• cümə axşamı, 25 aprel, 14:28
  • Baku Bakı 23°C

“Böyük sürprizlərlə qarşınıza çıxacağam” - Fotolar

05.04.17 13:30 4477
“Böyük sürprizlərlə qarşınıza çıxacağam” - Fotolar
Bu gün Azərbaycan vətəndaşlarının səsi dünyanın hər yerindən eşidilməkdədir. Soydaşlarımızın xoş sədalarını eşitdikdə isə, biz də sevinir, onların uğurlarını öz uğurumuz hesab edirik. Onların fəaliyyətini işıqlandırmaq, sizlərə çatdırmaq isə məhz bizim öhdəmizə düşür. Bugünkü müsahibimiz "ENES.F production”ın və "Şərq ulduzları” teatr ansablının, eyni zamanda "Şərq ulduzları” telelayihəsinin rəhbəri, prodüser, yazar Sevinc Səfərovadır. S.Səfərova 2012-ci ildə ATV telekanalında yayımlanan "Şərq ulduzu” layihəsini həyata keçirib. Filmlərə gəlincə isə, müsahibim "Qatillə görüş”, "Ruhun səsi”, "Kömək edin”, "Nə idi o günlər?” kimi filmlərin rejissorudur. Sözügedən filmlərin ssenarisi də məhz S.Səfərovanın özünə məxsusdur.
- Sevinc xanım, sizi yazar və rejissor, eyni zamanda beynəlxalq tədbirlərin təşkilatçısı kimi yaxşı tanıyırıq. İstərdik indi də prodüser kimi tanıyaq. İndiyə qədər hansı layihələrin müəllifisiniz?
- Əvvəla, hər nə qədər vətəndən kənarda yaşasam da, ürəyim Azərbaycanla döyünüb. Gördüyüm bütün layihələrimdə ölkəmi, onun adını daşıyıram. Fəxrlə də qeyd edirəm ki, mən azərbaycanlıyam. Gördüyüm işlərə gəlincə isə, hər bir layihəmi vətənə və ölkəmizin gənclərinə, övladlarına həsr etmişəm.
2011-ci ildə 1 iyun Uşaqları beynəlxalq müdafiə günündə əlil uşaqlar üçün ulu öndərimizin xatirəsinə həsr olunmuş "Zirvə” adlı silsilə xeyriyyə tədbirləri keçirdim. Bu tədbir də cəmiyyətimiz tərəfindən müsbət qarşılandı və uzun müddət səs-sədası dilləri dolaşdı. 2012-ci ildə Azərbaycanda analoqu olmayan "Şərq ulduzu” telelayihəsinə imza atdım. Bu layihəni etməkdə məqsədimiz o idi ki, aztəminatlı, maddi cəhətdən çətinlik çəkən, kasıb, lakin istedadı olan uşaqları bir araya toplayıb onları ölkəmizə tanıdaq. Bunun üçün 54 rayona getdik, uzun sürən seçim turlarından sonra biz o uşaqları yığıb, paytaxta gətirdik. Həmin uşaqlar da bizim layihəmizin iştirakçılarına çevrildilər. Biz bir növ o uşaqlara cəmiyyətdə özlərini, öz mövqelərini tapmaq üçün vasitəçi olduq. Bu gün o uşaqların uğurlarını görəndə, sevincimin həddi-hüdudu olmur.Qeyd edim ki, 2009-cu ildə "Xəzər” qrupunu yaratdım. Bu qrup canlı ansambldan ibarət idi. Belə ki, 17-27 yaş arasında olan istedadlı uşaqlardan ibarət vətənpərvər bir qrup yaratdım. Bu qrupun repertuarında ulu öndərimizlə və vətənpərvərliklə bağlı bəstələrimiz var idi. Biz icra başçılarının dəvəti ilə ölkəmizdə keçirilən bayram şənliklərində, ölkəmiz üçün önəm daşıyan tədbirlərdə çıxışlar edirdik. Ulu öndərimizin xatirəsinə həsr olunmuş konsertlər, tədbirlər keçirirdik. Rayonlara səfərlərə gedirdik, maraqlı konsert proqramları hazırlayırdıq. "Xəzər” qrupunu da yaratmaqda məqsədim o oldu ki, həmin zamana qədər ölkəmizdə vətənpərvər ruhlu bir qrup yox idi. Bundan əlavə, istedadlı uşaqlara yardımçı olmaq, onları xalqımıza tanıtmaq istəyirdim. Onlar çox kasıb və bir o qədər də istedadlı idilər. Ancaq istedadlarını bəlli etmələri üçün imkanları yox idi. Mən də bu uşaqları axtardım, yığdım və gözəl qrup yaratdım. İndi həmin uşaqlar öz yollarını tapıb.
- Sizin yaradıcılığınıza nəzər yetirdikdə, maraqlı filmlərə də rast gəlirik. Film çəkilişlərinə necə başladınız?
- Əslində uzun müddət idi ki, film çəkilişləri barəsində düşünürdüm. Nəticədə 2014-cü ilin fevral ayında "Nə idi o günlər?” qısametrajlı filminin çəkilişlərinə başladım. Bu film əlil insanlara həsr olunmuşdu. Onların dünyaya inteqrasiyası, sosiallaşması ilə bağlı bir film idi. Fiziki qüsurlu insanlarla bağlı bir neçə layihəm olmuşdu və onların dərdini, acısını içimdə hiss edirdim. Hesab edirdim ki, onların özlərinə inanması, daxillərində böyük bir ümid yaratmaq üçün bu filmi çəkməliyəm. İstəyimə də bu filmlə nail oldum.Ondan sonra "Qatillə görüş” filmini çəkdim. Və beləliklə, filmlərin ardı gəldi. Çəkdiyim hər bir filmdə özümü həmin qəhrəmanların yerinə qoymuşam. Onların çəkdikləri acıları, iztirabları mən özüm də yaşamışam.
- Ötən il sizin müəllifi olduğunuz "Günah” romanının təmtəraqlı təqdimatı keçirildi. Tədbirdə bu romanın "Oskar” mükafatına belə, layiq görülə biləcəyi qeyd edildi.
- Elədir. 2016-cı ilin 25 fevralında "Günah” romanımın təqdimatını keçirdim. Azərbaycanın tanınmış yazıçısı Çingiz Abdullayev də bu təqdimatda iştirak edirdi. Çingiz müəllim özü kitabı təqdim etdi. Eyni zamanda, Türkiyənin tanınmış yazarı Unal Küpəli, Norveçin, Hollandiyanın baş müşavirləri də həmin təqdimatda çıxış etdi. İrandan tanınmış şərqşünas Əyyub müəllim də orada idi. Əyyub müəllim vaxtilə "Azərfilm”in direktoru olub. O da bu kitabın mövzusunu çox bəyənmişdi. Təqdimata da şəxsən özü gəlmişdi. Əslində sağ olsun Çingiz Abdullayevi. Bu kitabın təqdimatını keçirməkdə mənə çox dəstək oldu. Unal Küpəli də "Günah” romanı ilə bağlı öz sözünü bildirmişdi. Bu kinonun "Oskar”a qədər gedəcəyini demişdi. Bu layihənin beynəlxalq səviyyədə təqdimatı üzərində çalışmaqdayam. Bunun üçün bir çox ölkələrə getdim. Böyük sürprizlərlə qarşınıza çıxacam. Artıq "Günah”ın film ssenarisi də hazırdır. Kinosunu çəkməyə hazırlaşırıq.
- Əslində bu romanın ideyası da çox fərqlidir.
- "Günah” romanı adi bir roman deyil. Bu gün hər bir gəncin həyatında yaşana biləcək bir hadisədir. Mən də cəsarət edib, bu romanı qələmə aldım. Bilirsiniz ki, bu cür ağır bir mövzunu ədəbiyyata gətirmək hər qadının işi deyil.Romanda 13 yaşlı oğlan uşağının ögey atası tərəfindən zorlanması və bundan sonra baş verən hadisələr qeyd olunub. Belə ki, həmin uşağın illər öncə anasından gizlətdiyi bu sirr onu başqa yollara aparıb çıxarır. Burda günah zəncirvarı davam edir. Birindən başlayır, o birisinə keçir. Balaca bir səhv insanın həyatını dəyişir. Ətrafındakı insanları da istəmədən belə günaha batırır. Romandakı qəhrəmanlar istəsə də, istəməsə də, bu romanda hər kəs günahkardır. Onların atdığı hər bir addım günaha səbəbədir.Bu roman həqiqətən də çox sevildi. Azərbaycanda qəbul olundu.
- Ötən il "Burulğan” filminin trillerini yayımladınız. Azərbaycanda ilk dəfə belə bir film çəkəcəyiniz haqqında mətbuat nümayəndələrinə də məlumat vermişdiniz. Bu filmin çəkilişlərindən bir xəbər varmı?
- "Burulğan” filmində hadisələr İtaliyada baş verir. Mən də yayda İtaliyada oldum. Oraya "Burulğan” filminin çəkiliş yerlərini dəyərləndirməyə getmişdim. Siz də bilirsiniz ki, keyfiyyətli iş zaman və bir də yaxşı sponsor tələb edir. Filmin sponsor problemləri mövcuddur. Düşünürəm ki, filmin keyfiyyətli ssenarisi olduğu üçün sponsor tapılacaq. Buna çox ümid edirəm. Əgər sponsor da olmasa, özümüz bu filmi ərsəyə gətirməyə məcbur olacağıq. Filmin rejissoru və ssenaristi kimi məcbur olacam ki, özüm filmə sponsorluq edim. Əlavə etmək istəyirəm ki, "Günah” filminin çəkilişi də İtaliyada nəzərdə tutulub.
- Azərbaycanda yazarlara olan münasibət sizi qane edirmi?
- Sözün düzünə qalsa, yazarlara olan münasibət məni heç də qane etmir. İstər nəşriyyatlar, istərsə də kitabxanalarımız tərəfindən. Kitab çapında belə, artıq hər şey qəlizləşib. Kitabı istənilən yerdə çap etdirmək olmur. İstənilən bir mağazada satışa da vermək olmur. Düzünü desəm, yazarlar Azərbaycanda o qədər də alqışlanmır.

- Bəs indi nə işlərlə məşğulsunuz?
- İşlərimi hələ də dayandırmamışam. Yenə də "Şərq ulduzu” layihəsini həyata keçirmək istəyirəm. Bu, böyük bir realiti-şou olacaq, türk dünyasını əhatə edəcək. Bu layihədə türkdilli ölkələrdən seçilən uşaqlar çıxış edəcək.
Xəyalə Rəis






banner

Oxşar Xəbərlər