• çərşənbə, 24 Aprel, 18:17
  • Baku Bakı 23°C

Böyük qələbə!

05.04.16 15:42 1216
Böyük qələbə!
Qarabağda neçə gündür müharibə gedir. Və bu müharibə o müharibələrdən deyil. Şanlı Ordumuzun nəticəli əməliyyatlarından tutmuş, Ali Baş Komandan başda olmaqla, bütün dövlət orqanları və onların əməkdaşlarının operativ, korrekt və əlaqəli fəaliyyətinə, açıqlamalarınadək hər şey tamam başqadır. Elə media və sosial şəbəkədəki fəaliyyət də daxil olmaqla, cəmiyyətin hərbi əməliyyatlara münasibəti, davranışı da 90-cı illərlə müqayisədə çox fərqli, təqdirəlayiqdir.
Fikir verin, hərbi əməliyyatların bərpa olunduğu son günlərdə ermənilər demək olar ki, bizim rəsmi dövlət orqanlarının açıqlamalarını təkzib etməklə məşğuldurlar. Bu o deməkdir ki, biz bu çox vacib sahədə - informasiya müharibəsində də öndəyik. 90-cı illərin müharibəsi zamanı düşmən tərəfindən yalan informasiyaların bütün dünyaya yayılması və bunun əksini sübut etməkdə çəkdiyimiz əziyyətlər, müvəffəqiyyətsizliklər yaddan çıxmayıb. İndi isə dünyanın böyük oxucu, tamaşaçı kütləsinə malik nüfuzlu qəzetləri, sayt və telekanalları bizim sözümüzü – düz olanı deyir! Əlbəttə ki, bu, heç də birdən-birə belə olmadı. 1994-cü ilin atəşkəsindən keçən dövr ərzində, xüsusilə son illərdə Azərbaycan öz Silahlı Qüvvələrini peşəkar və yüksək səviyyədə təmin olunmuş hala gətirməklə yanaşı, bütün dünyada da addım-addım, yorulmadan, usanmadan işlər apardı.
Keçirilən tədbirlər, maarifləndirici fəaliyyət, Qarabağ həqiqətlərinin bütün dünyada ən müxtəlif formalarda təbliğatının uğurlu nəticəsidir ki, bu gün dünyada artıq çoxları əvvəlki kimi düşünmür, erməni yalanlarının təsiri altında deyil. Azərbaycanla, Dağlıq Qarabağla bağlı dünyanın istənilən yerində - hər hansı bir tədbirdə səsləndirilən, kitabda, jurnalda və ya hansısa saytda, portalda yayımlanan ən kiçik yanlış informasiyaya belə, Azərbaycanın müvafiq dövlət orqanları, eləcə də diaspor nümayəndələri, sıravi insanlarımız tərəfindən göstərilən diqqət, həqiqəti sübut və etiraf etdirənə kimi inadkarcasına əl çəkməmək mövqeyinin uğurlu nəticəsidir ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları, onların rəhbərləri və nüfuzlu şəxslərindən, rəsmilərindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək bəyanatları eşidirik. İllərlə ermənipərəst mövqe eşitməyə adət etdiyimiz ünvanlardan belə, bu gün bir çox hallarda ən azı, bitərəf münasibət görürük. “Vaşinqton Post” belə yazdı, “Assoşeyted press” elə yaydı – bunları bu gün oxumaq, izləmək nə qədər də xoşdur! Bu, düşməndən geri alınan və alınacaq hər qarış torpağımız qədər əhəmiyyətlidir. Ona görə də bu gün qürurla, fəxrlə deyə bilərik: Azərbaycan hər iki cəbhədə qalibdir! Ordumuz nə qədər uğurlu fəaliyyət göstərirsə, informasiya müharibəsi cəbhəsində də düşməndən artıq o qədər öndəyik!
Allah şəhidlərimizə rəhmət etsin! Təəssüf ki, heç bir müharibə itkilərsiz olmur. Amma gəlin, hərbi əməliyyatların başlanmasına, eləcə də şəhidlərimizə cəmiyyətimizin, insanlarımızın reaksiyasına baxaq. Vaxt var idi, “müharibə olmasın, oğlum ölməsin” prinsipini üstün tutanlar, hətta bunu təbliğ edənlər belə, az deyildi. Amma indi jurnalistlərimizdən tutmuş, keçmiş döyüşçülərə kimi bir çox insanlarımız cəbhə bölgəsində, əsgərlərin yanındadır. Bu günlər ərzində cəbhə bölgəsi olmayan bir çox rayonlardan insanların öz təşəbbüsləri ilə təmas xəttinə yardımlar toplayıb aparması haqda nə qədər xəbərlər oxuduq. İllər öncə müharibə zamanı əməliyyatlar getməyən ərazilərdəki yaşayış məntəqələrini belə, panika içərisində tərk edən insanlarımız, indi nəinki düşmən bombası düşən kəndlərini tərk etmir, hətta səngərlərə qalxıb, hərbçilərdən silah istəyir!
Bir neçə il öncə qəhrəmancasına şəhid olan Mübariz İbrahimovun şücaətinə heyran olan, iki il öncə düşmən helikopterinin məhv edilməsi ilə bağlı “vur, komandir, vur” ifadəsini dillər əzbərinə çevirən Azərbaycan xalqı və onun dövləti bu müharibəyə, torpaqlarının işğalçılardan azad olunmasına artıq həm hərbi, həm psixoloji-vətənpərvərlik, həm iqtisadi qüdrət, həm də bütün dünya miqyasında informasiya müharibəsi aparmaq baxımından hazırdır. Son günlər istər ön, istərsə də arxa cəbhədə müşahidə etdiyimiz qələbələr bunun nəticəsidir və ermənilər reallığı dərk edib, ərazilərimizdən çıxmadıqca, bu qələbələri daha da çox və daha böyük miqyasda müşahidə və qeyd edəcəyik!
Aprelin 2-də Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında hərbi əməliyyatlarla bağlı böyük hərbi qələbə qazandığımızı bildirdi və bu münasibətlə ordumuzu, bütün Azərbaycan xalqını təbrik etdi. Əlbəttə, torpağımızın hər santimetri müqəddəsdir, hər bir qarışın azad olunması böyük qələbədir. Eyni zamanda, Prezidentin sözlərində obyektiv beynəlxalq reaksiyalara görə bir məmnunluq çaları da var. Məhz buna görə də qələbəmiz daha da böyükdür və həqiqətən hər kəsə təbrik düşür!
banner

Oxşar Xəbərlər