Böyük planları olan gənc direktor - Uğur hekayəsi

Böyük planları olan gənc direktor - Uğur hekayəsi

Gənclik qəzeti
25 Oktyabr 2019, 09:45 744
Şəhərdə böyüyüb, ancaq kəndə həmişə marağı olub. Bu maraq onun gələcəkdə çalışmaq üçün seçdiyi peşədə də özünü göstərib. Belə ki o balakavr təhsilini coğrafiya üzrə alsa da, magistrda kənd təsərrüfatını seçir. Qısa zamanda bu sektorda uğur qazanır. Müsahibimiz bu günlərdə Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə (Şamaxı DAİM) direktor təyin olunan gənc Etibar Muradlıdır.

- Etibar bəy, bakalavr təhsilinizi Bakı Dövlət Universitetində coğrafiya üzrə almısınız. İlk olaraq coğrafiyanı seçməyinizin səbəblərindən danışaq.
- Məktəb vaxtı coğrafiyanı yaxşı oxuyurdum, həmin fənn üzrə olimpiadalara qatılırdım. Bakı şəhəri üzrə bir-ikinci yerləri tuturdum. Ən yaxşı bildiyim sahə olduğu üçün ali təhsil seçimi zamanı da bu istiqamətə yönəldim. Coğrafiya üzrə təhsil aldım, 3-cü kursda isə, iqtisadi-sosial coğrafiya üzrə ixtisaslaşmanı seçdim.

- Tələbə vaxtı "İçərişəhər” kitab evini yaratmısınız. Bu, neçənci kursda oldu?
- O işi quranda 2-ci kursda oxuyurdum.

- Bu işi qurmaq müəyyən qədər maliyyə tələb edir. Maraqlıdır. Tələbə vaxtı əlinizdə o məbləğ var idi?
- Kitab evi açmaq məqsədilə müəyyən qədər maliyyə vəsaiti yığmışdım və onunla işə başladım, davamı da gəldi.

- Pulu necə yığmışdınız? İşləyirdiniz?
- Ümumilikdə, 8-ci sinifdən sonra işləməyə başlamışam, müxtəlif yerlərdə çalışmışam. Həmin yaş qrupunda gənclərin pul qazanmaq üçün gördüyü işlərdə çalışırdım. Ordan qazandığım pulları bir gün kitab mağazası açmaq məqsədilə yığırdım. Kitab mağazası açmaq istəməyimin bir səbəbi də evdə hər yeri mənim kitablarımın zəbt etməsi idi, evdəkilər buna görə çox şikayət edirdilər. Elə ilk olaraq öz kitablarımı satmaqla başladım. Sonra da nəşriyyatlardan alıb satdım. Beləcə, o işi qurduq. İnsanları cəlb edə bildik. Orda yaranmış mühitə görə də, gələn çox olurdu.
 
 

- Həmin kitab evi bu gün də fəaliyyət göstərir. Bu qədər həvəslə qurduğunuz işi niyə satdınız?
- Mən 2 ildən bir az çox müddət oranı işlətdim. 2015-ci ildə universiteti bitirirdim və magistr təhsili üçün xarici ölkəyə getməyi planlayırdım. Bunun üçün də mənə müəyyən qədər pul lazım idi. Ona görə, biznesi elə kitab evinin daimi müştərisi olan, sonradan dostuma çevrilən şəxsə satdım. Həmin pulla ilkin xərclərimi ödəyib Çexiyaya oxumağa getdim. IELTS imtahanı, sənəd tərcümə təsdiqi, banka qoyulan pul və s. hamısını həmin satışdan əldə etdiyim vəsait hesabına edə bildim.

- Bakalavr təhsilini coğrafiya üzrə alsanız da, magistrda kənd təsərrüfatına yönəlmisiniz. Bu qərarı verməyinin səbəbi nə oldu?
- Mən Bakı şəhərində böyümüşəm, amma əslən Şamaxı rayonundanam. Yay tətilində həmişə Şamaxıya gedirdik. Kəndə sevinə-sevinə gedirdim, çünki kənd həyatı mənim üçün maraqlı idi. Bakalavr təhsilində ixtisaslaşma zamanı iqtisadi-sosial coğrafiyanı seçməyimin səbəbi də kənd təsərrüfatı ilə bağlı mövzuları daha yaxından öyrənmək istəyim idi. Elə oldu ki, universitet illərində qidaların mənşəyi ilə daha çox maraqlanmağa başladım. Qida zəncirinin tam dövrünü araşdırmağa yaranan həvəs məni magistr təhsilində də bu istiqamətdə yönəltdi.
 


- Hiss olunur ki, kənd həyatına xüsusi sevginiz var...
- Həmişə zarafatla deyirəm ki, uşaq vaxtı mənə verilən "şəhər yaxşıdır, yoxsa kənd” sualının cəzasını çəkirəm (Gülür). Mən həmişə kənddən qayıdanda, qonşularımız soruşurdu ki, "şəhər yaxşıdır, ya kənd?". Kəndin yaxşı olduğunu deyəndə deyirdilər ki, "kənddə nə var?”, şəhəri bəyəndiyimi bildirəndə deyirdilər ki, "şəhərdə nə var?”. Elə o cavabın arasında qala-qala mən həm şəhəri, həm də kəndi seçib, kənd təsərrüfatı üzrə oxudum. Şəhərdə mənim üçün kənd yaxşı idi, kənddə də şəhər. Hər ikisi mənə doğmadır. Bəli, kənd təsərrüfatına, kənd həyatına bir sevgim olub. İmkan olan kimi kəndə gedirdim, ağac əkirdim. Kirpi, tısbağa, balıq, pişik, it, hətta bir müddət ilan da saxlamışam.

- Aqrar təhsil üçün niyə Çexiyanı seçdiniz?
- 4-cü kursda oxuyanda, magistr təhsili almaq fikrin varsa, artıq hazırlaşmağa başlamalı, seçimini edib oxumaq istədiyin universitetlərə sorğu göndərməlisən. Mənim də məqsədim kənd təsərrüfatı ilə bağlı ixtisasda təhsil almaq olduğu üçün aqrar sahədə yaxşı təhsil verən universitetləri araşdırdım. Almaniya və ya Çexiyada olan universitetlərə sorğu göndərdim. Ancaq Çexiya daha çox ağlıma batmışdı. Həm də Almaniya alman dili tələb edirdi, bu da tam olaraq mənə uyğun gəlmirdi. Çexiyanın Mendel Universiteti bu sahədə ixtisaslaşmış universitetlərdən biri idi. Çexiyanın ikinci ən böyük şəhəri Brnoda yerləşirdi. Tam olaraq tələbə şəhəri idi. Orda bir çox aqrar startaplar yaranırdı və mənim onlarla tanış olmaq imkanım olurdu. Universitetdəki təhsillə yanaşı, mən həmin müddətdə bir neçə ölkədə işlədim, təcrübə keçdim. Avropa Birliyinin yaşama izni olandan sonra digər ölkələrə getmək asandır, bu imkandan istifadə edib, bir çox ölkəyə getdim, onların kənd təsərrüfatları, iş mexanizmləri ilə tanış oldum. Yunanıstan, İtaliya, Macarıstan və s. ölkələrə getmişdim. Bu təcrübə universitetdəki kənd təsərrüfatı menecmentini daha dərindən öyrənməyə imkan yaradırdı.
 


- Bakalavr təhsilini coğrafiya üzrə oxuyan biri olaraq xarici universitetdə aqrar sahə üzrə magistr təhsili almaq çətin deyildi?
- Düzü, ilk vaxtlar universitetin proqramı mənə bir az çətin gəlirdi. Azərbaycanda universitetdə 4 ilə oxuduqlarım qədər məlumatı burda bir semestrdə öyrənməli olurdum. O dərslər ilk vaxtlar ağır gəlirdi deyə, hər gün bənzər ixtisaslardakı bakalavrların dərslərində də iştirak edirdim. Bu da rejimimi gərginləşdirirdi, səhər 7-də evdən çıxırdım, axşam 11-12-də, elə olurdu gecə 1-2-də qayıdırdım. Bu rejim mənim çəkimdə də öz təsirini göstərdi, Azərbaycana qayıdanda çəkim getdiyimdən 11 kq az idi. Düzdür, fərqli ölkənin yeməklərinə öyrəşmək məsələsi də var, amma dərslər elə idi ki, yemək-içməyə normal vaxt ayıra bilmirdim.

- Dediniz ki, tələbə vaxtı bir neçə ölkədə işləmisiniz. Onlar yalnız təcrübə xarakterli idi, yoxsa pul da qazanırdınız?
- WWOOF (Willing Workers on Organic Farms) proqramı vasitəsilə biz orqanik təsərrüfatlarda olurduq, fermerlərin həyətində işləyirdik. Qalmağa yer, bir də yemək verirdilər, biz də onların həyət-bacasında işləyirdik. "Mənim üçün işlə, özün üçün öyrən” prinsipini əsas götürüb işləyirdim (Gülür).

- Tələbələrə çətin işlər gördürürdülər?
- Həmin proqramın standartları var idi. Məsələn, gün ərzində 4 saatdan çox işləməməliydik. "Bu, sənin işindir, eləməlisən” tipli yanaşıb, kobud davrananlar da olurdu. Qul əməyindən istifadə edirmiş kimi yanaşanlarla bərabər, nə isə öyrənməyimiz üçün əlindən gələni edən fermerlər daha çox idi. Faizlə müqayisə etsək, 90 faizi yaxşı münasibət göstərirdi, amma insan beyni elədir ki, neqativlər daha çox yadında qalır (Gülür). İşlərin ağırlıq dərəcəsi elə də çox olmurdu. Üzüm bağlarında budama işlərinə kömək etmək və s. işləri görürdük. Bu işləri məcburiyyətdən etmirdim, həvəslə görürdüm.

- Magistr təhsilini xaricdə alanların böyük qismi getdiyi ölkədə iş imkanı olanda, qayıtmır. Sizin orda qalmaq fikriniz yox idi?
- Bir professorumuz məni orda saxlamaq istəyirdi. Başqa bir professorumuz isə İsrailə dəvət etmişdi. Mən gedim-getməyim dilemması qarşısında da qalmamışdım. Nə olur-olsun qayıdıb ölkəmizdə çalışmağı qarşıma məqsəd qoymuşdum. Ona görə, 2017-ci ildə təhsilimi başa vurub qayıtdım.

- Bundan sonra iş məsələsini həll etmək lazım idi...
- Əslində, iş məsələm dönməmişdən həll olmuşdu. Dostlarım Surxay Novruzov və Ramil Azməmmədovla bir yerdə 2016-cı ildə "NPC Agro” konsaltinq və mühəndislik şirkətini qurduq. Üçümüzün də bu sahədə təhsili var idi, dedik ki, biz də Azərbaycanda kənd təsərrüfatı üçün çalışan insanlardan olaq. Ona görə, belə bir şirkəti təsis etdik. Burda əkin planından, torpaq, su analizindən tutmuş, istixanaların, suvarma sistemlərinin qurulmasına qədər bütün ağıla gələcək aqrar xidmətləri daxil etdik. Heyvandarlıq, bitkiçiliklə bağlı bir çox istiqamətdə xidmətlərimiz var idi. İşimiz təkcə məsləhətlə bitmirdi, əgər sifarişçi istəsəydi, o məsləhətlərin tətbiqi ilə bağlı köməklik edə bilirdik. Hazırda həmin şirkəti Surxay Novruzov uğurla idarə edir.
 


- Kənd təsərrüfatı biznes olaraq gəlirli sahədir?
- Kənd təsərrüfatında bir çox sahə boş olduğuna görə, o boşluğu doldurmaq istəyənlər də çox olur. Amma yalnız peşəkar yanaşma olduğunda uğur qazanmaq mümkündür. Əks halda effektli olmur, gəlir gətirmir. "Mən də bacararam”, "Mən də edərəm, burda nə var ki” deyib, qeyri-peşəkar şəkildə işə başlayan çox adam investisiyasını batırır. Peşəkar iş ortaya qoyanda gəliri də olur. 

- Adətən, öz işini quranlar, "Öz işimin ağasıyam” deyib başqa yerdə işləməyə maraq göstərmir. Bəs nazirliyə getməyinizin səbəbi nə oldu?
- Əslində, "NPC Agro”nu quranda, məqsəd nə idisə, nazirliyə gedəndə də istəyim o idi. Mənim Azərbaycana qayıtmağımın səbəbi ali təhsil aldığım sahədə ölkəmiz üçün faydalı olmaq idi. O səbəbdən, nəsə etmək istəyirdim. İşi qurduğumuz dostlarla tez-tez kənd təsərrüfatında görülən işləri, olan boşluqları, nələri daha yaxşı etmək mümkün olduğunu danışırdıq, müzakirələr aparırdıq. Sonra dedik ki, daha yaxşısını etmək olarsa, niyə bunu biz etməyək? Bu formada iş başladı və "NPC Agro” yarandı. Sonra elə oldu ki, Kənd Təsərrüfatı Nazirliyindən təklif gəldi. Kənd təsərrüfatı sahəsində etmək istədiklərim çox idi, qurduğumuz şirkətlə bu sahədə işlər görürdük. Ancaq düşündüm ki, bu sahədə dövlət səviyyəsində şirkət səviyyəsində edə biləcəyimizdən daha çox iş görmək mümkündür. Nazirlikdəki təşəbbüskar yanaşma, fermerlərə yaxınlıq, ağıllı həllərin - innovasiyaların tətbiqi prinsipləri məni cəlb edirdi. Ona görə də gələn təklifi sevə-sevə qəbul etdim.

- Bu sahədə qurduğunuz işlə özünüzü tanıda bilmişdiniz deyə, nazirlik sizə iş təklifi etdi?
- Təbii ki həm biznes sahəsiylə bağlı fəaliyyətlərimiz, həm də nazirliyə kənd təsərrüfatı ilə bağlı təqdim etdiyimiz layihələr, təkliflər sayəsində təşəbbüskar gənclər olaraq nazirliyin diqqətini cəlb etmişdik. Həmin işlər rəhbərlik tərəfindən qiymətləndirildi və əməkdaşlıq üçün dəvət edildim.

- Nazirlikdə işə başlamağınızla Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyin olunmağınız arasında elə də çox vaxt keçməyib. Necə işçi oldunuz ki, sizi qısa zamanda direktor təyin etdilər?
- Həmişə o prinsipdə olmuşam ki, işini vicdanla gör, bir-iki, hətta üç-dörd nəfər görməsə də, axırda bunu görən, qiymətləndirən olacaq. Bir az "işqolikəm", iş görəndə ona elə fokuslanıram ki, bir də ayılıram ki, axşam düşüb, hamı işdən çıxıb, amma mən hələ də işləyirəm. Elə olurdu ki, səhər işə ən birinci gələnlərdən olurdum, axşam da ən gec gedənlərdən. Nazir İnam Kərimov özü də çox gec saatlara qədər işləyirdi. O məni də dəfələrlə axşam işdə görüb. Nazirlikdən sonra "Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinə keçdim, orda da eyni formada işlədim. Bu cür işləməyimin səbəbi özümü göstərmək deyildi, amma dediyim kimi gec-tez görüb qiymətləndirirlər və nəticədə böyük etimad göstərildi, həm məsuliyyətli, həm də şərəfli iş olan Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru vəzifəsinə təyin olundum.

- İndiki təyinatınız Şamaxıdadır. Rayona köçməklə bağlı tərəddüdünüz oldumu?
- Qətiyyən, tərəddüd etmədim. Şamaxı mənim üçün yad yer deyil. Digər tərəfdən, məsələyə həmişə bir az idealist məqsədlərlə yanaşıram. Həmin idealizmi kənara qoyub, işin içərisinə digər məqsədləri qoymaq xarakterimdən, xasiyyətimdən imtina olardı. Kənd təsərrüfatı üzrə karyera qurmasaydım, yəqin ki, müəllim olub ucqar kənd məktəblərində işləyərdim.
 


- Yeni vəzifənizin icrası ilə bağlı planda nələr var?
- Kənd təsərrüfatı uzunmüddətli planlama tələb edən sahədir. "Bu gün gəldim, bütün planları dəyişdim” deyə bir şey yoxdur. Təbii ki bizim özümüzə məxsus planlarımız, fermerin, kəndlinin inkişafı üçün bəzi məqsədlərimiz var. Şamaxı rayonu ərazisində kənd təsərrüfatı ilə bağlı bütün sahələrdə ciddi irəliləyişlər əldə olunması üçün əl-ələ verib çalışmağa başlamışıq. Onun üçün isə dünya təcrübəsində tətbiq olunan bir çox üsullar var. O üsulları tətbiq etməklə, nazirliyin cızdığı yol xəritəsi əsasında bu işlərin görülməsi nəzərdə tutulur.

Və heç bir sahədə iş bir nəfərdən asılı olmur, güclü komanda lazımdır. Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin çox peşəkar, potensiallı bir heyəti var, biz o peşəkarlığı, potensialı ortaya çıxarmaq üçün burdayıq. Əminəm ki, bu potensialdan yaxşı mənada istifadə edə biləcəyik.

- Ənənəvi sualımız: sizə görə uğurun sirri nədir?
- İstər şəxsi münasibətlər olsun, istər karyera, mənə görə, uğurlu olmağın sirri fədakarlıqdadır. Məsələn, sən vaxtını başqa nələrəsə də, əyləncəyə və s. ayıra bilərsən, amma daha çox işləyib daha yaxşı təcrübə yığırsan, yaxud oxuyub yeni nələrsə öyrənirsən. Bu, fədakarlıqdır və uğura aparır. Mənim üçün uğur isə fərdin, yəni mənim yox, cəmiyyətimizin bütününün xoşbəxtliyidir. Bu uğur üçün istənilən fədakarlıq, düşünürəm ki,  təqdirəlayiqdir.

Aygün Asimqızı