Böyük ürəkli insanların diyarı - Fotolar
Təyyarədən enən kimi adamı doğma bir aura əhatəyə alır. Gülər üzlü, sanki
əvvəlcədən tanıdığın insanlar. Noyabr ayında, Bakıda yaz aylarında
rastlaşdığımız hava var Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşada. Ərcan
hava limanından çıxıb qalacağımız Girnə şəhərinə yol aldıqda, ətrafda yaxşı bir
infrastruktur müşahidə edirsən. Adanı 4 tərəfdən əhatə edən mavi dənizlə
yanaşı, xudmani və səliqəli evlər, yollar göz oxşayır. Kipr türkləri osmanlı
türkcəsində danışırlar, amma özlərinə məxsus şirin ləhcələri var. Hara
gedirsən, doğmalaşan, optimist insanlar görürsən. Stressdən uzaq, istirahət
üçün ideal məkandır Aralıq dənizində yerləşən bu mübahisəli ada.
Şimali Kiprin əsas gəlirləri turizm və təhsil sektorundan formalaşır.
Aralıq dənizi boyunca salınan yeni otellər turistlərin cəlb edilməsi baxımdan
imkanları genişləndirir. İldən-ilə də ölkəyə gələn turistlərin sayı artmaqdadır.
2018-ci ildə adanın türk kəsiminə gələn turistlərin sayı 1 milyon nəfəri keçib.
Həm Lefkoşada, həm Qazimaqusada biz özümüz də çoxsaylı xarici turistlərin
olduğunun şahidi olduq. Gələn turistlərin 60 faizi Türkiyədən, 34 faizi
Avropadandır. Adaya İngiltərə, Almaniya, Polşadan çoxsaylı turistlər
gəlməkdədirlər. Hazırda Şimali Kiprdəki otellərin tutumu 25 mindir, yaxın
gələcəkdə bu göstərici 40 minə çatacaq. Yerli hökumət 2021-ci ildə ölkəyə gələn
turistlərin sayını 2 milyon nəfərə çatdırmağı planlaşdırır. Turizmin inkişafı üçün əsas problem, ölkəyə
Türkiyə istisna olmaqla, başqa ölkələrdən birbaşa təyyarə reysinin olmamasıdır.
Yunan tərəfi ilə mübahisələrin hələ də həllini tapmaması, Şimali Kipr Türk
Respublikasının dünya birliyi tərəfindən tanınmamasına gətirib çıxarır.
50 il davam edən nəticəsiz
danışıqlar
Mübahisə demişkən, Kipr 1960-cı ildə ingilis müstəmləkəsindən azad
olunandan mübahisəli və münaqişəli bölgə olaraq qalır. 1960-cı ildə adada
yaşayana yunanların və türklərin qurduğu ortaq dövlət cəmi 3 il yaşayıb. Bu
müddətdən sonra yunan tərəfi bütün ipləri öz əlinə alaraq türkləri sıxışdırmağa
çalışıb. Nəticədə bütün haqları əllərindən alınan, sıxışdırılan türklər
özlərini, adadakı varlıqlarını qorumaq, qurulmuş ortaq dövlətdəki haqlarını
qaytarmaq üçün mübarizəyə qalxırlar. Bu zaman onlarla insanın ölümünə səbəb
olan qanlı hadisələr yaşanır. Kipr türklərinin yardımına Türkiyə Cümhuriyyəti
çatır. Adaya hərbi qüvvə yerindən Türkiyə, Kipr türklərinin qoruyucusu rolunda
çıxış etməyə başlayır. Sonra münaqişənin tənzimlənməsinə BMT səviyyəsində
müdaxilə edilir. Bölgəyə BMT sülhməramlıları cəlb olunur. 1968-ci ildə münaqişənin
həlli üçün adanın yunan və türk icmaları arasında BMT-nin vasitəçiliyi ilə sülh
danışıqlarına start verilir. Lakin üstündən 50 il keçməsinə baxmayaraq, bu
danışıqlarda heç bir nəticə əldə etmək mümkün olmur.
Adanın türk kəsiminin rəsmiləri deyirlər ki, onilliklər ərzində
aparılan danışıqlar prosesi yunan tərəfinin qeyri-konstruktivliyi, idarəetməni
paylaşmaq istəməməsi səbəbindən uğursuzluğa düçar olur.
Kiprin türk kəsiminə gəlmiş xarici ölkə jurnalistləri ilə görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin xarici
işlər naziri, baş nazirin müavini Küdret Özersay uzun müddət yunan tərəfi
ilə danışıqları aparan nümayəndə heyətində təmsil olunan bir şəxs kimi, danışıqların
detalları haqqında məlumat verdi.
Qeyd etdi ki, ilk vaxtlardan danışıqlar yunan
və türk tərəfinin bərabər şərtlər altında quracağı federativ dövlətin
yaradılması modeli üzrə aparılıb. İlk gündən belə qəbul edilib ki, tapılacaq
həll variantı həm adanın iki toplumu, həm də regional beynəlxalq güclər üçün
münasib olmalıdır. Buna baxmayaraq, hələ də münasib həll variantı tapmaq mümkün
olmur. 50 ildir ki, Kipr problemi dondurulmuş münaqişə kimi həllini
gözləməkdədir. 1963-cü ildən dünya birliyi adanın təmsilçisi kimi Kiprin yunan
hökumətini tanıyır. Adanın türk kəsiminin 1983-cü ildə təsis etdiyi Şimali Kipr
Türk Cümhuriyyətini isə Türkiyədən başqa heç bir xarici dövlət tanımayıb. Türk
tərəfi üçün ən böyük problem də məhz budur.
Nazir deyir ki, onlar ilk gündən
iki xalqın bir federativ dövlətdə təmsil olunması modeli üzrə səmimi danışıqlar
aparıblar. Hətta 2004-cü ildə BMT təmsilçisinin vasitəçiliyi ilə aparılan
danışıqlar prosesi çərçivəsində hazırlanmış həll planı hər iki tərəfdə
referenduma çıxarılıb. Adanın türk toplumu bu plana "hə”, yunan toplumu isə "yox”
deyib. BMT təmsilçisi bu səsvermədən sonra hazırladığı raportda yunan tərəfinin,
adanın idarə edilməsi ilə bağlı səlahiyyətləri paylaşmağa hazır olmadığını qeyd
edib.
Gərginliyə səbəb olan qaz yataqları
K.Özersay deyir ki, adada nə varsa, o cümlədən karbohidrogen
ehtiyatları yunan və türk kəsimlərinin birgə ehtiyatı kimi baxılmalı və
onlardan birlikdə istifadə edilməlidir. Amma təəssüf ki, yunan tərəfi bunu
qəbul etmək istəmir. Məsələn, onlar hazırda adada aşkarlanan qaz ehtiyatlarının
hasilatı ilə bağlı digər dövlətlərlə birgə iş aparmağa çalışır, türk tərəfini isə
bu işdən uzaq tutmağa cəhd edirlər. Amma Şimali Kipr Türk Cümhuriyyəti hesab
edir ki, bu, çox ədalətsiz, adada vəziyyəti gərginləşdirəcək xətdir.
Yuxarıda qeyd etdiyimiz kimi, hazırda Kiprlə bağlı gündəmdə olan və
gərginliyə səbəb olan mövzu adada aşkarlanan qaz ehtiyatları ilə bağlıdır.
Yunan tərəfi bu yataqları İsrail, Misir və digər dövlətlərin iştirakı ilə
təkbaşına işləmək istəyir. Türk tərəfi və onun müdafiəçisi rolunda çıxış edən
Türkiyə bunun reallaşmasına imkan verməyəcəklərini deyirlər. K.Özersay deyir
ki, bu mövzu səlahiyyətlərin paylaşılması üçün yaxşı bir nümunədir və ondan
istifadə etmək lazımdır. Amma yunan tərəfi buna hazır görünmür. "Yunanlar
deyirlər ki, biz qazı axtarıb tapıb, hasil edib satarıq, sizlə isə ancaq
problemin həlli ilə bağlı anlaşma əldə olunarsa danışa bilərik” – deyə nazir
vurğulayır.
Onun fikrincə, yunan tərəfinin danışıqlarda arxayın və
qeyri-konstruktiv mövqe nümayiş etdirməsi səbəbsiz deyil. Çünki indiki status-kvo
onlara sərf edir. Onlar bütün dünyada adanı təkbaşına təmsil edirlər, Avropa
Birliyinə üz olublar, bunun üstünlüklərindən yararlanırlar, hətta təbii
ehtiyatlara da tək sahib çıxmaq istəyirlər. Dünya birliyi isə buna görə onlara
heç bir etiraz etmir. Belə olan halda, gücü və hakimiyyəti bölüşmək onlar üçün
o qədər də vacib bir məsələ deyil. Yunanlar türklərə ancaq özlərinə aid
məsələlərlə bağlı qərarların qəbulunda iştirak hüququ vermək, adanı isə
təkbaşına idarə etmək istəyirlər.
İndi adanın türk kəsimi problemin müzakirə olunan variant üzrə
həllini tapacağından çox da optimist deyil. İnsanlar BMT vasitəçiliyi ilə
aparılan danışıqlarda hansısa nəticələr əldə ediləcəyinə inanmırlar. Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti
Mustafa Akıncı bizimlə söhbətində bildirdi ki, sonsuzluğa qədər uzanan
nəticəsiz danışıqların tərəfdarı deyillər.Türk tərəfi isə yunanların, onları
qaz danışıqlarından kənarda tutmasından ciddi şəkildə narahatdır: "BMT raportunda
da yazılır ki, azlıq, çoxluq anlayışı olmamalıdır. Hər bir federal subyekt
bərabər hüquqlara malik olmalıdır. Biz bərabər hüquqlar istəyirik” – deyə prezident
vurğuladı. Onun fikrincə, adanın gələcəyi ilə bağlı razılaşmanın əldə olunması
hər iki toplum, Avropa Birliyi, Türkiyə və ümumilikdə regionda təhlükəsizliyin
təmin olunması üçün çox əhəmiyyətli olardı.
M.Akıncıya görə, problem həll olunmamış Kiprin yunan kəsiminin bütün
adanı təmsil edən dövlət kimi Avropa Birliyinə üzv qəbul edilməsi böyük bir
səhv olub. İndi də bunun davamı kimi adadakı qaz yataqlarını işləmək
istəyirlər.
Xarici işlər naziri K.Özersay da hesab edir ki, ikitoplumlu federativ
dövlətin yaradılması ilə bağlı 50 il davam edən danışıqlar nəticə verməyibsə,
yeni model axtarılmalıdır. Türk tərəfi təklif edir ki, əgər əhatəli anlaşma əldə etmək mümkün olmursa,
onda tərəflər ayrı-ayrı sahələr üzrə əməkdaşlığa başlamalıdırlar. Heç olmasa,
cinayətkarlığa qarşı mübarizə, miqrantlar, narkotiklərə qarşı mübarizədə
əməkdaşlıq edilməlidir. Amma yunan tərəfi buna da razı olmur.
Adanı bölən kövrək
sərhədlər
Adanın yunan və türk bölümlərini kövrək bir sərhəd ayırır. Yunan
tərəfinin vətəndaşları sərbəst şəkildə türk tərəfinə, türk tərəfinin
vətəndaşları isə yunan tərəfinə keçə bilirlər. Amma bizim kimi başqa ölkələrdən
türk tərəfinə gəlmiş xarici vətəndaşlar yunanlar tərəfindən "işğal olunmuş
torpaqlara” gəlmiş hesab olunurlar və Cənubi Kiprə buraxılmırlar.
Kipr türkləri öz tarixlərini sevə-sevə öyrənir, 60-cı illərdə
başlarına gələn müsibətləri unutmurlar. Məsələn, paytaxt Lefkoşanın mərkəzində
Barbarlıq Muzeyi yaradılıb. Muzey kiçik bir evdə yaradılıb. Hansı ki, burada
Kiprin azadlıq mübarizəsi çərçivəsində fəallıq göstərən bir ailənin bütün
üzvləri yandırılıb. Muzeydəki otaqlarda o dövrdəki dəhşətləri əks etdirən
fotolar yer alır. Azadlıq mübarizəsi zamanı böyük qəhrəmanlıqlara və
vəhşiliklərə səhnə olmuş Qazimaqusadakı kütləvi məzarlıqlar da ehtiramla
qorunub saxlanılır.
Bütün çətinliklərə baxmayaraq, bir türk yurdu olan Şimali Kipr artıq
müstəqilliyini elan etməsinin 35-ci ildönümünü qeyd edir. Noyabrın 15-də bu
münasibətlə Lefkoşada təntənəli hərbi parad da keçirildi. Paradda Türkiyədən
gələn "Türkiyə şahinləri”nin şousu xüsusi coşqu ilə qarşılandı.
Beləcə, bu kiçik adada cəsarətli türk kişilərinin öz haqlarını
qorumaq yolunda apardıqları mübarizə sonucu dünyaya gələn Şimali Kipr Türk Cümhuriyyəti bütün
çətinliklərə baxmayaraq, irəli boylanır. Günü-gündən güclənir, inkişaf edir və
halal haqqının hamı tərəfindən tanınacağı günü gözləyir.
İlham QULİYEV
Bakı-Lefkoşa-Girnə-Qazimaqusa-Bakı