Böyük kompromis və nailiyyət, mühüm tarixi hadisə - Fotolar
Xəzər dənizidünyanın
ən böyük qapalı su hövzəsi hesab olunur. Bu dənizin strateji önəmini artıran
amillər, onun zəngin karbohidrogen ehtiyatlarına malik olmasıdır. Uzun illərdir 5 Xəzəryanı dövlət - Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya dənizin hüquqi statusunu müəyyən edə bilməyiblər. Əsas mübahisə
dənizin milli sektorlara bölünmə
prinsipinin razılaşdırılması ilə bağlıdır. Keçmişdə Xəzər dəniziSSRİ və
İranın daxili su hövzəsi hesab olunduğundan, beynəlxalq hüquq doktrinası da bu
məsələdə SSRİ-İran razılaşmasını qəbul edirdi.
Sözügedən razılaşmanın əsasını,1921-ci
il fevralın 26-da və 1940-cı il martın 25-də imzalanan "SSRİ və İran arasında
ticarət və dənizçilik haqda müqavilə”təşkil edirdi. Xəzərin yekun statusu
müəyyən olunmadığı halda, 1921 və 1940-cı illər müqavilələri hələ də qüvvəsini
saxlayırdı. Lakin 1991-ci ildə Sovet İttifaqının dağılması və sahil
dövlətlərinin sayının 2-dən 5-ə qədər artması ilə Xəzərin hüquq statusu
məsələsi yeni mərhələyə qədəm qoyub. Xəzəryanı dövlətlər bu məsələni həll etmək
üçün uzun müddətli danışıqlara başlayıblar.
Xəzərin hüquqi statusu ilə
bağlı danışıqlar ilk dəfə 1994-cü ildə baş tutub. 1996-cı ildə Xəzərin hüquqi
statusu haqda konvensiya hazırlamaq üçün sahilyanı 5 ölkənin xarici işlər
nazirinin qərarı ilə müavinlər səviyyəsində Xüsusi İşçi Qrupu yaradılıb. O
vaxtdan 5 ölkə üçün məqbul olan konsensusun tapılması istiqamətində intensiv
danışıqlar gedir. Bu təsisatın iclasları mütəmadi qaydada növbə ilə Xəzəryanı
dövlətlərin ərazisində keçirilir. İndiyə qədər 51 iclas keçirilib, son görüş
21-24 may 2018-ci il tarixində Astanada baş tutub. Tərəflərin razılığına əsasən,
Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinlərinin son 52-ci
iclasının Aktauda keçirilməsi planlaşdırılıb. Məhz bu plana uyğun olaraq,
Avqustun 11-də Aktau şəhərində "Xəzər beşliyi”nin V sammiti ərəfəsində
Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi keçiriləcək.
Onu da
qeyd etmək yerinə düşər ki, beş ölkənin liderləri ilk dəfə 2002-ci ildə
Aşqabadda görüşüblər. İkinci Xəzər sammiti 2007-ci ildə Tehranda, üçüncüsü
2010-cu ildə Bakıda, dördüncüsü 2014-cü ildə Həştərxanda keçirilib. Xəzər
dənizinin hüquqi statusu haqqında Konvensiyanın məhz V sammitdə imzalanacağı
gözlənilir. V sammitin isə bir qədər əvvəldə vurğuladığımız kimi, avqustun
12-də Aktauda keçiriləcəyi gözlənilir. Sammitdə Azərbaycan, İran, Qazaxıstan,
Rusiya və Türkmənistan prezidentləri İlham Əliyev, Həsən Ruhani, Nursultan
Nazarbayev, Vladimir Putin və Qurbanqulu Berdiməhəmmədov iştirak edəcəklər.
Sammitdə Xəzər dənizinin hüquqi statusu, Xəzərdə iqtisadiyyat, nəqliyyat,
ekologiya və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Bununla bağlı fikirlərini
"Kaspi”yə bölüşən Xəzər məsələləri üzrə
ekspert, hüquq elmləri doktoru, professor Rüstəm Məmmədov bildirdi ki,
avqustun 12-də dövlət başçıları tərəfindən konvensiya imzalanarsa, bu, çox
mühüm tarixi hadisə kimi yaddaşlarda qalacaq. O qeyd etdi ki, 25 ildir davam
edən ağır və məşəqqətli danışıqların nəticəsində tərəflər arasında böyük
kompromis əldə olunub: "Məhz bu danışıqlar nəticəsində beş Xəzəryanı dövlət öz
fikirlərini konvensiyada əks etdirə bilib. Bu, böyük kompromis və nailiyyətdir.
Halbuki, buna qədər Xəzər məsələsinə görə, həmin dövlətlər arasında münasibət
az qala müharibə həddinə çatmışdı. Kompromis bu dövlətlərin bir-birinə qarşı
ərazi iddiasına son qoyur, Xəzərlə bağlı digər mübahisəli məsələlərin də
müzakirələr yolu ilə həllinə imkan yaradır. Xəzər dənizinin sektorlara deyil,
dəniz sahələrinə bölünməsinə üstünlük verilib. Yəni məhəlli dəniz, açıq dəniz
ideyaları qəbul olunub. Sektorlara bölünməsi məsələsi ortaya atılanda,
Xəzəryanı dövlətlərin bir-birinə qarşı ərazi iddiaları ortaya çıxırdı. Misal
üçün, Türkmənistan Azərbaycan sektoruna nüfuz etmək istəyirdi. İran isə 20 faiz
olmaqla, Xəzər dənizinin 5 bərabər hissəyə bölünməsi təklifini irəli sürmüşdü.
Bu da İranın Azərbaycan sektorundakı paya şərik olması demək idi. Bütün bu kimi
mübahisələrə son qoymaq üçün dəniz hüququna əsaslanaraq, Xəzərdə məhəlli, yəni
ərazi dəniz ideyası ortaya qoyuldu. Məhz bu ideya üzərində tərəflər arasında
kompromis əldə olunub. Bununla da hər bir Xəzəryanı dövlətin öz sahilində
müəyyən bir məsafədə ölçülən ərazi dənizi olacaq. Bu, başqa dövlətlərin
sektorlarına daxil olmadan baş verəcək. Beləliklə də, tərəflər arasındakı mübahisə
həllini tapacaq. Bundan başqa, tərəflər arasında Xəzər dənizində hərbi
məsələlərlə, dənizin dibi ilə su, neft, qaz kəmərlərinin çəkilişi, ətraf
mühitlə bağlı da kompromis əldə olunub. Ümumi konvensiyada əksini tapacaq
müddəalar bundan sonra Xəzərlə bağlı yeni razılaşmaların əldə olunacağına,
ayrı-ayrı konvensiyaların imzalanacağına imkan yaradacaq”.
Millət
vəkili Aydın Mirzəzadəisə cbc.az-a açıqlamasında deyib ki, beş Xəzəryanı dövlətlərin əməkdaşlıq
məsələlərinin müzakirə edilməsi çox müsbət bir haldır. Onun fikrincə, bu,
Xəzərin sülh müstəvisinə çevriləcəyini, Xəzəryanı dövlətlərin öz
münasibətlərini dostluq və mehriban qonşuluq prinsipləri ilə həll edəcəyini
göstərir: "Xəzərin hüquqi status məsələsinin 20 ildən çox müzakirə edilməsinə
baxmayaraq, çox təəssüf ki, yekun sənədi imzalamaq indiyədək mümkün olmayıb.
Azərbaycan, Rusiya və Qazaxıstan artıq Xəzərin hüquqi statusu ilə bağlı saziş
imzalayıblar. Ancaq İran və Türkmənistanın xüsusi mövqeyinə görə, vahid bir
sənəd imzalamaq mümkün olmayıb. Əgər 12 avqustda bununla bağlı konvensiya
imzalanarsa, bunu tarixi hadisə adlandırmaq olar. Bununla da Xəzərlə bağlı
bütün fikir ayrılıqlarına son qoyulur, üçüncü dövlətin Xəzəryanı dövlətlərin
münasibətlərinə daxil olmaq və yaxud da ki, öz hökmünü yeritmək istəyinin
qarşısı alınır. Ən əsası da, Xəzərin neftlə zəngin olan yataqlarını artıq birgə
istismar etmək və iqtisadi gəlir əldə etmək mümkün olacaq”.
Milli
Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir
Mirkişili qəzetimizə açıqlamasında bildirdi ki, Xəzərin hüquqi statusu
məsələsində Azərbaycan-Rusiya-Qazaxıstan, həmçinin Qazaxıstan-Türkmənistan
arasında imzalanan müqavilələr ümumi yanaşma kimi qəbul edilib. Deputatın
fikrincə, bu, Azərbaycanın indiyə qədər sərgilədiyi mövqe ilə üst-üstə düşür:
"Xəzərin dibinin sektorlara bölünməsi, resurslardan istifadə olunması
Azərbaycan və digər Xəzəryanı dövlətlər üçün iqtisadi cəhətdən çox
əhəmiyyətlidir. Ümumilikdə, Xəzər dənizinin hüquqi statusuna iki baxış var.
Birincisi, Xəzərin su hövzəsindən ümumi istifadə edilməsidir. Bura balıqçılıq,
su səthindən istifadə, həmçinin hərbi qüvvələr saxlamaq daxildir. Digəri isə
sırf iqtisadi baxışdır. Buna Xəzər dənizinin dibinin sektorlara bölünməsi aiddir.
Baxmayaraq ki, indiyə qədər bu məsələ həllini tapmayıb, amma Qazaxıstan, Rusiya
və Azərbaycan arasında imzalanan müqavilələr, həmçinin bu müqavilələr
çərçivəsində Azərbaycanın Xəzərin dibində özünə aid olan sektordan aktiv
şəkildə istifadə etməsi, beynəlxalq şirkətlərin buraya cəlb olunması
danışıqlarda güclü president kimi istifadə ediləcək. Əlbəttə ki, bu, ölkəmizin
xeyrinədir”.
Rufik İSMAYILOV