• cümə axşamı, 28 mart, 22:09
  • Baku Bakı 13°C

Böyük Öndərin qurtuluş missiyası

14.06.14 08:43 1215
Böyük Öndərin qurtuluş missiyası
Məşhur Çin filosoflarından biri dahi şəxsiyyətlər haqqında demişdir: “Şəxsiyyət xalqın məşəli, yolgöstərənidir. Xalqın həyatında böyük hadisələri öz içərisindən yetişdirdiyi şəxsiyyətlər idarə edir və son məqsədə doğru aparırlar. Onlar səma adamlarıdır, İlahi tərəfindən yerə göndərilərək öz missiyalarını yerinə yetirməyə təyin olunublar”. Bəlkə də bu, həmin dahi adamların söylədikləri fikirlərdən daha çox Allahın özünün yetirdiyi ən böyük simalar, şəxsiyyətlər üçün qanunauyğunluğun məntiqi nəticəsidir. Xoşbəxtlikdən, bu məntiqi nəticə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə də nəsib olmuşdur.
Məlumdur ki, Azərbaycan xalqının qurtuluşunun mənbəyində 1993-cü ilin iyun hadisələri durur. Bu da o deməkdir ki, həmin dövrdə dövlətin içində olduğu sistemli böhran özünün zirvəsinə, son həddinə çatmışdı. Hətta o vaxtkı iqtidar özünü o qədər itirmişdi ki, səriştəsiz rəhbərlik nəticəsində az bir müddət ərzində ölkəni vətəndaş qarşıdurması, etnik əlamətə görə parçalanma təhlükəsi bürümüşdü. Vəziyyət o qədər mürəkkəbləşmişdi ki, artıq xalq israrla özünün xilaskarını tələb edirdi. Hətta müəyyən vaxtlarda Heydər Əliyevdən narazı qalmış adamlar belə onun hakimiyyətə qayıtmasının qaçılmaz olduğunu vurğulayırdılar. Etiraf etmək lazımdır ki, həmin çətin və ağır günlərdə bütöv bir xalqın taleyinin həll olunduğu sınaq məqamında insanları ürəklərində gəzdirdikləri Heydər Əliyev məhəbbəti, inamı araya gətirərək birləşdirmişdi. Həmin dövrdə hamını bir araya gətirən, yekdil fikir nümayiş etdirməyə sövq etdirən tək bir səbəb vardı - ölkəni düçar olduğu faciəvi durumdan xilas etmək. Xalq bu vəzifəni yerinə yetirməyə qadir olan tək bircə şəsxi görürdü - Heydər Əliyevi. Həm daxili intuisiya, həm də qəlbində bu böyük insana yuva qurmuş tükənməz inam həmin zərurəti tələb edirdi.
Qeyd etmək lazımdır ki, 1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin burulğanı içərisində çabalayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması, ölkədə, sözün əsl mənasında hökm sürən hakimiyyətsizlik, faktiki olaraq dövlətin yox olmaq təhlükəsi daha da gərginləşmiş və məmləkəti milli fəlakət həddinə çatdırmışdı. Bax, məhz bu fəlakət anında Azərbaycan xalqının, Vətənin yeganə ümid yeri, qurtuluş çırağı Heydər Əliyev idi. Müdrik xalqımız o zaman qəti və sərrast hərəkət edərək dünyanın ən böyük siyasət adamını hakimiyyətə gətirdi.
Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev yazır: “Bu çox keşməkeşli dövrdə Heydər Əliyeviç o dərəcədə mükəmməl, ölçülüb-biçilmiş və açıq siyasət aparırdı ki, 1993-cü ildə xalq onu yeni müstəqil dövlətin prezidenti olmağa çağırdı və bununla da ölkənin məruz qaldığı çox mürəkkəb böhrandan çıxmağın, əslində, başqa alternativini görməyərək, öz liderinə hədsiz etimadını ifadə etdi”.
Bəzən biz “missiya” sözünün mahiyyətini tam qavraya bilmədiyimizdən “Heydər Əliyev olmasaydı, Azərbaycanın taleyi necə olardı?” sualına dolğun cavab verə bilmirik. Unuduruq ki, böyük öndərin çiynində bütöv bir millətin, xalqın, dövlətin qurtuluş missiyası var idi və bu səbəbdən də Heydər Əliyev hakimiyyətə gəlməli idi. Böyük öndərin hakimiyyətə qayıdışı, sadəcə, hansısa siyasətin tərkib hissəsi deyildi. Hakimiyyətdən gedib, sonradan qayıdanlar barədə tarixi məxəzlərdə o qədər məlumatlar var ki. Amma böyük öndərin hakimiyyətə yenidən qayıdışı tamamilə ayrı siyasi-fəlsəfi müstəvi idi. Bu, təbliğatın, təşviqatın, yaxud kiminsə, kimlərinsə istəyinin nəticəsi deyildi. Heydər Əliyevin hakimiyyətə qayıdışı tarixi zərurət, milli-mənəvi tələbat idi. “Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdı” ifadəsi bu tarixi zərurəti daha düzgün əks etdirir.
Bir məsələni də nəzərdən qaçırmaq olmaz. Qurtuluş təkcə oddan-alovdan xilas olmağımızla məhdudlaşmır. O sonrakı pozitiv işlərin rəhninə çevrildi. Azərbaycanın Konstitusiyası qəbul olundu, parlament, prezident seçkiləri keçirildi.
Azərbaycanda qeyri-qanuni silahlı qüvvələrin özbaşınalığına, hökmranlığına son qoyulması, Azərbaycanın parçalanması təhlükəsinin aradan götürülməsi, qısa müddətdə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, İslam Konfransı Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin, Türk Dövlətlər Birliyinin, Qara dəniz bölgələri İqtisadi Əməkdaşlıq Təşkilatının, Beynəlxalq Valyuta fondunun, Bərpa və İnkişaf Bankının və nəhayət Avropa Şurasının üzvü oldu. Avropa Birliyi, NATO və başqa Beynəlxalq Təşkilatlarla qarşılıqlı faydalı əlaqələr Azərbaycanı müstəqil bir dövlət kimi bütün dünyada tanıtdı və onun özünəməxsus nüfuzunu artırdı. Bütün bunların öhdəsindən isə yalnız ulu öndərimiz gələ bilərdi. Çünki, ağıl sahibləri deyirlər ki, “Dövlət dörd sütun üstə bərqərardır: hökmdarın ədaləti, alimlərin ağlı, comərdlərin səxavəti, dindarların inamı üstə”. Heydər Əliyev isə bunların bütöv sintezi oldu.
Bəşəriyyət tarixində elə hadisələr baş verir ki, onlar bütöv bir xalqın, bir ölkənin müqəddəratını həll etməklə bərabər, həmin ölkənin, xalqın inkişaf yolunu müəyyənləşdirir və yaddaşlarda əbədi həyat qazanırlar. 15 İyun Milli Qurtuluş günü də belə hadisələrdəndir, tariximizin qızıl hərflərlə yazılan səhifəsinə çevrilən və Azərbaycan xalqının yaddaşından silinməyən bir gündür.
Çünki, 15 İyun yalnız Azərbaycan vətəndaşlarının fəlakətlərdən qurtuluşu günü deyil, müstəqilliyimizin, dövlətçiliyimizin, hüquqlarımızın, azadlıqlarımızın, mənəviyyatımızın, mədəniyyətimizin qurtuluşudur.
Qurtuluşun müstəqil Azərbaycan dövləti, milli azərbaycançılıq ideologiyası və təfəkkürü, bütövlükdə sivil bəşəriyyətə qoşulmaq yolunu seçmiş xalqımız üçün müstəsna tarixi, ictimai-siyasi, iqtisadi, beynəlxalq əhəmiyyəti vardır.
15 iyunun ən böyük tarixi əhəmiyyəti həm də ondadır ki, xalqımız həmin gün bütün dünyaya Heydər Əliyev müdrikliyini, uzaqgörənliyini, qətiyyətini nümayiş etdirməklə bu böyük şəxsiyyəti xilaskar, fateh kimi qəlblərdə əbədiləşdirdi.
Böyük həqiqətlərin dərkinə böyük zaman gərəkdir. Böyüklüyün əzəməti uzaqdan daha aydın göründüyü kimi, 1993-cü ilin 15 iyunundan başlayan qurtuluş da zaman keçdikcə tariximizdə və taleyimizdə kəsb etdiyi əhəmiyyəti daha çox hiss etdirəcək.
Qurtuluş daha geniş ictimai-siyasi müstəvidə qavranılması vacib olan, özünün mahiyyətində fəlsəfi yön daşıyan böyük bir anlayışdır. Bütöv bir xalqın, dövlətin, ölkənin nicat fəlsəfəsidir. Bu, Azərbaycan dövlətinin və xalqının yaşam düsturudur. Bu, inkişaf və dirçəliş, sabitlik və əmin-amanlıq formuludur.
Azərbaycanda qurtuluşun böyük qələbə ilə başa çatacağına hamı inamla yanaşır. Çünki, Azərbaycanın həm iqtisadi, həm də siyası baxımdan çox böyük gələcəyi var. Bu zəmin Heydər Əliyevin ideyalarıdır. Heydər Əliyevin ideyaları, onun söylədiyi fikirlər Azərbaycan dövlətçiliyinin təməl prinsipləridir. Bu prinsipləri onun siyasi varisi və layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün qətiyyəti və mübarizliyi ilə davam etdirir və bir övlad kimi atasının Azərbaycana verdiyi töhfələrdən bəhrələnərək Vətən və xalq sevgisi ilə ehtiva etdiyi vətəndaşlıq təəsübkeşliyindən qaynaqlanıb ölkəmizi daha uca zirvələrə doğru aparır.
Fizuli İBRAHİMZADƏ
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Humanitar fənlər
kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər