• cümə, 26 Aprel, 14:35
  • Baku Bakı 23°C

Böyük ürək sahibi

05.02.15 08:15 1585
Böyük ürək sahibi
Qocaman “Şərq qapısı” qəzetində 40 ildən çoxdur işləyən Ruqiyyə Əliyevanın bu günlərdə 61 yaşını qeyd etdik. Hamı onu təbrik etdi, ürək sözlərini dedi. Ancaq ən məsuliyyətli iş mənə düşdü. Çünki həmkarım və çox sevdiyim iş yoldaşım haqqında söz demək həqiqətən çətindir. Elə bu sözləri klaviaturadan kompyuterin yaddaşına həkk edəndə məndən bir az aralıda Ruqiyyə xanım sabah üçün çıxacaq qəzetdə gedən yazıları oxuyurdu.
Bu sətrləri yazdıqca dönüb Ruqiyyə xanıma baxıram. O, əsl qəzet fədaisidir - desək yanılmarıq. Bu gün “Şərq qapısı” qəzetinin səhifələrini vərəqlədikcə gözümüzə imzalar, redaktorların adları dəyir. Nəşr olunan yazılarda Ruqiyyə xanımın zəhmət və əməyi danılmazdır. Ruqiyyə xanımı mətbəə, çap işinin, qəzetin çətinlikləri heç zaman qorxutmayıb. İşlədiyi müddətdə heç bir redaktor, heç bir müxbir onun işindən narazılıq etməyib. Çünki o, vəzifəsinə həmişə məsuliyyətlə yanaşıb. Korrektorluq texniki iş olsa da, hər zaman yaradıcılıq da tələb edir. Birinci növbədə ana dilimizin qrammatikasını mükəmməl bilməli, filologiya sahəsində təhsili, savadı, ən başlıcası isə, məsuliyyətli, diqqətcil olmalıdır. Elə Ruqiyyə xanım da işləyə-işləyə Naxçıvan Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alıb.
Hazırda “Şərq qapısı” qəzetində baş korrektor vəzifəsində işləyən Ruqiyyə xanım, kompyuterdə çıxan yazılarda bəzən bizim gözdən qaçırdığımız səhvlərin qənimidir. Evinə axşam saat 8-də, 10-da, hətta 12-də getsə belə, işindən heç zaman şikayətlənməyib. İşlədiyi müddət ərzində neçə-neçə korrektorun yetişməsində əməyi az deyil və onlarla çiyin-çiyinə çalışmaqdan qürur hissi duyur, bilmədiklərini də həvəslə öyrədir. Onlara qarşı nə qədər qayğıkeşdirsə, o qədər də tələbkarlığı var. “Ola bilər ki, muxbir, redaktor hardasa bir səhv etsin, amma korrektor bunu hiss etməlidir, səhvi tutmağı bacarmalıdır” - deyən Ruqiyyə xanım qəzetdə gedəcək yazıları dönə-dönə oxuyur.
Onu da xüsusi vurğulamalıyam ki, Ruqiyyə xanım redaksiyamızda heç kəsi özündən incitməyib, əksinə, xoş və səmimi rəftarı, şirin dili ilə doğmalıq münasibəti yaradıb. Təbii ki, bu xarakter onun mənəvi dəyəridir. Deyirlər ki, ürək ən böyük xəzinədir. Bu baxımdan da Ruqiyyə xanım xoşbəxt insandır. Ona görə ki, qəlbi, hissiyatı, mənəvi aləmi sağlamdır. Buna görə də redaksiyada kollektivin hörmətini qazanıb. Həm məsuliyyəti işi, həm də yüksək insani keyfiyyətlərə malik olması ilə. Dövlətimiz tərəfindən əməyi də yüksək qiymətləndirilib. 2010-cu ildə ölkə başçısının imzaladığı sərəncamla Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
Deyirlər ki, insana bir ömür bağışlanıb, onu doyunca yaşamaq lazımdır. Amma bu dünyandan gərək elə keçəsən ki, sonra arxaya baxıb peşiman olmayasan. Ruqiyyə xanım şərəfli 61 illik bir ömür yolu keçib. Təcrübəli korrektorumuz indi gənclik həvəsi ilə yaşayır. Altmış yaş hələ zirvə demək deyil, qarşıda, yetmişin, səksənin, doxsanın, yüzün müjdəsi var. Bu yolda Ruqiyyə xanıma möhkəm cansağlığı, uğurlar arzulayırıq.
Sara ƏZİMOVA
“Şərq qapısı” qəzetində şöbə müdiri
banner

Oxşar Xəbərlər