• cümə axşamı, 18 aprel, 17:37
  • Baku Bakı 22°C

Böyük karyera, unikal nəticələr, azalmayan qələbə əzmi – Portret

22.04.14 08:35 7529
Böyük karyera, unikal nəticələr, azalmayan qələbə əzmi – Portret
Bu günə qədər hazırda idmançı karyerasını davam etdirən məşhurlardan yazmış, onların həyatına nəzər salmışıq. Bu dəfə kiçik bir istisna etdik. Azərbaycan idman tarixində adı olan, mübarizliyi, qazandığı nəticələri ilə özünə böyük hörmət qazanmış Zülfiyyə Hüseynovaya görə. O, iki idman növü – sambo və cüdoda dünya çempionluğu yaşamış yeganə qadındır. Azərbaycanda ailə məsələlərinin çox ciddi olduğu, zərif cinsin nümayəndələrinin kişilərə nisbətən daha az şansının olması onun uğurlarının əhəmiyyətini birə-beş artırır. Üstəlik, o, hələ də karyerasını davam etdirir. Veteran idmançılar arasında hər il bir neçə dəfə beynəlxalq yarışlara qatılan və çempionluqlara davam edən Zülfiyyə xanım haqda yazmaq, onun həyat hekayəsini bilmək hamı üçün maraqlı olardı.
Nənəsinin balası
15 oktyabr 1970-ci ildə Beyləqan rayonu Qaradağlı kəndində anadan olan Zülfiyyə xanım, 10-11 yaşına qədər nənə-babasının yanından böyüyüb. Atasını erkən yaşında itirdiklərindən, ailədə qardaşı və anası ilə qalıb. 28 günlüyündə nənəsinin himayəsinə gələn qızcığaz, uşaqlıq illərini paytaxtda olan valideynindən uzaqda keçirib. Sonra babası da rəhmətə gedəndə artıq cüdoçu da Bakıya üz tutmalı olub. Ancaq hələ buna qədər… Hələ 1980-ci il Moskva Olimpiadasını televiziyadan izləyərkən cüdoya vurulan Hüseynova “mən də istəyirəm” deyir. O vaxtlar bu idmanda azərbaycanlı qızların sayı bir əlin barmaqları qədər belə olmadığından bu sevdanın baş tutması şansı çox az idi. Ancaq dəcəl və inadkar olması Zülfiyyəni gec də olsa, arzusuna çatdırdı. Əslində, güləşməyə istək təsadüfi deyil. Çünki Hüseynovanın anasının əmisi Oruc kişi o dövrün pəhləvanı olub. Yəni, idmana istək irsidir.
Qaynaqçı ana
Anası ailəni dolandırmaq üçün çox böyük əziyyətlərə qatlaşmalı olub. Qadın üçün yad bir sənətin – qaynaqçı - altına girən valideyn, mümkün olduğu qədər Zülfiyyə və qardaşının ehtiyac içində yaşamaması üçün çalışıb. Sonralar Hüseynova böyüyüb, nəticələr qazanıb və əldə etdiyi qələbələr hesabına ailəsinə həm mənəvi, həm də maddi qatqı edə bilib.
3 aya Azərbaycan çempionu!
Çox gec – 16 yaşında idmana başlayan Zülfiyyə, cəmi ayyarım sonra yeniyetmələrin Azərbaycan çempionatında bürünc, bundan 2 ay sonra isə gənclərin Azərbaycan çempionatında qızıl medala sahib çıxıb. Bu qədər güclü startı nə ailəsi, nə məşqçiləri, nə də özü gözləməzdi.
Qardaşını özünə azarkeş edib
Uşaqlıqda qardaşı onun güləş həvəsinə qarşı olsa da, sonradan onun pərəstişkarına çevrilib. Zülfiyyə Hüseynova bunu belə xatırlayır: “İlk yarışlarımdan idi. Mingəçevir şəhərində təlim-məşq toplanışına getməli idim. Bu səbəbdən 15 gün evdə olmayacaqdım. Qardaşım elə bilirdi ki, paltar tikməyə gedirəm. Qardaşım da bu zaman özünü elə göstərdi ki, guya yatır. Amma bizim söhbətlərimizə qulaq asırdı. Bir az dava saldı ki, yox olmaz. Anam da ona dedi ki, artıq qızın nəticəsi var, bunun qarşısını kəsmək olmaz, idmanına davam edəcək. Amma ondan sonra ən böyük pərəstişkarım qardaşım oldu. 2-ci və 3-cü yerlərə çıxanda az qala məni boğacaqdı ki, “niyə 3-ə çıxmısan çempion olmamısan”. Həmişə mənim qalib olmağımı istəyirdi”.
Nəticələri çox böyükdür
Zülfiyyə Hüseynovanın tatami üzərinə qazandığı böyük uğurları sadalamaq heç də asan deyil. Onun 1991-ci ildə sambo üzrə SSRİ çempionatında qazandığı qızıl medal, üstəlik, 1992-ci il Avropa və dünya çempionatlarında da qızıl medal qazanması Azərbaycan tarixində bir ilk idi. SSRİ və Azərbaycanın əməkdar idman ustası olan Hüseynova üçqat Avropa (1992, 1994, 1995) və beşqat dünya (1992, 1994, 1995, 1996, 1997) çempionudur. Sambo ilə yanaşı, cüdo ilə də məşğul olan və bir neçə Olimpiadada iştirak edən idmançımız, veteran yarışlarında dünya və Avropa çempionu olaraq unikal bir nəticəyə imza atıb. Çünki 10 qat Dünya çempionu adını bəlkə də kimsə qazana bilib. Ancaq bunu iki idman növündə edə bilən şəxs yoxdur, yəqin ki, yaxında olmayacaq da. Üstəlik, 8 qat Avropa, hərbçilər arasında Olimpiya çempionu, dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısı olan Zülfiyyə xanımın nəticələri həqiqətən inanılmazdır.
Prokuror olmaq istəyi
Maraqlıdır ki, uşaqlıqda televizorda gördükləri onda daha bir istəyi yaratmışdı. “Böyüyəcəm, oxuyacam, prokuror olacam, bütün pis adamları tutacam” cümləsi Zülfiyyə Hüseynovanın hələ o vaxtlar dediyi cümlədir. Prokuror olmasa da, samboçu-cüdoçu xanım hazırda qanunun keşiyində durur. Azərbaycan bayrağını həmişə böyük fəxrlə dalğalandıran qəhrəmanımız, həm də orqan işçisidir, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin əməkdaşı, mayor rütbəsindədir.
Yoruculuq tərzi
Zülfiyyə Hüseynovanın güləşmə tərzi də təbiətinə uyğundur. O, rəqibini yormağı, onun gücünü tam alaraq məğlub etməyi sevir. Özünün də dediyi kimi, tatami üzərindəki 5 dəqiqə ərzində qarşısındakı şəxs onun rəqibidir və ona nifrət hissiylə yanaşmaq uğura aparır. Əks halda, onu yenmək mümkün olmaz. Hüseynovanın hansısa kral fəndi yoxdur. O, hər bir döyüşə bir tam kimi baxır, ona maksimum diqqət və məsuliyyətlə yanaşmağın tərəfdarıdır. Məğlub olduğu döyüşlərdə də ilk dəqiqələrdə təslim olduğu anlar çox azdır. Baxmayaraq ki, cüdo çox sürətli və təhlükəli idman növüdür. Rəqibin yerinə yetirdiyi cəmi bir təmiz fənd məğlubiyyət üçün yetərlidir. Buna görə də çox ehtiyatlı olmaq lazımdır.
Nə vaxta qədər dost?
Qəhrəmanımızın çılğın, dalaşqan olması, heç kimlə münasibətdə bir yerdən o tərəfə getməməsi ailə qurma fikirlərini ikinci plana atırdı. Ancaq bu, nə vaxtsa baş verməli idi. Zülfiyyə Hüseynova gələcək həyat yoldaşı ilə məşq zamanı tanış olub. Bir dəfə Mərkəzi Ordu İdman Klubunun bazasında məşq edərkən qaçışa yol yoldaşı axtarırmış. Zala girərək “mənimlə kim qaçar” sualını verir. Boksçulardan biri “mən” deyir. Belə də tanış olurlar. Bir müddət dostluq edirlər, sonra isə sevgi etirafı gəlir. Bu sözləri eşidən kimi Zülfiyyə onunla dalaşır, “dosta başqa gözlə baxmaq olmaz” deyərək hirslənir. Baş verənləri məşqçisinə danışanda isə aldığı cavab gözlənilməz olur. Müəllimi onu danlayır ki, bəs “o dost, bu dost, o qardaş, bu qardaş… Birinə get də”. Məşqçisinin sözü həlledici olur. Sonra gələcək ərinin həm də yaxşı insan, yaxşı dost olduğu görür və “niyə də olmasın deyərək” razılaşır. İndi o, həm qayğıkeş ana, həm də ailəsinin layiqli xanımıdır.
Portreti
Zülfiyyə Hüseynovanın həyatı müxtəlif çətinliklərlə keçib. Onun bir çox haqsızlıqlarla üzləşdiyi, haqqı tapdalandığı, uğursuzluqlar yaşadığı vaxtlarda ruhdan düşməməsi, özündə güc tapıb yoluna davam etməsi kiçik iş deyil. Bir qadın üçün bu, çox çətindir. Adətən şəkillərində Zülfiyyə xanımı at belində və gülərüz görmüşük. Müsahibələrində, qonaq olduğu verilişlərdə simasındakı yorğunluq sezilsə də, təbəssümü əskik olmayıb. Zülfiyyə Hüseynovanın portretini çəkən rəssam onu məhz belə bilməlidir: yorğun, ancaq qürurlu və gülərüz.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər