• cümə, 19 Aprel, 04:12
  • Baku Bakı 18°C

Böyük tarixi anlamı olan foto

08.06.18 21:34 864
Böyük tarixi anlamı olan foto
Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin edən 15 İyun – Xalqımızın nicat günü. Artıq 25 illik ildönümünü qeyd etdiyimiz Milli Qurtuluş Günümüz. Doğma xalqının çağırışına heç vaxt biganə qalmayan Heydər Əlirza oğlu Əliyevin 1993-cü ilin iyun ayının 9-da xalqın tələbi ilə Naxçıvandan Bakıya gəlişi. Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan bu tarixi anların şahidi olan Şəmsəddin Xanbabayevin (1992-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının Baş naziri, hal-hazırda Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı) dedikləri: "Prezident Əbülfəz Elçibəyin təyyarəsi iyunun 7-dən Naxçıvan hava limanında Heydər Əliyevi gözləyirdi. Baxmayaraq ki, Ulu Öndər hələ Bakıya getmək barədə qərar verməmişdi. İyunun 8-də saat 18 radələrində prezident Ə.Elçibəy dövlət telefonu ilə mənim otağıma zəng etdi. Onun dönə-dönə düz 3 dəfə təkrar edərək dediklərini mən də çox aydın şəkildə eşitdim: "Qoy, Bakıya gəlsin, onun ayağının altında qurban kəsərəm. Qardaş qırğını başlayır, Azərbaycan parçalana bilər. Heydər Əliyev indi də gəlməyib nə vaxt gəlməlidir?!” Bakıdan olan bu telefon zəngi barədə məlumat vermək üçün özünün icazəsi ilə dərhal Ulu Öndərin iş otağına gəldim və eşitdiklərimi olduğu kimi ona danışdım. O, diqqətlə məni dinlədikdən sonra, - "Şəmsəddin, bir də təkrar elə”, - dedi. Mən də təkrar etdim. Ayağa durub kabinetdən çıxmaq istəyirdim ki, məni saxlayaraq "hər şeyi olduğu kimi bir də danış”, - dedi. Mən də eşitdiklərimi yenidən təkrar etdim.
Beləliklə, Ulu Öndər Azərbaycanda yaranmış mürəkkəb hərbi-siyasi vəziyyəti aradan qaldırmaq və qardaş qırğını təhlükəsinin qarşısını almaq məqsədilə iyunun 8-də axşam Bakıya dönmək barədə qərar verdi və mənə tapşırdı ki, Şəmsəddin, sən aidiyyatı şəxslərlə danış ki, bizim təyyarə Ermənistan üzərindən deyil, İran üzərindən uçsun. Özün də hazırlaş, mənimlə Bakıya gedəcəksən. Təbiidir ki, mən də onun adından kimlərlə lazımdısa danışaraq məsələni həll etdim. İyunun 9-da saat 11-də Ulu Öndər Ali Məclisin binasından çıxaraq hava limanına gedərkən Ali Məclisin qarşısına toplaşmış 50 mindən çox insan onu yola salmağa gəlmişdi. Toplaşanlar arasında Muxtar Respublikanın demək olar ki, bütün rayonlarından gələn çoxsaylı insanlar var idi. Qadınlarla yanaşı, hətta bəzi kişilər də ağlayırdı. İnsanlar sanki qorxurdular ki, bu gedişlə Heydər Əliyev Naxçıvansız, Naxçıvan isə ulu öndərsiz qalacaq. Əsas olan isə o idi ki, bu insanların hamısı sevindiyindən ağlayırdı. Hamı yaxşı bilirdi ki, o, Bakıya getməklə qardaş qırğını dayanacaq və Azərbaycan parçalanmaqdan xilas olacaq.
Naxçıvandan Bakıyadək 1 saat 5 dəqiqəlik uçuş zamanı mən təyyarədə masa arxasında Ulu Öndərlə üzbəüz oturmuşdum. O, yol boyu söhbət edirdi. Hərdənbir də fikrə gedirdi. Hiss edirdim ki, Ulu Öndər belə anlarda daha çox məhz qarşıdakı görüşlər, müstəqil Azərbaycanın yaxın və uzaq qayğıları barədə düşünür. O vaxtdan 25 il keçir və hər dəfə həmin tarixi anı xatırladıqca özümü çox xoşbəxt insan hesab edirəm.
Bakı hava limanında gözlədiyimizdən qat-qat artıq insan Ulu Öndəri qarşılamağa gəlmişdilər.Baxmayaraq ki, o zamanlar ölkə rəhbərliyində buna mane olmaq istəyənlər kifayət qədər çox idi. Görünür, Ümummilli Lideri qarşılamağa gələn insan axınına heç kim və heç bir vasitə ilə mane ola bilməmişdi. Bu, ölkənin ən çətin anında xilaskarlıq missiyasını qürurla öz üzərinə götürərək, şərəflə yerinə yetirən xalqımızın dahi oğlu, Ulu Öndər Heydər Əlirza oğluna olan sonsuz ümumxalq məhəbbətinin əyani təzahürü idi. Tanrıma minnətdaram ki, Azərbaycanın o şanlı tarixinin dönüş nöqtəsi olan həmin tarixi anların şahidi olmağı mənə də nəsib edib”.

banner

Oxşar Xəbərlər