Böyük planlar uğrunda çalışırıq – Uğur hekayəsi
Üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirmək, insanları dinləyib,
problemlərini həll etmək, cəmiyyətə faydalı bir iş görməyin insana yaxşı hisslər
bəxş etdiyini deyir. Bir çoxlarına çətin, ciddi rejimli iş kimi gələn sahəsinin
zövqlü tərəfi də məhz insanlara faydasının toxunduğunu hiss etməkdir.
"İnsanlarla ünsiyyətdə imicimizin əsas mesajı sadəlik, onlara yaxın olmaq və gülər üzdür” –
deyən müsahibimiz Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernator
müavini olan azərbaycanlı gənc Zaur Darğallıdır.
Əlavə edək ki,Kvemo Kartli
bölgəsinə Bolnisi, Qardabani, Dmanisi, Tetri-Tskaro, Marneuli, Tsalka, Rustavi
bələdiyyələri aiddir.
Qeyd edək ki, Zaur
Füzuli oğlu Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. İlya
Çavçavadze adına Dövlət Universitetini bitirib. 2007-2009 illərdə bir sıra
regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib.
Z.Darğallı paralel olaraq 2007-2010-cu illərdə Marneuli Gənclər Mərkəzində bir
sıra layihələrin rəhbəri olub. 2010-2012 illərdə Amerika Birləşmiş Ştatlarının
Regional İnkişaf Agentliyinin Kvemo Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində
çalışıb. Hazırkı vəzifəyə təyin olunmamışdan öncə Barışıq və Vətəndaş Bərabərliyi
məsələləri üzrə dövlət nazirinin müşaviri olub.
- Son iki təyinatınıza - ondan əvvəlkiləri də aid
edə bilərik - fikir versək, görərik ki, önəmli, məsuliyyətli vəzifələri üzərinizə
götürmüsünüz. Gənc nəsil adətən iş seçərkən rəngarəngliyə meyl edir. Gənc yaşda
məmur olmaq sizin üçün yorucu gəlmir?
- Bir
çox insan gənc yaşından özü üçün müəyyən sahəni seçir və sevdiyi işlə məşğul
olmağa çalışır. Mən isə məktəbi bitirdikdən sonra ictimai sahəni seçmişəm və
işin özü mənə hər zaman zövq verib. Çünki üzərimizə düşən vəzifəni yerinə
yetirmək, insanları dinləyib, problemlərini həll etmək, cəmiyyətə fayda gətirmək
insana yaxşı duyğular bəxş edir. İnsanlar üçün nəsə etmək, az da olsa faydanın
toxunmasını hiss etmək gözəldir.
- İşinizin zövqlü tərəfləri də məhz bunlardır ki, məhz
sizin diqqətinizi çəkir?
- Bəli.
İnsan işlədiyi yerdə, seçdiyi yolda vicdanla çalışmalı, üzərinə düşən vəzifəni
maksimum şəkildə düzgün yerinə yetirməlidir. Hazırda təyin olunub çalışdığımız
vəzifə daimi olaraq bizə aid deyil, müvəqqəti olaraq burda varıqsa, xalqımız,
dövlətimiz qarşısında bizə göstərilən etimadı doğrultmalı, öz səlahiyyətimiz çərçivəsində
işimizi layiqincə yerinə yetirməliyik.
- İşin zövqlü tərəfi ilə yanaşı, xarakterinizdə də
siyasətə uyğunluq hiss olunur. Bəlkə bu istiqamətə meyillənməyinizdə
xarakterinizin də rolu var?
- Ola
bilər. Tələbə illərindən aktiv şəkildə qeyri-hökumət təşkilatlarında
çalışmışam, idarə etmək, icra etmək, cəmiyyəti yaxşıya doğru dəyişmək istəyim
olub. Əlbəttə ki, siyasi işlərdə də bu komponentlər mühüm yer tutur.
- Məktəb illərindəki təhsilin insanın gələcəyində
rolu böyük olsa da, tələbəlik illərində özünü necə təsdiq etməsi karyerasında
daha önəmlidir. Tələbəlik illərini necə keçirmisiniz?
- Məktəb
illərindəki aktivliyim tələbəlik illərində də davam etdi. Tələbə vaxtı - 17
yaşımdan qeyri-hökumət təşkilatlarında çalışırdım, müxtəlif layihələr üzərində
işləyirdim. Paralel olaraq beynəlxalq media qurumlarında çalışırdım. Demək olar
ki, 4-5 il müxtəlif beynəlxalq seminarlarda, treninqlərdə davamlı iştirak
etdim, çox aktiv, maraqlı və faydalı illər idi.
- Müsahibə üçün xeyli vaxtdır danışsaq da, heç cür
vaxtınız olmurdu. İş rejimi sizdə necədir? Planlı bir rejiminiz varmı?
- Mənim
üzərimə düşən vəzifə bölgədə olan azərbaycanlı əhalinin problemləri ilə məşğul
olmaqdır. Paralel olaraq müxtəlif tədbirlər təşkil edirik, bölgəmizə daxil olan
rayonlarda yerli hakimiyyətin əhali ilə işinin, həyata keçirilən işlərin daha
effektiv olması üçün çalışırıq. Gürcüstan hakimiyyətinin ölkənin inkişafı ilə
bağlı böyük planları var. Bölgənin inkişafı üçün görüləcək işlərimiz çoxdur.
Son illərdə bölgədə ciddi inkişaf tempi müşahidə olunur, biz bir neçə ilə bölgədə
qismən mövcud olan – yollar, suvarma, içməli su və müxtəlif problemləri tam
olaraq həll edəcəyik, həmçinin kəndlərdə gənclərin inkişafı üçün müxtəlif
infrastrukturun inkişaf etdirilməsi ilə bağlı planlarımız var. Yerli hakimiyyətlərlə
bu planları həyata keçirmək, bölgəmizdəki inkişaf prosesinin daha da sürətli şəkildə
getməsi üçün çalışırıq.
- Məmurun həm də insanlarla gözəl ünsiyyət qabiliyyəti
olmalıdır. Bunu heç də hər məmur bacarmır. Bəs sizin idarəetmədə hansı prinsipləriniz
var?
-
Bilirsiniz, əhalini tam olaraq razı salmaq çətin işdir. Bizim əsas məqsədimiz
bölgədə inkişaf prosesinin sürətli getməsidir. Görülən işlərin keyfiyyətinin,
sayının artmasına, büdcənin düzgün xərclənməsinə, layihələrin daha da genişlənməsinə
çalışırıq. Əlbəttə ki, bunların hamısı əhalinin istəyindən, qoyduqları problemlərin
prioritetlərindən irəli gəlir. Biz hər zaman bölgəyə daxil olan hər rayonda
insanların qaldırdığı problemə önəm veririk. Elə problemlər var ki, tez həll
olunur, bəzən isə müxtəlif prosedurlar tələb etdiyi üçün zaman aparır.
- Problemin həlli üçün müraciət edənlər bir az səbirsiz
olurlar, yerində həll olunmasını istəyirlər...
- Bu,
ümumiyyətlə, Qafqaz xalqlarına xas olan xüsusiyyətdir. Hər şeyin tez bir zamanda
həll olunmasını istəyirik. Əlbəttə ki, hakimiyyətimiz də bütün problemlərin tez
həll olunmasında maraqlıdır, ancaq bununla yanaşı, görülən işlər keyfiyyətli
olmalı və planlaşdırılmış şəkildə icra edilməlidir. Biz əhali üçün tam olaraq
açığıq, heç bir insan nə yerli, nə də regional hakimiyyət səviyyəsində deyə
bilməz ki, mən qubernator, qubernator müavini ilə görüşə getdim, amma qəbul edən
olmadı. Tam açıq şəkildə çalışırıq, hər bir insanı dinləməyə hazırıq və bunu
edirik. Problemini dinləyirik və həmin andan imkanlarımız çərçivəsində həlli
üçün işləməyə başlayırıq.
- Klassik siyasət adamları ciddi obrazı seçsələr də,
bu gün siyasətdə çalışanlar, məmurlar bir az pozitiv olmağa meyl edirlər. Hətta
bunun üçün psixoloqlarla xüsusi iş aparırlar. Çünki bu zaman insanlarla daha
yaxşı ünsiyyət qurmaq olur. Maraqlıdır, insanlarla yaxşı ünsiyyət qurmaq üçün
sizin hansısa üsulunuz var?
- İnsanlarla
pozitiv şəkildə rahat ünsiyyət qura bilirəm. Özümü dartıb, insanlara yuxarıdan
aşağı baxmıram, onlarla eyni səviyyədə olan şəxs kimi söhbət edirəm. İmicimizin
əsas mesajı sadəlik, gülərüzlük və insanlara yaxın olmaqdır. Dərk edir və
bilirik ki, bizim bu işdə olmağımızın başlıca məqsədi insanlara xidmət etməkdir.
- Karyerada uğur əldə edənlərin iddiaları böyük
olur. Sizdə necə, karyera ilə bağlı planlar varmı?
- Həyatda hər kəsin məqsədi, arzusu olmalıdır.
Bu, önəmlidir. Bu gün mən hakimiyyət komandasının bir üzvüyəm. Hakimiyyətin
liderləri var, onlar komandanın hər bir üzvünün harada olacağını müəyyənləşdirirlər.
İndi məni bura layiq görüblər, burdayam və öz işimi layiqincə görməyə
çalışıram. Sabah hara layiq görsələr, orda da olacağam. Əlbəttə ki, bizim öz məqsədlərimiz,
iddialarımız da ola bilər. Amma ümumi komandanın üzvüyük və bu komandanın
atdığı addımlardan irəli gələrək verdiyi qərara görə öz yerimizi tuturuq.
- Yeni təyinatla fərqli mühitə düşəndə uyğunlaşma məsələsi
var. Bu, çox vaxt alır?
- Bu,
insanın özündən asılıdır. Məni öz sahəmdən götürüb başqa yerdə tamam başqa
istiqamətdə bir işə təyin etsələr, çətin olar. Amma indiyə kimi bildiyim işlə məşğul
olmuşam. Buna görə də düşdüyüm yerə, işə uyğunlaşmaq o qədər də çətin olmur.
- Elə insanlar var ki, haqsız olsalar belə, narazı
olurlar və onları inandırmaq elə də asan olmur. Belə məqamlarda necə davranırsınız?
- Belə
hallar olur. Məsələn, biz qanunla bu cür olduğunu deyirik, amma onlar qanuna
zidd olaraq öz şəxsi istəklərini yerinə yetirmək istəyirlər. Onlara maksimal şəkildə
asan dildə başa salırıq, yenə də bəzən öz istədiklərini deyirlər. Şəxsən mən bu
kimi hallarda heç vaxt aqressivləşmirəm. Bizim məqsədimiz də insanlara hər şeyi
düzgün şəkildə izah etməkdir. Bizim vəzifədə olmağımızın təmin edən əhalimizdir,
aldığımız məvacib də onların verdiyi vergilərdən formalaşır. Bizim funksiyamız əhaliyə
xidmət etməkdir, onlara aqressiv münasibət göstərmək, qışqırmaq yox. Ona görə mən
vətəndaşın haqsız olduğu halda düzü qəbul etməsi üçün sonuna qədər səylə
çalışıram. Maksimal güzəştə gedirəm ki, vətəndaş özünü rahat hiss etsin və
problemi həllini tapsın.
- Belə başa düşdüm ki, səbirli adamsız...
-
(Gülür) Bəli, özü də çox...
- İşlə yanaşı ailəyə, dostlara vaxt ayırmaq məsələsi
də var. Bizi sevən insanlara vaxt ayırmayanda onlar o qədər də səbirli
davranmırlar, inciyirlər. Bu cəhətdən balansı qoruya bilirsiniz?
-
Dostlara, ailəyə də vaxt ayırmaq lazımdır və mən buna çalışıram. İşdə vətəndaşlar
necə bizim üçün önəmlidirsə, şəxsi həyatda da önəmli insanlar var və onlara da
vaxt ayırmalıyıq. Hər birinə lazımınca vaxt ayırmağa çalışıram və hələ ki indiyə
qədər balansı qoruyub saxlamağı bacarmışam. Hələ ki narazılıq edən yoxdur
(gülür). İllər keçdikcə iş yükü artır, buna görə çətin ola bilər, amma hələ ki
o cəhətdən, problem yaşamıram.
- Ənənəvi sualımız: Uğurunuzun sirri nədir?
- Uğurun
sirri dostların, ailənin dəstəyidir. Ən önəmlisi isə çoxlu çalışmaq lazımdır.
Amma bundan da öncə, gərək bacarığın olan sahədə özünü tapasan və orda
çalışasan.
Aygün
Asimqızı