• çərşənbə axşamı, 19 mart, 15:43
  • Baku Bakı 8°C

Böyük kompromis və nailiyyət, mühüm tarixi hadisə - Fotolar

10.08.18 17:17 3024
Böyük kompromis və nailiyyət, mühüm tarixi hadisə - Fotolar
Xəzər dənizidünyanın ən böyük qapalı su hövzəsi hesab olunur. Bu dənizin strateji önəmini artıran amillər, onun zəngin karbohidrogen ehtiyatlarına malik olmasıdır. Uzun illərdir 5 Xəzəryanı dövlət - Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya dənizin hüquqi statusunu müəyyən edə bilməyiblər. Əsas mübahisə dənizin milli sektorlara bölünmə prinsipinin razılaşdırılması ilə bağlıdır. Keçmişdə Xəzər dəniziSSRİ və İranın daxili su hövzəsi hesab olunduğundan, beynəlxalq hüquq doktrinası da bu məsələdə SSRİ-İran razılaşmasını qəbul edirdi.
Sözügedən razılaşmanın əsasını,1921-ci il fevralın 26-da və 1940-cı il martın 25-də imzalanan "SSRİ və İran arasında ticarət və dənizçilik haqda müqavilə”təşkil edirdi. Xəzərin yekun statusu müəyyən olunmadığı halda, 1921 və 1940-cı illər müqavilələri hələ də qüvvəsini saxlayırdı. Lakin 1991-ci ildə Sovet İttifaqının dağılması və sahil dövlətlərinin sayının 2-dən 5-ə qədər artması ilə Xəzərin hüquq statusu məsələsi yeni mərhələyə qədəm qoyub. Xəzəryanı dövlətlər bu məsələni həll etmək üçün uzun müddətli danışıqlara başlayıblar.

Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar ilk dəfə 1994-cü ildə baş tutub. 1996-cı ildə Xəzərin hüquqi statusu haqda konvensiya hazırlamaq üçün sahilyanı 5 ölkənin xarici işlər nazirinin qərarı ilə müavinlər səviyyəsində Xüsusi İşçi Qrupu yaradılıb. O vaxtdan 5 ölkə üçün məqbul olan konsensusun tapılması istiqamətində intensiv danışıqlar gedir. Bu təsisatın iclasları mütəmadi qaydada növbə ilə Xəzəryanı dövlətlərin ərazisində keçirilir. İndiyə qədər 51 iclas keçirilib, son görüş 21-24 may 2018-ci il tarixində Astanada baş tutub. Tərəflərin razılığına əsasən, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinlərinin son 52-ci iclasının Aktauda keçirilməsi planlaşdırılıb. Məhz bu plana uyğun olaraq, Avqustun 11-də Aktau şəhərində "Xəzər beşliyi”nin V sammiti ərəfəsində Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi keçiriləcək.
Onu da qeyd etmək yerinə düşər ki, beş ölkənin liderləri ilk dəfə 2002-ci ildə Aşqabadda görüşüblər. İkinci Xəzər sammiti 2007-ci ildə Tehranda, üçüncüsü 2010-cu ildə Bakıda, dördüncüsü 2014-cü ildə Həştərxanda keçirilib. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın məhz V sammitdə imzalanacağı gözlənilir. V sammitin isə bir qədər əvvəldə vurğuladığımız kimi, avqustun 12-də Aktauda keçiriləcəyi gözlənilir. Sammitdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentləri İlham Əliyev, Həsən Ruhani, Nursultan Nazarbayev, Vladimir Putin və Qurbanqulu Berdiməhəmmədov iştirak edəcəklər. Sammitdə Xəzər dənizinin hüquqi statusu, Xəzərdə iqtisadiyyat, nəqliyyat, ekologiya və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Bununla bağlı fikirlərini "Kaspi”yə bölüşən Xəzər məsələləri üzrə ekspert, hüquq elmləri doktoru, professor Rüstəm Məmmədov bildirdi ki, avqustun 12-də dövlət başçıları tərəfindən konvensiya imzalanarsa, bu, çox mühüm tarixi hadisə kimi yaddaşlarda qalacaq. O qeyd etdi ki, 25 ildir davam edən ağır və məşəqqətli danışıqların nəticəsində tərəflər arasında böyük kompromis əldə olunub: "Məhz bu danışıqlar nəticəsində beş Xəzəryanı dövlət öz fikirlərini konvensiyada əks etdirə bilib. Bu, böyük kompromis və nailiyyətdir. Halbuki, buna qədər Xəzər məsələsinə görə, həmin dövlətlər arasında münasibət az qala müharibə həddinə çatmışdı. Kompromis bu dövlətlərin bir-birinə qarşı ərazi iddiasına son qoyur, Xəzərlə bağlı digər mübahisəli məsələlərin də müzakirələr yolu ilə həllinə imkan yaradır. Xəzər dənizinin sektorlara deyil, dəniz sahələrinə bölünməsinə üstünlük verilib. Yəni məhəlli dəniz, açıq dəniz ideyaları qəbul olunub. Sektorlara bölünməsi məsələsi ortaya atılanda, Xəzəryanı dövlətlərin bir-birinə qarşı ərazi iddiaları ortaya çıxırdı. Misal üçün, Türkmənistan Azərbaycan sektoruna nüfuz etmək istəyirdi. İran isə 20 faiz olmaqla, Xəzər dənizinin 5 bərabər hissəyə bölünməsi təklifini irəli sürmüşdü. Bu da İranın Azərbaycan sektorundakı paya şərik olması demək idi. Bütün bu kimi mübahisələrə son qoymaq üçün dəniz hüququna əsaslanaraq, Xəzərdə məhəlli, yəni ərazi dəniz ideyası ortaya qoyuldu. Məhz bu ideya üzərində tərəflər arasında kompromis əldə olunub. Bununla da hər bir Xəzəryanı dövlətin öz sahilində müəyyən bir məsafədə ölçülən ərazi dənizi olacaq. Bu, başqa dövlətlərin sektorlarına daxil olmadan baş verəcək. Beləliklə də, tərəflər arasındakı mübahisə həllini tapacaq. Bundan başqa, tərəflər arasında Xəzər dənizində hərbi məsələlərlə, dənizin dibi ilə su, neft, qaz kəmərlərinin çəkilişi, ətraf mühitlə bağlı da kompromis əldə olunub. Ümumi konvensiyada əksini tapacaq müddəalar bundan sonra Xəzərlə bağlı yeni razılaşmaların əldə olunacağına, ayrı-ayrı konvensiyaların imzalanacağına imkan yaradacaq”.

Millət vəkili Aydın Mirzəzadəisə cbc.az-a açıqlamasında deyib ki, beş Xəzəryanı dövlətlərin əməkdaşlıq məsələlərinin müzakirə edilməsi çox müsbət bir haldır. Onun fikrincə, bu, Xəzərin sülh müstəvisinə çevriləcəyini, Xəzəryanı dövlətlərin öz münasibətlərini dostluq və mehriban qonşuluq prinsipləri ilə həll edəcəyini göstərir: "Xəzərin hüquqi status məsələsinin 20 ildən çox müzakirə edilməsinə baxmayaraq, çox təəssüf ki, yekun sənədi imzalamaq indiyədək mümkün olmayıb. Azərbaycan, Rusiya və Qazaxıstan artıq Xəzərin hüquqi statusu ilə bağlı saziş imzalayıblar. Ancaq İran və Türkmənistanın xüsusi mövqeyinə görə, vahid bir sənəd imzalamaq mümkün olmayıb. Əgər 12 avqustda bununla bağlı konvensiya imzalanarsa, bunu tarixi hadisə adlandırmaq olar. Bununla da Xəzərlə bağlı bütün fikir ayrılıqlarına son qoyulur, üçüncü dövlətin Xəzəryanı dövlətlərin münasibətlərinə daxil olmaq və yaxud da ki, öz hökmünü yeritmək istəyinin qarşısı alınır. Ən əsası da, Xəzərin neftlə zəngin olan yataqlarını artıq birgə istismar etmək və iqtisadi gəlir əldə etmək mümkün olacaq”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili qəzetimizə açıqlamasında bildirdi ki, Xəzərin hüquqi statusu məsələsində Azərbaycan-Rusiya-Qazaxıstan, həmçinin Qazaxıstan-Türkmənistan arasında imzalanan müqavilələr ümumi yanaşma kimi qəbul edilib. Deputatın fikrincə, bu, Azərbaycanın indiyə qədər sərgilədiyi mövqe ilə üst-üstə düşür: "Xəzərin dibinin sektorlara bölünməsi, resurslardan istifadə olunması Azərbaycan və digər Xəzəryanı dövlətlər üçün iqtisadi cəhətdən çox əhəmiyyətlidir. Ümumilikdə, Xəzər dənizinin hüquqi statusuna iki baxış var. Birincisi, Xəzərin su hövzəsindən ümumi istifadə edilməsidir. Bura balıqçılıq, su səthindən istifadə, həmçinin hərbi qüvvələr saxlamaq daxildir. Digəri isə sırf iqtisadi baxışdır. Buna Xəzər dənizinin dibinin sektorlara bölünməsi aiddir. Baxmayaraq ki, indiyə qədər bu məsələ həllini tapmayıb, amma Qazaxıstan, Rusiya və Azərbaycan arasında imzalanan müqavilələr, həmçinin bu müqavilələr çərçivəsində Azərbaycanın Xəzərin dibində özünə aid olan sektordan aktiv şəkildə istifadə etməsi, beynəlxalq şirkətlərin buraya cəlb olunması danışıqlarda güclü president kimi istifadə ediləcək. Əlbəttə ki, bu, ölkəmizin xeyrinədir”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər