvi məzarlıqlar da ehtiramla qorunub saxlanılır.

Bütün çətinliklərə baxmayaraq, bir türk yurdu olan Şimali Kipr artıq müstəqilliyini elan etməsinin 35-ci ildönümünü qeyd edir. Noyabrın 15-də bu münasibətlə Lefkoşada təntənəli hərbi parad da keçirildi. Paradda Türkiyədən gələn "Türkiyə şahinləri”nin şousu xüsusi coşqu ilə qarşılandı.

Beləcə, bu kiçik adada cəsarətli türk kişilərinin öz haqlarını qorumaq yolunda apardıqları mübarizə sonucu dünyaya gələn Şimali Kipr Türk Cümhuriyyəti bütün çətinliklərə baxmayaraq, irəli boylanır. Günü-gündən güclənir, inkişaf edir və halal haqqının hamı tərəfindən tanınacağı günü gözləyir.
İlham QULİYEV
Bakı-Lefkoşa-Girnə-Qazimaqusa-Bakı


banner

Oxşar Xəbərlər