“Böyük İpək yolu” pilot turizm layihəsinin perspektivləri
Bu ilin aprelində Türk Şurası çərçivəsindəTürkiyə,Azərbaycan, Qazaxıstan vəQırğızıstandan keçən "Böyük İpək
yolu" pilot turizm layihəsi işə salınacaq. Bu barədəQazaxıstanın İnvestisiya və İnkişaf
Nazirliyinin Turizm Sənayesi Departamentinin direktoru Marat İqaliyev "facebook"
səhifəsində yazıb. Onun sözlərinə görə, bu layihə on iki gün davam edəcək.
Həmçinin qeyd edib ki, marşrutun Qazaxıstan hissəsində turistlər Almatıya
gələcək və burada Şımbulak dağ-xizək kurortuna, Koktobe və Kolsaya baş çəkəcəklər.
Daha sonra onlar 2017-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunmuş
qədim Türküstan şəhərinə gedəcəklər. "Böyük İpək yolu” marşrutunun ölkəmizdən
keçən hissənin Azərbaycan üçün hansı perspektivləri olduğunu, bu xəttin turizm
sektoruna nələr qazandıracağını və xəttin hansı regionlardan keçəcəyini aydınlaşdırmağa
çalışdıq.
Gəncə, Şəki, Şamaxı, Bakı...
Mədəniyyət və turizm
nazirliyinin turizm şöbəsinin marketinq
sektorunun məsləhətçisi Azər Orucov bildirdi ki, bu təklif Türk Şurası tərəfindən
irəli sürülüb və Azərbaycan da layihədə iştirak edir. "Bizim turizm şirkətləri layihədə olan digər ölkələrin şirkətləri ilə tərəfdaşlıq edirlər.
İşçi qrupunun İstanbuldakı onuncu görüşündə bu layihə ilə bağlı müzakirələr
aparılmışdır. Yəni hər bir ölkədə hansı abidələrə, obyektlərə baxılacaq,
həmçinin nəqliyyat məsələləri üzərində
danışıqlar gedib. Azərbaycan üzrə dörd günlük proqram təklif olunub. Turistlər Gəncədən başlayaraq Şəki, Şamaxı
Bakı şəhərlərinə baş çəkəcəklər. Həmin
bölgələrin tarixi və mədəni abidələri ilə tanış olacaqlar. Layihə həyata
keçirilməzdən əvvəl info-tur təşkil olunacaq.
Turizm sahəsi müasirləşməyə
doğru gedir
Millət vəkili Azər Badamovdeyir
ki, turizm
sahəsində keçirilən hər bir layihəni uğurlu hesab etmək olar. "Çünki bir çox ölkələrinin
inkişafında turizm sektorunun rolu böyükdür. Azərbaycanda da bu sahəni inkişaf etdirməliyik. Həyata keçirilən
layihələrin ölkəmizə turist cəlb olunması baxımından böyük əhəmiyyəti var.
Bizim dövlətimizdə də turizm sahəsi
müasirləşməyə doğru gedir. Həm də turizm imkanları da genişlənir. Düşünürəm ki,
bu cür layihələr Azərbaycanın turizm potensialını qaldıracaq,
və tranzit imkanlarını genişləndirək”.
Azərbaycan - Şərq və Qərb arasında körpü
Azərbaycan Turizm Assosiasiyası sədrinin
müşaviriMüzəffər Ağakərimov "İpək yolu” layihəsinin çoxdan ön planda olduğunu bildirdi
və vurğuladı ki, bu layihənin həyata keçirilməsində turizm nazirliyi yüksək
səviyyədə işlər görür. "Böyük İpək yolu layihəsi ümumiyyətlə, Çindən başlayıb
Türkiyə ərazisində bitir. İpək yolunun bir neçə marşrutu var. Həmin dörd türk ölkəsi də bu xəttə daxilidir. İpək yolu marşrutu ölkələr arasında turist
mübadiləsinin genişlənməsində, türkdilli xalqların əlaqələrinin artmasında və
yeni proqramların, pilot layihələrin təşkil olunmasında böyük rol oynayır.
Azərbaycan da ipək yolu xəttində böyük əhəmiyyətə
malikdir. Ölkənin iqlimi, yerləşdiyi coğrafi şərait buna əyani sübutdur. Azərbaycan
Şərq və Qərb arasında körpü rolunu oynayır. Layihə nə qədər tez həyata
keçirilsə, turist axını bir o qədər sürətlənər. İstərdik ki, turizmlə bağlı
layihələr köhnəlməmiş həyata keçirilsin. Layihənin həyata keçirilməsində turizm
üzrə mütəxəssislər və ekspertlər iştirak etməlidir.
M. Ağakərimov
qeyd etdi ki, gələn turistlər istədikləri otellərdə yerləşdirilməlidir. "Çünki
elə qonaqlar ola bilər ki, beşulduzlu oteldə qalmaq istəyər. Düşünürəm ki,
turistlərə təkcə bir neçə şəhəri yox, mümkün olduqca Azərbaycanın bütün dilbər
guşələrini göstərmək lazımdır. Gələnlər
bilməlidirlər ki, təkcə paytaxtımız yox, bütün şəhərlərimiz inkişaf etmiş
infrastruktura malikdir. Hər bir ölkə özünün ən gözəl ənənəsini, tarixini,
mətbəxini, musiqisini təqdim etməyə
çalışır. Bunun daha geniş , yüksək səviyyədə həyata keçirilməsinə çalışmaq
lazımdır”.
Günel Azadə