• çərşənbə axşamı, 23 aprel, 09:30
  • Baku Bakı 20°C

Böyük iqtisadi hadisə

04.06.14 08:34 1284
Böyük iqtisadi hadisə
Bakıda keçirilən Beynəlxalq Neft və Qaz sərgi və konfransı ildən-ilə əhəmiyyətini artırmaqdadır. Dünəndən başlayan XXI sərgi və konfransa olan beynəlxalq diqqət bunu deməyə ciddi əsas verir. Açılış mərasimində dövlət başçısı İlham Əliyevin də iştirak etdiyi sərgi-konfransda bir sıra dövlət rəsmiləri iştirak edir, ABŞ prezidenti Barak Obama da təbrik məktubu göndərib. Builki sərgidə dünyanın 29 ölkəsindən 400-dən artıq şirkət iştirak edir. Ümumi iştirakçıların 65 faizini xarici şirkətlər, 35 faizini isə yerli şirkətlər təşkil edir.
Sərgi ilə yanaşı 4-5 iyun tarixlərində keçiriləcək 21-ci Beynəlxalq Xəzər Neft və Qaz konfransında isə dünyanın 30-dan çox ölkəsindən 500-dən artıq nümayəndə iştirak edəcək. Konfransın proqramına dünyanın müxtəlif ölkələrindən dövlət strukturlarının 50-dən çox nümayəndəsi, neft qaz sənayesinin aparıcı ekspertləri və iri neft-qaz şirkətlərinin nümayəndələrinin iştirakı və çıxışı daxil edilib.
Builki sərgi sahəsinin 70 faizdən çox hissəsini dünyaca məşhur şirkətlər tutur və onların arasında “Əsrin Müqaviləsi”nin iştirakçıları, habelə sərgi və konfransın daimi iştirakçıları olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), “BP”, “Statoil”, “Total”, “Halliburton”, “TPAO”, “RWE” və s. var.
Əvvəllər heç vaxt Azərbaycan bazarında olmayan yeni şirkətlərin iştirakı sərgiyə marağın azalmadığını göstərir. Sərginin açılış mərasimində çıxış edən prezident İlham Əliyev də bildirib ki, Azərbaycan hər zaman istehsalçıların, tranzit ölkələrin və istehlakçıların maraqlarını uzlaşdırmağa çalışır: “Bu sərgi ölkəmizin müasir həyatında çox önəmli rol oynayır. Əslində bu sərgi müstəqil Azərbaycana dünyanın diqqətini cəlb edən birinci, ən önəmli addım olub. Bu sərgi 21-ci dəfədir ki, keçirilir, sərgiyə maraq azalmır, artır və bu gün 400-dən artıq şirkət təmsil olunur. Onlardan bəziləri ilk dəfə iştirak edirlər, bəziləri isə bizim ənənəvi tərəfdaşlarımızdır. İldən-ilə sərgidə iştirak edən şirkətlərin sayı artmaqdadır və bu, çox gözəl hadisədir, çox önəmli əlamətdir, çünki Azərbaycanın neft-qaz sektoru öz imkanlarını genişləndirir və ildən-ilə öz fəaliyyətimizi biz genişləndiririk”.
Sərgi-konfrans Azərbaycanın beynəlxalq və regional əhəmiyyətini sübut edən ən böyük iqtisadi hadisədir desək, yanılmarıq. Azərbaycan neftinin satışından yığılan vəsait həm ölkə daxilində həllini gözləyən layihələrə, insanların rifah halının yaxşılaşmasına, həm də beynəlxalq əhəmiyyətli layihələrə sərf edilir. Beynəlxalq əhəmiyyətli layihələr dedikdə, ilk növbədə, TANAP, TAP kimi qlobal layihələri qeyd etmək vacibdir. Hansı ki, onlar Avropaya yeni mənbədən qaz gətirəcək layihə kimi çox böyük əhəmiyyətə malikdirlər. 45 milyard dollar sərmayə tələb edən TANAP-da ən böyük səhmdar Azərbaycandır. Xəzər neft-qaz sərgisinin 21-ci ildönümündə 400-dən artıq şirkətin iştirak etməsi onun göstəricisidir ki, 21 il keçməsinə baxmayaraq, sərgi öz əhəmiyyətini itirməyib, əksinə, onun əhəmiyyəti daha da artıb. Baxmayaraq ki, əsas neft və qaz müqavilələri artıq imzalanıb, xarici şirkətlər uzun illər ərzində Azərbaycanda uğurla fəaliyyət göstərirlər, qeyd etdiyimiz kimi, bu beynəlxalq tədbirə maraq artmaqdadır.
İyirmi bir il ərzində Azərbaycan da böyük yol keçib. Ölkənin enerji sektorunda böyük nailiyyətlər əldə edilib. İyirmi bir il bundan əvvəl isə Azərbaycan hələ ilkin mərhələdə idi. 1994-cü ildə ilk sərgi keçirilərkən Azərbaycan haqqında dünyada o qədər də böyük bilgilər yox idi. Yəni, neft dünyasında fəaliyyət göstərən şirkətlər bilirdilər ki, Azərbaycan qədim neft ölkəsidir, ancaq ölkəmizin real potensialı və gələcək inkişaf planları haqqında kifayət qədər məlumatlar yox idi. Ötən dövr ərzində mütəmadi olaraq keçirilən sərginin Azərbaycanın neft-qaz sektorunun inkişafı üçün çox böyük dəstəyi, çox böyük əhəmiyyəti olub. Aparılan uğurlu neft strategiyasının nəticəsidir ki, bu gün Azərbaycan qarşıda duran bütün əsas enerji məsələlərini uğurla icra edib, öz müstəqil iqtisadiyyatını təmin edib, müstəqilliyini möhkəmləndirə bilib.
18 il bundan əvvəl, 1996-cı ildə Xəzər neft-qaz sərgisi zamanı “Şahdəniz” kontraktı imzalanıb. O vaxt dünyada və Avropada qaz amili o qədər də ciddi qəbul edilmirdi. Ona görə “Şahdəniz” kontraktının imzalanması demək olar ki, dünya miqyasında o qədər də böyük əks-səda yaratmadı. Halbuki bugünkü Azərbaycan nəinki neft ölkəsi kimi, qaz ölkəsi kimi də özünü dünyaya təqdim edib. “Şahdəniz” layihəsinin icrası və uğurlu beynəlxalq əməkdaşlıq nəticəsində bu gün “Şahdəniz” qaz yatağı bölgədə gedən enerji təhlükəsizliyi ilə bağlı proseslərə həlledici təsir edir. “Şahdəniz” qaz yatağı və layihəsi dünya miqyasında ən böyük enerji layihəsi kimi tarixə düşüb.
Azərbaycan 21 il ərzində doğrudan da böyük və uğurlu yol keçib. Maraqlıdır ki, ötən sərgilərdə yeni yataqların aşkarlanması haqqında müzakirələr aparıldığı halda, 21-ci sərgidə artıq “Şahdəniz” qaz yatağından sonra “Ümid” və “Abşeron” yataqlarının kəşf edilmiş olması ilə bağlı fikir mübadilələri gedir. Hazırda Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr hesablanıb. Çox güman ki, yeni yataqların kəşfi ilə bağlı məlumatlar bu həcmi daha da artıracaq.
Azərbaycanın enerji sektorunda yaratdığı şəffaflıq imkan verir ki, bu müsbət təcrübə bütün digər sahələrdə də həyata keçirilsin və başqa sahələrdə də bu şəffaflıq təmin olunsun. Neft Fondunun gəlirləri ildən-ilə artır. Bu da ölkəmiz üçün yaxşı təcrübədir. Hər il xeyli miqdarda vəsait ölkənin əsas problemlərini həll etmək üçün müxtəlif sahələrə yönəldilir. İnfrastruktur layihələrinə, yeni texnologiyalara böyük vəsait qoyulur, fəzaya peyk buraxırıq, bir sözlə, ölkəmiz hərtərəfli inkişaf edir. Bu inkişafın gələcəkdə də davam edəcəyi şübhəsizdir. Enerji məsələlərinin həlli ilə bağlı bütün təşəbbüslərimiz reallaşmaqdadır. İyirmi il ərzində görülən işlər və təcrübə onu göstərir ki, başladılan istənilən layihə uğurla nəticələnir. Əminik ki, Azərbaycan bundan sonra da öz strateji tərəfdaşları ilə uğurla işləyəcək, fəaliyyət göstərəcək. Xəzər neft-qaz sərgisinin əhəmiyyəti və inkişafdakı rolu da bütün bunlara paralel olaraq daim artacaq.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər