• şənbə, 20 Aprel, 00:06
  • Baku Bakı 15°C

Böyük ürək sahibi və yaxud ürəkləri fəth edən Heydər Əliyev

12.12.19 17:22 1071
Böyük ürək sahibi və yaxud ürəkləri fəth edən Heydər Əliyev
Keçmiş SSRİ və Rusiyanın nüfuzlu dövlət və siyasi xadimləri, ictimaiyyət nümayəndələri Ümummilli liderlə bağlı xatirələrini bölüşür

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 16 il keçir. Ümummilli liderin vəfatının ildönümü ərəfəsində onun yaxın tərəfdaşları, birlikdə çiyin-çiyinə çalışdığı insanlar xatirələrini "Moskva-Baku” portalına bölüşüblər. Portala müsahibəsində ümummilli liderin şəxsi həkimi kimi fəaliyyət göstərmiş Aleksandr Borodkin ümummilli liderlə tanışlığından yazıb: "1987-ci ilin fevral ayında çalışdığım xəstəxananın baş həkimi bildirdi ki, bundan sonra Heydər Əliyevi müalicə edən həkim kimi fəaliyyət göstərəcəyəm. Bir neçə gün sonra məni Kremlə - Heydər Əliyevin kabinetinə onunla söhbət etməyə dəvət etdilər. Onun ilk sözü bu oldu ki, "övladlarıma və nəvələrimə baxacaqsınız. Bu, sizin əsas vəzifəniz olacaq”. Buna etiraz etdim və dedim ki, axı mən pediatr deyiləm. Lakin cavab belə oldu ki, "siz məni müalicə edən həkimsiniz, siz bütün bunları etməlisiniz”. Üstündən iki həftə sonra biz Volqoqrada uçduq və orada onun iş qabiliyyəti məni heyrətə saldı. Səhərdən axşama kimi ayaq üstə idi - müəssisələri gəzir, insanlarla ünsiyyət qurur, problemlərini soruşurdu. Hər kəsin də problemlərini dinləyir. İnsanlar ona yaxınlaşa bilirdilər, o isə heç kimi etiraz etmirdi. Mən bütün bu günlər ərzində onunla birlikdə idim. Bu, bizim ilk birgə səfərimiz idi. Bu müddət ərzində onun övladları Sevil və İlhamla tanış oldum və öz səlahiyyətlərimi icra etməyə başladım”, -deyə xatirələrini bölüşüb.
Heydər Əliyevin hobbilərini sadalayan rusiyalı həkim bura ilk növbədə mütaliəni daxil edir. Ümummilli liderin çox oxuduğunu, ədəbiyyatı, xüsusən də rus ədəbiyyatını çox gözəl bildiyini, incəsənətlə yaxından maraqlandığını bildirib. Onun sözlərinə görə, belə miqyasda siyasətçi demək olar ki, yoxdur, olsa da, çox azdır. "Onu kimləsə müqayisə etmək çox çətindir. Heydər Əliyev yaranmış hər hansı bir duruma dəqiq analiz verirdi”, - deyə rusiyalı həkim xatirələrini bölüşüb.
Ümummilli liderlə birlikdə çalışmış SSRİ Nazirlər Soveti sədrinin müavini İqor Prostyakov də xatirələrində maraqlı məqamlara toxunur. "Mən Heydər Əliyevin əsas cəhətlərini açan bir neçə məsələdən danışmaq istəyirəm. Hesab edirəm ki, bu nöqteyi-nəzərdən iki prinsipial məsələni başa düşmək gərəkdir: Birincisi o zaman ölkədəki ümumi vəziyyət, ikincisi Heydər Əliyevin bu vəziyyətdə fəaliyyətidir. Mən hər zaman demişəm ki, Heydər Əliyev kimi bir şəxsiyyətlə yaxından tanış olmaqda bəxtim gətirib. Ən əsası, onun 1982-1987-ci illərdə Moskvada SSRİ Nazirlər soveti sədrinin birinci müavin olduğu dövr çox mürəkkəb idi. Bir tərəfdən SSRİ-yə beş amerikalı senator gəldi və etiraf etdilər ki, SSRİ fövqəldövlətdir - həm müdafiə qabiliyyəti, həm də digər məsələlərdə. Digər tərəfdən o zaman SSRİ-yə qarşı sanksiyalar tətbiq edilmişdi. Almaniya Federativ Respublikası bizdən borular almaqdan imtina etmişdi. Heydər Əliyevin təəccüb edilə biləcək qədər uzaqgörənliyi var idi. Azərbaycan KP MK-nin birinci katibi olanda respublika iqtisadiyyatını inkişaf etdirməyə müvəffəq oldu. Bunun nəticəsi idi ki, Sovet İttifaqında iki respublika - Azərbaycan və Belarus büdcədən dotasiya almırdılar. Hər iki respublika Sovet İttifaqını, əsas etibarilə ordunu maliyyələşdirirdi. Heydər Əliyevi həddən artıq vicdanlılıq, təmizlik və şəffaflıq fərqləndirirdi. Heydər Əliyev çox istedadlı insan idi”, -deyə bildirir. Onun sözlərinə görə, Heydər Əliyev hansı sahəyə cavabdeh olurdusa, o sahədə ciddi uğurlar əldə olunurdu. Əlavə edir ki, Heydər Əliyevin qoyulan tapşırıqları layiqincə yerinə yetirməsi, uğurları o zamankı rəhbərlik tərəfindən qısqanclıqla qarşılanırdı. "O hər zaman özünü işə həsr edirdi, gecə-gündüz çalışırdı. Əgər Heydər Əliyev vəzifədə qalsaydı, Sovet İttifaqının süqutu baş verməzdi”.
Başqa bir müsahib, ümummilli liderin Moskvada çalışdığı dövrdə onun şəxsi mühafizəsinin rəhbərinin müavini olmuş Viktor Nemuşkov də ümummilli liderlə işlədiyi dövrü həyatının ən xoş günləri adlandırır. "Mən deməzdim ki, onunla işləmək ağır idi. Əsas onun haradan çıxdığını nəzərə almaq gərəkdir. Axı o, Azərbaycan DTK-nın rəhbəri olub. Operativ işçi kimi bir çox məsələləri yaxşı başa düşürdü, hətta bizdən də yaxşı bilirdi. Bu səbəbdən də hansısa bir səhvi buraxmaq olmazdı, çünki o insan bu işdə hər şeyi yaxşı bilirdi. Heydər Əliyev hər bir məsələyə ciddi və vicdanla yanaşırdı. Heydər Əliyev sərt idimi? Mən bunu deməzdim, daha çox ciddi idi. Baş verənlərə cavabdeh olanlara qarşı tələbkar idi”, -deyə bildirib.
Ümummilli liderin köməkçisi Aleksandr Qavrilov isə bildirib ki, üç il Heydər Əliyevin köməkçisi vəzifəsində çalışıb. Onun xatirələrindən bəlli olur ki, Heydər Əliyev çox dəqiq, Azərbaycanı sevən bir vətənpərvər idi. Hətta ən mürəkkəb anlarda belə ilk növbədə insanları fikirləşirdi. "Heydər Əliyevin insana deyə biləcəyi ən sərt söz "məni aldatmağa çalışmayın” idi. Bu çox intellektli səslənirdi. İnsanları çox sevirdi. Yadıma bir hadisə düşür. Atam vəfat etmişdi. Yaxınlaşıb Heydər Əliyevə bu barədə məlumat verdim. Heydər Əliyev mənə dedi ki, tez yola düşsün. Bilet və s. məsələləri həll etdi. Bu, məni çox təsirləndirdi”, - deyə A. Qavrilov bildirib.
SSRİ dövründə yollar nazirinin müavini vəzifəsində çalışmış Konstantin Kulayev isə ümummilli liderin yüksək vəzifəyə təyin olunmasında yüksək keyfiyyətlərə malik olmasını əsas faktor sayır. "Ona əvvəlcə nəqliyyat və rabitə sahəsi tapşırılmışdı. Heydər Əliyev bu sahədə dərhal qayda-qanun, nizam-intizam yaratmağa müvəffəq oldu. Hər gün səhər bu sahəyə cavabdeh şəxslər ona ətraflı məlumat verməli idilər. Hətta şənbə və bazar günləri də onun bütün tapşırıqlarını yerinə yetirirdilər. Nəyə görə? Qorxudan? Yox, sadəcə, ona hörmət edirdilər. O, çox böyük hörmətə malik idi, böyük məktəb keçmişdi və bütün bunları bilirdi. O vaxt Yuri Andropov onu yüksək vəzifəyə təyin edəndə, səhv etməmişdi. Zaman-zaman ona mədəniyyət, ticarət sahələrinə də nəzarət etməyi tapşırırdılar. Nəticədə son illər Heydər Əliyev operativ komissiyaya da rəhbərlik etməyə başladı”, - deyə Kulayev xatırlayır.
Rusiyanın mərhum prezidenti Boris Yeltsinin mətbuat katibi vəzifəsində çalışmış Sergey Medvedyev isə xüsusi vurğulayır ki, ilk dəfə olaraq Mixail Qorbaçov deyil, məhz Heydər Əliyev xalqın içinə gedib. "Küçədə gedərkən maşını saxlayır, insanlarla söhbət edir, onların problemini dinləyirdi. Hər kəs ona sual verə, bu yüksək rütbəli məmura toxuna bilirdi. Mənə elə gəlir ki, bu, səmimiyyətdən irəli gəlirdi. Bu, sadəcə özünü gözə soxmaq və yaxud təbliğat deyildi. Heydər Əliyev insanlarla ünsiyyət qurmağı sevirdi. Bir çox yüksək rütbəli məmurlar, hətta yaxşıları belə bunu etmir və edə də bilmirlər. O isə bunu edir və yaxşı da bacarırdı. Onun üçün insanların nəbzini tutmaq çox əhəmiyyətli idi. Bununla da müvafiq informasiya əldə edirdi. Biri var sənə hansısa sənəd verirlər, biri də var özün canlı hiss edirsən ki, insanlar nə fikirləşir, hansı əhval-ruhiyyədədirlər. Axı kağız onların əhvalının necə olduğunu ortaya qoymur. O, kamerton kimi insanların psixoloji vəziyyətini hiss edirdi. Aydın görünürdü ki, o, bunu qeyri-formal şəkildə edir. Bu, onun üçün lazım idi. Hər zaman sonda qalib gəlirdi və kompromislər, sadə olmayan qərarlarla qələbəyə çatırdı. Siyasətçinin necə olmalı olduğunu nümayiş etdirirdi. Onun müstəqil, çiçəklənən Azərbaycan qurmaq arzusu reallaşdı. Bu gün biz Azərbaycanda hansı ciddi dəyişikliklərin getdiyinin şahidi oluruq”, - deyə keçmiş mətbuat katibi bildirib.
Rusiya XİN rəhbərinin keçmiş müavini Boris Pastuxov "o həqiqətən də öz xalqının böyük oğlu idi. Bu insan qarşısında dərin ehtiramı sözlə ifadə etmək bəs etmir” deyə bildirir. Diplomatın sözlərinə görə, Heydər Əliyevdə istənilən məsələ barəsində nəhəng bilik, insanı heyrətə sala biləcək insanlıq xüsusiyyətləri, fenomenal yaddaş var idi: "Vaxtilə ünsiyyət qurduğu insanları bütün detalları ilə yadda saxlayırdı. Böyük insanın yüksək keyfiyyətləri xüsusən də ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra üzə çıxdı. Bütün həyatını sadə vətəndaşların ölkədə firavan və xoşbəxt yaşamasına həsr etmişdi. Rusiya, Moskva haqqında yüksək fikirləri ilə seçilib. Kimin hakimiyyətdə olmasından asılı olmayaraq, insanlar haqqında böyük hörmətlə danışırdı. Rusiya ilə dostluğu mehriban qonşuluq münasibətlərində görürdü və bilirdi ki, bu, Azərbaycanın gözəl gələcəyinin təminatıdır”.
Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk isə ümummilli liderlə bağlı xatirələrini danışmağa onunla necə tanış olmasından başlayıb. İlk dəfə Heydər Əliyevlə Sov.İKP-nin qurultayında tanış olduğunu bildirib. Həmin tədbirdə Heydər Əliyevin çox aydın, emosional, Şərq atalar sözləri işlətməklə çıxış etdiyini xüsusi vurğulayır. "Mən o zaman həmkarlarımdan soruşdum - buna qədər Heydər Əliyev harada çalışıb? Dedilər ki, təhlükəsizlik orqanlarında. Təəccübləndim ki, axı orqanlardan çalışanlar parlaq natiq olmurlar. Adətən kölgədə qalmağa çalışırlar. O isə tribunaya çıxır və zal da ona qulaq asır. Əgər zalda 4 mindən çox insan varsa, auditoriyanı ələ almaq çox çətin olur. O isə buna müvəffəq olmuşdu. Heydər Əliyev barəsində yadımda qalan ilk xatirə budur. O, Azərbaycan xalqının oğludur. Artıq bir şey söyləmək olmaz - bununla da bütün sözlər deyilmiş olur. O, öz xalqının oğludur. Mənimlə söhbətində Heydər Əliyev hər zaman Azərbaycan haqqında danışırdı. Özünü ölkəsindən kənarda təsəvvür belə etmirdi”, - deyə eks-prezident bildirib.
Rusiyanın baş kardiocərrahı Leo Bokeriya də bildirir ki, ümummilli lider onların yaddaşında parlaq bir insan kimi qalıb: "Böyük ürək sahibi və yaxud ürəkləri fəth edən Heydər Əliyev 15 mindən artıq insanın həyatını xilas edən böyük şəxsiyyətdir. Yüzlərlə uşaq ürəyi bütün dünya boyu məhz onun peşəkarlığı sayəsində döyünür”.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər