Böyük layihəyə start verildi: Araz suyu Urmiya gölünə axıdılacaq

Böyük layihəyə start verildi: Araz suyu Urmiya gölünə axıdılacaq

Təfsilat
27 İyul 2013, 14:04 1013
APA-nın «Fars» xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Mərənd və Culfa şəhərlərini İran parlamentində təmsil edən azərbaycanlı deputat Məhəmməd Həsənnejad açıqlama verib.

İran parlamentinin iqtisadiyyat komissiyasının üzvü olan deputat deyib ki, tədbirdə İranın birinci vitse-prezidenti Məhəmmədrza Rəhimi və ölkənin energetika naziri Məcid Namcu iştirak edəcəklər: «Layihə Araz çayının suyunun Culfa, Mərənd, Şəbüstər və Təbriz şəhərlərinin çöllərinə, ümumilikdə 15 min hektar əraziyə axıdılmasını özündə ehtiva edir. Ümumilikdə, 8 şəhər və 81 kənd içməli su ilə təchiz olunacaq, eyni zamanda 46 min nəfərin işlə təmin edilməsinə səbəb olacaq».

M.Həsənnejad vurğulayıb ki, bu layihənin icrası üçün ötən həftə İran Energetika Nazirliyinin rəsmiləri ilə xarici investor arasında keçirilmiş toplantıda 875 mln. avro dəyərində müqavilə imzalanıb: «Biz nəhayət 7 ildən sonra layihənin icrasının şahidi olacağıq. Bu layihənin icrası ölkənin vəzifəli şəxsləri və İranın Şərqi Azərbaycan vilayətinin əhalisinin köhnə arzusı olub. Bu iri infrastruktur layihəsi Nazirlər Kabinetinin təsdiqləməsi ilə ölkə prezidentinin vilayətə ikinci səfəri zamanı ən mühüm qərarlardan biri idi».

Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70%-i 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldə suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Hazırda Urmiya gölündə hər 1 litr suda 400 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram olub. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir. İran prezidenti və hökumət nümayəndələrinin 2010-cu ildə Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunub. Araz çayından Urmiya gölünə 600 mln. kubmetr su axıdılması nəzərdə tutulur. İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 mln. dollar həcmində vəsaitin ayrılmasını təsdiq edib.